2 fevral Gənclər
Günüdür
Gənc nəslin milli mənlik şüurunun inkişaf
etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Azərbaycanda həyata keçirilən uğurlu
gənclər siyasəti milli
inkişafımızın bütün
istiqamətləri üzrə öz nəticələrini
verir
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb.
Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Ümummilli Lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib.
Gənclərin vətənpərvərlik tərbiyəsinin, milli şüurun inkişafı, məşğulluğun artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və digər məsələlərin həlli üçün saysız-hesabsız dövlət proqramları həyata keçirilir.
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hissləri 44 günlük Vətən müharibəsi dönəmində öz müsbət nəticələrini verib. Orduya çağırılanlardan bir nəfər belə döyüşdən kənar qalmadı, əsgərlər yaralı olduğu anlarda belə əlindəki silahı yerə qoymadı.
Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir gənc bu müqəddəs mübarizədə Ali Baş Komandanın ətrafında səfərbər oldu.
Bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu sübut ediblər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi, qələbə dolu döyüş yolu ilə yeni tarix yazdılar. Azadlığa qovuşan hər qarış Vətən torpağında minlərlə gənc şəhidimizin qanı və bütün qəhrəman qazilərimizin alın təri var. Bu birlik Azərbaycan tarixində möhkəm kök salmış milli mənlik şüurunun və vətənpərvərlik hissinin ən ali səviyyəsi idi.
Bu gün gənclərimiz ölkənin müxtəlif sahələrində aktiv iştirak edir, innovativ layihələr həyata keçirir, elmi və texnoloji inkişafda böyük rol oynayırlar. Dövlətin göstərdiyi dəstək nəticəsində gənclər Azərbaycanın gələcəyini daha parlaq etmək üçün səylə çalışırlar. Azərbaycan gəncləri öz bilik və bacarıqları ilə ölkənin inkişafına mühüm töhfələr verən qüvvəyə çevriliblər.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə “Şərq”ə açıqlamasında Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinin milli inkişafımızın bütün istiqamətləri üzrə öz nəticələrini verdiyini vurğulayıb: “Artıq son dörd ildir ki, hər bir əlamətdar tarixi günü, bayramı tamamilə fərqli ovqatda, qalib, ərazi bütövlüyü və suverenliyini tam bərpa edən xalq kimi qeyd edirik. Nəzərə alsaq ki, bu gün bəhs edəcəyimiz əlamətdar gün məhz bu tarixi zəfərlərdə xüsusi payı olan gənclərimizlə bağlıdır, bu halda daha da qürurlanır, ilk olaraq onların torpaq, Vətən sevgisindən söhbət açmaq istəyirik. Bu gün otuz il düşmən işğalında qalan torpaqlarımızı çox qısa müddətdə azad edən rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan, tarixi və dini abidələrimizi yerlə yeksan edən erməni vandallarını 44 gündə diz çökdürən, kapitulyasiya aktını imzalamağa məcbur edən Azərbaycan gəncinin günüdür. Daim Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “Hücum!” əmrini gözləyən gənclərimiz dövlətimizin başçısından 27 sentyabr 2020-ci il tarixində aldıqları tapşırığı böyük ruh yüksəkliyi ilə qarşıladılar, silaha sarılaraq torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə başladılar”.
Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur, gənclərimizin məsuliyyət hissini artırır: “Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Son 21 ildən artıq dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərin inkişafına xidmət edən Fərman və sərəncamları, təsdiqlədiyi Dövlət proqramları davamlılığı ilə diqqətdədir. 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirib. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edilib. 2007-ci il “Gənclər İli” elan olunub, 2011-ci ildə Gənclər Fondu yaradılıb, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olunub, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqlənib, gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramları qəbul edilib. Dövlət başçısının 2019-cu ildə imzaladığı Sərəncamla “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Ölkədə könüllülər hərəkatının genişləndirilməsi də dövlətimizin gənclərə diqqət və qayğısının tərkib hissəsidir. Bu məqsədlə 2009-cu ildə “Könüllü fəaliyyət haqqında” Qanun qəbul edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilib. Könüllülər hərəkatı bu gün cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. İnformasiya müharibəsinin ön cəbhəsində duran da Azərbaycan gəncliyidir. Vətən müharibəsi dövründə gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri düşmənlə informasiya müharibəsində üstünlüyü əldə edərək paylaşılan məlumatın həqiqi və təsirliliyinə nail olublar”.
Azərbaycanda gənclərə diqqət və qayğının davamlı olduğunu xatırladan deputat qeyd edib ki, onlar bu etimadı doğrultmaq üçün hər bir dövrün çağırışlarına uyğun olaraq üzərlərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirərək müasir müstəqil, qalib Azərbaycanın daha da qüdrətlənməsinə, yeni reallıqların dünya ictimaiyyətinə çatdırılmasına öz töhfələrini verməyə səy göstərirlər. Dövlət tərəfindən də onlara burada öz potensial imkanlarını ortaya qoymaq üçün bütün imkanlar yaradılır. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi, bələdiyyələrdə, parlamentdə təmsilçilik faizlərinin artırılması da özündə mühüm məqamları ehtiva edir. Bir sözlə, Azərbaycan gənci müasir dünyagörüşünə malik, daim yeniliyə, təkmilləşməyə maraq göstərən gənclikdir.
Şəymən
Bayramova
Şərq .- 2025.- 1 fevral (¹ 19).-
S.6.