Azərbaycanın əməkdaşlıq
etdiyi ölkələrin sayı
artmaqdadır
Şimali Makedoniyanı təkcə qazla yox, gələcəkdə yaşıl enerji ilə də təmin edəcəyik
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova martın 10-da Azərbaycana
gəlib. Martın 11-də Prezident İlham
Əliyevin Qordana Silyanovska-Davkova ilə təkbətək görüşü
olub. Azərbaycan və Şimali
Makedoniya arasında diplomatik əlaqələr
1995-ci ildə qurulub.
Hazırda iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə
əməkdaşlıq genişlənir. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri eyni zamanda Şimali
Makedoniyaya təyin olunub. İki ölkə arasında
müqavilə-hüquq bazası
da inkişaf etdirilir və indiyədək 5 sənəd
imzalanıb. Şimali Makedoniya
Prezidentinin Azərbaycana
səfəri diqqət
çəkir. İki ölkə
arasında münasibətlərin
tarixi qədim olmasa da, son illərdə ortaq maraqların formalaşdığını
demək olar. Xüsusilə Azərbaycanın Avropa enerji bazarında
çəkisinin artması,
keyfiyyətli, ucuz qaz nəql etməsi
və meqalayihələr
icra etməsi Şimali Makedoniyanın ölkəmizə marağını
artırıb.
Martın 11-də Prezident İlham Əliyev və Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış edərkən
bu məsələyə
toxunub. Ölkə başçısı deyib ki, “Azərbaycan
12 ölkəyə təbii
qaz ixrac edir və bizim
müştərilərimizin coğrafi yerləşməsi
də Avrasiya məkanını əhatə
edir. On iki
ölkədən 10 ölkə
Avropa ölkəsidir.
Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz
etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı
da ödəyirik.
Ancaq əhatə dairəsi, qaz təchizatımızın
coğrafiyasının genişləndirilməsi
də gündəlikdə
duran məsələdir”.
Azərbaycan qazının Avropaya
tədarükü Cənub
Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin
sonunda başlayıb.
Hazırda kəmərin ötürücülük
qabiliyyəti ildə
12 milyard kubmetr qaz təşkil edir. 2027-ci ilin
sonunadək isə bu həcmin 20 milyard kubmetrə çatdırılması nəzərdə
tutulur. Azərbaycan qazı 2024-cü ilin sonlarından Şimali Makedoniyanın bazarına çatdırılır.
Bu il enerji
əməkdaşlığının daha da dərinləşməsi
hədəflənir. Hazırda Trans-Adriatik Boru Kəməri
(TAP) vasitəsilə Şimali
Makedoniya və Yunanıstana qaz nəqlinin artırılması,
habelə Serbiyaya “mavi yanacaq” təchizatını
təmin etmək üçün işlər
görülür. Energetika sahəsində
əməkdaşlıq iki
ölkə arasında
əlaqələrin əsas
istiqamətlərindən biridir.
Artıq
Azərbaycan təbii qazını Şimali Makedoniyanın bazarına çatdırıb və
bu, iki ölkə
arasında enerji əməkdaşlığının əhəmiyyətli bir mərhələsidir. Avropa İttifaqı
ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsinin
imzalanması dövlətimizin
Avropa üçün
enerji təhlükəsizliyinin
təmin edilməsində
rolunu bir daha təsdiqləyir.
Cənab
İlham Əliyev bildirib ki, Azərbaycan
Avropadakı tərəfdaşlarının
ehtiyaclarına hər
zaman diqqətlə yanaşır. Energetika sahəsində
əməkdaşlıq digər
sahələrdə də
əməkdaşlığın genişlənməsinə şərait
yaradır. Xalqlar arasında
humanitar əməkdaşlıq
da iki ölkə
arasında əlaqələrin
mühüm istiqamətlərindən
biridir. Dövlətimizin
başçısı mətbuata
verdiyi bəyanatda qeyd edib: “Mən
xatırlayıram ki, keçən səfəriniz
çərçivəsində Siz Azərbaycanın mədəni həyatı
ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda
da buna oxşar
tədbirlər var. Biz bunu
çox müsbət
qarşılayırıq, bunu
alqışlayırıq. Şadam ki,
Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz.
Nizami Gəncəvi Beynəlxalq
Mərkəzi tərəfindən
təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib.
Əlbəttə ki, Sizin dəyərli fikirləriniz,
tövsiyələriniz hamı
üçün maraqlı
olacaq. Siz bizim tələbələrimizlə
də görüşəcəksiniz.
Buna görə də
Sizə təşəkkürümü
bildirirəm...”.
İqtisadi əməkdaşlıq sahəsində
Azərbaycanda Şimali
Makedoniya investisiyalı
5 kommersiya qurumu fəaliyyət göstərir. İki ölkə
arasında “Sərmayələrin
təşviqi və qarşılıqlı qorunması
haqqında” Saziş imzalanmışdır ki, bu sənəd iqtisadi əlaqələrin
daha da inkişaf
etdirilməsi üçün
əsas yaradır.
Millət vəkili Sahib Alıyev
"Sherg.az"a deyib
ki, Azərbaycan və Şimali Makedoniya prezidentlərinin mətbuata birgə bəyanatları iki reallığı üzə
çıxarıb. Deputatın
sözlərinə görə,
Fransa və Azərbaycandan qaz almayan digər böyük dövlətlərin
təsiri altında qitənin enerji təhlükəsizliyinin təminində
oynadığımız mühüm
rol etiraf olunmasa da, Azərbaycan
de-fakto panavropa qaz təhcizatçısıdır:
"Bu sahədə
əməkdaşlıq qurduğumuz
ölkələrin sayı
artmaqdadır. Ötən ilin
sonlarından həmin
ölkələrdən 10-cusu olan Şimali Makedoniya bundan çox məmnundur.
Görünür, Şimali Makedoniyanı
təkcə qazla yox, gələcəkdə
yaşıl enerji ilə də təmin edəcəyik.
Eyni zamanda bu, ölkə
iqtisadiyyatına investisiya
qoymamızda da maraqlıdır. Yaşıl enerji
prosesinin tezləşməsində
Avropa Birliyinin “Xəzər-Qara Dəniz Yaşıl Enerji Dəhlizi” layihəsinə
Ortaq Maraqlar Layihəsi (PMI) statusunu verməsi mühüm rol oynayardı. Ümid etmək istərdim ki, "Azərbaycan, Gürcüstan, Rumıniya
və Macarıstanın
yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq
haqqında Saziş”in
icrası məqsədilə
martın 10-da Avropa İttifaqının (Aİ) enerji
məsələləri üzrə
komissarı Dan Yorqensenə
göndərilən məktub
müsbət cavablandırılacaq.
İnvestisiyaya gəldikdə, ümumiyyətlə,
Azərbaycanın bizim
üçün əlverişli
şərtlər təqdim
edən və orada mövqelərimizin möhkəmlənməsini önəmli
saydığımız regionlara
sərmayə qoymağa
üstünlük verməyə
başladığını görürük. Onlardan biri
də yaxın perspektivdə həm də strateji tərəfdaşımız olacağı
gözlənilən Şimali
Makedoniyanın yerləşdiyi
Balkanlardır".
Millət vəkili Vüqar Bayramov da "Şərq"ə bildirib
ki, Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri
ölkələr arasındakı
münasibətlərin daha
da dərinləşməsinə
töhfə verəcək. Deputatın
sözlərinə görə,
artıq ölkələr
arasında energetika sahəsində əməkdaşlığa
başlayıb:
"Azərbaycan qazı
2024-cü ilin sonlarında Şimali Makedoniyanın bazarına çatdırılmışdı və bu il
enerji əməkdaşlığı
daha da dərinləşəcək.
İki ölkə arasındakı
münasibətlərin son illər
daha da inkişaf
etməsi müşahidə
olunur. Şimali Makedoniya Azərbaycan
ilə enerji əməkdaşlığını daha da genişləndirmək
istəyən Avropa ölkələrindədir. Azərbaycanın isə tərəfdaş
ölkələrə daha
çox qaz ixrac etmək imkanları var. Azərbaycanın
Avropaya qaz ixracatı 2024-cü ildə
8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Ötən
il ölkəmizdə
50,3 milyard kubmetr təbii qaz hasil edilib.
2023-cü il ilə müqayisədə
hasilat 2 milyard kubmetr artıb. Qeyd edək ki, 2024-cü ildə Azərbaycan tarixində ilk dəfə
olaraq mavi qaz hasilatı illik 50 milyard kubmetrdən çox olub. Bu isə
ölkəmiz üçün
daha çox ixrac imkanları deməkdir. Hazırda Azərbaycan regionun
12 ölkəsinə mavi
qaz nəql edir. Mavi qaz ixracatı
dövlət gəlirlərini
artırmaqla yanaşı,
ölkəmizin geosiyasi
mövqeyini daha da möhkəmləndirərək
regionun enerji təhlükəsizliyinin güclənməsində
Azərbaycanın rolunu
gücləndirir. Bu, Şimali Makedoniya daxil olmaqla tərəfdaş
ölkələr ilə
yeni əməkdaşlıq
imkanları deməkdir".
İsmayıl Qocayev
Şərq 2025.- 13 mart ¹47.- S.6.