"Xanımıma heç bir hədiyyə almamışam"

 

Aqil Abbas: Mən ona özümü, həyatımı vermişəm"

 

"Yaxşı kitab, saat və ov tüfəngi. Dostlarımın ad günündə bu hədiyyələrin birini bağışlayıram"

 

 "56 yaş iki igidin ömrüdür. Dostoyevskinin "İdiot" əsərində bir yer var, deyir, general Yermanov özünü çox gümrah hiss edirdi, ömrünün ən gözəl çağları idi, əsl evlənmək vaxtı idi, 55 yaşı təzəcə tamam olmuşdu. Dostoyevskinin fikrincə, əsl evlənmək yaşımdı..." Yazıçı-publisist, millət vəkili Aqil Abbası ad günü münasibəti ilə təbrik edənlərin ilk sözləri bunlar oldu. Aqil Abbası tanıyanlar bilir ki, dəli-dolu adamdı. Dostoyevskinin əsərindən misal gətirməyi də bunu bir daha göstərdi. Bu ifadələr Aqil Abbasın xarakteri ilə üst-üstə düşür. O, yaşının bu çağında da özünü cavan oğlan kimi hiss edir:

- Mən həyat eşqi olan adamam. Bəlkə də heç 80 yaşım olanda, qəfil öləndə də bilməyəcəm, elə biləcəm ki, belə olmalıdır. Əgər 80 yaşı yaşaya bilsəm. Bu yaşı yaşayan adama Milli Qəhrəman adı düşür. Həyat, yaşamaq eşqi olan, çalışan, bir yerdə dayana bilməyən adamam. Adətən bir yerdə dayanan adamlar tez qocalır. Görürsən, kənddə yaşayan bir kolxozçu 80 il yaşayır, özünü də gözəl hiss edir. Niyə? Çünki bütün ömrünü çalışır, qaçır, kotan burdan getdi, traktor ordan gəldi, at getdi, qoyun qayıtdı...

- Nə vaxtsa yaşınızı hiss etmisiz?

- Bir həqiqəti deyim. Mən cavanlıqda pis dalaşmamışam, özüm də idmançı olmuşam. Üç-dörd il bundan qabaq idi, bir işçim vardı. Ağdamlı idi. O, böyük bir səhv etmişdi. Nəşriyyatın dəhlizində xəbər tutdum. Mən aşağı düşürdüm, polisin yanında onunla rastlaşdım. Rastlaşan kimi buna möhkəm bir şapalaq vurdum. Həmişə mən kiməsə cavanlıqda şapalaq vuranda o adam yıxılıb. Yadımdan çıxıb axı mənim artıq kifayət qədər yaşım var... Buna möhkəm bir şapalaq vurdum, elə bildim yıxılacaq. Bu da yıxılmadı. Yıxılmamağına görə nətər hirsləndimsə, yazığı o qədər döydüm ki əlimdən zorla aldılar. Əslində mən bir şapalaq vurub gedəcəydim. O, qocaldığımı mənə hiss etdirdiyinə görə möhkəm döydüm. Sonra gəlib mənə dedi ki, müdir, məni niyə elə döydün, dedim gərək sən o dəqiqə yıxılaydın ki, mən səni o qədər döyməyəydim. 

- 56 il ömrünüzü istədiyiniz kimi yaşaya bilmisiniz, yoxsa tamam fərqli yaşamaq istəyərdiniz?

- Yox, elə istədiyim kimi yaşaya bilmişəm. Mən heç vaxt ayrı cür yaşamaq fikri olan adam olmamışam. Amma baxanda mən həmişə itirə-itirə gəlib sonradan itirdiklərimi yenidən qazanmışam. Məsələn, universitetdə oxuyanda bir çox dərsləri oxumamışam. Fikirləşmişəm ki, kimə lazımdı axı. Mənim müəyyən sevdiyim dərslər var idi, siyasi iqtisad idi, fəlsəfə idi, heç kimin xoşlamadığı dərslər... Öz ixtisas dərslərimi xoşlamazdım. Tapşırılardım, ya da müəllimlərlə dostlaşmışdım. Amma universiteti qurtardım, "Elm və həyat" jurnalında işləyəndə orda Əlisa Nicat adlı çox gözəl bir filosof işləyirdi, onunla oturub-durandan sonra onun yanında bir məktəb keçdim. Onda hiss etdim ki, universitetdə filan fənləri nahaq oxumamışam. Təzədən həmin kitabları oxudum və özüm-özümü imtahan etdim. Belə olub ki, sonradan da başqa şeyləri itirmişəm, sonradan başa düşüb səhvlərimi düzəltməyə çalışmışam. 90 faiz səhvlərimi düzəltmişəm. 

- Bəs 10 faiz?

- Məsələn, mən 30 yaşıma qədər şərab içməmişəm, 35 yaşa qədər siqaret çəkməmişəm. Amma 30 yaşımda şərab içdim, sonra da 35 yaşa qədər içə bilmirdim. Amma sonradan 88-ci ildə savaşlar başladı, hadisələr baş verdi, əsəblər pozulanda, içdim. İndi yenə də içmirəm. Amma görürəm ki, o səhvi düzəldə bilmirəm. Mənim atam içki içməyib, Ağdamdakı evimizdə, Ağcabədidəki evimizdə içki içilməyib. Atam içkiyə də, içən adamlara da nifrət edirdi. İndi də deyirəm ki, səhv etmişəm ki, mən o içkini içmişəm, siqaret çəkmişəm.   

- Millət vəkili, yazıçılıq, digər bir tərəfdən də qəzetçilik. Çətin deyil ki?

- Qəzetdən bir az aralanmışam. Çünki jurnalist yazı yazmadısa, öldü. Yalnız qəzetin kursunu müəyyənləşdirirəm və maliyyə məsələləri ilə məşğulam. Gəlib ancaq yazılarımı yazıram. Yazıçılıqda da belədir ki, insanlar var hər gün yazı yazır, mən onlara qibtə edirəm. Yazı yazmaq vəzifə deyil ki, hər gün bu işlə məşğul olasan. Yazını ola bilər ki, 10-15 il fikirləşəsən, amma bir aya yazasan. Məsələn, mən Rəmiş haqqında 20 ildir povest yazıram, hələ qurtara bilməmişəm. Mənim üçün yazıçılıq belə bir işdir. Amma deputatlıq bir işdir, həm də ağır işdir. Kənardan baxana asan gələ bilər. Yüzlərlə insan gəlir, parlamentin işləri var, bundan da başqa insanlarla ünsiyyətdə olmalısan. Səni seçən inanlar səni tez-tez görmək istəyir. Təvazökarlıqdan uzaq olsa da, mən seçiciləri ilə ən çox görüşən insanam. Mən ayda ən azı iki dəfə deputat seçildiyim əraziləri gəzirəm. Qaçqın qəsəbədir, qohumlarım var, mən istər-istəməz onların içindəyəm. Bir də bir adətimi var. Mənim doğulduğum bir kənd var, Bayat kəndi. O kənddə bir kəhriz var, "Dolu" romanında da yazmışam. O kənddə bir yeməkxana da var. Gedib orda bir dəfə yemək yeyəndə, kəhrizdən bir stəkan su içəndə mənə ürəkli, cəsarətli olmaq üçün bir ay bəs edir. Torpaqdan güc almaq məsələsi var. Mənim Qardaş ləqəbli bir dostum var, ona deyirəm ki, məni iki şey cəsarətli edir, bir sən əlini kürəyimə vuranda, bir də gedib Bayatdan su içəndə.   

- Bəs deputat mandatı həyatınızda nəyi dəyişdi?

- Mən insanlara daha çox dəyərli oldum. Deputatlıq həm də mənim üçün bir şöhrətdir. Sən seçilmiş insansan, adın tarixə düşdü, övladların deputat uşağı oldu, sənin də tərcümeyi-halında yazılır ki, Milli Məclisin üzvü olub... 

- Belə çıxır ki, həm də şöhrətpərəstsiniz...

- Bəli, mən deputat kimi, yazıçı kimi şöhrətpərəst insanam. Bunu həmişə demişəm. Æurnalist kimi, yazıçı kimi, deputat kimi bu millət üçün yanıramsa, məni niyə insanlar küçədə görəndə tanımasınlar, küçədə görəndə salam verməsinlər? Mən küsərəm. Xoşlayıram ki, desinlər Aqil Abbas burdan keçdi, burda çay içdi. Yazıçılıqda mənim ən çox istədiyim şey yazıçı kimi şöhrət qazanmağımdı.

- Yaradıcılığınız nə yerdədi? "Dolu"dan sonra yazmaq çətin deyil ki?

- Çox çətindi. Amma hamı məndən "Dolu"nun arxasını yazmağı tələb edir. Amma "Dolu"nun arxasını yazmaq olmaz. Bu dəqiqə "Dolu"nun davamını yazaram, amma olar sıradan bir əsər, dolu yox, yağış. Dolunu yağışa çevirməzlər, ildırıma çevirərlər. Təkrar olaraq "Dolu"nun içinə girə bilərsən, amma onun davamını yazmaq çox çətindir. Amma bir əsər üzərində işləyirəm, orda din, əxlaq, şairlər var. Artıq başlamışam. Hüseyn Cavid, Məhəmməd Hadi və Məmməd Arazla bağlı bir roman üzərində işləyirəm. Bunlar ölüblər və Allahın müstəntiqləri İnkir və Minkirin dindirmə növbəsinə dayanıblar. Onları hara göndərəcəklər, bu dünyada cəhənnəmi görən insanlar yenidən cəhənnəməmi göndəriləcək?! "Dolu" romanımda bir yer var ki, çadırda yaşayan insanlar indi cəhənnəmdə yaşayırlar, bunlar öləndən sonra da cəhənnəmə gedəcəklər? Bu boyda allahsızlıq olmaz axı... Bunun üzərində işləyirəm. Alınacaq, alınmayacaq, bilmirəm. Məqsədim "Dolu"dan güclü əsər yazmaqdır. Zəif olsa, mən onu mətbuata çıxarmayacam. Verəcəm dostlara, desələr zəifdir, onu çap etdirməyəcəm. 

- Heç elə əsərləriniz olubmu?

- Ümumiyyətlə, mən heç bir yazıma pis demərəm. "Qiyamət gecəsi" adlı bir əsərim var, o da Qarabağla bağlıdır, hamını dəhşətə gətirən bir əsərdir. Burda müharibə yoxdur, insanların faciəsindən söhbət gedir. Sonra "Qar üstündə qan çiçəyi", "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", son illərdə yazdığım bu əsərlər ki var, hamısı ictimaiyyət tərəfindən yüksək qarşılanıb, ancaq "Dolu" bomba kimi partladı. Bəlkə əvvəlki əsərlərimi təqdim də eləməmişdim, amma "Dolu" daha çox təqdim olundu.

- Qayıdaq ad gününüzə. Harda keçirməyi planlaşdırırsınız?

- Rəsmi ad günü keçirməyəcəm. Bircə 40 illiyim və 50 illiyimdə keçirmişəm. Yəqin inşallah, 60 illiyimi də qeyd edərəm... 

- Niyə ad gününüzü təntənəli şəkildə qeyd etmirsiniz?

- Mənim bir romanım var, 25 yaşımda yazmışam, "Ən xoşbəxt adam", orda bir yer var. Oğlanın ad günüdür, deyir ki, bu gün aprelin 1-dir, ad günümdür. Amma onunçün heç bir fərqi yoxdu, uzanmışdı yerində, cibində pul yox, əli başının altında, nə olsun ki, ad günüdür? Əvvəla, ömür boyu onun ad gününü keçirməyiblər. Çünki evdə 8 uşaq olub, atası, anası heç bilmir hansı nə vaxt doğulub. Bundan başqa o, nə Məhəmməd peyğəmbərin, nə də Eynşteynin nəvə-nəticəsidir, sıradan bir adamdır. Ona görə bunun üçün maraqlı deyil. Mənim ad günümə kimsə evimizə gələrsə, yəqin xanımım nə isə bişirər. Onsuz hər gün evdə nə isə bişirilir. Amma bu gün yəqin xüsusi nə isə Allah verəndən bişirər, biz yeyərik.  

 - Ad gününüzdə kimdənsə hədiyyə gözləyirsiniz?

- Ən böyük hədiyyə gəldi. Məni sözlə mətbuatda təbrik etdiniz. Mənim xoşladığım başqa hədiyyələr də var, mənə adətən o hədiyyələri verirlər. Yaxşı kitab, saat və ov tüfəngi. Mən də dostlarımın ad günündə bu hədiyyələrdən birini bağışlayıram. Ola bilər bir kasıb dostumdu, çıxarıb onun cibinə bir 500 dollar da qoya bilərəm ki, get ad gününü keçir.   

- Xanımınızdan nə hədiyyə gözləyirsiniz?  

- Səmimi deyim ki, xanımımın ad günlərində mən ona heç bir hədiyyə verməmişəm. Bunu xanımım da təsdiq edə bilər (Həqiqətən də Aqil müəllim müsahibə bitdikdən sonra xanımı İradə Tuncaya "Mən sənə ad günündə hədiyyə vermişəmmi heç?" deyə soruşanda İradə xanım "Sən mənə nə vaxt hədiyyə vermisən ki, ad günümdə də verəsən? Nə ad günlərimdə, nə 8 martlarda, heç birində hədiyyə görməmişəm" dedi). Və heç bir ad günümdə xanımım da mənə hədiyyə bağışlamayıb. Heç vaxt. Bilirsiniz, mən xanımıma elə bir bir qiymətli hədiyyə vermişəm ki, ondan sonra bütün hədiyyələr onun yanında sıfırdı. Ona görə mən ona hədiyyə alıb o hədiyyəmi nüfuzdan salmaq istəmirəm. Bu günə qədər mən xanımıma heç bir hədiyyə almamışam, mən ona özümü, həyatımı vermişəm. Bundan böyük hədiyyə yoxdur. Xanım da mənə hədiyyəsini verib. Özünü və həyatını verib, iki dənə də oğul verib. Onun hədiyyəsi lap qiymətlidir. Bu gün də ondan hədiyyə gözləmirəm. Bizim hədiyyəmiz özümüzük. Hələ onun hədiyyəsi daha çox olub. Onun bir qiymətli hədiyyəsi də var. Axı o, Məmməd Arazın qızıdır. O mənə Məmməd Arazı da bağışlayıb. Mənim dədəm Ağcabədidə adi bir "buxalter" idi, mən də birtəhər yola verirəm...

  

 

Nəsimi Cəfərli

 

Şərq.- 2009.- 1 aprel.- S. 6.