Daha dinamik, daha dayanıqlı
inkişaf...
On minlərlə
yeni iş yeri yaratmaq əsas
hədəflər sırasındadır
Azad sahibkarlığın və liberal
iqtisadiyyatın təşviqi
Azad iqtisadi zonaların yaradılmasında əsas
məqsəd qabaqcıl
idarəetmə təcrübəsinə
uyğun yüksək
əlavə dəyərli
və ixracyönümlü
istehsalı təmin etməkdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir neçə il öncə Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində çıxışı zamanı qeyd etmişdi ki, bu zonanın yaradılması ideyası bizim dövlət siyasətimizdən qaynaqlanır: “Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan verib. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək”. Ötən illər ərzində dövlət başçısının uzaqgörənliklə söylədiyi fikirlər təsdiqini tapdı. Bu gün Azərbaycan xarici investorlar üçün cəlbedici ölkələrdən biridir. Bu barədə Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun nümayəndə heyətinin Almaniyanın Maynts şəhərində keçirilən “Azərbaycan: Gələcəyin Mərkəzi – Alman Şirkətləri üçün Strateji İmkanlar” adlı tədbirdə də danışılıb. Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi və "Reynland-Pfalts" Sənaye və Ticarət Palatasının təşkilatçılığı ilə baş tutan bu tədbir Alman-Azərbaycan ticarət və iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və yeni biznes imkanlarının araşdırılması üçün platforma rolunu oynayıb. Tədbirin açılış nitqində "Reynland-Pfalts" Sənaye və Ticarət Palatasının baş icraçı direktoru xanım Karina Syuzde ikitərəfli ticarət və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi baxımından bu tədbirin əhəmiyyətini vurğulayıb. O, bu platformanın hər iki ölkənin iş adamları üçün yeni perspektivlərin müzakirəsi və potensial tərəfdaşlıqların qurulması baxımından vacib olduğunu qeyd edib. Daha sonra, "Reynland-Pfalts" İqtisadiyyat, Nəqliyyat, Kənd Təsərrüfatı və Üzümçülük Nazirliyinin dövlət katibi xanım Petra Dik-Valter enerji təhlükəsizliyində Azərbaycanın Almaniya üçün etibarlı tərəfdaş olduğunu vurğulayıb. O, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edərək, Azərbaycanın strateji coğrafi mövqeyinin alman şirkətləri üçün Mərkəzi Asiya və digər bazarlara çıxış imkanı yaratdığını bildirib. Azərbaycan Respublikasının Almaniyadakı səfiri cənab Nəsimi Ağayev tədbirdə çıxış edərək, ölkənin strateji mövqeyi, əlverişli investisiya mühiti və xüsusilə alman investorlar üçün cəlbedici imkanlar təqdim edən Ələt Azad İqtisadi Zonası barədə məlumat verib. Daha sonra maraqlı panel müzakirələri keçirilib. Panel çərçivəsində ƏAİZ Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri cənab Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonasının üstünlüklərini vurğulayaraq, onun strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemi ilə təmin edilmiş sənaye torpaq sahələri, eləcə də nəqliyyat və logistika mərkəzlərinin əhəmiyyətindən danışıb. O, həmçinin investorlar üçün təqdim edilən maliyyə və qeyri-maliyyə imtiyazlar paketi barədə məlumat verib. Cənab Ələsgərov qeyd edib ki, yüksək əlavə dəyər yaradan, ixrac yönümlü istehsalla məşğul olan, innovativ texnologiyalar və qabaqcıl beynəlxalq standartlara uyğun fəaliyyət göstərən investorlar ƏAİZ-də bizneslərini qurmağa dəvət olunur. Bundan əlavə, cənab Ələsgərov ƏAİZ-in əsas üstünlüklərindən biri kimi sadələşdirilmiş qeydiyyat prosedurlarını qeyd edib. O bildirib ki, ƏAİZ ərazisində yaradılan hüquqi şəxslər ƏAİZ qanunvericiliyinə uyğun fəaliyyət göstərir və bu qanunvericilik əsas iqtisadiyyatın qanunlarından üstün hesab olunur. Bunun bariz nümunəsi kimi, Milli Məclis tərəfindən 90-dan çox qanuna (o cümlədən vergi, gömrük, lisenziyalaşdırma, əmək, mübahisələrin həlli və s. sahələr üzrə) dəyişiklik edildiyi və bu dəyişikliklərdə ƏAİZ qanunvericiliyinin əsas iqtisadiyyatın qanunlarından üstün olduğunun açıq şəkildə qeyd edildiyi bildirilib. Həmçinin, investorlar üçün proseslərin daha da asanlaşdırılması məqsədilə ƏAİZ İdarəetmə Qurumu tərəfindən “Vahid Pəncərə” Biznes Mərkəzinin yaradıldığı vurğulanıb. Bu mərkəz ƏAİZ-də biznes qurmaq istəyən investorlar üçün yeganə əlaqə nöqtəsi kimi çıxış edir və hər hansı əsas iqtisadiyyat qurumlarının iştirakı olmadan fəaliyyət lisenziyaları, planlaşdırma və tikinti icazələri və digər lazımi sənədləri verir. Cənab Ələsgərov ƏAİZ-in strateji mövqeyini də xüsusi qeyd edərək, zonanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yaxın yerləşməsinin beynəlxalq ticarət dəhlizlərinə, o cümlədən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) və Şimal-Cənub Nəqliyyat Dəhlizinə birbaşa çıxış imkanı yaratdığını bildirib. Bu əlaqələr ƏAİZ-in logistika imkanlarını artırır, multimodal daşımaları dəstəkləyir və qlobal ticarəti asanlaşdırır. Sonda cənab Ələsgərov ƏAİZ-də yaşıl enerji təşəbbüslərinin fəal şəkildə inkişaf etdirildiyini vurğulayıb. O, zonada fəaliyyət göstərən müəssisələrə etibarlı yaşıl enerji təmin etmək məqsədilə əlverişli şərtlər yaradıldığını və bərpa olunan enerji sahəsində çalışan şirkətlərin ƏAİZ-ə böyük maraq göstərdiyini qeyd edib. Günəş panelləri, külək turbinləri və digər bərpa olunan enerji avadanlıqlarının yerli istehsalı təmin edildiyi təqdirdə, xərcləri azaldacaq və səmərəliliyi artıracaq, ƏAİZ investorları isə ucuz yaşıl enerjidən faydalanmaq imkanı əldə edəcəklər. Nəticə etibarilə “Azərbaycan: Gələcəyin Mərkəzi – Alman Şirkətləri üçün Strateji İmkanlar” tədbiri alman şirkətləri üçün Azərbaycanın genişlənməkdə olan imkanlarını təqdim edərək, ölkənin strateji üstünlüklərini və investisiya potensialını iştirakçıların diqqətinə çatdırıb.
Ələt Azad İqtisadi Zonasının Azərbaycan iqtisadiyyatına, o cümlədən özəl sektora, sahibkarlığın inkişafına, eləcə də investorların cəlb edilməsində əhəmiyyətindən danışan iqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, dünyada Azad Ticarət Zonası anlayışı mövcuddur:
- Azad Ticarət Zonası bununla bağlı razılıq imzalamış ölkələri əhatə edən ticarət blokunun yerləşdiyi regiondur. Bu razılıq üzv ölkələr arasında tarifləri, idxal kvotalarını və mal və xidmətlərə tətbiq edilən güzəştləri ləğv edir. Əgər razılıqda vətəndaşların ölkədən ölkəyə hərəkətinə də olan məhdudiyyətlər qaldırılıbsa, bu, "açıq sərhəd" hesab edilir. Bu, iqtisadi inteqrasiyanın ikinci səviyyəsi hesab olunur, artıq. İnteqrasiyanın bu səviyyəsinə o ölkələr üstünlük verir ki, onların iqtisadiyyatı bir-birini tamamlayır. Əksinə, əgər ölkələr bir-biri ilə iqtisadi baxımdan rəqabətdədirlərsə, bu, razılıq əldə etmək üçün stimul yaratmır və ya bu razılıq yalnız müəyyən sahədə olan məhsul və xidmətlərə aid edilir. Azərbaycan da dünya iqtisadiyyatının önəmli bir hissəsi olaraq azad iqtisadi zonaların yaranmasında maraqlıdır. Bu zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq əsas hədəflər sırasındadır. Sənaye parkları da təxminən eyni məqsədə xidmət edir. Qarabağ və ətraf bölgələr Ermənistanın işğalından azad edildikdən sonra həmin ərazilərdə tikinti-quruculuq, abadlıq işləri ilə yanaşı sənaye parklarının yaradılmasına da başlandı. Məsələn, Ağdam Sənaye Parkı. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkına, bu gün görürük ki, sahibkarlar tərəfindən böyük maraq var. Sahibkarlara sənaye parkının rezidenti statusu verilir və sair. Orada xalça istehsalı müəssisəsi yerləşir, məhsul istehsalında polipropilen, polietilen və poliakril kimi yerli xammaldan istifadə olunur. İstehsal prosesində Belçika və Çin texnologiyaları tətbiq edilir, istehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, MDB ölkələrinə ixracı planlaşdırılır. Ağdam Sənaye Parkında dəmir-beton məmulatları istehsalı var, "Smartpoint" MMC tərəfindən alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalı planlaşdırılır, polimer məhsulların istehsalı layihəsi də var. "Ağ Tekstil" MMC uniforma, xüsusi və fərdi geyimlərin istehsalı ilə məşğuldur.
F.İbrahimov bildirdi ki, ölkəmizdə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların yaradılmasında məqsəd iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsidir:
- Məqsəd budur ki, ölkəmizin yerli və xarici investisiyalar üçün cəlbediciliyi artsın, həmçinin əmək qabiliyyətli əhalinin məşğulluğu da artırılsın. Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən azad edilməsi və bir sıra başqa güzəştlər də tətbiq edilir.
Məlahət Rzayeva
Şərq .- 2025.- 5 fevral (¹ 21).-
S.6.