Qarabağda tarix yenidən
yazılır!
İşğaldan azad olunmuş
ərazilərə “Böyük
Qayıdış"
Tezliklə o dilbər guşənin hər kəndi, hər qəsəbəsi soydaşlarımızın
isti nəfəsi ilə dolacaq
Ötən həftə
Baş nazir Əli Əsədovun sədrliyi ilə
“2027–2030-cu illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”
və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın
hazırlanması ilə
bağlı yaradılmış
Komissiyanın ilk iclası keçirilib. İclasda Baş nazirin müavinləri - işçi qrupların rəhbərləri, hökumət
üzvləri və müvafiq qurumların nümayəndələri iştirak
ediblər. Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycan 44 günlük müharibə
və pandemiyadan sonra yaranmış vəziyyətə, yeni şərtlərə və
resurslara əsaslanaraq
2021-2030-cu illəri əhatə
edən strateji hədəflər müəyyənləşdirdi.
Bu strateji hədəflər Prezident
İlham Əliyevin imzaladığı Sərəncamda
5 Milli Prioritet kimi öz əksini
tapdı. Milli Prioritetlərin həyata keçirilməsi məqsədilə
dövlət başçısının
2022-ci ildə imzaladığı
Sərəncamlarına əsasən
“2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa
dair I Dövlət Proqramı" qəbul edildi. Strategiyanın həyata keçirilməsi
üçün bugünədək
dövlət büdcəsindən
7 mlrd. manat vəsait ayrılıb, nəzərdə tutulmuş
tapşırıqlar təqribən
78 faiz səviyyəsində
icra olunub. “Böyük Qayıdışa
dair I Dövlət Proqramı”nın ümumi icra faizi təqribən 79 faizdir. Azad olunmuş
ərazilərin bərpası
üçün 2025-ci il
də daxil olmaqla 21.6 mlrd. manat vəsait ayrılmışdı. Azad
olunmuş ərazilərdə
şəhər, qəsəbə
və kəndlər üzrə 15 yaşayış
məntəqəsinin ilkin
mərhələdə inşası
tamamlanmış, əhalinin
yaşayışı, iqtisadi
fəaliyyətə reinteqrasiyası
təmin olunmuşdu. Hazırda 27 yaşayış
məntəqəsinin tikintisi,
25 yaşayış məntəqəsinin
təmir-bərpası həyata
keçirilir. 21 yaşayış
məntəqəsinin isə
təməli qoyulub. İclasda Komissiyanın iş reqlamenti müəyyənləşdirildi, görüləcək işlər
və yaxın perspektivdə atılacaq addımlarla bağlı müzakirə aparıldı.
Prezidentin Sərəncamlarından
irəli gələn tapşırıqların maksimum
səmərə və
keyfiyyətlə, vaxtında
icra olunması, alt işçi qrupların iclaslarının
ayda 1 dəfədən
az olmayaraq keçirilməsi, mütəmadi
olaraq işin gedişi haqqında məlumat verilməsi tapşırıldı. İclasda
Strategiya və Dövlət Proqramının
hazırlanması və
yekunlaşdırılması üçün konkret vaxt qrafiki müəyyənləşdirildi.
Baş nazir Əli Əsədov qeyd etdi ki,
Strategiya və Dövlət Proqramı hazırlanarkən mövcud
maliyyə imkanları
nəzərə alınmalı,
hədəflərin realizasiyası
üçün nəzərdə
tutulan tədbirlər
real, dəqiq və ölçülə
bilən indikatorlara söykənməli, Strategiya
və Dövlət Proqramı hazırlanarkən
digər aidiyyəti sənədlər və
I-ci Dövlət Proqramında nəzərdə
tutulan, daha sonrakı müddətə
optimallaşdırılan layihələr
nəzərə alınmalıdır.
Baş nazir vurğulayıb ki, Strategiyadan və Dövlət Proqramından
irəli gələn konseptual məsələlərin
və yekun layihələrin mərhələlərlə
İqtisadi Şurada da müzakirəsi nəzərdə tutulur. Xatırladaq ki, Azərbaycan Respublikası
Prezidentinin 2025-ci il 30
may tarixli 611 nömrəli Sərəncamı
ilə “2027-2030-cu illərdə
sosial-iqtisadi inkişaf
Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın
9 ay müddətində
hazırlanması üçün
Nazirlər Kabinetinə
tapşırıq verilib.
Həmin tapşırığın
icrasının təmin
edilməsi məqsədilə
imzalanmış Nazirlər
Kabinetinin 18 iyun 2025-ci
il tarixli Sərəncamına əsasən
Strategiya və Dövlət Proqramı üzrə layihələrin
hazırlanmasında aidiyyəti
dövlət orqanlarının
fəaliyyətinin əlaqələndirilməsi
üçün Baş
nazirin sədrliyi ilə Komissiya yaradılıb və tərkibi təsdiq olunub. Qeyd edək
ki, Komissiyanın tərkibində Strategiyanın
və Dövlət Proqramının hazırlanması
üzrə iki işçi qrup yaradılıb və tərkibi təsdiq olunub. Baş nazirin müavinləri - Ş.Mustafayev və S.Şərifov işçi
qrupların rəhbəri
təyin ediliblər. Strategiyanın hazırlanması
məqsədilə 9, Böyük
Qayıdış Dövlət
Proqramı üzrə
isə 4 alt işçi qrup yaradılıb. “Azərbaycan
2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər”ə əsasən,
son illərdə əldə olunmuş sosial-iqtisadi nailiyyətlərin
davamlı inkişafının
təmin edilməsi, birbaşa xarici investisiyaların cəlbinin
genişləndirilməsi, əlverişli
biznes mühitinin daha da gücləndirilməsi,
iqtisadiyyatın bilik və texnologiya tutumunun artırılması,
eləcə də işğaldan azad olunmuş ərazilərə
Böyük Qayıdışın
davamlılığının təmin olunması üçün məqsədyönlü
siyasət və islahat istiqamətlərinin
müəyyənləşdirilməsi vacib hesab olunur.
Onu da əlavə edək ki, iyunun 30-da doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə
çatıb. Bu mərhələdə köçürülən
153 nəfərdən ibarət
37 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin
açarları təqdim
olunub. Mərasimdə
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan
Respublikası Prezidentinin
xüsusi nümayəndəliyinin,
Qaçqınların və
Məcburi Köçkünlərin
İşləri üzrə
Dövlət Komitəsinin
nümayəndələri iştirak
ediblər. Keçmiş
məcburi köçkünlər
Lökbatanda məcburi
köçkünlər üçün
salınmış “Qobupark-3”dən
yola salınıb. Ağdam rayonunun Kəngərli kəndinə
köç edənlər
respublikanın müxtəlif
yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.
Bu mərhələdə
Kəngərli kəndinə
37 ailə - 153 nəfər
köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət
qayğısı ilə
əhatə olunduqlarına
görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin
torpaqlarımızı işğaldan
azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman
əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə
rəhmət diləyiblər.
Keçmiş məcburi
köçkün Rüstəmov
Allahverdi Əli oğlu doğma yurda qayıtmaqla bağlı təəssüratlarını
belə ifadə edib: “Bu günə
çox şükür.
Prezidentimizin siyasəti
nəticəsində bu
gün doğma yurdumuza qayıdırıq.
Gedib baxmışam, çox gözəl evlərdi. Çox gözəl də şərait yaradılıb.
Allah bir daha bizə pis gün göstərməsin”.
Kiçik Rüqəyya
Məmmədli isə
ilk dəfə Ağdama getdiyini deyib: “Nənəm mənə Ağdamdan çox danışıb.
Gedib oraları görmək istəyirəm.
Arzum odur ki, xəyalımı gerçəkləşdirib həkim
olum, orada işləyim”. Ağdama qayıdanlar arasında olan Rüstəmova Raya da sevincinin
həddi-hüdudu olmadığını
deyib: “Allah prezidentimizə can sağlığı versin.
Şəhidlərimizə Allah
rəhmət eləsin,
qazilərimizə can sağlığı versin.
Onlar bu torpaqları qanları bahasına alıblar. Bundan sevincli günümüz ola bilməz”. Ağdamı 30
yaşında tərk
etdiyini deyən Məmmədov Sumbat isə uzun illər
həsrətdən sonra
nəhayət öz doğma yurduna qayıtdığını deyib:
“ 30 yaşımda çıxmışdım,
63 yaşımda qayıdıram.
Çox sevincliyəm.
Prezidentimizin uğurlu
siyasəti, şəhidlərimizin
qanı bahasına ana torpağımıza qovuşuruq. Şükürlər
olsun bu günə”. Qeyd edək ki, hazırda
Qarabağda və Şərqi Zəngəzurda,
ora köçürülən
keçmiş məcburi
köçkünlərlə yanaşı, bu bölgədə aparılan
layihələrin icrasında
çalışan, həmçinin
ayrı-ayrı dövlət
qurumlarının yerli
bölmələrində xidməti
vəzifələrini yerinə
yetirən, yenidən fəaliyyətə başlamış
səhiyyə, təhsil,
mədəniyyət, turizm,
sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə,
43 mindən çox insan yaşayır.
Azərbaycan Həmrəylik Komitəsinin
sədri Əlisahib Hüseynov Sherg.az-a açıqlamasında
deyib ki, 44 günlük Vətən müharibəsindən sonra
hər gün gözlərimizin önündə
ən yeni tariximiz yaradılır və yazılır. Onun sözlərinə görə, qısa müddət ərzində
Qarabağ və Şərqi Zəngəzurda
həqiqətən də
çox böyük işlər görülüb:
"Vandal ermənilərin
viran qoyduğu yurd yerlərimizdə aparılan quruculuq işləri həm sürətlə, həm də planlı şəkildə həyata
keçirilir. Savaş
meydanından qalib çıxan dövlətimizin
quruculuq meydanında da böyük bir əzmkarlığını
müşahidə edirik.
Bu baxımdan Qarabağda gördüyümüz
yeniliklərdən qürur
hissi keçirməməyimiz
mümkünsüz idi.
Beləliklə, işğalın
və müharibənin
yaraları sürətlə
sağalır. "Böyük
Qayıdış" strategiyası
uğurla davam etdirilir. 33 il öncə öz yurdlarını məcburən
tərk etməli olan soydaşlarımız
indi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi
ilə yenidən doğma ocaqlarına geri dönürlər. Sözün bütün mənalarında Qarabağa
həyat yenidən qayıdır. Bu gedişlə, işğaldan
azad edilmiş ərazilərimizin hər
tərəfi, hər kəndi, hər qəsəbəsi tezliklə
soydaşlarımızın isti nəfəsi ilə isinəcək, yenidən dirçələcək".
İsmayıl
Şərq 2025.- 2 iyul (¹
112). - S.6.