Gülümsə, professor, gülümsə...

 

Yaxşı ki, Azərbaycanda doğuldun, getdin işığın bizə qaldı

 

Niyazi Mehdi  öyrənməyi öyrədən bir öyrətmən idi

 

 

Azərbaycanın görkəmli filosofu, professor, fəlsəfə elmləri doktoru, yazıçı və publisist Niyazi Mehdi dünyasını dəyişib. Onun vəfatı Azərbaycan elmi və ədəbi ictimaiyyəti üçün ağır itkidir.

Qeyd edək ki, Niyazi Mehdi bir neçə gün əvvəl vəziyyətinin ağırlaşması səbəbilə reanimasiya şöbəsinə yerləşdirilib.  O, 28 fevral tarixində 74 yaşında vəfat edib. Niyazi Mehdi ilə vida mərasimi Göy məsciddə keçirilib. Fəlsəfə elmləri doktoru Maştağa qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun ailə üzvləri, müxtəlif ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mehdiyev Niyazi Musa oğlu 1951-ci il fevralın 26-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Ağdam 1 saylı şəhər məktəbində ibtidai, Bakı 158 saylı şəhər məktəbində orta təhsil alıb. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib (1968–1973). M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsində estetika üzrə təhsil alıb (1973–1976). M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun fəlsəfə kafedrasında müəllim (1977–1982), baş müəllim (1982–1984) işləyib. Həmin kafedrada dosent vəzifəsində çalışırdı (1984-cü ildən). "Kinematoqrafın estetik təhlilində semiotik yenidən araşdırmanın yeri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1979). Doktorluq dissertasiyası Orta çağ müsəlman, eləcə də Azərbaycan mədəniyyətinin semiotik-struktur təhlili üzərində qurulub.

Ədəbi fəaliyyətə 1970-ci illərdən başlayıb. Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edir. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olur. Dövri mətbuatda müntəzəm çıxış edir. İngilis dilindən elmi tərcümələri var.

İctimai xadimlər, ədəbiyyat adamları sosial şəbəkələrdə Niyazi Mehdinin ölümü ilə bağlı üzüntülərini paylaşıblar.

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Fazil Mustafa qeyd edib ki, Niyazi Mehdi orta çağ müsəlman, eləcə də Azərbaycan mədəniyyətinin kamil semiotik-struktur təhlilini aparıb: “O, həmçinin milli ədəbiyyat və estetik mədəniyyət tarixini çağdaş elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə araşdırıb. Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olan görkəmli alim, dövri mətbuatda davamlı, yaddaqalan çıxışlar edib. Onun kitabları həmişə maraqla qarşılanıb. Niyazi müəllimin bütün doğmalarına başsağlığı verir, toxtaqlıq diləyirəm! Ocağı sönməsin, ruhu şad olsun!”.

 

Professor Qulu Məhərrəmli:

- Təfəkkür və düşüncə, danışıq və yazı üslubu, davranış və yanaşma tərzi ilə tamamən fərqli və yenilikçi olan professor Niyazi Mehdi vəfat edib. O təkcə filosof və görkəmli elm adamı deyildi, fəlsəfənin əhatə etdiyi bütün sahələrdə böyük alim, bilik daşıyıcısı, əsl intellektideoloq idi. İnsandost kimi də bənzəri yox idi. Vəfatı çox ağır itki oldu  Allah rəhmət eləsin!

 

Yeni MüsavatMedia Qrupunun rəhbəri Rauf Arifoğlu isə deyib ki, bu dünyadan bir Niyazi Mehdi keçdi:

Konseptual katibimiz, professorumuz, dərin filosofumuz, əski dostumuz, köşə yazarımız... Yaşlandıqca, ürəyimiz dost - tanış məzarlığına dönür. Allah rəhmət eləsin!”.

 

Şair, tərcüməçi, şərqşünas-alim Nəriman Qasımoğlu isə kədərini “dünyamızı bir filosof, yazıçı tərk etdi” sözləri ilə ifadə edib. O deyib ki, dərin, orijinal, maraqlı, düşündürən, fəal bir dərrakə yiyəsi Niyazi Mehdi:

“Nə yaxşı durmadan, yorulmadan yazdınız, Niyazi bəy!

Hamıya açıq oldunuz, qiymətli düşüncələrinizi ən fərqli auditoriyalardan, ictimaiyyətdən heç zaman əsirgəmədiniz, səxavətlə, ilhamla paylaşdınız, zəka xəzinəmizi zənginləşdirdiniz.

Bütün bunların mükafatı Tanrıdan. Haqq aləminə köçünüz mübarək! Ruhunuz şad!”.

 

Fəlsəfə elmləri namizədi Müşfiq Şükürov:

- Bir kitabını və bir neçə müsahibəsini oxumuşdum. Bir dəfə də hansısa konfransda iki-üç dəqiqəlik söhbətimiz olmuşdu.

Mənim üçün filosof universitet divarlarını aşan şəxsdir. O divarlar arasında maaşa baxan professorlar olur. Niyazi Mehdinin bu sərhədləri aşması xoşuma gəlirdi. Müsahibələrində fəlsəfi yanaşmalarında çox səmimi idi. Həqiqətin kökünü təkcə oxuduğu kitablarda deyil, yaşamında, duyğularında da axtarırdı özüylə bağlı ən intim xatirələri belə paylaşmaqdan çəkinmirdi. Bir dəfə oğluna əsəbiləşib üstünə qələmi atmasından qələmin uşağın üzünə batmasından çox qorxduğu peşman olduğunu yazmışdı. Buna cəsarət lazımdır. Savadlı adamlarda az rast gəlinən... Təəssüf ki, savadlı olmaq çox zaman qorxaq olmaq anlamına gəlir. Amma həqiqət qınından, universitet divarlarından, ictimai şüurun, zamanın gözləntilərindən çıxmağı bacaran insanlara müyəssər olur. Allah rəhmət eləsin, Ustad. Sağ ol ki, tariximizin ən qarışıq zamanlarının birində həmvətənlərinin şüurlarını düşüncələrinlə durultmağa  çalışırdın.

 

 

Şair Aqşin Yeniseyin sözlərinə görə, Niyazi Mehdi  öyrənməyi öyrədən bir öyrətmən idi:

 Oxuduğum heç bir kitabında "belə düşünün" iddiası yox idi, bütün kitabları "belə düşünmək olar" düşüncəsinin örnəkləriydi. Bu gün səhər isə o, bizə daha bir örnək göstərdi:

Belə yaşamaq olar! Belə ölmək olar!”.

 

Yazar Pərviz Cəbrayıl:

"Təsəllimiz var yenə : gedən cismindi, işığın bizə qaldı".

 

Yazar Cəlil Cavanşir:

- Əziz dostumuz, işıqlı insan, fəlsəfəçi, ədəbiyyatşünas, yazıçı tərcüməçi Niyazi Mehdi vəfat edib. Son 20 ildə tanıdığım, ünsiyyətdən zövq aldığım çox orijinal maraqlı insanlardan biri idi Niyazi müəllim.

 

Şair Arzu Əsəd isə qeyd edib ki, Niyazi Mehdinin vəfatı sosial şəbəkələrdə tez-tez rast gəlinən "bizdə filosof varmı?" sualını yenidən aktuallaşdırıb:

 Cəfər Cabbarlının "Sevil" əsərində iki bir-birini tamamlayan obraz var: Məmmədəli bəy Əbdüləli bəy. Məmmədəli bəy inkarçıdır, nihilistdir. Onun həyat kredosunu, dünyabaxışını bu sözlər ifadə edir: "Deyirlər gün var - doğru deyil, ay var - doğru geyil, deyirlər dünya var - doğru deyil, vəssalam!". Əbdüləli bəyin daimi cavabı belə olur: "Doğrudur, mən elə bu saət onu düşünürdüm". Cəfər Cabbarlının həyatdan götürülmüş bu milli tipləri öz varlıqlarını indi sosial şəbəkələrdə davam etdirirlər. "Bizdə filosof varmı?" kimi məkrli suallar ya "bizdə filosof yoxdur" kimi hökmlər məmmədəli bəylərin bugünkü ictimai şüura sırımaq istədikləri önyarğılardır, xəbislikdir, düşüncənin inkişaf qanunlarını anlamamaqdır, yarımhəqiqətçilikdir, birtərəflilikdir. Bu məmmədəli bəylər bilərəkdən, ya da bilməyərəkdən standartları çox əlçatmaz götürürlər, meyarları, ölçüləri, dəyərləndirmə qaydalarını təhrif edirlər. Onlar şairin dediyi kimi, " yaradar, qurar, Yaradana ağız burar, Quyu qazıb tələ qurar, Ev yıxar asta-asta" prinsipi ilə yaşayan bədxahlardır. Onlar özləri özləri ilə bacarmırlar. Əqrəb öz yaradılış xüsusiyyətinə görə onu belinə mindirib suyu keçirən canlını da çalmalıdır”.

 

A.Əsədin sözlərinə görə, Niyazi Mehdi onun kimi neçə fəlsəfi düşüncə sahibimiz, filosofumuz bu ağrılı-acılı, məhrumiyyətli onilliklərimizdə Azərbaycan ictimai şüurunu belinə yükləyib bu bitib-tükənməyən keçid dövründən keçirdənlərdir:

Yüzlərlə gənc az, ya çox dərəcədə onlardan düşünmə, anlama sənətini öyrəndilər. Başqa bir böyükhəcmli yazıda onun ədəbi-fəlsəfi şüurumuza qatdığı düşüncə açılışlarını təhlil etməyə çalışacam. Düşüncə vicdan sahibləri onun bu dövrün fəlsəfi düşüncə sahibi, filosof kimi tanıdığımız şəxslərin ucalığını, fədakarlığını daşıdıqları ada necə layiq olduqlarını çox gözəl anlayırlar. Məmmədəli bəylərin olmağı, daha doğrusu, kimlərdəsə məmmədəli bəyliyin olmağı labüddür, bəzən lazımdır, zəruridir, inkarları yaradıcı müəyyən həddə olanda. Amma ey məmmədəli bəylərin mütləq inkarçı hökmlərinin altında "Elə mən bu saət onu düşünürdüm" yazan əbdüləli bəylər, siz niyə varsınız? Sizin çoxluğunuz, kütləviliyiniz, züytutanlığınız, qırverənliyiniz, qrupbazlığınız, önyarğılı təəssübkeşliyiniz... ictimai şüurun istiqamətlənməsi naminə gedən bu düşüncə savaşında tərəzinin gözünü əyməkdən, su bulandırmaqdan, bu millətin fədakar düşüncə adamlarını ləkələmək gözdən salmaqdan başqa bir işə yaramır... Allah bu millətin dəyərli düşüncə adamına, filosof  Niyazi Mehdiyə rəhmət eləsin!”.

 

 

Şəymən Bayramova

Şərq .-  2025.- 1 mart (¹39).- S.7.