Ailə institutu təhlükədədir
Gender,
ailə və demoqrafiya məsələlərinin
işıqlandırılması
Erkən
nikah, zorakılıq,
sosial media - hər tərəfdən ailəyə hücumlar var
Azərbaycanda
tarixən ailə xalqın yüksək mənəvi dəyərlərinin
qoruyucusu, genofondumuzun daşıyıcısı kimi
milli inkişafda mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi köklərinə, mənəvi
dəyərlərinə bağlılığı
böyük amildir. Bu qiymətli sərvət yad təsirlərdən qorunmaqla
yanaşı, dünyanın
mütərəqqi mənəvi
dəyərlərindən istifadə
edilməklə zənginləşdirilir.
Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur.
Lakin müasir
dövrün yenilikləri
bir çox hallarda gənclərimizin düşüncəsində yanlış
fikirlər formalaşdırır.
Xüsusilə də,
insan haqları, qadın azadlığı,
gender bərabərliyi
kimi məsələlərdə
yetişməkdə olan
gənc nəsil arasında fərqli, cəmiyyətimiz üçün
arzuolunmaz tendensiyalar yaradır. Xüsusən də sosial şəbəkələrə meylin artması ailə institutunun qorunub saxlanılması sahəsində müəyyən
problemlərə yol açır. Başqa sözlə desək, bu gün Azərbaycan
ailələrinin dağılmasında
əsas faktorlardan biri də sosial
şəbəkələrdə olan durum və
bu sahədə nəzarətin hüquqi tənzimlənməsi ilə
bağlı müəyyən
boşluqların olmasıdır.
Ailə institutuna təsir edən digər amil isə erkən nikahlar və məişət zorakılığı
sahəsində olan vəziyyətdir.
Yer gəlmişkən,
dünən “Erkən
nikahlarla mübarizə
və ailə dəyərlərinin qorunmasında
medianın rolu” mövzusunda ictimai müzakirə keçirilib.
Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi və Nazirlik yanında İctimai Şuranın birgə təşkilatçılığı
ilə keçirilən
tədbirdə açılış
nitqi ilə çıxış edən
Nazirlik yanında İctimai Şuranın sədr müavini Ramin Həbibzadə erkən nikahların qarşısının alınmasında
maarifləndirmənin vacibliyinə
və bu prosesdə medianın potensial roluna diqqət çəkib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədr müavini Sədaqət Qəhrəmanova
tədbirdə çıxış
edərək, erkən
nikah hallarının qarşısının alınması,
sağlam ailə modelinin təşviqi və ailə institutunun gücləndirilməsi
istiqamətində medianın
rolundan danışıb.
O, erkən nikahların
ailə institutuna mənfi təsirləri və gənclərlə birbaşa işləyən
təşkilatların üzərinə
düşən vəzifələr
barədə ətraflı
fikirlər səsləndirib.
S.Qəhrəmanova Dövlət
Komitəsinin bu istiqamətdə həyata
keçirdiyi tədbirlər
barədə məlumat
verib və bu sahədə qanunvericilikdə edilən
son dəyişikliklər
barədə iştirakçıları
məlumatlandırıb. Ailə
dəyərlərinin qorunması
və gənclərin
düzgün istiqamətləndirilməsi
məqsədilə bu
kimi müzakirələrin
xüsusi əhəmiyyət
daşıdığını bildirən sədr müavini, yeni təşəbbüslərin və
birgə səylərin
önəmini qeyd edib. Daha sonra
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Rəsulova və sədr müavini Venera Əsgərova da çıxış edərək,
ailə dəyərlərinin
müasir çağırışlar
fonunda qorunması, ictimai şüurun formalaşmasında medianın
məsuliyyətli mövqeyi,
o cümlədən gənclər
təşkilatlarının preventiv təşəbbüslərinin
stimullaşdırılması ilə bağlı fikirlər səsləndiriblər.
İctimai Şura üzvləri və gənclər təşkilatlarının
rəhbər və nümayəndələri erkən
nikahların qarşısının
alınması və ailə dəyərlərinin
qorunması sahəsində
öz fikir və təşəbbüslərini
səsləndirərək, erkən nikah probleminə qarşı həyata keçirilə biləcək sosial layihələr, maarifləndirici
kampaniyalar və medianın bu proseslərdə dəstək
mexanizmləri barədə
təkliflərlə çıxış
edib.
Ayrı-ayrı mütəxəssislər də
qeyd edirlər ki, kütləvi informasiya vasitələri cəmiyyətin əsas güzgüsü olmaqla yanaşı, onun formalaşmasında və
inkişafında əvəzsiz
rol oynayır. Medianın yaydığı
istənilən məlumat,
təqdim etdiyi obrazlar və təbliğ etdiyi dəyərlər cəmiyyətdə
fikrin formalaşmasına,
davranış modellərinin
dəyişməsinə bu
və ya digər şəkildə
təsir göstərir.
Bu baxımdan da istənilən media qurumu, media
nümayəndəsi yaydığı
xəbərlərin cəmiyyətdə
hansı reaksiya doğuracağını öncədən
dəyərləndirməli və məsuliyyət hissi ilə hərəkət etməlidir.
Xüsusilə həssas sahələr, insan hüquqları, fərdi həyat, ailə münasibətləri
– medianın daha ehtiyatlı və peşəkar davranmasını
zəruri edən mövzulardandır. Ailə
institutuna toxunan istənilən açıqlama
və ya xəbərin cəmiyyətin
ən kövrək təməli olan ailə münasibətlərinə
təsir göstərməsi
mümkündür.
Mətbuat Şurası
İdarə Heyətinin
üzvü, Jurnalistlərin
Həmkarlar İttifaqının
(JuHİ) sədri Müşfiq Ələsgərli
isə təəssüflə
qeyd edib ki, son dövrlər
ailə institutunun dağılması istiqamətində
ciddi proseslər gedir:
"Bu, qlobal bir problemdir və Azərbaycandan da yan keçməyib. Düzdür, başqa dövlətlərin statistik
göstəriciləri ilə
müqayisədə Azərbaycandakı
durum nisbətən yaxşı
görünür. Amma bu,
nisbi göstəricidir.
Reallıq odur ki, ölkəmizdə də ailə institutunun dağılmasına yönəlik
proseslər mövcuddur".
JuHi sədri ailə institutunun deqradasiyaya uğramasını stimullaşdıran
fərqli səbəblərdən
də bəhs edib:
"Bunların sırasında
media, informasiya, sosial şəbəkə amili də önə çıxır. Nəzəri
fikir belədir ki,
media müstəvisində düzgün
maarifləndirmə və
məlumatlandırma işi
qurmaqla ailə institutunun möhkəmlənməsi,
qorunub saxlanılması
prosesinə töhfə
vermək mümkündür.
Amma yaşadığımız dövrdə bunun əksi baş verir.
Media strukturlarının gündəlik
informasiya axınına
diqqət yetirsək, görərik ki, onlar ailə institutunun qorunub saxlanılmasına deyil, dağılıb məhv edilməsinə yönəlik fəaliyyət
sərgiləyirlər. Bu hal
xüsusilə audiovizual
media müstəvisində, televiziyaların şou proqramlarında, həmçinin,
IP toplamaq yarışına
girişmiş xəbər
portallarında özünü
göstərir. Cəmiyyətin
bir qismi haqlı olaraq TV-lərdə təşkil olunan və ailə-məişət mövzularına,
daha dəqiq desək, məişət
mübahisələrinə həsr edilmiş şou proqramlara etiraz edir, belə
verilişlərin bağlanılmasını
tələb edirlər.
Çünki bu cür proqramlar abır-həya, ismət hissini zədələyir,
ailə institutuna xələl gətirir. Sosial şəbəkələr
isə bu baxımdan ümumiyyətlə
problemlidir".
M.Ələsgərlinin fikrincə, sosial media platformalarında
informasiya işinin əksər prinsipləri qorunmur. Bu hal ailə-məişət məsələlərinə
yanaşmada da özünü
büruzə verir.
"Şəxsi həyat sirri təşkil edən məsələlərin
ictimailəşdirilməsi, ailə-məişət mövzularının,
xüsusilə, məişət
zorakılığını ehtiva edən informasiyaların aşırı
şəkildə gündəmə
gətirilməsi, nifrət
nitqinin yüksəlməsi
sosial şəbəkələr
üçün gündəlik
iş halına çevrilib. Belə yanaşma ailə institutunun dağılması
prosesinə təsir göstərir. Məsələ
ondadır ki, təkcə
jurnalistlər deyil, ümumilikdə informasiya istehsalçıları, xəbər
yayıcıları ailə-məişət
mövzusundan necə yazmalı olduqlarını,
hansı məqamlara həssas yanaşmaq tələb edildiyini bilməlidirlər".
Şəymən Bayramova
Şərq 2025.- 24 iyul (¹ 126).-
S.6.