Azərbaycan nümunə, tolerantlıq adasıdır
Dini və milli
tolerantlıq, millətlərarası
münasibətlərin inkişaf
etdirilməsi;
Bizim ölkədə heç kim dininə görə təhdid yaşamır
Ötən bazar
günü həm dünyada, həm də Azərbaycanda Beynəlxalq Tolerantlıq günü qeyd olundu. Bu tarix
1995-ci ildən UNESCO səviyyəsində
dünyanın bir çox ölkələrində
Beynəlxalq Tolerantlıq
günü kimi qeyd olunur. Əsrlər
boyu Azərbaycanda müxtəlif xalqların
nümayəndələri sülh,
qarşılıqlı hörmət
və etimad şəraitində yaşayıblar.
Ölkəmiz müasir
dünyada nümunəvi
tolerantlıq məkanı
olub və multikulturalizm mərkəzlərindən
biri kimi şöhrət qazanıb.
Əsası Ümummilli
Lider Heydər Əliyev tərəfindən
qoyulan dövlət-din
siyasəti hazırda Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən
uğurla davam etdirilir. Bu gün
Azərbaycan dünyada
multikulturalizmin və tolerantlığın ən
mükəmməl modelini
yaradıb. Ölkəmiz
əsrlər boyu ərazisində mövcud olan bütün dinlərə, mədəniyyətlərə
hörmətlə yanaşıb.
Ölkəmizdə mövcud
olan yüksək multikultural dəyərlər,
tolerantlıq, bütün
dünyəvi dinlərin
sərbəst şəkildə
fəaliyyət göstərməsi
buna misaldır. Azərbaycanda dini və milli mənsubiyyətindən
asılı olmayaraq, hər bir vətəndaşımız
bərabərhüquqlu və
öz inancına görə azaddır. Tolerantlıq irqçiliyi,
dini dözümsüzlüyü,
terror və ekstremizmi birmənalı şəkildə qətiyyətlə
rədd edir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində
məqsədyönlü dövlət
siyasəti həyata keçirilir. Azərbaycanda
təkcə kilsələr
və sineqoqlar deyil, həm də çoxsaylı xristian və yəhudi ibadət evləri fəaliyyət göstərir. Azərbaycan
dünyanın azsaylı
ölkələrindəndir ki, ərazisində müxtəlif dinlərin nümayəndələri bir
ailə kimi yaşayır. Azərbaycan
torpaqlarında, Qarabağ
uğrunda gedən döyüşlərdə Azərbaycanın
müxtəlif bölgələrindən
olan azsaylı xalqların nümayəndələri
də Vətən qarşısında öz
borclarını yerinə
yetiriblər. Azərbaycanda
minlərlə ləzgi,
avar, talış, yəhudi, rus, saxur və digər
azsaylı xalqlar yaşayır. Onlar doğma torpaqlarımızın
qaytarılması uğrunda
gedən döyüşlərdə
rəşadətlə vuruşublar.
Digər millətləri
ölkəsindən didərgin
salan Ermənistandan fərqli olaraq, Azərbaycan öz ərazisində müxtəlif
xalqlar üçün
qardaşlıq məkanı
olub. Azərbaycanda yaşayan azsaylı xalqlar Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin Azərbaycan-Ermənistan
sərhədindəki nizamlama
mövqeyini qətiyyətlə
dəstəkləyirlər.
Məlumat üçün
onu da bildirək
ki, noyabrın 13-də
Qafqaz Müsəlmanları
İdarəsinin sədri
Şeyxülislam Allahşükür
Paşazadə mərkəzi
ofisi ABŞ-də yerləşən İsa Məsihin Sonuncu Gün Müqəddəsləri
Kilsəsinin nümayəndə
heyətini qəbul edib. "On İki Həvari Kvorumu"nun üzvü Deyvid Bednarı, Yetmişlər
Komitəsinin üzvü,
Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi
Cek Gerardı, "Sterling" Fondunun prezidenti və İdarə Heyətinin sədri Mayls Hanseni və Yetmişlər Komitəsinin
Mərkəzi Avropa, Asiya üzrə kvorumunun üzvü Pol Pikardı səmimi salamlayan Şeyxülislam qonaqları
Azərbaycanda görməkdən
məmnunluğunu ifadə
edib. İsa Məsihin Sonuncu Gün Müqəddəsləri
Kilsəsinin dəvəti
ilə ötən ay ABŞ-nin Yuta ştatına səfərini, orada keçirilən səmərəli
görüşləri xatırladan
QMİ sədri qarşılıqlı
əlaqələrin daha
da inkişafına maraqlı olduğunu bildirib: "Bu gün Bakıda İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin
ofisinin açılması
Azərbaycanda multikultural
mühitin, dinlərarası
harmoniyanın yüksək
səviyyədə olmasının
daha bir nümunəsidir". Şeyxülislam
Allahşükür Paşazadə
din-dövlət münasibətlərinin
inkişafı üçün
ölkəmizdə həyata
keçirilən işlər
barədə qonaqlara ətraflı məlumat verib. Bir neçə
gün öncə xalqımızın Zəfər
bayramını böyük
təntənə ilə
qeyd etdiyini xatırladan QMİ sədri
deyib ki, 5 ildir Azərbaycan öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünün və
suverenliyinin tam bərpasına nail olub: "Tarixi Zəfərin qazanılması
asan başa gəlməyib, xalqımız
bu yolda şəhidlər verib".
Ermənilərin işğal etdiyi ərazilərimizdə dini-mədəni
abidələrə qarşı
vandalizm aktları törətdiyini diqqətə
çatdıran Şeyxülislam
azad edilən rayonlarda təkcə məscidlərin deyil, digər dinlərə məxsus abidələrin də dövlətimiz tərəfindən bərpa
olunduğunu qeyd edib: "Bu, dövlətimizin və xalqımızın sülhsevərliyinin,
mənəvi dəyərlərə,
dinlərarası anlaşmaya
necə böyük hörmətlə yanaşdığını
göstərir. Təəssüf
ki, erməni kilsəsi öz xalqını barışa
yox, müharibəyə
səsləyir, revanşist
hisslərlə, qisasçılıqla
yaşayır". QMİ sədrinin
sözlərinə görə,
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev həzrətlərinin
müdrik siyasəti nəticəsində ölkəmizin
dünyada nüfuzu yüksəlir və dostlarının sayı artır: "Siz də bizim dostlarımızdansınız.
Hər zaman xalqımızın haqlı
mövqeyini müdafiə
etmisiniz".
Qonaqlar xoş
qarşılanmaya və
səmimi münasibətə
görə minnətdarlıqlarını
bildirib, ölkəmizdəki
dini tolerantlıq mühitini yüksək qiymətləndiriblər. Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən qəbul
olunmalarını nümayəndə
heyətinə göstərilən
diqqət kimi dəyərləndiriblər. Şeyxülislam
kilsə nümayəndələrinə
Zəfərimizin 5 illiyini
simvolizə edən hədiyyələr bağışlayıb.
Görüşdə Milli Məclisin deputatları Cavanşir Paşazadə, Səməd
Seyidov, Qüdrət Həsənquliyev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
icraçı direktoru
Rəvan Həsənov
iştirak edib.
Əlavə olaraq bildirək ki, dörd gün
öncə Avropa İttifaqının (Aİ) Azərbaycandakı
Nümayəndəliyinin rəhbəri,
səfir Mariyana Kuyundziç Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ilə görüşüb.
Dövlət Komitəsindən
bildirilib ki, səfiri ölkəmizdə
diplomatik fəaliyyətə
başlaması münasibətilə
təbrik edən R.Məmmədov ona Azərbaycan ilə Aİ arasında əməkdaşlığın
genişləndirilməsi istiqamətindəki
işlərində uğurlar
arzulayıb. Komitə
sədri Azərbaycanda
multikulturalizmə əsaslanan
dövlət siyasəti,
dini etiqad azadlığının yüksək
səviyyədə təmin
olunması, dini təhsilin inkişafı istiqamətində həyata
keçirilən layihələr
barədə səfirə
ətraflı məlumat
verib. Bildirib ki, Prezident İlham
Əliyevin rəhbərliyi
ilə dini sahədə görülən
işlər ölkəmizdə
bütün dinlərə
bərabərhüquqlu şəraitin
yaradıldığını, hökumətin bütün
xalqların, etnik azlıqların hüquqlarına
hörmətlə yanaşıldığını,
onların tarixi və mədəni irsinin qorunub saxlanılmasına xüsusi
önəm verildiyini göstərir. R.Məmmədov
bu baxımdan Azərbaycanın tolerantlıq
modelinin örnək olaraq bütün dünyada daha geniş təbliğ olunmasının zəruriliyini
vurğulayıb. Ölkəmiz
barədə xoş təəssüratlarını bölüşən səfir
Mariyana Kuyundziç qısa müddət ərzində Azərbaycanda
dinlərarası harmoniyanın
canlı şahidi olduğunu qeyd edib. O, həmçinin dünyada qlobal təhlükəsizlik probleminin
əsasını təşkil
edən dini zəmindəki münaqişələrin
dayandırılmasında bu
cür birgəyaşayış
modelinin təbliğinin
xüsusi önəm kəsb etdiyini deyib. Azərbaycanda dini icmalarla əməkdaşlıq və
qarşılıqlı dialoq
sahəsində birgə
təşəbbüslərin əhəmiyyətini qeyd edən səfir Aİ-Azərbaycan münasibətlərinin
inkişafına töhfə
verəcək layihələrə
dəstək göstərməyə
hazır olduqlarını
bildirib. Söhbət zamanı, eyni zamanda, dini sahədə
əməkdaşlıq imkanları
ilə bağlı fikir mübadiləsi aparılıb.
İlahiyyatçı-alim Hacı Atif İsmayılov Sherg.az-a açıqlamasında
deyib ki, Azərbaycanda dini-milli tolerantlıq ən yüksək səviyyədədir.
Ekspert vurğulayıb
ki, dini və irqi mənsubiyyətləri
fərqli olan millətlər əsrlər
boyu Azərbaycanda təhlükəsiz, rahat,
sərbəst həyat
sürüblər:
"Multikultural və eyni zamanda tolerant mühitimizlə dünyada
sayılıb-seçilmişik. Ölkəmiz dünyanın
bir çox dövləti üçün
real nümunə təşkil
edib. Tolerantlığı,
multikultural dəyərlərimizi
təkcə sözümüzlə
deyil, əməlimizlə
də mütəmadi təsdiq etmişik. Bunun bariz nümunəsi odur ki, Azərbaycanda fərqli dinlərin, ayrı-ayrı millətlərin
nümayəndələri uzun
illərdir təhlükəsiz,
heç nədən ehtiyat etmədən, narahatlıq duymadan ömür sürüblər.
Sivil şəkildə
öz həyatlarını
yaşayıblar, ibadətlərini
icra ediblər. Bəzi xarici güclər ölkəmizdəki
vəhdəti pozmağa
cəhd göstərsələr
də, istəklərinə
nail olmayıblar. Azərbaycanda
müxtəlif dinlərin,
hətta fərqli məzhəblərin təmsilçiləri
belə qarşıdurma
yaşamadan ibadətlərini,
ayinlərini icra edirlər. Bu da qardaşlıq
simvolunun bariz nümunəsidir".
İlahiyyatçı qeyd edib ki, dinimizin bizə tövsiyəsi odur ki, hər bir şəxs dininə, milli mənsubiyyətinə
görə deyil, ilk növbədə insanlığına,
bəşəri xüsusiyyətlərinə
görə dəyərləndirilsin:
"İslam
dini vəhdəti, həmrəyliyi, sülh və əmin-amanlığı
tövsiyə edir. Dünyanın bir çox ölkəsində
baş verən dini qarşıdurmalar, islamafobiyanın genişlənməsi,
radikalizmin və antisemitizmin artması fonunda Azərbaycanda müşahidə olunan
tolerant mühit çoxlarını
yaxşı mənada
heyrətləndirir. Ölkəmizdəki
multikulturalizm çoxsaylı
əcnəbi din xadimləri
tərəfindən dəfələrlə
dilə gətirilib, yüksək qiymətləndirilib".
H.A.İsmayılov bəyan
edib ki, Azərbaycan dövləti bütün
dövrlərdə dinindən,
irqindən asılı
olmayaraq öz inanclı vətəndaşlarının
ibadət etdikləri məbədlərin qorunmasına
xüsusi önəm verib, onlara can verib, ən gözəl şəkildə
təmir etdirib:
"Ölkəmizdə firavan həyat yaşayan xristianlıq dininə mənsub insanlarımız,
o cümlədən yəhudilər
özləri xüsusi
vurğulayırlar ki, Azərbaycan
dünyanın ən
tolerant ölkəsidir. Bu, bizim
kimliyimizdir, milli-mənəvi
dəyərlərə bağlılığımızın
göstəricisidir. Məhz
ermənilərə məxsus
kilsəyə toxunulmaması,
əksinə, bərpa
olunması da bunun bariz nümunəsidir. Hazırda Ermənistanla Azərbaycan arasında sülh danışıqları
gedir. Ancaq ermənilərlə müharibə
şəraitində olarkən,
torpaqlarımız işğal
altında ikən belə onlar kimi vandal hərəkətlərə
rəvac verməmişik.
Nadir ölkələrdə belə mənzərə ilə qarşılaşmaq
mümkündür. Azərbaycandakı
dini tolerantlığın
ən bariz nümunəsi işğaldan
azad edilmiş bölgələrimizdə islam
abidələri ilə
yanaşı, qeyri-islam
dini ibadət ocaqlarının da bərpa
və yenidənqurulmasıdır.
Ümumən ölkəmizin
hər bir bölgəsində belədir.
Azərbaycan demokratik ənənələrə sadiq,
dünyəvi dövlətdir,
amma eyni zamanda öz tarixi-mədəni və mənəvi irsinə dərin hörmətlə
yanaşan və bu ənənələrin
dövlət səviyyəsində
qorunduğu ölkədir.
Ölkəmizdə dini
və etnik mənsubiyyətindən asılı
olmayaraq bütün vətəndaşlar üçün
bərabər imkanlar,
əlverişli şərait
yaradılıb".
İsmayıl
Şərq 2025.- 22 noyabr (¹213).- S.6.