Hüquq sahəsində mühüm
qərarlar gözlənilir
Bakıda
aparılan müzakirələr
məhkəmə sisteminə
müsbət təsir
göstərəcək
İnsan hüquq
və azadlıqlarının
müdafiəsi, vətəndaşların
hüquqi, siyasi mədəniyyət səviyyəsinin
yüksəldilməsi, sosial
və siyasi fəallığının artırılması;
Oktyabrın 12-də Bakı Konqres Mərkəzində Beynəlxalq
Hakimlər Assosiasiyasının
(IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası öz işinə başlayıb.
Assambleyanın açılış
mərasimində dünyanın
71 ölkəsindən 300-ə yaxın nümayəndə
- hakimlər, vəkillər,
hökumət rəsmiləri
və beynəlxalq təşkilatların təmsilçiləri,
eləcə də tanınmış hüquqşünas-ekspertlər
iştirak edirlər. Oktyabrın 17-dək davam edəcək Baş Assambleya çərçivəsində
qurumun idarəetmə
orqanlarına seçkilər
keçiriləcək, müxtəlif
dövlətlərin məhkəmə-hüquq
sistemindəki vəziyyət,
mövcud problemlər
və müsbət təcrübələr müzakirə
olunacaq. Həmçinin
ev sahibi kimi Azərbaycanın məhkəmə-hüquq sistemi
ilə tanışlıq
da nəzərdə tutulur.
Oktyabrın 14-də “Məhkəmə hakimiyyəti
və digər hakimiyyət qolları arasındakı münasibətlər”
mövzusunda beynəlxalq
konfrans keçiriləcək.
Konfransda qanunun aliliyinin təmin olunmasında məhkəmələrin
rolu geniş şəkildə təhlil
ediləcək. Assambleya
çərçivəsində, həmçinin Beynəlxalq
Hakimlər Assosiasiyasının
prezidenti vəzifəsinə
seçkilərin keçirilməsi
planlaşdırılır. Bununla yanaşı, oktyabrın 17-dək “Ədalət
mühakiməsi rəmzləri”
adlı sərgi təşkil olunacaq. Sərgidə dünyanın
80 ölkəsindən gətirilmiş
150-yə yaxın hakim,
vəkil və dövlət ittihamçısına
məxsus cübbələr,
ordenlər, döş
nişanları, markalar
və pul əsginasları nümayiş
etdiriləcək. Xatırladaq
ki, 1953-cü ildə təsis olunmuş Beynəlxalq Hakimlər Assosiasiyasının əsas
məqsədi dünyada
məhkəmə hakimiyyətlərinin
müstəqilliyinin qorunmasıdır.
Hazırda təşkilat
öz sıralarında
93 ölkənin hakimlər
birliklərini birləşdirir
və illik toplantılarını yalnız
qanunun aliliyinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin
təmin olunduğu ölkələrdə keçirir.
Baş Assambleyanın
2025-ci ildə Bakıda
keçirilməsi barədə
qərar ötən il Cənubi Afrika Respublikasının Keyptaun şəhərində
təşkilat üzvlərinin
gizli səsverməsi yolu ilə qəbul
edilib.
Tədbirin açılış
mərasimində Azərbaycan
Hakimlər İttifaqının
sədri Ramiz Rzayev Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş
Assambleyasının iştirakçılarına
müraciətini oxuyub.
Müraciətdə vurğulanıb
ki, özündə
100-ə yaxın ölkənin
milli hakimlər assosiasiyalarını birləşdirən
Beynəlxalq Hakimlər
Assosiasiyası yarandığı
gündən bəri hakimlərin müstəqilliyinin
müdafiəsi, qanunun
aliliyinin möhkəmləndirilməsi,
ədalət mühakiməsinin
keyfiyyət və səmərəliliyinin artırılması
istiqamətində mühüm
təşəbbüslərə imza atmış vacib təsisata çevrilib. Dövlət
başçısı qeyd
edib ki, bu gün Beynəlxalq
Hakimlər Assosiasiyası
eyni zamanda hüquqi dövlət quruculuğunun əsas dayaqlarından biri olan məhkəmə sisteminin təkmilləşdirilməsi
üçün beynəlxalq
dialoq və əməkdaşlıq məkanı
rolunu oynayır: "Azərbaycanın Beynəlxalq
Hakimlər Assosiasiyasının
67-ci illik iclasına ev sahibliyi etmək
hüququnu qazanması
ölkəmizin qlobal nüfuzunun göstəricisi,
beynəlxalq hüquq ictimaiyyəti tərəfindən
onun məhkəmə-hüquq
sisteminə olan inam və etimadının
əyani təzahürüdür.
Bu mötəbər tədbirin məhz bu il Azərbaycanda
keçirilməsi ölkəmiz
və bütün hüquq ictimaiyyətimiz üçün xüsusi
rəmzi məna daşıyır. 2025-ci il
Azərbaycanda “Konstitusiya
və Suverenlik İli” elan olunmuşdur. 30 il əvvəl – 1995-ci ildə
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış
Konstitusiyada təsbit olunmuş prinsiplər əsasında ölkəmizdə
müstəqil, üçpilləli
məhkəmə sistemi
formalaşmış, hakimiyyət
bölgüsü, insan
hüquqlarının qorunması
və qanunun aliliyi dövlət idarəçiliyinin əsas
dayaqlarından birinə
çevrilmişdir. Azərbaycan
işğal altında
olan torpaqlarını
azad edərək Əsas Qanunda ali niyyət olaraq bəyan edilmiş ərazi bütövlüyünü və
suverenliyini təmin etməyə nail oldu. Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu dövlət siyasətimizin
strateji prioritetlərindən
biridir. İnsan hüquqlarının müdafiəsinin
əsas təminatçısı
kimi ədalət mühakiməsinin rolunun daha da möhkəmləndirilməsi
istiqamətində Azərbaycanda
genişmiqyaslı tədbirlər
görülür. Ölkəmizdə
həyata keçirilən
ardıcıl islahatlar
nəticəsində məhkəmə
fəaliyyətinin səmərəliliyi
artırılmış, vətəndaşların
ədalət mühakiməsinə
müraciət imkanları
genişləndirilmiş, hakimlərin
müstəqilliyi möhkəmləndirilmişdir.
Eyni zamanda, informasiya texnologiyalarının
və rəqəmsal həllərin tətbiqi ilə məhkəmə idarəçiliyində şəffaflıq
və çeviklik təmin olunmuş, vətəndaşların məhkəmələrə
əlçatanlığının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır.
Bütün bunlar cəmiyyətdə ədalət
mühakiməsinə inamın
güclənməsinə, məhkəmələrin
hüquqi dövlətin
əsas sütunlarından
biri kimi mövqeyinin möhkəmlənməsinə
xidmət etmişdir".
Ölkə rəhbəri
bəyan edib ki, müasir dövrün çağırışları,
qlobal miqyasda baş verən sosial-iqtisadi transformasiya, sürətlə inkişaf
edən rəqəmsallaşma,
yeni texnologiyaların,
xüsusilə də süni intellektin tətbiqi məhkəmə
sistemlərindən daim
adaptasiya olunmağı,
yeni yanaşmaları tətbiq etməyi tələb edir: "Bu baxımdan, Beynəlxalq Hakimlər Assosiasiyasının illik iclasları müasir reallıqlar fonunda məhkəmə-hüquq sistemlərinin
gələcək inkişaf
istiqamətlərinin müəyyən
edilməsi, onların
qarşısında duran
çağırışlara cavab verilməsi üçün faydalı
təcrübə mübadiləsi
və səmərəli
dialoq platformasıdır.
Əminəm ki, Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik
iclasında aparılacaq
fikir mübadiləsi,
qəbul ediləcək
tövsiyələr və
nəticələr hakimlərin
müstəqilliyinin möhkəmlənməsinə,
ədalət mühakiməsinin
keyfiyyətinin artırılmasına,
qanunun aliliyinin və insan hüquqlarının
müdafiəsinin daha
etibarlı təmin olunmasına, eləcə də beynəlxalq həmrəyliyin inkişafına
mühüm töhfələr
verəcəkdir".
Ali Məhkəmə
və Məhkəmə-Hüquq
Şurasının sədri
İnam Kərimov deyib ki, müstəqilliyimiz
bərpa olunandan sonra Azərbaycan öz məhkəmə sistemini demokratiya, qanunçuluq və ədalət prinsipləri
əsasında qurmağa
başlayıb. O vurğulayıb
ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi
ilə Konstitusiya hazırlandı, daha sonra qəbul olundu və orada hakimiyyət bölgüsü, qanunun aliliyi, insan ləyaqətinin təmin edilməsi və məhkəmə hakimiyyətinin
müstəqilliyi ifadə
edildi: "Bu təməl Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən davamlı
islahatlarla daha da möhkəmləndirildi.
Onun qətiyyətli səyləri nəticəsində
ədalətin təşkili
dövlətin ən dinamik dayaqlarından birinə çevrildi".
İ.Kərimov bildirib
ki, toplantının bu il ölkəmizdə
keçirilməsi Azərbaycan
üçün çox
önəmlidir: "Çünki
bu il biz
Konstitusiyamızın 30 illiyini
və ərazi bütövlüyümüzün bərpa olunmasının
5 illiyini qeyd edirik. Bu, bir
daha bizə xatırladır ki, ədalət yalnız qanunun tələbi deyil, bu, müstəqilliyin,
bizim millət olaraq birliyimizin əsasıdır. Bu gün bütün dünyada ədalət mühakiməsi əvvəllər
olmadığı qədər
bizdən əməkdaşlığı
tələb edir. Yalnız biz səylərimizi birləşdirərək,
bütün limitləri
aşaraq bu amallara töhfə verə bilərik. Buna görə də əməkdaşlıq
qlobal məhkəmə
sisteminin əsasını
təşkil etməlidir.
Yarım əsrdən
artıq olan müddət ərzində
Beynəlxalq Hakimlər
Assosiasiyası öz toplantılarını keçirir
və ədalət mühakiməsinin bütün
dünyada daha da təkmilləşdirilməsinə
xidmət edir. Bu, o cümlədən hakimlər arasındakı
dialoqu daha da genişləndirməyi,
məhkəmə hakimiyyətinin
müstəqilliyini daha
da təmin etməyi və ədalətin, qanunun aliliyinin ən ümdə bir prinsip kimi hər
zaman vacib saxlamağı qeyd edir. Bu gün
dünya bir tarixi yolayrıcında dayanır. Burada bir tərəfdən yeni, lakin eyni
zamanda mürəkkəb
çağırışlar dayanır. Biz mövcud reallığa uyğunlaşmalıyıq".
Beynəlxalq Hakimlər Assosiasiyasının
prezidenti Duro Sessa isə düzgün ədalət
mühakiməsinin heç
zaman diqqətdən kənarda qalmamalı olduğunu bildirib. Onun sözlərinə görə, məhkəmə
hakimiyyətinin səsinin
hər tərəfdə
eşidilməsi üçün
anlaşma və etimadın qurulmasında məhz konstitusion strukturların fəaliyyətinin
tarazlı şəkildə
həyata keçirilməsi
önəmlidir: “Bütün
bu dəyərlər çox vacibdir ki, məhkəmə hakimiyyəti müstəqilliyini
qoruyub saxlaya bilsin. Bu gün
bəzi hallarda siyasətçilər bizə
müəyyən mesajlar
verirlər. Lakin bu mesajlar birmənalı
şəkildə qəbul
edilməli deyil. Onlar heç bir şəkildə hər hansı bir siyasi maraqlara
qurban verilməli deyil. Nizamnaməmizə gəldikdə, təcrübəmiz
göstərir ki, biz daimi şəkildə
azad fəaliyyət aparmalıyıq. Həmkarlarımız
adından deyil, cəmiyyətimiz adından
çıxış etməliyik.
Bəzi hallarda onlar bizim mövqeyimizi
və mübarizəmizi
anlamırlar. Biz heç zaman imkan verməli deyilik ki, qanunlar
silaha çevrilsin. Onlar daha çox
sipər rolunu oynamalıdır”.
Hüquq müdafiəçisi
Xəzər Teyyublu
"Şərq"ə açıqlamasında
deyib ki, dünya siyasi düzənində, regionun
ictimai-siyasi həyatında,
daxili dövlət quruculuğu çərçivəsində
Beynəlxalq Hakimlər
Assosiyasısının 67-ci Baş Assambleyasının
Bakıda keçirilməsi
Azərbaycan hüquq sisteminə, reytinqinə müsbət təsir edəcək ciddi təşəbbüsdür. Ekspert
vurğulayıb ki, bu tədbir Azərbaycanın hüquqi
dövlət olaraq inkişaf prosesində mühüm mərhələnin
tərkib hissəsidir:
"Ötən dövr ərzində həm ədliyyə, həm məhkəmə-hüquq
sahəsində bir sıra addımlar atılıb. Təbii ki, müəyyən nöqsanlar, çatışmazlıqlar
da var. Amma
kifayət qədər
əhəmiyyətli nailiyyətlər
də əldə olunub. Mərhələli şəkildə atılan
addımlar, aparılan
islahatlar Azərbaycan ədliyyə və hüquq sistemində inkişafa yol açıb. Bu baxımdan Azərbaycanda ali səviyyədə tədbirin keçirilməsi
də mühüm hadisədir. Şübhə
etmirəm ki, Bakıda ədliyyə və hüquq sahəsində aparılan
müzakirələr, böyük
personalın, hakim komandasının, hüquqşünasların
orada iştirakı Azərbaycanın ədliyyə
və hüquq sisteminə müsbət təsirini mütləq göstərəcək. Tədbirdə
mühüm qərarların
alınacağı, deklorasiyaların
qəbul ediləcəyi
gözlənilir ki, bu da hüquq
sistemində irəliləyişlərə
səbəb olacaq. Hakimlik və məhkəmə sistemi ictimai xarakterli, əhalinin daha çox müraciət etdiyi orqanlardır. Ona görə də bu sahədə
aparılan islahatlar, görülən işlər
olduqca mühümdür.
Hüquqi dövlətin
əsasını məhz
məhkəmə sistemi,
ədliyyə təşkil
edir".
İsmayıl
Şərq 2025.- 14 oktyabr (№187).- S.6.