Laçından verilən mesajlar ünvanına çatacaq
Azərbaycan-Türkiyə-Pakistan birliyi
regional və qlobal
müstəvidə sülhə, əməkdaşlığa
xidmət edir
Azərbaycan Respublikasının dünya
birliyinə inteqrasiyası, region ölkələri
və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla
əməkdaşlığının inkişaf
etdirilməsi
Azərbaycanın xarici siyasətində Türkiyə və Pakistanla əlaqələrin inkişafı mühüm yer tutur. Ötən dövr ərzində hər üç ölkə arasında münasibətlər davamlı olaraq güclənməkdədir. Laçın şəhərində üç ölkənin liderinin Zirvə görüşünün keçirilməsi isə birliyimizin sarsılmaz olmasının göstəricisidir. Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələrin dərin tarixi kökləri var. Ölkələrimiz tarixə və oxşar milli-mənəvi dəyərlərə əsaslanmaqla qarşılıqlı münasibətləri daha da dərinləşdirməyə davamlı şəkildə səy göstərirlər. Hər üç dövlətin qətiyyətli siyasi iradəsi ilə cəmiyyətlərin qarşılıqlı rəğbət hissinin, yaxınlaşmaq istəyinin üst-üstə düşməsi münasibətlərin dinamikasına güclü impuls verir. Burada müasir çağırışlara adekvat olan yeni ənənələrin formalaşmasının önəmini isə ayrıca qeyd etmək lazımdır. O cümlədən, liderlərinin üçtərəfli Zirvə görüşləri səmərəli əməkdaşlıq platforması kimi diqqət çəkir. Mayın 28-də Laçın şəhərində Azərbaycan, Türkiyə prezidentlərinin və Pakistanın Baş nazirinin iştirakı ilə sayca ikinci Zirvə görüşü bunun göstəricisidir. Tədbirdə liderlər üçtərəfli əməkdaşlığın hazırkı dinamikasından məmnunluqlarını ifadə etməklə yanaşı, perspektivlə bağlı fikirlərini də diqqətə çatdırıblar. Zirvə görüşündə üç ölkənin liderləri qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin önəmini bəyan edib, suverenlik və ərazi bütövlüyü prinsiplərinə dəstək ifadə ediblər. Transmilli təhdidlərə, xüsusilə terrorizmə qarşı mübarizədə üç ölkə arasında əməkdaşlığın vacibliyi də böyük önəm kəsb edir. Üç qardaş ölkə beynəlxalq platformalar çərçivəsində də sıx əməkdaşlıq edir. Prezident İlham Əliyev Laçında baş tutan üçlü Zirvə görüşündəki çıxışında ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət göstərdiklərinə ayrıca diqqət çəkib. Azərbaycan Prezidenti ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana təşəkkürünü çatdırıb. Yeni mərhələdə regionda və qlobal miqyasda yaranan reallıqlar qardaş ölkələr arasında üçtərəfli formatda əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir. Ölkələrimiz Avropa ilə Asiyanın kəsişmə nöqtəsində, son dərəcə strateji bir bölgədə yerləşir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, coğrafiyamızda və onun hüdudlarından kənarda təhlükəsizlik təhdidlərindən tutmuş iqtisadi çətinliklərə, enerji və qida böhranlarına qədər bir çox sınaqlarla eyni anda üz-üzəyik. Bu çətinliklər qarşısında həmrəylik və birgə fəaliyyət məqsədimizin inkişaf etdirilməsini bir seçim deyil, zərurət olaraq görürük. Zirvə görüşündə oxşar baxışları həmçinin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də ifadə edib. Pakistan lideri də o fikri bölüşüb ki, bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. Beləliklə, Azərbaycan, Türkiyə və Pakistan birliyi qloballaşan dünyada yeni geosiyasi reallığa çevrilib. ABŞ-Çin rəqabəti, Rusiya-Qərb qarşıdurması və digər ölkələrin regional fəallığı fonunda Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün sıx əməkdaşlığı yeni geosiyasi arxitekturanın tərkib hissəsinə çevrilir. Bu əməkdaşlıq həm də Ermənistanın təktərəfli diplomatik narrativinə qarşı bir balans yaradır. Məsələn, Ermənistanın Hindistanla hərbi yaxınlaşmasına qarşı bu Zirvə Pakistanın iştirakı ilə dolayı cavab sayıla bilər. Bu üçtərəfli Zirvə görüşü təkcə simvolik hadisə deyil, həm də strateji baxımdan gələcəyə yönəlmiş diplomatik və geosiyasi addımdır. Azərbaycan üçün bu, beynəlxalq legitimliyin və regional liderliyinin gücləndirilməsi deməkdir. Türkiyə və Pakistan üçün isə bu platforma Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının açılması və öz strateji mövqelərinin gücləndirilməsi anlamına gəlir. Bu istiqamətdə birgə hərbi təlimlərin, enerji layihələrinin və beynəlxalq forumlarda koordinasiyalı mövqelərin şahidi olacağımız ehtimalı yüksəkdir. Laçın görüşü bir başlanğıc kimi, regionda yeni güc mərkəzinin formalaşmasında həlledici addımlardan biri hesab edilə bilər.
Millət vəkili Malik Həsənov deyib ki, bu gün Azərbaycan-Türkiyə-Pakistan birliyi qlobal geosiyasi gücün təzahürüdür. Deputatın sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksək səviyyəli görüşlərin təşkil olunması, bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir:
"2024-cü ilin iyulunda Astanada keçirilən üçtərəfli görüş bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən həmin görüş üç qardaş ölkənin qarşılıqlı siyasi dəstəyini nümayiş etdirməklə yanaşı, əməkdaşlığın yüksək səviyyəyə keçidinin rəmzinə çevrildi. Görüşdə tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəklərini davam etdirmək əzmində olduqlarını vurğuladı, regional və qlobal məsələlərdə birgə mövqe nümayişinin vacibliyini qeyd etdilər. Laçın Zirvə görüşü də mühüm çağırışlarla tarixə yazıldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, ölkələrimiz arasında həmrəylik və atılan birgə addımlar seçim məsələsi deyil, zəruri ehtiyacdır. Türkiyə, Azərbaycan və Pakistan liderlərinin üçtərəfli Zirvə görüşləri mütəmadi keçiriləcək. Nazirlər səviyyəsində görüşlər də planlaşdırılır. Nəqliyyat sektorunu üçtərəfli əməkdaşlığın strateji sahələrindən biri kimi dəyərləndirən Türkiyə Prezidenti bu əminliyi ifadə etdi ki, Ankara, Bakı və İslamabad arasında dialoq üç ölkənin xalqlarına fayda verəcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif “Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var” fikri ilə bu birliyin, həmrəyliyin ölkəsi üçün nə qədər önəmli olduğunu açıqladı və bu çağırışı da etdi ki, siz keçilməz qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüd etmədən sizə etibar edirik. Silahdaş olan qardaşlar kimi sülh, ədalət və mənəvi dəyərləri hər zaman üstün tutacağıq. Gözəl Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının dalğalanmasını görmək qəlblərimizi hədsiz sevinc və fəxarət hissi ilə doldurur”.
Parlament üzvü vurğulayıb ki, Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlıq modeli təkcə regionda sabitliyə deyil, həm də beynəlxalq səviyyədə qarşılıqlı faydalı və tarazlı münasibətlərin formalaşmasına töhfə verir:
“Qardaşlıq, ortaq tarix və ümumi maraqlara əsaslanan bu format gələcək illərdə siyasi, iqtisadi və təhlükəsizlik istiqamətlərində daha da dərinləşərək beynəlxalq aləmdə nüfuzlu üçtərəfli bloklardan birinə çevrilə bilər. Azərbaycan və Türkiyə Prezidentlərinin, Pakistanın Baş nazirinin mayın 28-də Laçında keçirilən Müstəqillik Gününə həsr edilən tədbirdə birgə iştirakı da bu birliyin, qardaşlığın növbəti təqdimatı oldu. Dövlət başçısı İlham Əliyev tədbirdəki çıxışında belə bir çağırışı səsləndirdi ki, bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.
Deputat Sevinc Hüseynova da Azərbaycan-Türkiyə-Pakistan birliyinin regional və qlobal müstəvidə sülhə, əməkdaşlığa xidmət etdiyini söyləyib:
“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik. Həmçinin müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir”. Bu bir reallıqdır ki, Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə arasında əməkdaşlıq ildən-ilə, gündən-günə güclənir. Cənab Prezidentin də qeyd etdiyi kimi, “Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk”. Sözsüz ki, Laçında üç dövlət arasında ikinci üçtərəfli Zirvə görüşün keçirilməsi strateji əməkdaşlığın xarakterini və qarşıda duran hədəflərin mahiyyətini nümayiş etdirir. Zirvə toplantısında həmçinin 44 günlük Vətən müharibəsində Türkiyə və Pakistanın Azərbaycanın yanında olduğu diqqətə çatdırıldı və xalqımızın bu qardaş dəstəyini heç vaxt yaddan çıxartmadığı bir daha bəyan edildi”.
İsmayıl Qocayev
Şərq 2025.- 31 may (¹94).- S.6.