Yaşıl enerjinin yüksəlişi:
Bakı neftlə başlayan tarixini yenidən yazır
Ekologiya və ətraf mühitin mühafizəsi
“Bakı Enerji Həftəsi”ndə dekarbonizasiya,
“yaşıl enerji”yə keçid müzakirə ediləcək
Paytaxtımız “Bakı Enerji Həftəsi”nə
hazırlaşır. Bu il “Baku Energy Week”in tərkib hissəsi olan “Baku
Energy Forum” 30 illik yubileyini qeyd edir. Əsası
qoyulduğu gündən etibarən forum beynəlxalq əlaqələrin
möhkəmləndirilməsi, qabaqcıl təcrübələr
mübadiləsi və yalnız Azərbaycanın deyil,
bütövlükdə regionun enerji sektorunun inkişafına
təsir edən sazişlərin imzalanması
üçün əsas platformaya çevrilib. Forum enerji sahəsinin liderlərini, biznes nümayəndələrini
və dövlət qurumlarının nümayəndələrini
bir araya gətirərək bu sahədə beynəlxalq əməkdaşlığın
inkişafına töhfə verir. Verilən
məlumata görə, forum 3-4 iyun tarixlərində Bakı
Konqres Mərkəzində keçiriləcək və sənayenin
aparıcı nümayəndələrini strateji fikir
mübadiləsi üçün bir araya gətirəcək.
Qeyd edək ki, “Baku Energy Week” özündə üç
mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq
Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü
Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi
“Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”. “Caspian Oil and
Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində,
“Baku Energy Forum” isə ekoloji konseptdə inşa edilmiş
Bakı Konqres Mərkəzində təşkil ediləcək.
“Bakı Enerji Həftəsi” ilə bağlı
keçirilən mətbuat konfransında nəzərdə
tutulan işlər barədə məlumat verilib. Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov
Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat
konfransında bildirib ki, üç böyük tədbiri
özündə birləşdirən Bakı Enerji Həftəsi
nailiyyətləri nümayiş etdirmək üçün
nüfuzlu bir platformaya çevrilib. O bildirib ki, Azərbaycan
hər zaman enerji sahəsində yeniliklərə imza atan bir
ölkə olub: "Necə ki, Azərbaycanın liderliyi ilə
neft-qaz sahəsində regionları birləşdirən
strateji layihələr həyata keçirilib, eləcə də,
bu gün ölkəmiz yaşıl enerji dəhlizləri
yaratmaqla Mərkəzi Asiyanı Avropa ilə birləşdirən
yeni enerji yollarını inşa etmək əzmindədir. Bu baxımdan, üç böyük tədbiri
özündə birləşdirən Bakı Enerji Həftəsi
nailiyyətləri nümayiş etdirmək üçün
nüfuzlu bir platformaya çevrilib". "Bu
beynəlxalq tədbir Azərbaycanın enerji sahəsində
atdığı uğurlu addımların, imzalanmış
müqavilələrin və qurulmuş əməkdaşlıqların
təcəssümüdür. Eyni zamanda bu
platforma qarşıdakı dövr üçün yeni
ideyaların ortaya çıxdığı, yeni müqavilələrin
imzalandığı, yeni layihələrin
başlanğıcının qoyulduğu və yeni tərəfdaşlıqların
qurulduğu bir məkandır. Bu mötəbər
tədbirin həyata keçirilməsində əməyi olan
bütün tərəfdaşlara minnətdarlığımızı
bildiririk", - deyə nazirlik sözçüsü qeyd edib.
Azərbaycan Dövlət Neft Şirkətinin
(SOCAR) mətbuat katibi Orxan Hüseynov isə qeyd edib ki,
Bakı Enerji Həftəsində neft-qaz hasilatı və kəşfiyyatı
ilə bağlı vacib sənədlər imzalanacaq.
"Bildiyiniz kimi, bu artıq xoş bir ənənəyə
çevrilib ki, biz Baku Enerji Həftəsi çərçivəsində
müəyyən bir sənədlər imzalayırıq və
bu sənədlər bu ildə bu ənənə davam edəcək. Bir sıra sahələr
ilə bağlı bir neçə vacib sənədlərin
imzalanması gözlənilir. Bir neçə
gün sonra artıq bu sənədlərlə bağlı məlumat
sizdə də ətraflı olacaq", - Orxan Hüseynov qeyd
edib. Onun sözlərinə görə, Enerji Həftəsində
həm də COP29-da SOCAR-ın imzaladığı sənədlər
barədə ətraflı məlumatlar veriləcək: "Həmçinin
stendlərin içində infinity room deyilən bir hissə
olacaq, hansındakı led ekranlarla biz bütün vacib layihələrimizlə
və fəaliyyət istiqamətlərimizlə bağlı
ictimaiyyətə məlumat verəcəyik. Əlavə
olaraq, forum çərçivəsində ənənəvi
olaraq biz panellərin əksəriyyətində həm
moderator qismində, həm çıxışçılar
qismində çıxış edəcəyik. Burada liderlərin çıxışları,
SOCAR-ın rəhbər şəxsləri iştirak edəcəklər".
Bu il “Baku Energy Week” 39 ölkədən 267
şirkəti qəbul edəcək. Bunu “Iteca
Caspian” şirkətinin layihə meneceri Nailə Əliyeva
Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat
konfransında bildirib. O, sərgidə iştirak edəcək
ölkələrin adlarını sadalayıb: "Ölkələr
arasında Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş
Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş
Ərəb Əmirlikləri, Böyük Britaniya və
Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin,
Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail,
İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau,
Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç,
Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə
Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna,
Yaponiya iştirak edir. Almaniya Federativ
Respublikası Milli pavilyon ilə iştirak edir". "Sərgi çərçivəsində neft-qaz
sahəsində ixtisaslaşan tanınmış nəşriyyatlar,
jurnallar, qəzetlər, informasiya agentlikləri və onlayn
media qurumlarının stendləri də nümayiş olunacaq.
Bu il sərgi iştirakçılarının
35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın
neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi
iştirakçılarının təxminən 70 faizini
xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr
təşkil edir. Bu, yüksək səviyyəli
beynəlxalq əməkdaşlıqla yanaşı, yerli
biznesin fəal iştirakını da bir daha nümayiş
etdirir. Sərginin daimi
iştirakçıları olan sənayenin aparıcı
şirkətləri sərgi sahəsinin 40 faizini əhatə
edir. Ənənəvi olaraq, onların bir çoxu enerji
sektorunun inkişafına töhfələrini təsdiqləyərək
sponsor kimi iştirak edirlər", - N.Əliyeva qeyd edib. "30-cu Yubiley Beynəlxalq
Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgisinin əhatə
etdiyi mühüm bölmələrə neft və qaz
yataqlarının işlənməsi, neft və qazın nəqli
və hasilatı, telekommunikasiya və İT, neft və qaz
emalı, enerji sektorunda tikinti-quraşdırma işləri,
innovativ texnologiyalar və s. daxildir. Sərgidə
süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də
neft və qeyri-qaz məhsullarının istehsalı və
saxlanması ilə bağlı yeniliklər də təqdim
olunacaq. 13-cü Xəzər Beynəlxalq
Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində
beynəlxalq və yerli şirkətlərin energetika və
yaşıl enerji mənbələrinin inkişafı və
istifadəsi sahəsindəki yeniliklər və bununla
bağlı təkliflər gündəmdə olacaqdır.
Sərgidə günəş enerjisi, külək enerjisi,
geotermal enerji, istilik energetikası, maşınqayırma və
enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri,
enerji resurslarına qənaət edən texnologiyalar və digər
sektorlar üzrə məhsul və xidmətlər, eləcə
də yeni layihələr nümayiş olunacaq", -
N.Əliyeva vurğulayıb. Əldə edilən məlumatlara
görə, Böyük
Britaniya Xarici İşlər, Birlik və İnkişaf Ofisi və
Enerji Təhlükəsizliyi və Sıfır Emissiya
Nazirliyinin Beynəlxalq Enerji Birgə Bölməsinin rəhbəri
Sofi Vestleyk yaxın zamanda Azərbaycana səfər edəcək.
Onun səfəri Azərbaycanda keçiriləcək
Bakı Enerji Həftəsi ilə əlaqədar olacaq. Həmçinin, Avropa Komissiyasının Enerji
üzrə Baş İdarəsinin direktoru Kristina Lobilyo
Borreronun da 30-cu “Baku Energy Forum”unda iştirak etmək
üçün ölkəmizə səfər edəcəyi
gözlənilir.
Məlumdur
ki, ötən 2024-cü il Azərbaycan Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə “Yaşıl
dünya naminə həmrəylik ili” elan edildi, noyabr ayında isə Bakı BMT-nin
İqlim Dəyişmələriüzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası kimi mötəbər tədbirə ev sahibliyi etdi.
COP-29-da aparılan müzakirələrin ana xəttini
karbon emissiyalarının azaldılması, təbiətin
qorunması idi ki qəbul edilən qərarlar da buna müvafiq
oldu. “Bakı Enerji Həftəsi”ndə də
digər mühüm məsələlərlə
yanaşı, dekarbonizasiya, “yaşıl enerji”, yeni
texnologiyaların ekologiya və ətraf mühitə
faydaları müzakirə ediləcək.
Ekoloq Rövşən Abbasov
Sherg.az-a açıqlamasında qeyd edib
ki, COP-29-dan sonra bu cür nüfuzlu tədbirlərin
keçirilməsi COP-29 zamanı qəbul olunmuş öhdəliklərin
icrası üçün çox faydalıdır:
- Məlumdur
ki, COP-29-da Bakı Maliyyə Məqsədi sənədi qəbul
edildi. Bu sənəd inkişaf etməkdə olan ölkələrə
1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək
üçün yeni öhdəlikləri, 2035-ci ilə qədər
hər il azı 300 milyard dollar vəsaitin səfərbər
olunmasına liderlik etmək üçün inkişaf
etmiş ölkələrin əsas hədəfini
özündə ehtiva edir. Bakı Maliyyə Məqsədi
və Paris Sazişinin 6-cı maddəsi inkişaf etməkdə
olan ölkələrə investisiya yatırmağı nəzərdə
tutur ki, bu da qlobal iqlim maliyyəsi arxitekturasını
kökündən dəyişəcək. BMT-nin Baş katibi Antonio Quterreşin COP-29-a verdiyi
qiymət böyük əhəmiyyət kəsb edirdi.
O, qeyd etmişdi ki, COP-29-da əldə olunan razılaşma
qlobal istiləşməni 1,5°C-də
saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət
daşıyır. Məqsəd budur ki, qlobal
iqlim dəyişikliyinin yaranmasında əsas aktorlar olan
dövlətlər karbon emissiyalarını azaltsınlar.
Məsələn, Avropa İttifaqı ölkələri
dünyada bütün nəqliyyat emissiyalarının 76
faizini atmosferə buraxır. İqlim dəyişmələri,
qlobal istiləşmə, atmosferin çirklənməsində
neft-qaz istehsalçısı ölkələri
qınayırlar, amma məsələn, Azərbaycan dünyada
“yaşıl enerji”yə keçid etmiş ölkə kimi
tanınır artıq. Alternativ enerji mənbələrindən
istifadə hazırda ölkəmizdə geniş tətbiq
olunur. Xüsusən də işğaldan
azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda.
Külək enerjisi, günəş panellərindən
istifadə, paytaxtımızda isə elektomobillərə
keçid, ictimai nəqliyyatda elektro-busların fəaliyyətə
başlaması da buna sübutdur.
Məlahət
Rzayeva
Şərq 2025.- 30 may (¹93).- S.6.