Qarabağ komitəsi ideyası dəstəklənir
Nəsib Nəsibli: "Belə
bir komitənin yaranması məsələsi
gündəmdə olacaq"
Fəzail Ağamalı: "Mənim
bu ideyaya mənfi yanaşmağım
mümkün deyil
Fazil Mustafa: "Bu, çox müsbət bir addım olar"
Aynur Camalqızı: "Qarabağla bağlı
parlamentin apardığı işi biz
bacardığımız qədər genişləndirməliyik"
"Parlamentdə
Qarabağ komitəsi yaradılsın". Belə bir təkliflə
Milli Məclisin iki gün öncə keçirilən
iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının
sədri, millət vəkili Qüdrət Həsənquliyev
çıxış edib.
O bildirib
ki, torpaqlarının
20 faizi işğal altında olan bir ölkənin parlamentində bu məsələni ayrıca
diqqət mərkəzində
saxlamaq üçün
Qarabağ komitəsi olmalıdır. Lakin Q.Həsənquliyevin bu təklifi deputatlar tərəfindən
birmənalı qarşılanmayıb.
Millət vəkili Nəsib Nəsibli "Şərq"in
əməkdaşı ilə
söhbətində bildirib
ki, o həmkarının
irəli sürdüyü
təklifi dəstəkləyir. Onun sözlərinə görə,
nə qədər ki, Qarabağ kimi həyati bir problemimiz qalır, belə bir komitənin yaranması məsələsi
gündəmdə olacaq:
"Son illərdə səsləndirdiyimiz
tələblərimizdən biri də Qarabağ
komitəsinin yaradılması
ilə bağlıdır.
Amma bu günə qədər təkliflərimizə
müsbət cavab verilməyib. Parlamentin belə
bir komitənin yaratmaqdan nə üçün imtina etməsinə məntiqli bir cavab tapmaq
çox çətindir.
Parlament rəhbəriliyi belə bir zərurətin hansı səbəbdən
olmadığını əsaslandırmalıdır".
Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, bu
məsələ zaman-zaman
parlamentdə qaldırılsa
da, öz aktuallığını reallaşdıra
bilməyib. "Hər bir halda mənim
bu ideyaya mənfi yanaşmağım
mümkün deyil"
- deyən deputat hesab edir ki,
Qarabağla təkcə
bir komitə deyil, bütün millət vəkilləri və onların təmsil olunduqları bütün komitələr
məşğul olmalıdır:
"Mən hesab edirəm ki, gələcəkdə belə
bir komitənin yaradılması reallaşarsa,
öz həllini tapa bilər. Ancaq düşünmürəm ki,
ölkə prezidentinin
bu gün apardığı danışıqlar
çərçivəsindən o tərəfə yaradılacaq
hər hansı bir komitə bu problemin həllinə
ciddi təsir göstərə bilsin.
Çünki məsələnin diplomatik yolla həlli dövlət başçısının rəhbərliyi
altında həyata keçirilməkdədir. Biz
də millət vəkili olaraq öz imkanlarımız çərçivəsində daxil olduğumuz parlamentlərarası işçi
qruplarında fəaliyyətimizi
geniş qurmalıyıq,
getmiş olduğumuz səfərlərdə bu
məsələni hər
zaman gündəliyə
gətirməliyik".
Deputat Fazil
Mustafa da sözügedən
təklifi dəstəkləyənlər
sırasındadır: "Təxminən 3 ildir ki, bu məsələ
mütəmadi olaraq gündəmə gətirilir.
Biz də bu
təklifi dəstəkləyir
və dəfələrlə
demişik. Hesab edirəm
ki, parlamentdə Qarabağla bağlı komitə yaradılmalıdır.
Əgər belə bir komitə yaradılarsa, bu, çox müsbət bir addım olar".
Millət vəkili Aynur Camalqızı parlamentdə
Qarabağ komitəsinin
yaradılmasını vacib
hesab edir. Onun sözlərinə görə,
hazırkı məqamda,
Qarabağla bağlı
çox həssas bir dönəmdə belə bir addımın
atılması önəmlidir:
"Mən konkret olaraq bölgədə baş verənlərə
Türkiyənin münasibətini
və onların Ermənistanla sərhədləri
açmaq kimi mövzuların gündəmdə
olduğunu yada salmaq istəyirəm. Deputat həmkarımın da əslində bu məsələni məhz
indi müzakirəyə
çıxarmasını sırf
bununla bağlayıram.
Düşünürəm ki, parlamentdə
belə bir komitənin yaradılması
və bu münaqişə çözülənədək
onun fəaliyyət göstərməsi çox
vacib və önəmlidir. Ona görə
ki, Qarabağla bağlı parlamentin apardığı işi
biz bacardığımız qədər genişləndirməliyik".
Seymur Qasımbəyli
Şərq.- 2009.- 16 aprel.- S. 4.