Vətəndaş diplomatiyası yeni mərhələdə
əsas şərtdir
Azərbaycan və Ermənistan xalqları bir-biri ilə danışmasa, sülh qısaömürlü
olacaq
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
Cənubi Qafqazda
sülh və etimad quruculuğu istiqamətində diplomatik
danışıqlarla paralel
olaraq, vətəndaş
cəmiyyətləri səviyyəsində
də yeni proses başlayıb. Ermənistanın paytaxtında
baş tutan “Sülh gündəliyi” adlı dəyirmi masa görüşü iki ölkənin ictimai xadimləri, QHT rəhbərləri və
ekspertlərinin iştirakı
ilə keçirilib.
İlk dəfə
olaraq hər iki ölkənin vətəndaş cəmiyyəti
nümayəndələrinin iştirakı ilə keçirilən bu görüş təkcə
diplomatik masada deyil, həm də ictimai səviyyədə sülhə
dəstəyin formalaşması
baxımından mühüm
əhəmiyyət daşıyır.
İki ölkə arasında etimadın möhkəmləndirilməsi prosesinin
artıq siyasi dairələrlə məhdudlaşmaması,
cəmiyyətlərin birbaşa
ünsiyyət qurmağa
başlaması yeni mərhələnin başlanğıcını
göstərir.
Bakı ilə
İrəvan arasında
ilk çarter reysinin həyata keçirilməsi bu prosesi rəmzi mənada tamamlayır. İllərlə davam edən düşmənçilik
atmosferindən sonra bu cür addımlar
xalqlar arasında real ünsiyyətin və qarşılıqlı
inamın bərpasına
yönəlib. Ən önəmlisi isə budur ki, bu
təşəbbüslər Qərbin vasitəçiliyi
və ya diktəsi olmadan baş verir. Uzun illər ərzində Qərb institutları bölgədə
“sülh təşəbbüskarları”
rolunda çıxış
edərək prosesə
öz maraqlarını
daşıyırdı. İndi
isə Azərbaycan və Ermənistan öz iradələri ilə, heç bir kənar müdaxilə olmadan etimad quruculuğu istiqamətində real addımlar atırlar. Müzakirələrin əsas
mövzusu Vaşinqtonda
8 avqust 2025-ci ildə keçirilən üçtərəfli
görüşün nəticələrinə
əsaslanan sülh və əməkdaşlıq
gündəliyi olub. Bu, regionda yeni
münasibətlər mərhələsinə
keçidin və iki xalq arasında
etimadın bərpasına
yönəlmiş ictimai
platformaların formalaşmasının
başlanğıcı kimi
dəyərləndirilir.
Uzun illər
Qərb institutları
Azərbaycan və Ermənistan arasında “etimad quruculuğu” prosesini öz nəzarətində saxlamağa
çalışırdı. Bu görüş isə fərqli xarakter daşıyır: ilk dəfə iki ölkənin vətəndaş cəmiyyəti
nümayəndələri heç
bir xarici vasitəçi olmadan, birbaşa ünsiyyət formatında bir araya gəliblər. Bu, həm də
regionda qərarların
daxildən – yəni Bakının və İrəvanın öz siyasi və ictimai iradəsindən doğduğu yeni reallığın göstəricisidir.
Bu formatda dialoqun başlanması Azərbaycan diplomatiyasının
ardıcıl və prinsipial xəttinin nəticəsidir. Bakı artıq diktə olunan deyil, diktə
edən tərəfdir
– və bu, müharibədən sonrakı
mərhələdə regional
statusun dəyişdiyini
göstərir.
Siyasi ekspertlərin
fikrincə, vətəndaş
cəmiyyəti nümayəndələrinin
iştirakı ilə
keçirilən bu görüş bir başlanğıcdır. Qarşıda
isə uzun və çətin bir proses dayanır.
Azərbaycan və Ermənistan cəmiyyətlərinin
sülh şəraitində
birgəyaşayış modelinə
uyğunlaşması, illərlə
formalaşmış düşmən
obrazının dəyişməsi
asan olmayacaq. Amma bu cür
görüşlər cəmiyyətlərin
bir-birini tanıması
və qarşılıqlı
ünsiyyətin bərqərar
olması üçün
mühüm baza yaradır.
İrəvanda olmuş Azərbaycan vətəndaş cəmiyyəti
nümayəndə heyətinin
5 üzvündən biri,
Topçubaşov adına
Bakı Analitik Mərkəzinin direktoru və həmtəsisçisi
Rusif Hüseynovun fikrincə, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti
nümayəndələrinin görüşünün baş
tutması həqiqətən
də tarixi bir mərhələnin başlanğıcı sayıla
bilər: “İndiyədək
hər iki ölkədən müxtəlif
ictimai-siyasi xadimlərin,
jurnalistlərin, idmançıların,
bəzi hallarda deputatların çeşidli
formatlı tədbirlər
çərçivəsində Azərbaycana və Ermənistana səfərləri
baş tutmuşdu. Amma budəfəki səfər sırf ikitərəfli təşəbbüsün
nəticəsi kimi bu formatda həyata
keçirildi. Məhz
bu baxımdan biz bu səfəri
çox yüksək
qiymətləndiririk. Səfərimizin
məqsədi bu il avqustun 8-də Vaşinqtonda keçirilən
tarixi görüşün
və orada imzalanmış Birgə Bəyannamənin ruhuna uyğun olaraq, sülh prosesinə vətəndaş cəmiyyətlərinin
verə biləcəyi
töhfəni müəyyənləşdirmək
və hər iki xalq üçün
bu taleyüklü prosesdə yer almaqdır. Beləliklə,
Vaşinqton Bəyannaməsinin
ruhuna tam uyğun olaraq, Azərbaycan və Ermənistan arasında danışıqların təkcə
siyasi müstəvidə
deyil, həm də ictimai səviyyədə, etimad quruculuğu tədbirləri
çərçivəsində dəstəklənməsi zərurətinin
dərk edilməsi kontekstində bu görüşün böyük
əhəmiyyəti var
idi. Bir daha vurğulamaq istərdim ki, azərbaycanlı vətəndaş
cəmiyyəti təmsilçilərinin
birbaşa Ermənistana
səfəri və orada erməni həmkarları ilə fikir mübadiləsi aparmaları yeni mərhələnin başlanğıcından
xəbər verir”.
R.Hüseynov həmçinin qeyd edib ki, İrəvan
görüşü iki
ölkənin hökumətləri
və xalqları arasında sülhə nail olmaq üçün
ümumi baxışın
və vahid yanaşmanın formalaşması
üçün açar
rolunu oynayan tədbirlərdən biri kimi dəyərləndirilməlidir:
“Ermənistan və Azərbaycanın vətəndaş
cəmiyyəti təmsilçilərinin
İrəvan görüşünə
hər iki tərəfin hakimiyyət
qurumlarının hərtərəfli
dəstək vermələri
isə xüsusi qeyd olunmalıdır. Ən müxtəlif formatlarda ikitərəfli təmaslar, birgə tədbirlər və Ermənistan hökumətinin
bununla paralel olaraq revanşist-millətçi
ideyalarla mübarizə
səyləri hay cəmiyyətinə yeni reallığı daha yaxşı anlamasına və qəbul etməsinə imkan verəcək. Eyni zamanda, bütün sahələrdə əməkdaşlıq
bir faktı da istisna etmir
ki, Azərbaycan daim milli və
dövlət maraqlarının
keşiyində dayanmalıdır.
Sonda Ermənistan ictimaiyyəti mütləq
bu qənaətə gələcək ki, qonşu azərbaycanlılarla
müharibə aparmaqdansa,
onlarla sülh şəraitində yaşamaq,
əməkdaşlıq etmək
onların özləri
üçün faydalıdır”.
Siyasi şərhçi
Azər Həsrət isə “Şərq”ə
açıqlamasında deyib
ki, Azərbaycanla Ermənistan arasında aparılan sülh prosesinin yeni mərhələyə keçməsi
fonunda vətəndaş
cəmiyyətinin rolu
xüsusi əhəmiyyət
kəsb edir. Onun sözlərinə görə, dövlət başçılarının qarşılıqlı
təmasları, diplomatik
kanallar vasitəsilə
aparılan danışıqlar
nə qədər vacib olsa da,
uzunmüddətli və
davamlı sülhün
təmin olunması üçün bu prosesə cəmiyyətlərin
də qoşulması
mühüm şərtdir:
“Azərbaycanla
Ermənistan arasındakı
sülh prosesində çox vacib addımlar atılır. Azərbaycan Ermənistanla münasibətlərin
tez bir zamanda
normallaşmasında maraqlıdır.
Bu mənada hər iki tərəfin
vətəndaş cəmiyyəti
təmsilçiləri intensiv
münasibətlər mərhələsinə
keçməlidirlər. Artıq
dövlətlərarası münasibətlər normallaşır.
Dövlət rəhbərləri
bir-biri ilə təmasdadırlar. Əlbəttə
ki, belə bir şəraitdə vətəndaş cəmiyyətləri
də bu məsələnin intensivləşməsinə
töhfə verməlidir.
Ona görə də əgər Azərbaycan vətəndaş
cəmiyyəti təmsilçiləri
Ermənistana gedir, Ermənistan cəmiyyəti
təmsilçiləri Azərbaycana
gəlirsə, deməli,
gözlənilən vaxt
çatıb.
Xatırladım ki, torpaqlarımız işğaldan azad edilmədiyi vaxtlarda da ermənilərlə təmaslarımız olub. Mən özüm də 2021-ci ildə Ermənistanda olmuşam. Biz o təmasları qurmuşduq
və çalışırdıq
ki, xalq diplomatiyası vasitəsilə
münaqişəni həll
etməyə yardımçı
olaq. Bütün bu cəhdlərimiz nəticə vermədiyinə
görə, Azərbaycan
məsələni güc
vasitəsilə həll
etməli oldu. Amma indi yeni
mərhələdəyik və
xalqların bir-biri ilə ünsiyyət qurması, etimad mühitinin yaradılması
vacibdir".
Ermənistanla təmaslarımızın intensivləşməsinin
tərəfdarı olduğunu
vurğulayan A.Həsrət
bildirib ki, bu baş verərsə,
üçüncü tərəflər
araya girməz:
“Çünki Rusiya daim pusqudadır.
Hər an bizi qarşı-qarşıya
gətirmək üçün
fürsət axtarır.
O fürsəti Rusiyaya
və ona bənzər üçüncü
tərəflərə verməmək
üçün xalqlar
arasında etimad mühiti yaradılmalıdır.
Bu prosesdə vətəndaş cəmiyyətlərinin
rolu əvəzsizdir. Hətta hər iki tərəfin media qurumlarının da intensiv təmaslarının
vaxtı çatıb. Azərbaycanın
televiziya kanalları, media qurumları efir və səhifələrində
ayrı-ayrı erməni
ekspertlərinə yer
verməlidirlər. Eyni imkanlar Ermənistan
media orqanlarında da yaradılmalıdır.
İndiki mərhələdə
isə vətəndaş
cəmiyyətinin sülh
prosesində iştirakı
dövlətlərarası münasibətlərin sabit
və dayanıqlı
xarakter alması üçün siyasi, sosial və mənəvi zərurətdir.
Dövlətlər razılığa
gələ bilər, lakin xalqlar arasında
etimad yaranmadıqca sülh həssas və müvəqqəti olacaq. Məhz buna görə, bu gün Azərbaycan
və Ermənistan cəmiyyətləri arasında
qarşılıqlı təmasların,
birgə layihələrin
və ictimai dialoqun inkişafı sülhün ən mühüm təminatçısı
kimi çıxış
edir”.
Şəymən Bayramova
Şərq 2025.- 28
oktyabr (¹196).- S.6.