“Zəkaların mübarizəsi”
Məqsəd bilikli, bacarıqlı
gəncləri üzə çıxarmaqdır
Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil
Proqramlarının Hazırlanması
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsi keçirilib. Qeyd edək ki, Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan olimpiada ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilir. Heydər Əliyev Mərkəzində keçirilən final mərhələdə şagirdlər qalib gəlmək uğrunda yarışıb. Bu mərhələ bilik yarışı və şahmat turnirindən ibarət olmaqla komanda yarışı formatında baş tutub. Əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub. Final mərhələsinin rəsmi açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev qeyd edib ki, Fondun fəaliyyətində əsas prioritet istiqamətlərdən biri təhsil sahəsidir. Fond, təhsilin inkişafı məqsədilə ölkənin bütün bölgələrində – hətta ən ucqar kəndlərində belə – yeni məktəb binalarının tikintisinə və mövcud məktəblərin əsaslı təmirinə xüsusi önəm verir. Bu layihələrin başlıca məqsədi şagirdlərimizin keyfiyyətli təhsil almasını təmin etməkdir. Bildirilib ki, sözügedən tədbir şagirdlər arasında həm elmi biliklərin, həm də dostluq və sosial bacarıqların inkişafına yönəlib. Çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Elm və Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərin aşkar olunması və inkişaf etdirilməsi məqsədilə bir çox layihələrin həyata keçirildiyini, bu olimpiadanın da həmin təşəbbüslərdən biri olduğunu deyib. Fuad Qarayev olimpiadanın təşkilində əsas məqsədin gənc nəsildə strateji düşünmə, düzgün qərarvermə və liderlik bacarıqlarını inkişaf etdirmək olduğunu bildirib. Fuad Qarayev finalda iştirak edən şagirdlərin müxtəlif regionları təmsil etdiyini vurğulayaraq bu yarışın həm bilik, həm də zəka üzərində qurulmuş bir mübarizə olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, bu tədbir həm də milli və mənəvi dəyərlərin təşviqinə, azərbaycançılıq ideyasının möhkəmləndirilməsinə xidmət edir. Çıxışlardan sonra yarışlara start verilib. Final mərhələsində bilik yarışı istiqaməti üzrə Bakı şəhərinin Xəzər, Nəsimi, Yasamal, Xətai, Nərimanov rayonları, Gəncə, Naxçıvan, Mingəçevir, Şəki şəhərləri, Abşeron, İsmayıllı, Lerik, Saatlı, Bərdə, Qazax, Qusar, Zəngilan, Neftçala rayonları, şahmat turniri üzrə isə Bakı şəhərinin Xətai, Xəzər, Sabunçu, Səbail, Yasamal rayonları, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki şəhərləri, Ağcabədi, Ağsu, Beyləqan, Cəbrayıl, Göyçay, Quba, Masallı, Neftçala, Tovuz rayonlarından olan komandalar mübarizə aparıb. Bilik yarışı üzrə finalda iştirak hüququ əldə edən komanda sayı 18, iştirakçı sayı isə 108 nəfər olub. Olimpiadanın bilik yarışında məktəblilər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə sualları cavablandırıblar. Şahmat turniri üzrə isə 12 müxtəlif regiondan 1 qalib komanda, Bakı şəhərindən 5 ən yaxşı komanda, Naxçıvan MR-dan 1 komanda olmaqla cəmi 90 iştirakçıdan ibarət 18 komanda final mərhələdə iştirak hüququ əldə edib. Yaxın günlərdə qaliblərin mükafatlandırılması həyata keçiriləcək. Sözügedən olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkarlamaq, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.
Olimpiada haqqında fikirlərini Sherg.az-la bölüşən təhsil eksperti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiya Mərkəzinin direktoru Kamran Əsədov qeyd etdi ki, Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan “Zəkaların mübarizəsi” olimpiadası ümumtəhsil müəssisələri şagirdlərinin bilik və bacarıqlarının üzı çıxarılmasında mühüm əhəmiyyət daşıyır:
- Belə bir formatda olimpiadanın keçirilməsinə qərar verilməsi çox müsbət, mütərəqqi addım idi. “Zəkaların mübarizəsi” olimpiadası IX-XI sinif şagirdlərinin riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, intellektual oyunlar, mədəniyyət və incəsənət istiqamatləri üzrə bilik və bacarıqlarının yoxlanılması məqsədi daşıyırdı. Eyni zamanda şagirdlər arasında şahmat turnirinin təşkil ediləcəyi də qeyd edilirdi. Şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin yaradılması, şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə şagirdlərin öyrənməyə təşviq edilməsi məqsədilə keçirilən olimpiada regional və respublika mərhələsi olmaqla iki hissədən - bilik və şahmat üzrə yarışdan ibarət idi. Komanda yarışı formatında keçirilən olimpiada regional və respublika mərhələlərindən ibarət oldu. Nəzərdə tutulmuşdu ki, regional mərhələnin nəticələri əsasında qaliblərin müəyyən olunması üçün may ayında olimpiadanın final mərhələsi təşkil edilsin. Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə reallaşdırılan “Zəkaların mübarizəsi” olimpiadasının əvvəlcə paytaxt məktəbləri üzrə seçim mərhələsi keçirildi. Olimpiadanın qaydalarına əsasən, regional mərhələdə Bakı şəhərinin hər inzibati rayonundan bir komanda olmaqla 12 komanda bilik yarışı üzrə, 12 komanda isə şahmat üzrə mübarizə aparırdı. Bakı şəhərindən seçilmiş 5 ən yaxşı komanda bilik yarışı, 5 ən yaxşı komanda isə şahmat üzrə respublika mərhələsində iştirak hüququ qazandı. Olimpiadanın bilik yarışı istiqaməti üzrə rayondaxili seçim mərhələsində Bakı şəhərinin hər inzibati rayonu üzrə 1 komanda (ümumilikdə 12 komanda) regional mərhələdə iştirak hüququ qazandı. Həmçinin şahmat üzrə keçirilən rayondaxili seçim mərhələsində 5 nəfərdən ibarət 1 komanda (komanda üzvləri eyni inzibati rayondan 3 oğlan və 2 qız olmaqla seçilib) regional mərhələdə iştirak hüququ əldə etdi. 23 aprel tarixində Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışı üzrə regional mərhələsi təşkil olundu. Yarışda Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX, X və XI sinif şagirdlərindən ibarət 7 komanda iştirak edib. Gərgin və maraqlı atmosferdə baş tutan bilik yarışının yekununda Mingəçevir şəhərini təmsil edən komanda birinci yerə layiq görülərək respublika mərhələsində iştirak hüququ əldə etdilər. Olimpiadanın regional mərhələsi Naxçıvanda da keçirilib, şahmat turniri təşkil olunub. Qaliblər final mərhələdə iştirak hüququ əldə ediblər. Olimpiada çərçivəsində Qarabağ Regional Təhsil İdarəsi üzrə də bilik yarışının regional mərhələsi keçirilib. Bilik yarışında regionda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdlərindən ibarət 7 komanda iştirak edib. Komandalar riyaziyyat-məntiq, rəqəmsal texnologiyalar, təbiət elmləri, humanitar elmlər, mədəniyyət və incəsənət olmaqla, beş müxtəlif istiqamət üzrə sualları cavablandırıblar. Yarışda Bərdə şəhərini təmsil edən “Hərum” komandası birinci yerə layiq görülərək, respublika mərhələsində iştirak hüququ qazanıb. Ümumilikdə bu olimpiada bütün ölkə üzrə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərini əhatə edib, onların riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, intellektual oyunlar, mədəniyyət və incəsənət istiqamətləri üzrə bilik və bacarıqlarının üzə çıxarılmasında böyük əhəmiyyət daşıyırdı. Bu formatda bilik yarışlarının təşkil olunması gənclərimizin intellektual səviyyələrini nümayiş etdirə bilmələri üçün çox vacibdir.
Məlahət Rzayeva
Şərq 2025.- 16 may (¹84).- S.6.