Ağdamda böyük quruculuq işləri gedir

 

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

 

100 minlik şəhər tikilir

 

 

Küçələr çox enlidir, bəlkə, Ağdamda indən belə yüz il tıxac olmayacaq

 

 

44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə başlanılıb. Qarabağ və Şərqi Zəngəzurda ilk növbədə təhlükəsizlik təmin edilir, minalardan təmizləmə prosesi gedir, paralel olaraq da böyük quruculuq işləri həyata keçirilir. Dünya tarixində heç bir ölkədə müharibələrdən sonra belə sürətli, nəhəng masştablı işlər görülməyib. Özü də Azərbaycan dövləti bütün bu işləri öz gücünə, təkbaşına həyata keçirir və görülən işlərə Prezident İlham Əliyev şəxsən nəzarət edir. Azad edilmiş ərazilərimizdə infrastruktur layihələrinin icrasına xüsusi diqqət göstərilir. Ələlxüsus, Prezident İlham Əliyev azad olunmuş ərazilərin iqtisadi reinteqrasiyasına böyük diqqət yetirir. Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri iqtisadisosial inkişaf üçün yeni imkanlar açıb. Regionda biznesin inkişafı üçün yaradılan şərait, dövlət-sahibkar işbirliyi müstəvisində yeni layihələr reallığa çevrilib. İlk növbədə, vətəndaş olaraq hər birimiz üçün işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi dirçəlişi əsas prioritetdir. Xüsusən, Ağdam, Füzuli və Xocavənd rayonlarında sürətli bərpa və yenidənqurma işləri aparılır. Regionda infrastruktur layihələri uğurla reallaşdırılır. Nəzərə alaq ki, işğaldan azad edilmiş ərazilərin böyük iqtisadi, o cümlədən, sənaye, aqrarturizm potensialı var. Sahibkarların bu potensialdan geniş və səmərəli istifadə etməsi onların bölgədə uğurlu biznesini təmin edəcək, Qarabağın dirçəlişinə böyük töhfə verəcək.

Ötən gün Prezident İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib. Qurum sədri Vüqar Əhmədov dövlət başçısına Mərkəzdə görülən işlər barədə məlumat verib. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Azərbaycanın işğaldan azad edilən ərazilərində elektrik şəbəkələrinin qəza vəziyyətindən çıxarılması, enerji təhlükəsizliyinin təmin olunması və yaradılacaq infrastrukturların elektrik enerjisi ilə təchizatı üçün “Azərişıq” ASC tərəfindən genişmiqyaslı təmir, yenidənqurma və tikinti işləri aparılır. Ağdam şəhərinin Baş Planına uyğun olaraq, şəhər ərazisində 35/0,4 kilovoltluq iki transformator məntəqəsi inşa edilib. Bu məntəqələr güc mərkəzləri olaraq, ilk mərhələdə ətrafda salınacaq yeni yaşayış sahələrini elektrik enerjisi ilə təmin edəcək. Baş Planda həmin transformator məntəqələrinin digər yaşayış sahələri üçün inşa ediləcək güc mərkəzləri ilə əlaqələndirilməsi və dairəvi elektrik təchizatı sxeminin yaradılması nəzərdə tutulub. Eyni zamanda, şəhərdə Baş Plana uyğun yaradılacaq müxtəlif təyinatlı infrastrukturun keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi həyata keçirilib. Prezident İlham Əliyev tərəfindən 2023-cü il mayın 2-də təməli qoyulan bu Regional Rəqəmsal İdarəetmə Mərkəzi yüksək səviyyədə inşa olunub. Mərkəz şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə olunmasını təmin edəcək. Müasir tipli Mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik təchizatının etibarlılığına və dayanıqlılığına nəzarət təmin olunacaq. Eyni zamanda, burada mühəndis-texniki heyətin səmərəli işini təmin edən müasir avadanlıqlarla təchiz olunmuş otaqları, vətəndaş qəbulu üçün lazımi şərait yaradılıb. Təlim-Tədris Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün zəruri şərait yaradılıb. Burada yerlixarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real şəraitində təlimlər və ustalıq yarışları təşkil ediləcək. Kompleksdəki tədris zalı 35/0,4 kilovoltluq müasir şəbəkə modelinin, 35 və 0,4 kilovoltluq fiber-optik kabellərin, kompozit şüşə-lifli dayaqların tətbiq sahələrinin perspektiv inkişafı və üstünlüklərinin əyani şəkildə təqdim edilməsi üçün nəzərdə tutulub. Həmçinin Kompleksdə xüsusi dayaqlarda şəbəkədə istifadə olunan element və ləvazimatlar nümayiş etdirilir. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji mənbələrinin (Günəş və külək enerji qurğuları) tətbiqinə dair model yaradılıb. Bu modelin həm işçi heyətin, həm də gələcəkdə aktiv istehlakçıların maarifləndirilməsi təlimlərində istifadəsi nəzərdə tutulub. Eyni zamanda, elektroenergetika sahəsində qazanılmış tarixi nailiyyətləri əks etdirən elektron guşə və əyani vəsait stendləri, müasir uçot cihazları (SMS, Smart, NFC sayğacları), təhlükəsizlik texnikası və idarəetmə plakatları nümayiş olunur.

Dövlət başçısı Ağdam şəhərində “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə də tanış olub. Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma hoteldə görülən işlər barədə məlumat verib. Bildirilib ki, “Hilton Garden İnnhoteli Ağdam şəhər mərkəzinə yaxın ərazidə inşa olunub. Ümumi sahəsi 2,16 hektar olan hotel 2, 6 və 7 mərtəbəli 3 bloklu binadan ibarətdir. Ən müasir standartlara cavab verən hotel binasında 127 otaq var, qonaqların zövqünü oxşayan interyer işləri görülüb. Birinci mərtəbədə qonaqları foyerahat gözləmə zonası qarşılayır. Hoteldə müxtəlif tədbirlərin keçirilməsi üçün konfransiclas zallarının yaradılması nəzərdə tutulur. Buradakı restoran, banket zalları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını keçirmələrinə geniş imkanlar yaradır. Müasir hoteldə qonaqların sağlamlığını və istirahətini təmin etmək məqsədilə hovuz, fitnes və SPA mərkəzləri də yaradılır. “Hilton Garden İnn” hotelində 100-dən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycanda turizmin inkişafı istiqamətində mühüm işlər görülsə də, böyük turizm potensialına malik Qarabağ işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar Müzəffər Ali Baş Komandanın qətiyyəti və Ordumuzun rəşadəti sayəsində artıq düşmən tapdağından azad edilib. Qarabağın işğaldan azad olunmasından qısa müddət ötməsinə baxmayaraq, bu tarixi torpaqlarımızın dirçəldilməsi prosesi sürətlə davam etdirilir. Bu prosesdə diqqət yetirilən əsas sahələrdən biriişğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsidir. Ağdam rayonunda ən müasir standartlara cavab verən hotellərin inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin inkişafına mühüm töhfə verəcək. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti nümunəsidir.

Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işlərinə də baxıb. Məlumat verilib ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb. Burada tikilən yaşayış binalarındakı mənzillərdən 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır. Ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunur. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur. Ölkə başçısı “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Dövlət başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verilib. Prezident Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə də tanış olub. Qeyd olunub ki, ümumi sahəsi 1,4 hektar olan Mərkəzin birinci mərtəbəsində kafe, kinozal, kitabxanaiki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri təşkil etmək üçün hərtərəfli şərait var. İkinci mərtəbədə inzibati otaqlar yerləşir. Mərkəzdə 14 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər otağı və digər otaqlar fəaliyyət göstərəcək. Ağdam Muğam Mərkəzinin ərazisində 1250 kvadratmetrlik açıq amfiteatr da inşa edilib. Tikinti-quraşdırma işləri artıq yekunlaşmaq üzrədir. Hazırda tamaşa zalında, binanın çöl hissəsində son tamamlama işləri görülür, müvafiq avadanlıq və mebellər quraşdırılır. Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahiqeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb.

Millət vəkili Aqil Abbas da deyib ki, Ağdamda böyük quruculuq işləri gedir. Deputatın sözlərinə görə, Ağdamda Prezident İlham Əliyevin tapşırığı və nəzarəti ilə tamam fərqli bir şəhər salınır: "Ağdamda Avropa üslubunda, dünya səviyyəsində yeni bir şəhər tikilir. 100 minlik şəhər tikilir. Ağdamın əhalisi təxminən 80 min olar. Yaşayış binaları tikilir. 7-8 bina tam hazırdır, 60-a yaxın bina da tikilib başa çatmaq üzrədir. Qısa zamanda işlər yekunlaşacaq. Bununla yanaşı, geniş infrastruktur qurulur. Sosial obyektlər, məktəblər, hotellər, Muğam mərkəzi tikilib. Ağdamın 3 kəndi yaşayış üçün hazırdır. Yəqin ki, bu ildən həmin kəndlərə köç başlayacaq. İnşallah, görəcəksiz, Azərbaycanda Ağdam tamam fərqli bir şəhər olacaq. Küçələr çox enlidir, bəlkə, Ağdamda indən belə yüz il tıxac olmayacaq. Zamanla üzümçülük, pambıqçılıq, heyvandarlıq da bərpa olunacaq". Qeyd edək ki, bu ilin sonuna kimi Ağdama ilk köç planlaşdırılır. Şəhər işğaldan əvvəlki vəziyyətindən üç dəfə böyük qurulacaqyüz min nəfərin Ağdamda yaşaması təmin ediləcək. Ağdam ölkə ərazisində əhali sayına görə dördüncü şəhər statusunu qazana bilər.

 

 

İsmayıl Qocayev

Şərq  2025.- 20 fevral (¹ 32).- S.6.