Biomüxtəlifliyin
qorunmasında milli parklar
əvəzsizdir
Ekoloq qeyd etdi ki, son 20 il
ərzində Azərbaycanda təbiət hadisələri 3 dəfədən
çox artıb
Ekologiya və ətraf mühitin mühafizəsi
Abşeron Milli Parkının
yaradılmasının 20 ili tamam olur. Bu münasibətlə
"20 ilin dəyəri"
adlı tədbir keçirilib. Ekoloqların,
zoologiya və coğrafiya sahəsi üzrə alim-mütəxəssislərin,
Abşeron Milli Parkının fəaliyyətinə
töhfə vermiş
tərəfdaş subyektlərin
iştirakı ilə
keçirilən toplantıda
parkın bioloji müxtəlifliyinin əsas
elementləri, yerləşdiyi
ərazinin coğrafi xüsusiyyətləri barədə
çıxışlar edilib,
Abşeron yarımadasında
belə bir ərazinin mövcudluğunun
əhəmiyyəti vurğulanıb.
Tədbir iştirakçıları
təşkil olunmuş
rəsm və instalyasiya nümunələrinin
sərgisinə baxış
keçirib, Abşeron
Milli Parkının
"20 ilin dəyəri"
adlı stendinin təqdimatı ilə tanış olublar. Abşeron Milli Parkı
haqqında məlumat verilərək bildirilib ki, park 08 fevral 2005-ci ildə yaradılıb.
Abşeron yarımadasında yerləşən parkın
ümumi sahəsi 783
ha-dır. Landşaftı
dəniz sahili, su-bataqlıq ərazisi, yarımsəhra olan parkda yovşan, ot sarmaşığı,
yabanı kök, adi qamış, iti cığ və s. bitki növləri yetişir. Rast gəlinən heyvan növlərinə isə
adi qızılqaz, bizquyruq ördək, kiçik qarabatdaq, boz canavar, çaqqal,
Aralıq dənizi tısbağası, Xəzər
tısbağası, su
ilanı və s. daxildir. “Qırmızı
Kitab”a daxil olan növlər arasında isə Xəzər suitisi, ceyran, sultan quşu, ağgöz dalğıc,
fısıldayan qu quşu, adi qızılqaz, kürən
vağ, qıvrımlələk
qutan daxildir. Sonda tələbələr arasında
təşkil olunmuş
viktorinanın qalibləri
mükafatlandırılıb, Abşeron Milli Parkının fəaliyyətinə
töhfə verən tərəfdaşlara xatirə
diplomu təqdim olunub.
Milli parkların təbiətin,
ümumilikdə ekologiyanın
qorunması, biomüxtəlifliyin
inkişafında əhəmiyyətini
vurğulayan ekoloq Rövşən Abbasov qeyd etdi ki,
milli parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan
təbiət komplekslərinin
yerləşdiyi və
təbiəti mühafizə,
maarifçilik, elmi, mədəni və digər məqsədlər
üçün istifadə
olunan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat
statusuna malik olan ərazilərdir:
- Azərbaycanda qorunan ərazilərin yaradılmasını
şərti şəkildə
3 mərhələyə bölmək
olar: I mərhələ
- ilk xüsusi mühafizə
olunan təbiət ərazisinin yaradılması
- Eldar şamı Botaniki Yasaqlığı
– 1910-cu il, II mərhələ
- qoruq və yasaqlıqların yaradılması
- 1925-1936-cı illərdə Göygöl, Qızılağac,
Zaqatala, Hirkan,
1958-1993-cü illərdə Türyançay, Şirvan,
Ağgöl, Pirqulu, İsmayıllı, İlisu,
Qaragöl yasaqlıqları
və III mərhələ
- 2003-cü ildə ilk milli
parkların yaradılması.
Ölkəmizdə milli parkların
yaradılması ilə
bağlı ilk təşəbbüs
Akademik Həsən Əliyev tərəfindən
irəli sürülüb.
İlk milli parklar 2003-cü ildə yaradılıb.
Daha sonrakı dövrdə bu ənənə davam etdirilib və son olaraq, 2018-ci ilin sentyabrında Qızılağac Milli Parkı yaradıldı.
Azərbaycanda 893 min hektar sahəni
əhatə edən mühafizə olunan təbiət əraziləri
fəaliyyət göstərir.
Bunlardan 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət
yasaqlığıdır. Ümumilikdə,
xüsusi mühafizə
olunan təbiət əraziləri ölkə
ərazisinin 10,31 faiz, ayrılıqda milli parklar ölkə
ərazisinin 4,87 faiz, dövlət təbiət
qoruqları 1,39 faiz, dövlət təbiət
yasaqlıqları isə
4.05 faizini təşkil
edir. Hazırda isə yeni xüsusi
mühafizə olunan təbiət ərazilərinin
yaradılması və
ya statusunun dəyişdirilməsi istiqamətində
prioritet olaraq regionların sosial-iqtisadi inkişafı və əhalinin rifahı rəhbər tutularaq yeni “Zaqatala-Balakən bioloji rezervat”ın yaradılması işlərinə
başlanıb.“ Layihənin yekununda Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğu yaradılacaq.
Biomüxtəlifliyin qorunmasından danışırıqsa,
Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin fəaliyyətini qeyd etməliyik. Bu Xidmət ölkə ərazisində
və Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində bioloji
müxtəlifliyin, genetik
fondun və təbii ekoloji sistemin qorunub saxlanılması, bərpası,
artırılması, davamlı
inkişafı, xüsusi
mühafizə olunan təbiət əraziləri
və obyektlərindən
məqsədli istifadə,
heyvanlar aləminin və ovçuluq təsərrüfatlarının inkişafı, maarifləndirmə,
ekoturizmin və rekreasiyanın təşkili
və inkişafı sahələrində dövlət
siyasətinin həyata
keçirilməsində iştirak
edən qurumdur. Məsələn, Azərbaycanın bioloji müxtəlifliyinin
formalaşmasında dünyanın
ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi mühüm rol oynayır. Xəzərin balıq ailəsi
növcə kasıbdır,
lakin başqa hövzələrlə əlaqəsi
olmayan Xəzərin bioloji müxtəlifliyində
bitki və heyvan növlərinin, o cümlədən balıqların
təxminən yarısı
endemik sayılır.
Biomüxtəlifliyin qorunması və
bərpasında reintroduksiya
- heyvan və bitkinin vaxtilə olduğu, sonra hər hansı səbəbdən yoxa çıxdığı ərazidə
yenidən inkişafı,
məskunlaşdırılması, həmçinin introduksiya
– bitki və ya heyvan növlərinin
yaşayış yerinin
dəyişdirilməsi böyük
əhəmiyyət daşıyır.
2010-cu ildən etibarən
"Azərbaycan Respublikası
ərazisində ceyranların
mühafizəsi, reintroduksiyası
və tarixi areallarının yenidən
bərpası" layihəsinə
start verildi və Ağgöl Milli Parkı, Qobustan-Cəngiçay
vadisi, Acınohur – Sarıca düzü ərazilərinə mərhələlərlə
ceyran fərdlərinin
buraxılması həyata
keçirildi, 130 başdan
yuxarı ceyran tarixi ərazilərinə
qaytarıldı. Bundan başqa,
Avropadan ölkəmizə
gətirilən zubrlar
hazırda Şahdağ
Milli Parkında qorunur.
Ekoloq qeyd etdi ki,
son 20 il ərzində Azərbaycanda
təbiət hadisələri
3 dəfədən çox
artıb:
- Bu barədə "Azərbaycanda
aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda
keçirilən tədbirdə
deyilib. Bildirilib ki, qeyd olunan
dövr ərzində
dolu hadisələri 3
dəfə, daşqın
hadisələri 12 dəfə
və şiddətli küləkli günlər,
qasırğalar üzrə
18 dəfə artım
müşahidə olunub.
Ümumiyyətlə, dünyada qlobal
iqlim dəyişikliyini
nəzərə alsaq,
təbiətin qorunması
hazırda ən vacib məsələdir.
Baş Prokurorluğun məlumatında
açıqlanır ki,
Saatlı, İsmayıllı,
Quba, Qusar rayonları və Sumqayıt şəhəri
ərazisində qanunsuz
ağackəsmə faktı
ilə bağlı araşdırma aparılıb.
Araşdırma zamanı ümumilikdə
215 ədəd ağacın
qanunsuz kəsilməsi
nəticəsində təbiətə
44 min manatdan çox ziyan vurulması müəyyən edilib.
Bu, təbiətin məhv edilməsidir.
Kəsilən hər bir ağac təbiətin bir parçasıdır və ağaclar kəsilirsə, demək, təbiət parça-parça
dağıdılır. Təbiəti qorumasaq, ekologiyanın
qayğısına qalmasaq,
qlobal böhran qaçılmaz olacaq.
Su hövzələri, torpaq örtüyü qorunmalıdır, yaşıllıqlar
qorunmalıdır, biomüxtəlifliyin
qorunması xüsusilə
böyük əhəmiyyət
kəsb edir. Təbiətdə nə varsa,
hamısı, hər biri zəruridir və həyatın davamına xidmət edir.
Məlahət Rzayeva
Şərq .- 2025.- 26 fevral (№36).- S.6.