Onlayn təhlükələr artmaqdadır: Uşaqların
hüquqları qorunmalıdır
İnsan
hüquq və azadlıqlarının müdafiəsi,
vətəndaşların hüquqi,
siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi,
sosial və siyasi fəallığının
artırılması
Ekspert:
“Texnologiya dövründə
uşaq hüquqlarının
müdafiəsi daha sistemli yanaşma tələb edir"
20 Noyabr - Ümumdünya
Uşaq Hüquqları
Günü, dünyanın
hər yerində uşaqların müdafiəsini,
rifahını və inkişafını prioritet
edən ən mühüm tarixlərdən
biridir. BMT tərəfindən
qəbul edilən “Uşaq Hüquqları Konvensiyası” məhz bu gündə imzalanıb və bu sənəd uşaqların yalnız qayğıya ehtiyacı olan fərdlər deyil, həm də hüquqlara malik olan müstəqil
insan kimi tanınmasını təsdiqləyən
ən mühüm beynəlxalq aktdır. Bu gün sadəcə
bir xatırlatma deyil, uşaqların təhlükəsiz, sağlam
və xoşbəxt bir mühitdə böyüməsi üçün
həm dövlətlərin,
həm də cəmiyyətlərin üzərinə
düşən vəzifəni
yenidən dərk etmək üçün çağırışdır.
Azərbaycan bu istiqamətdə son illərdə atdığı addımlarla
diqqət çəkir.
Uşaqların təhsil,
səhiyyə, sosial müdafiə, psixoloji dəstək və inkişaf imkanlarına çıxışının yaxşılaşdırılması, eləcə də ailə institutunun möhkəmləndirilməsi sahəsində
həyata keçirilən
islahatlar ölkəmizin
bu mövzunu prioritet kimi gördüyünü göstərir.
Xüsusilə məktəbəqədər
təhsilin genişləndirilməsi,
aztəminatlı ailələrdən
olan uşaqlara yönələn sosial proqramlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı layihələrin
artırılması dövlətin
uşaqlara münasibətində
müsbət dönüşün
bariz nümunəsidir.
Bu baxımdan
20 noyabr yalnız beynəlxalq bir tarix deyil, həm
də Azərbaycan üçün gələcək
nəsillərin daha sağlam, daha savadlı və daha güvənli yetişməsi istiqamətində
görülən işlərin
hesabatı kimi dəyərləndirilə bilər.
Uşaqların xoşbəxtliyi
isə təkcə bu günün deyil, bütövlükdə
cəmiyyətin inkişafının
ən mühüm göstəricisidir.
Xatırladaq ki, hər il
20 oktyabr – 20 noyabr tarixləri arasında ölkəmizdə “Uşaq
hüquqları aylığı”
qeyd olunur. Məqsəd uşaq hüquqlarının müdafiəsi
sahəsində məlumatlılığın
artırılması, uşaqlara
diqqət və qayğının təşviqi,
Ombudsman təsisatı
ilə digər qurumlar, vətəndaş
cəmiyyəti institutları,
hüquq müdafiəçiləri
ilə birlikdə bu sahəyə diqqətin cəlb olunmasıdır. Ənənəyə
sadiq qalaraq 20 oktyabrda Azərbaycan Respublikasının insan hüquqları üzrə
müvəkkili (ombudsman)
“Uşaq Hüquqları
Aylığı”nın
elan olunması ilə bağlı müraciət yaymışdı.
Müraciətdə qeyd edilib ki,
aylığın keçirilməsində
məqsəd uşaq hüquqlarının müdafiəsi
sahəsində əhalinin
məlumatlılığının artırılması, aidiyyəti
dövlət orqanlarını,
vətəndaş cəmiyyəti
institutlarını, digər
müvafiq qurumları
səfərbər etməklə
cəmiyyətin diqqətinin
uşaqların müdafiəsinə
cəlb edilməsindən
və bu sahədə ictimai fəallığın təşviqindən
ibarətdir.
Uşaq hüquqlarının
etibarlı müdafiəsinin
təmin edilməsi insan hüquqlarının
qorunmasında, eləcə
də inklüziv və bərabər imkanlara əsaslanan cəmiyyətin formalaşdırılmasında
əsas aspektlərdən
biridir. Hər bir uşaq təhlükəsiz,
sağlam və öz potensialını reallaşdıra biləcəyi
mühitdə böyüməlidir.
1989-cu il noyabrın
20-də Birləşmiş Millətlər Təşkilatının
Baş Assambleyası tərəfindən qəbul
edilmiş, Azərbaycan
Respublikasının da
iştirakçısı olduğu
“Uşaq hüquqları
haqqında” Konvensiya uşaqların hüquqlarının
qorunması sahəsində
zəruri olan standartları və iştirakçı dövlətlərin
öhdəliklərini müəyyən
edən əsas beynəlxalq sənəddir.
Azərbaycan dövləti tərəfindən
uşaqların hüquqlarının
təmini, müdafiəsi
və təşviqi sahəsində müntəzəm
olaraq mühüm islahatlar həyata keçirilir, uşaqların
layiqli həyat səviyyəsinin təmin
edilməsi məqsədilə
güclü normativ-hüquqi
baza və institusional struktur formalaşdırılır.
UHK-nin əsas
prinsipləri kimi uşaqların yaşamaq və inkişaf etmək hüququnun təmin edilməsi, onların mənafeyinin üstün tutulması, uşaqlara qarşı ayrı-seçkiliyə yol
verilməməsi, onların
fikirlərinə hörmətlə
yanaşılması bu
gün ölkəmizdə
uşaqlar barəsində
dövlət siyasətinin
və milli qanunvericiliyin əsas istiqamətlərini təşkil
edir. 2025-ci ilin ölkəmizdə “Konstitusiya
və Suverenlik İli” elan olunması uşaqların
hüquqlarının qorunması
baxımından xüsusi
əhəmiyyət daşıyır.
Belə ki,
Azərbaycan Respublikasının
Konstitusiyası uşaqların
hüquqlarının təmini
istiqamətində mühüm
müddəaları və
öhdəlikləri ehtiva
etməklə, uşaqlar
da daxil olmaqla insan və
vətəndaş hüquq
və azadlıqlarının
müdafiəsi sahəsində
münasibətlərin tənzimlənməsində
hüquqi baza rolunu oynayır.
Müzəffər Ali Baş Komandanımızın
rəhbərliyi ilə
Vətən müharibəsində
və antiterror əməliyyatında əldə
etdiyimiz Qələbə
nəticəsində ərazi
bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsi işğaldan azad olunmuş ərazilərimizdə
də uşaqların
hüquqlarının təmininə
imkan yaradıb və bu istiqamətdə
də genişmiqyaslı
tədbirlərin icrası
davam etdirilir.
Uşaq hüquqlarının
qorunması və təşviqi Azərbaycan
Respublikasının İnsan
Hüquqları üzrə
müvəkkilinin (ombudsmanın)
fəaliyyətinin əsas
istiqamətlərindən biridir
və bu sahədə ardıcıl
tədbirlər həyata
keçirilir.
Onu da deyək ki, “Uşaq hüquqları aylığı” çərçivəsində
ölkədə uşaqların
müdafiəsi, onların
hüquqlarının daha
geniş tanıdılması
və bu sahədə maarifləndirmənin
gücləndirilməsi məqsədilə
müxtəlif tədbirlər,
sosial aksiyalar və maarifləndirici layihələr həyata keçirilib. Aylıq boyunca ictimaiyyətə uşaqların təhlükəsizliyi,
təhsili, sağlam inkişafı və sosial rifahı ilə bağlı aktual mesajlar çatdırılıb, həmçinin
dövlət qurumları
və qeyri-hökumət
təşkilatları tərəfindən
mövcud problemlərin
aradan qaldırılması
istiqamətində vacib
təşəbbüslər irəli sürülüb.
Bu çərçivədə
görülən işlər
uşaqların hüquqlarının
qorunması sahəsində
davamlı fəaliyyətin
zəruriliyini bir daha gündəmə gətirib.
İnsan Alverinə
Qarşı Mübarizə
üzrə QHT Koalisiyasının
üzvü Mehriban Zeynalova “Şərq”ə
bildirib ki, uşaqların hüquqlarının
qorunması hər bir cəmiyyətin mənəvi və sosial inkişaf səviyyəsini müəyyən
edən əsas göstəricilərdən biridir.
Hər bir uşaq doğulduğu andan etibarən yaşamaq, inkişaf etmək, təhsil almaq, sevgi və
qayğı ilə əhatə edilmək, zorakılıq və istismardan müdafiə olunmaq hüququna malikdir:
“Uşaqların hüquq və azadlıqlarının qorunması
Azərbaycanın dövlət
siyasətində prioritet
istiqamətlərdən biridir
və bu, həm Konstitusiya, həm də Uşaq Hüquqları Bəyannaməsi, Uşaq Hüquqlarına dair Konvensiya kimi beynəlxalq sənədlərdə
öz əksini tapır. Son illər uşaq hüquqlarının müdafiəsi
sahəsində görülən
işlər genişlənsə
də, risklərin artması daha sistemli yanaşma tələb edir. Xüsusilə uşaq istismarı, onun müxtəlif formaları
və yaratdığı
sosial-psixoloji fəsadlara
diqqət etmək lazımdır. İstismar
təkcə fiziki zorakılıqla məhdudlaşmır,
iqtisadi, emosional və seksual istismar kimi halların
hər biri uşağın gələcək
inkişafına dərin
zərər vurur. Bu gün texnologiyanın
inkişafı yeni təhlükə kanalları
da yaradıb. Sosial şəbəkələr
və onlayn platformalar vasitəsilə
uşaqların aldadılması,
müxtəlif vədlərlə
manipulyasiya olunması
və istismara cəlb edilməsi halları dünyada olduğu kimi, Azərbaycanda da aktual risk kimi
qalır. Bu problemlərlə mübarizədə
valideynlərin rolu həlledicidir”. M.Zeynalova ailələri uşaqlarla
daha sıx ünsiyyət saxlamağa,
onların onlayn fəaliyyətini diqqətdə
saxlamağa, sosial mediada tanımadığı
şəxslərlə əlaqə
yaratmasının qarşısını
almağa çağırıb.
O qeyd edib ki, hər hansı
şübhəli davranış,
təhdid və ya istismar ehtimalı
müşahidə olunduqda
valideynlər, müəllimlər
və ictimaiyyət dərhal aidiyyəti qurumlara müraciət etməli, məsələyə
laqeyd yanaşmamalıdır:
“Uşaqların hüquqlarının
müdafiəsi yalnız
dövlət qurumlarının
işi deyil, cəmiyyətin bütün
təbəqələrinin birgə
məsuliyyətidir və
bu istiqamətdə davamlı maarifləndirmə
mühüm əhəmiyyət
kəsb edir”.
Şəymən
Bayramova
Şərq 2025.- 20 noyabr
(¹211).- S.6.