1 saatda 12 dəqiqədən artıq reklam verilməyəcək

 

"Televiziya və radio yayımı haqqında" qanuna dəyişiklik edildi

 

"İlk əvvəl 7 ətraf rayonu azad etməliyik" Pənah Hüseyn deyib ki, Qarabağ münaqişəsinin həlli yönündə qəti hərəkətə keçməyin vaxtıdır

 

 Milli Məclisin dünənki iclası da çox maraqlı keçdi. Gündəliyə 7 məsələ daxil edilmişdi. Ancaq cari məsələlərin müzakirəsinə ayrılan vaxtda millət vəkilləri bir sıra ciddi problemlərdən danışıb, təkliflər irəli sürdülər. Ən maraqlı məqam isə "Televiziya və radio yayımı haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı baş verdi. Çünki deputatların əksəriyyəti bu sənədin müzakirəsində Milli Televiziya və Radio Şurasının ünvanına tənqidlər səsləndirdilər.      

 

"Referendum haqqında danışmaq artıqdır"

 

Cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən millət vəkili, YAP icraçı katibinin müavini Siyavuş Novruzov ənənəvi müxalif qüvvələrin referendumla bağlı beynəlxalq təşkilatlara mənfi rəylərin yer aldığı məktublar göndərmələrinə toxundu: "Həmin partiyaların cəmi 250 müşahidəçiləri olub. Onlar da məntəqələrin cəmi 5 faizində müşahidə apara bilərdilər. Müşahidəçilərə də hansısa təzyiqlərin olması barədə fikirlər yanlışdır. Kimin şikayəti var, hüquq-mühafizə orqanlarına müraciət edə bilər".   

Spiker də hesab edir ki, referendum haqqında danışmaq artıqdır: "Beynəlxalq müşahidəçilər də referenduma yüksək qiymət verdilər".   

 

"Böyük Millət Məclisinin sədri Bakıya dəvət olunsun"

 

Millət vəkili Zahid Oruc Türkiyə-Ermənistan qardaşlaşmasının həmişə Azərbaycana ziyan gətirdiyini söylədi: "Oqtay müəllim, çox istərdim ki, Türkiyə Böyük Millət Məclisinin sədri Bakıya dəvət olunsun və bu "qardaşlaşma"nın hansı ziyanlara yol açacağı onun nəzərinə çatdırılsın".

Zahid Oruc Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin etməsinə də toxundu.   

Millət vəkili bu qərarı ədalətsiz sayır: "Əgər Avropa Şurasında belə bir fikir formalaşıbsa ki, məhkəmə funksiyasını öz üzərinə götürsün, o halda onun Kremldən nə fərqi var? Ermənistanda keçirilən seçkilərdə insanlar öldürüldü, həbsə atıldı, bu ölkə üzrə məruzəçi təyin olunmadı. "Alternativ hərbi xidmət haqqında" qanunu da qəbul edək, Avropa Şurası qarşısında götürdüyümüz öhdəliklər yekunlaşsın. Avropa Şurasının rəhbərliyi də Azərbaycana gəlsin, reallıqlarla tanış olsun".  

 

"Qəti hərəkətə keçmənin zamanı çatıb"     

 

Deputat Pənah Hüseyn isə müharibədən danışdı. Onun sözlərinə görə, Azərbaycanın Qarabağ münaqişəsinin həlli yönündə qəti hərəkətə keçməsinin zamanı çatıb: "İlk növbədə 7 ətraf rayonu azad etməliyik. O halda müttəfiq dövlətlərdən istəyimiz də əsaslı olar". 

Ancaq Pənah Hüseyn ikili standartlara baxmayaraq, Avropa Şurasının məruzəçi təyin etməsində bir neçə jurnalisti həbsdən buraxmayan hökumətimizi də günahkar sayır.  

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi.   

 

Mərkəzi Bank sənədi parlamentə göndərməyi gecikdirib     

 

Gündəlikdəki ilk məsələ "Milli Bank və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında qanun layihəsi idi. Millət vəkili Elmira Axundova 2008-ci ilin noyabrında imzalanan, həmin ilin dekabrından icrasına başlanan sənədin gec göndərilməsini parlamentə hörmətsizlik kimi qiymətləndirdi. O, referendumdan sonra artıq Milli Bankın "Mərkəzi Bank" adlandığını da xatırlatdı. Elmira Axundova iqtisadi böhranla üzləşən amerikalıların bizim maliyyəçilərə təlim keçib, hansısa uğurlu məsləhət verəcəklərinə də şübhəylə yanaşır. Oqtay Əsədov qol çəkilsə də, memorandumun hələ işləmədiyini söylədi. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə sənəddə "Milli Bank" sözünün "Mərkəzi Bank" sözüylə əvəzlənməsini mümkün sayır. Sonda sənəd səsverməyə qoyularaq qəbul edildi.

        

"Televiziya və radio yayımı haqqında" qanunda 8 dəyişiklik edilib     

 

"Televiziya və radio yayımı haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi isə geniş müzakirələrə səbəb oldu. Layihə barədə Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov məlumat verdi. Onun sözlərinə görə, sənədə 8 dəyişiklik edilib. Sənədə görə, əgər televiziya və radio şirkətinin təsisçisi, pay sahibi dəyişirsə, bu barədə bir ay əvvəl müvafiq icra hakimiyyətinə, yəni Milli Televiziya və Radio Şurasına (MTRŞ) məlumat verilməlidir. 2 ay ərzində MTRŞ bu müraciəti cavablandırmalıdır. MTRŞ-yə həm də televiziya və radiolar lisenziya şərtlərini pozduqda onlar haqqında inzibati tənbeh tədbirləri tətbiq etmək səlahiyyəti verilir. Seçkilər dövründə, xarici ölkə başçılarının Azərbaycana səfərləri və bu kimi hallarda xarici ölkə telekanallarına peyk ötürücülər vasitəsiylə Azərbaycandan birbaşa, canlı yayım aparmağa da icazə verilir.   

 

1 saat ərzində 12 dəqiqə reklam veriləcək     

 

Televiziya və radio şirkətlərinə il ərzində 3 dəfə sanksiya tətbiq etdikdən sonra MTRŞ hüquqi müstəvidə addım atılması üçün məhkəməyə müraciət edə bilər. Telekanallar və radiolar saat ərzində 12 dəqiqədən çox reklam verə bilməzlər. Öncəki qanunvericilikdə də analoji məzmunda müddəa olub. Qeyd olunub ki, telekanallar gün ərzində ümumi proqram vaxtının 20 faizi həcmində reklam verə bilərlər. Lakin telekanallar gün ərzində deyil, əsasən axşam saatlarında reklamlara üstünlük veriblər. Buna görə də artıq konkret hər saatın 20 faizinin, 12 dəqiqəsinin reklam üçün ayrılmasının mümkünlüyü yazılıb. Ancaq komissiya sədri nəzərə çatdırdı ki, bu qanunun tələbləri telekanalların sponsorlarla, şirkətlərlə artıq bağlanmış birillik müqavilələrinə şamil olunmayacaq.      

 

Qanunvericilikdə sosial reklamdan söz açılmır     

 

YAP icraçı katibinin müavini Mübariz Qurbanlı xüsusən özəl telekanalların aparıcılarının dillərinin qüsurlu olmasından, onların təhriflərə yol verməsindən şikayətləndi. Millət vəkili Pənah Hüseyn MTRŞ-yə tənbeh etmə, 3 dəfə sanksiya tətbiqindən sonra telekanalın və radionun bağlanması üçün məhkəməyə müraciət hüquqlarının verilməsini geriyə doğru addım sayır. O, xarici telekanalların peyklə yayım aparmasıyla bağlı müddəanı isə başa düşmədiyini və bunun izah olunmasını istədi.   

   Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qanunvericilikdə sosial reklam məsələsinin yer almamasına toxundu: "Günümüzdə narkomaniya, Hepatit S, vərəm, erkən evlənmə halları artır. Bunlara aparan yol və zərərləri ilə bağlı əhalini maarifləndirmək lazımdır. Belə sosial reklamlar da pulsuz olmalıdır".   

 

"1 saatda 12 dəqiqə reklamın özü də çoxdur"

 

MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin iclasa qatılmasından istifadə edən millət vəkili Æalə Əliyeva türk seriallarının tərcüməsindən danışdı. Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə şifahi tərcüməni məntiqli saymayan millət vəkili teleserialların türk dilində, amma Azərbaycan dilində titrlərlə verilməsini məqbul hesab edir.

Siyavuş Novruzov xarici dil öyrənmək və informasiya almaq baxımından müəyyən şərtlərlə BBS, SSN kimi telekanalların yayılmasına tərəfdardır. O, saat ərzində reklam üçün 12 dəqiqə ayrılmasını da çox sayır.

"Türk dilinin tərcümə edilməsi barədə qərar çıxarırlar, digər tərəfdən, meyxana sənət kimi xalqımıza sırınır. MTRŞ qərar çıxaranda Azərbaycan xalqının rəyini öyrənibmi? MTRŞ-nin bunu dövlət siyasəti kimi təqdim etməsi yanlışdır. Teleaparıcılar hansı dildə danışırlar? Axı bu dildə xalqımız tərbiyə olunur!"

 

"Telekanallar qətl və intiharlarla bağlı xəbərlərə üstünlük verirlər"   

 

Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə Türkiyə türkcəsinin Azərbaycan dilinə tərcüməsini dəstəklədi: "Konstitusiyamızda Azərbaycan türkcəsi də yox, Azərbaycan dili yazılıb".   

Millət vəkili Gülər Əhmədova hər saata 12 dəqiqə reklamı normal sayır. Ancaq o, özəl telekanalların qətl və intiharlarla bağlı xəbərlərə üstünlük vermələrini, bunu qabartmalarını yanlış və insan psixologiyasına ziyanlı sayır: "MTRŞ bu məsələlərlə bağlı telekanallar qarşısında məsələ qaldırmalıdır".  

 

"Türk filmlərinin tərcüməsi məsələsinə hansısa formada baxıla da bilər"  

 

Deputatların suallarını cavablandıran MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirdi ki, millət vəkillərinin çoxunun qaldırdıqları məsələ MTRŞ-nin səlahiyyətindən kənardır. Onun sözlərinə görə, televiziya və radioların təsisçiləri və pay sahibləri dəyişən zaman yeni təsisçi və pay sahibi çox zaman MTRŞ-nin suallarına, özünün məhkum olub, ağır cinayət törətməsi və digər yöndə sorğulara cavab vermir. Daxili İşlər Nazirliyindən bu şəxsin kimliyini öyrənmək proseduru da 2 aya qədər çəkir: "3 dəfə sanksiya tətbiqindən sonra məhkəməyə müraciət o deməkdir ki, il ərzində telekanal bir dəfə sanksiya ilə üzləşirsə, MTRŞ məhkəməyə müraciət edə bilməz. İkincisi, gün ərzində 20 faizlik məhdudiyyət öncəki qanunda da əksini tapıb. Sadəcə, telekanallar bundan sui-istifadə etdiklərinə və reklamları əsasən axşam verdiklərinə görə, saat məhdudiyyəti tətbiq olunur. Türk seriallarına gəlincə, biz hüquqi dövlət qururuq və Azərbaycan dili dövlət dilidir. Bu məsələyə hansısa formada gələcəkdə baxıla da bilər".   

   

     

Rəşad Baxşəliyev

 

Şərq.- 2009.- 4 aprel.- S. 4.