TDT artıq cəmiyyətlər koalisiyasına
keçir
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;
QHT-lər vahid institusional çətir altında birləşdi
Türk
Dövlətləri Təşkilatına
üzv ölkələrin
QHT-lərinin Həmrəylik
Forumu noyabrın 25-də
öz işini Naxçıvan şəhərində
davam edib. Salamlama nitqi ilə çıxış
edən Azərbaycan Respublikasının QHT-lərə
Dövlət Dəstəyi
Agentliyinin icraçı
direktoru Aygün Əliyeva bildirib ki, son illər türk dövlətləri ilə
birgə layihələr
silsilə xarakter almaqdadır: "Son 3 il ərzində
biz Özbəkistan, Türkiyə,
Şimali Kipr Türk Cümhuriyyəti və digər qardaş türk dövlətlərində fəaliyyət
göstərən QHT-lərlə
və tərəfdaş
qurumlarla bir sıra vacib layihələr həyata keçirmişik. Bunlara Azərbaycan-Türkiyə, Azərbaycan-Özbəkistan,
Özbəkistan-Azərbaycan formatlarında baş tutan QHT-lərin əməkdaşlıq forumlarını,
COP29 çərçivəsində Bakıda keçirilən
“Türk Dövlətlərinin
Vətəndaş Cəmiyyəti
forumu”nu misal gətirə bilərik. Dünən isə ilk dəfə “Azərbaycan-Qazaxıstan
QHT-lərinin I Əməkdaşlıq
Forumu” baş tutdu. Əminəm ki, bu formatda ikinci
forumu tezliklə Qazaxıstanda da reallaşdıra
biləcəyik". Naxçıvan
Muxtar Respublikasında
Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli
nümayəndəsi Ceyhun
Cəlilov bildirib ki,
2009-cu ildə “Naxçıvan
Sazişi”nin imzalandığı şəhərdə
Türk Dövlətləri
Təşkilatına üzv
ölkələrin QHT-lərinin
Həmrəylik Forumunun
keçirilməsi rəmzi
məna daşıyır:
“Naxçıvanın vətəndaş
cəmiyyəti təmsilçiləri
də türk dövlətləri ilə
əməkdaşlığın genişləndirilməsində xüsusilə maraqlıdır.
Muxtar respublikanın
QHT-ləri regional təşəbbüslərə
qoşulmağa, ortaq layihələrdə iştirak
etməyə və Türk dünyasının
birliyinə öz töhfələrini verməyə
böyük həvəs
göstərirlər”. Ceyhun
Cəlilov onu da vurğulayıb ki, Zəngəzur
dəhlizinin Naxçıvan
hissəsində avtomobil
yolu, dəmir yolu, enerji və
kommunikasiya xətlərinin
tikintisi üzrə hazırlıq işləri
sürətləndirilib və
artıq son mərhələyə
keçilib: “Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin
Naxçıvana göstərdiyi
ardıcıl diqqət
və qayğı bu qədim diyarın
inkişafını sürətləndirən
başlıca amildir. Məhz bu diqqətin
nəticəsi olaraq Naxçıvan bu gün təkcə region səviyyəsində deyil,
bütövlükdə Türk
coğrafiyasında yeni inkişaf
modelinin nümunəsinə
çevrilir”.
Prezident
Administrasiyasının QHT-lərlə
iş və kommunikasiya şöbəsinin
QHT-lərlə iş
sektorunun müdiri Tural Əliyev qeyd edib ki, bu
gün qədim Naxçıvan torpağında
Türk Dövlətləri
Təşkilatına üzv
ölkələrin QHT-ləri
ilk dəfə vahid platformaya çıxır:
“Bu, bütün Türk
dünyasının fərəhli,
tarixi günüdür,
böyük xoşbəxtlikdir!
Biz ümumi işimizlə
elə etməliyik ki,
qarşıdakı dövrdə
Azərbaycan, Türkiyə,
Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan,
Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti arasında tarix, mədəniyyət, ekologiya,
iqlim siyasəti və digər sahələrdə QHT-lər
üçün ikitərəfli,
həm də çoxtərəfli əsasda
qrant müsabiqələri
geniş vüsət alsın. Azərbaycan tərəfi olaraq, biz bu istiqamətdə həmkarlarımızla işçi
danışıqlara günü
bu gün başlamağa, qısa müddətdə müsabiqələri
təşkil etməyə,
təşəbbüsləri dəyərləndirməyə hazırıq”. T.Əliyev
Bakıda başlanan prosesin davamlı olacağına inandığını
bildirib: “İlk dəfə
baş tutan Türk Dövlətləri
Təşkilatına üzv
ölkələrin QHT-lərinin
Həmrəylik Forumunun
hər il təşkilata
sədrlik edən dövlətin təşkilatçılığı
ilə keçirilməsini,
davamlı olmasını
arzu edirik”. Daha sonra forum panel müzakirələrlə davam
edib. Forumu şərh edən ekspertlər vətəndaş
cəmiyyətləri arasında
əməkdaşlığın genişlənməsinin həm
ölkə, həm
region, həm də dünya üçün mühüm əhəmiyyət
daşıdığını bildiriblər. Onların sözlərinə görə,
qeyri-hökumət təşkilatlarının
əməkdaşlığı, qarşılıqlı dəstəyin
artırılması, ekoloji
problemlərə qarşı
birgə mübarizə,
təhlükəsizlik və
digər vacib sahələrdə fəaliyyət
yeni perspektivlər açır.
Vətəndaş cəmiyyətlərinin
əməkdaşlığı, inkişafı, gücləndirilməsi,
ekoloji problemlərə
qarşı birgə mübarizə, təhlükəsizlik
məsələləri ilə
bağlı olaraq bir-birimizə dəstəyin
verilməsi bütün
istiqamətlərdə yeni imkanlar yaradır. Bu həm ölkəmiz, həm region, həm də dünya üçün əhəmiyyətli
birgə layihələrin
həyata keçirilməsinə
yol açır.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Sherg.az-a deyib
ki, tədbirin açılışında Prezident
İlham Əliyevin forum iştirakçılarına
ünvanladığı müraciətin
səsləndirilməsi bu
təşəbbüsün rəsmi səviyyədə
nə qədər yüksək qiymətləndirildiyini
göstərdi. Onun sözlərinə görə,
Bakıdakı proqramda
Zəngəzur dəhlizi
ilə bağlı müzakirələr, Azərbaycan-Qazaxıstan
QHT-lərinin əməkdaşlıq
sessiyası diqqət mərkəzində oldu:
"Azərbaycan bu prosesin təşkilinə
rəhbərlik etməklə
bir daha sübut etdi ki, Türk dünyasında
həm siyasi, həm mədəni, həm də ictimai əməkdaşlığa
töhfə verməkdə
ardıcıl xətt
yürüdür. Prezident
müraciətində bildirdi
ki, ilk dəfə
məhz TDT adı altında QHT-lərin ayrıca birgə platformada toplaşması Türk dünyasında əlaqələrin dərinləşməsi
baxımından strateji
hadisədir. Prezident müasir dövrdə bu ölkələr arasında mədəni və intellektual əməkdaşlığın yeni vasitələrlə davam etdirilməsinin vacibliyini vurğuladı. Son illər ölkəmizin QHT sektorunda
həyata keçirdiyi
islahatlar, qlobal və regional əməkdaşlıq təşəbbüsləri
və vətəndaş
cəmiyyəti institutlarının
fəallaşması türk
dövlətləri ailəsi
üçün model
kimi qəbul olunur. Forumun keçirilməsi, xüsusilə
də yeni QHT Platformasının yaradılması
türk dövlətləri
arasında ictimai diplomatiyanın güclənməsinə,
müştərək dəyərlərin
daha səmərəli
şəkildə təbliğinə
və gələcək
birgə təşəbbüslərin
koordinasiyasına geniş
imkanlar açır. Gözlənti ondan ibarətdir ki, bu addım türk
xalqlarını daha sıx bağlayan humanitar, sosial və inteqrasiya layihələrinin artmasına
səbəb olacaq. Azərbaycanın təşəbbüsü
ilə start verilən bu proses həm regionun ictimai-siyasi gündəliyinə, həm
də Türk dünyasının uzunmüddətli
birliyinə mühüm
töhfədir. Bu,
QHT-lərin rolunu yüksəldən, onları
dövlətlərarası əməkdaşlığın fəal tərəfinə
çevirən yeni mərhələnin başlanğıcı
kimi dəyərləndirilir".
Konstitusiya Araşdırmaları
Fondunun rəhbəri Əliməmməd Nuriyev də deyib ki,
Türk Dövlətləri
Təşkilatına üzv
və müşahidəçi
ölkələrin qeyri-hökumət
təşkilatlarının nümayəndə heyətinin
Azərbaycana səfəri
Türk dünyasında
ictimai diplomatiyanın
yeni mərhələsinin
başlanğıcı kimi
dəyərləndirilir. Ekspert
vurğulayıb ki, bu səfər sadəcə rəsmi tədbir formatı deyil, türk məkanında QHT-lərarası
əməkdaşlığın institusional əsaslarının
formalaşdırılması baxımından strateji hadisədir:
"TDT-nin son
illər inkişaf trayektoriyası artıq göstərir ki, təşkilat təkcə
dövlətlərarası siyasi və iqtisadi platforma deyil, həm də cəmiyyətlər
arasında etimad, dialoq və ekspert mübadiləsini təmin edən yumşaq güc mexanizminə çevrilir.
Məhz bu səbəbdən QHT-lərin
Bakıya səfəri
türk inteqrasiyasının
siyasi blokundan sosial-humanitar blokuna keçidi simvolizə edir. Noyabrın 24-də Bakıda keçirilən
açılış mərasimi
və panel müzakirələri türk
coğrafiyasında həmrəylik
gündəminin çeviklik
və məzmun baxımından genişləndiyini
nümayiş etdirdi.
"Zəngəzur dəhlizi:
türk coğrafiyasını
birləşdirən körpü"
paneli xüsusi əhəmiyyət daşıyırdı,
çünki bu dəhliz artıq yalnız nəqliyyat layihəsi kimi deyil, Türk dünyasının mədəni,
humanitar və kommunikativ birliyinin strateji arteriyası kimi təqdim olunur. Azərbaycan-Qazaxıstan
QHT-lərinin I Əməkdaşlıq
Forumu isə Xəzər hövzəsində
sosial-dövlət və
cəmiyyət-cəmiyyət əlaqələrinin yeni institutlaşma mərhələsini
formalaşdırır. Bu
iki istiqamət birlikdə QHT sektorunun regional proseslərdə daha aktiv, analitik
və koordinasiyalı
rol alacağını
göstərir. Səfərin
ən mühüm mərhələsi 25 noyabrda
Naxçıvanda keçirilən
iki tədbirdir. Burada Türk Dövlətləri Təşkilatına
Üzv Dövlətlərin
QHT-lərinin Platformasının
təsis olunması Türk dünyasında ictimai diplomatiya tarixində yeni mərhələnin başlanğıcı
kimi dəyərləndirilir.
İlk dəfə olaraq QHT-lər vahid institusional çətir altında birləşir, qarşılıqlı
fəaliyyətin uzunmüddətli
planlaşdırılması, tematik işçi qruplarının yaradılması,
regional layihələrin
sinxronlaşdırılması və vahid mövqelərin
formalaşdırılması üçün mexanizm meydana çıxır".
Ə.Nuriyev bəyan
edib ki, bu səfər Azərbaycan üçün
də çoxplanlı
nəticələr yaradır:
"İlk növbədə,
ölkəmiz TDT-nin ictimai mərkəzinə çevrilir. Qarabağdan sonra Azərbaycanın regional liderlik modeli təkcə siyasi və təhlükəsizlik sahəsində
deyil, ictimai diplomatiya və QHT platformalarında da güclənir. Zəngəzur
dəhlizinin humanitar ölçüsünün məhz
Bakıda müzakirə
edilməsi Azərbaycanın
Türk dünyasının
birləşdirici ideya
mərkəzi kimi mövqeyini möhkəmləndirir.
Azərbaycan-Qazaxıstan əməkdaşlıq
formatı, Naxçıvanda
təsis konfransı,
QHT diplomatiyasının yeni
institusional xəritəsi
ölkəmizi türk
regionunun sosial strateji xəritəsinin qurulmasında əsas aktora çevirir. Türk QHT Platformasının
yaranması gələcək
onillik üçün
geniş imkanlar açır. Regional analitik
bazanın formalaşması,
böhran situasiyalarında
humanitar koordinasiya, gənclər, media, sosial siyasət və ailə institutu sahələrində
vahid şəbəkələrin
qurulması, QHT sektorunun
Avropa platformalarında
daha güclü təmsil olunması və rəqəmsal QHT ekosisteminin inkişafı bu imkanların önündə dayanır.
Bu həm də Azərbaycan QHT-ləri üçün yeni məsuliyyət yaradır. İnstitusional dayanıqlığın möhkəmləndirilməsi,
şəffaflıq və
hesabatlılığın artırılması, layihə
menecmenti və monitorinq bacarıqlarının
regional standartlara uyğunlaşdırılması zərurəti meydana çıxır. Azərbaycan
bu prosesdə mərkəzləşdirici rol
oynayır, TDT isə dövlətlər koalisiyasından
cəmiyyətlər koalisiyasına
doğru inkişaf edir. Türk QHT Platformasının Naxçıvanda
təsis edilməsi Türk dünyasının
ictimai diplomatiya tarixində yeni mərhələnin əsasını
qoyur və türk coğrafiyasının
gələcək onillik
üçün sosial
inteqrasiya xəritəsini
müəyyənləşdirir".
İsmayıl Qocayev
Şərq .- 2025.- 27 noyabr (¹216).- S.6.