Birgə informasiya müdafiə mexanizmi qurulur
Fikir, söz və məlumat azadlığının,
plüralizmin inkişaf
etdirilməsi
Dezinformasiya qlobal təhlükədir,
D-8 media cəbhəsi buna vahid
strategiya ilə cavab verəcək
Bakıda
D-8 İqtisadi Əməkdaşlıq
Təşkilatına üzv
dövlətlərin media sahəsinə
məsul qurumlarının
və aparıcı
media subyektlərinin rəhbərlərinin,
digər yüksəkvəzifəli
nümayəndələrin və sahə üzrə tanınmış
ekspertlərin iştirakı
ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin
təşviq edilməsi”
mövzusunda D-8 Media Forumu
keçirilib.
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyev əvvəlcə Prezident
İlham Əliyevin forum iştirakçılarına
müraciətini səsləndirib.
Forumun əsas gündəmi
regional və beynəlxalq
informasiya mübadiləsinin
gücləndirilməsinə yönəlib. İştirakçılar
media sahəsində əməkdaşlığın
genişləndirilməsi və
daha sıx əlaqələrin qurulması
yollarını müzakirə
edib, həmçinin dezinformasiyaya qarşı effektiv mübarizə mexanizmlərinin yaradılmasını
prioritet məsələ
kimi qiymətləndiriblər.
Forum çərçivəsində rəqəmsal mediada birgə layihələrin təşviqi və həyata keçirilməsi
imkanları nəzərdən
keçiriləcək, həmçinin
media təcrübəsinin mübadiləsi
vasitəsilə üzv
ölkələr arasında
bilik və praktik biliklərin paylaşılması təmin
olunub.
Qeyd edək ki, 1997-ci ildə Türkiyədə yaradılan
D-8 təşkilatına qardaş
ölkə ilə yanaşı, İndoneziya,
Pakistan, Banqladeş, İran, Malayziya, Misir və Nigeriya da üzvdür. Azərbaycan
isə 2024-cü il dekabrın
19-da Misirin paytaxtı
Qahirə şəhərində
keçirilən XI Sammit
zamanı üzv seçilib. 2 milyarddan çox əhalisi, ümumi ÜDM-i 3.7 trilyon dollar olan D-8 həm də enerji resursları, istehsal infrastrukturu, geniş xammal bazası ilə də dünya arenasında önəmli yerə malikdir. Əhali sayı və iqtisadi potensialı baxımından
D-8 dünya üzrə
ən böyük ittifaqlardan biri də sayıla bilər.
Ötən il alyansa qoşulan
Azərbaycan artıq aktiv oyunçuya çevrilib və D-8 ölkələrinin media forumunun
Bakıda keçirilməsi
ölkəmizin çoxvektorlu
xarici siyasətinin məntiqi davamıdır.
Forumun Bakıda keçirilməsi təşkilatın
siyasi-iqtisadi inteqrasiyasında
rəsmi Bakının
rolunu gücləndirən
siyasi proses kimi də dəyərləndirilə
bilər.
Bu təşəbbüsə sadəcə
media əməkdaşlığı prizmasından yox, eyni zamanda, son illər ərzində rəsmi Bakının formalaşdırdığı yeni geosiyasi oyunçu imicinin özünü təsdiqləməsi kimi də yanaşmaq lazımdır. Azərbaycan
bu forum sayəsində
təşkilata üzv
ölkələrin informasiya
diplomatiyasının diqqətini
Bakıya yönləndirir,
çoxqütblü dünya
düzənində alternativ
informasiya platformalarının
yaradılmasına töhfə
verir, özünün
regional mərkəz statusunu
informasiya sahəsində
də möhkəmləndirir.
Forumun Bakıda keçirilməsi
göstərir ki, təşkilata
üzv ölkələri
sadəcə iqtisadi maraqlar yox, eyni
zamanda böyük
media bazarını təmsil
etmək, sürətlə
inkişaf edən rəqəmsal media məkanının
çağırışlarına uyğunlaşmaq kimi prioritetlər də birləşdirir. İki milyard əhalisi olan belə bir təşkilatın geniş televiziya auditoriyası və sosial şəbəkə
seqmentlərini də nəzərə alsaq, bu miqyasın media və informasiya sahəsində də əməkdaşlığın nə dərəcədə
vacib olduğunu anlayarıq. Qlobal informasiya axınında üstünlük qazanmaq üçün alternativ informasiya mərkəzlərinin
yaradılması və
media diplomatiyasının gücləndirilməsi
xüsusi əhəmiyyət
daşıyır.
Bu mənada, Azərbaycan Prezidentinin D-8 Media Mükəmməllik
Mərkəzinin Bakıda
yaradılması təşəbbüsü
həm ölkəmizin
media sahəsində artan
rolunu, həm də qlobal informasiya məkanına inteqrasiyasını gücləndirən
mühüm addımdır.
Bu təşəbbüs ölkənin
regional media mərkəzinə çevrilməsinə gedən
yoldur. Çünki nəticədə Orta Asiya, Yaxın Şərq, türkdilli ölkələr, Cənubi
Asiya və Afrika arasında informasiya körpüsü yaradılır.
Qeyd edək ki, Forum çərçivəsində
dezinformasiyaya qarşı
birgə mübarizə,
ortaq informasiya standartları və media təhlükəsizliyi üzrə
əməkdaşlıq kimi
məsələlərin müzakirə
edilməsi, yeni qərarların
qəbul edilməsi qlobal informasiya məkanında yeni qütbün
formalaşması deməkdir.
Onu da deyək ki, D-8 Media Forumunda
üzv dövlətlər
arasında media sahəsində
birgə inkişaf və əməkdaşlıq
ilə bağlı Bakı Bəyannaməsi imzalanıb. Bütün üzv dövlətlərin
fəal iştirakı
ilə təlim, tədqiqat, innovasiya, rəqəmsal bacarıqların
inkişafı və əlaqələndirilmiş kommunikasiya
təşəbbüsləri üçün Azərbaycan
tərəfindən təşkil
olunacaq D-8 Media Mükəmməlliyi
Mərkəzinin ən
tez zamanda fəaliyyətə başlamasına
çağırış edilib: “D-8 Media Mükəmməlliyi
Mərkəzinin Azərbaycandakı
rəhbərliyi ilə
sıx əməkdaşlıq
etməyə hazır
olduğumuzu bildirir və onun səmərəli
fəaliyyətini dəstəkləmək,
ortaq prioritetlərin həyata keçirilməsinə
dəstək vermək
və D-8-in bütün
üzv dövlətlərində
media sahəsində əməkdaşlığın
gücləndirilməsini inkişaf
etdirmək üçün
kollektiv öhdəliyimizi
bir daha vurğulayırıq. Biz inanırıq
ki, bu bəyannamənin
səmərəli şəkildə
həyata keçirilməsi
daha sıx qarşılıqlı əlaqəli,
məlumatlandırılmış və davamlı D-8 media məkanına töhfə
verəcək, bu da ölkələrimiz arasında
sülhü, inkişafı
və qarşılıqlı
anlaşmanı dəstəkləyəcək.
İlk dəfə təşkil
olunan D-8 Media Forumunun uğurla keçirilməsi
üçün yüksək
səviyyədə həyata
keçirilən tədbirlərə
görə Azərbaycan
Respublikasının Medianın
İnkişafı Agentliyinə
minnətdarlığımızı bildiririk.
Bəyannamə 2025-ci il noyabrın 21-də Azərbaycan Respublikasının
Bakı şəhərində
qəbul edilib”.
D-8 Media Forumunun əhəmiyyətini
müsbət dəyərləndirən
Mətbuat Şurası
İdarə Heyətinin
üzvü Yeganə Hacıyeva Sherg.az-a bildirib
ki, Bakı bu gün beynəlxalq müzakirə platforması
kimi regionlararası dialoqun, əməkdaşlığın
və qarşılıqlı
etimadın möhkəmləndirilməsində
mühüm rol oynayır:
“Azərbaycan müxtəlif
mədəniyyətləri və maraqları bir araya gətirərək
qlobal təşəbbüslərin
formalaşdığı, konstruktiv
fikir mübadiləsinin
aparıldığı nüfuzlu
mərkəzə çevrilib.
Burada keçirilən
beynəlxalq forumlar və konfranslar ölkəmizin sülhün,
tərəfdaşlığın və strateji həmrəyliyin təşviqi
üçün geniş
imkanları olan unikal dialoq platforması
olduğunu təsdiqləyir.
Bakı bu gün qlobal təşəbbüslərin formalaşdığı
və konstruktiv fikir mübadiləsinin aparıldığı nüfuzlu
mərkəz kimi həm regional, həm də beynəlxalq aktorlar üçün strateji əhəmiyyət
daşıyır. Bu mənada,
paytaxtımızda keçirilən
D-8 Media Forumu yalnız
informasiya mübadiləsi
platforması deyil, həm də üzv ölkələr arasında qarşılıqlı
anlayışı və
strateji həmrəyliyi
dərinləşdirən mühüm
körpüdür”.
Y.Hacıyevanın sözlərinə
görə, bu forum dialoqun gücünə söykənərək medianı
qlobal çağırışlara
birgə cavab verən, sülhü, sabitliyi və davamlı inkişafı dəstəkləyən mühüm
aktora çevirir:
“Media informasiya axınını
idarə etməklə
cəmiyyətlər arasında
doğru məlumatlandırma,
maarifləndirmə və
qarşılıqlı anlaşma
yaradır. Bu isə münaqişələrin azaldılmasına,
gərginliklərin yumşaldılmasına
və dialoqa əsaslanan yanaşmaların
güclənməsinə imkan
verir. Media, həmçinin
qlobal çağırışlar
– iqlim dəyişikliyi,
mühacirət, təhlükəsizlik,
iqtisadi qeyri-sabitlik kimi problemlər qarşısında dövlətləri
və ictimaiyyəti ortaq məsuliyyətə səsləyən unikal platforma rolunu oynayır. Bildirilib ki, müasir informasiya müharibələrinin, dezinformasiyanın
və regionlararası
gərginliklərin artdığı
bir dövrdə D-8 ölkələrinin medianı
vahid yanaşma ətrafında birləşdirməsi
xüsusi əhəmiyyət
daşıyır. Forumun
ortaq media standartlarının
formalaşdırılmasına, peşəkar əməkdaşlığın
genişləndirilməsinə və həqiqətə əsaslanan məlumat axınının təmin
edilməsinə töhfə
verməsi nəzərdə
tutulur. Bu əməkdaşlıq
yalnız xəbərlərin
paylaşılması deyil,
həm də mədəniyyətlərin qovuşması,
xalqlar arasında etimadın möhkəmlənməsi
və regional həmrəyliyin
institusional səviyyədə
güclənməsi deməkdir.
D-8 Media Forumu üzv ölkələrin jurnalistlərini,
ekspertlərini və
media qurumlarını bir
araya gətirərək
onları bilik, təcrübə və innovativ yanaşmalarla zənginləşdirir. Nəticədə
forumun fəaliyyəti
təkcə media sektoruna
deyil, ümumilikdə
D-8 regionunun siyasi, iqtisadi və sosial inteqrasiyasına güclü təkan verir. Bu Media Forumu çərçivəsində jurnalistika, media etikası,
rəqəmsal media, strateji
kommunikasiya və böhran idarəçiliyi
kimi mühüm mövzular müzakirə olunub. Forumda Azərbaycanın təşəbbüsü
ilə D-8 çərçivəsində
“Media Mastery Center”in yaradılması
və Bakıda yerləşdirilməsi təklif
edilib. Bu mərkəzin
D-8 ölkələri arasında
media sahəsində bilik
mübadiləsi, peşəkar
təlimlər və jurnalistlərin təcrübə
proqramları üçün
vahid platforma rolunu oynaması nəzərdə tutulur. Eyni zamanda, D-8 ölkələri üçün
“Yayımçılar Assosiasiyası”nın qurulması
ideyası irəli sürülüb. Belə
bir assosiasiya televiziya və radio kanallarını birləşdirərək
proqram mübadiləsi,
ortaq xəbərləşdirmə
və mədəni əməkdaşlıq imkanlarını
genişləndirəcək”.
Tədbirdə əsas müzakirə
mövzularından birinin
dezinformasiyaya və təhrif olunmuş informasiyaya qarşı mübarizənin olduğuna
diqqət çəkən
Y.Hacıyeva qeyd edib:
“D-8 ölkələri bu sahədə birgə mexanizmlərin qurulmasını
vacib hesab edir. Rəqəmsal media istiqamətində əməkdaşlıq,
strateji kommunikasiya kanallarının inkişafı
və texnoloji infrastrukturun gücləndirilməsi
müzakirələrin əsasını
təşkil edib. Xüsusilə süni intellekt əsasında çalışan media alətlərinin
yaratdığı risklər,
o cümlədən informasiya
manipulyasiyasının ictimai
sabitliyə təsiri barədə narahatlıqlar
vurğulanıb. Bundan
başqa, jurnalistlər
üçün təlim
proqramları, internatlar
və mübadilə imkanlarının genişləndirilməsi
də təklif edilib. İnformasiya mübadiləsi və xəbər agentliklərinin
əməkdaşlığının gücləndirilməsi D-8 çərçivəsində
çoxdilli media platformalarının
yaradılmasına və
təşkilatın beynəlxalq
nüfuzunun artırılmasına
xidmət edəcək”.
Yeganə
Hacıyeva forumda
D-8-in mövcud media məkanında
strateji kommunikasiya gücünün artırılmasının
vacib istiqamət kimi qeyd olunduğunu
da vurğulayıb.
Şəymən Bayramova
Şərq 2025.- 25 noyabr (¹214).-
S.6.