Avropa Azərbaycanlılarının növbəti qurultayı başa çatıb

 

Başar Kömür təşkilatın prezidenti seçilib

 

Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa Azərbaycanlılarının üçüncü qurultayı başa çatıb. Qurultayda təşkilata yeni rəhbər seçilib. Əsas müzakirələr isə Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı yayılan xəbərlər ətrafında gedib. Bu barədə "Şərq"ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.   

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının nümayəndəsi Haqqı Kəskin, millət vəkili Sabir Rüstəmxanlının qatıldığı qurultayda Avropa Azərbaycanlıları Konqresinin prezidenti Natiq Ağamirov təşkilata rəhbərlik etdiyi dövrdə Avropadakı Azərbaycan diaspor təşkilatları arasında əlaqələrin dərinləşməsi və koordinasiya edilməsi, diaspora təşkilatlanmasının sürətləndirilməsi istiqamətdə görülən işlərdən danışıb. Onun sözlərinə görə, AAK doğma vətəninin milli maraqlarının müdafiəsi, onun zəngin mədəni irsinin təbliği sahəsində səylərini əsirgəməyib. Azərbaycanda gedən sosial-iqtisadi prosesləri, onun qarşılaşdığı problemlər barədə Avropa ictimaiyyətini məlumatlandırmağa çalışıb. Qurultayda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə diqqəti son zamanlar Azərbaycan ətrafında gedən hadisələrə və dünyada baş verən geosiyasi proseslərə çəkərək bunun özünün Azərbaycan diaspor təşkilatlarının sıx birləşməsini zəruri etdiyini bildirib. Komitə sədri çıxışı zamanı Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə yayılan xəbərlərə münasibət bildirərkən belə xəbərlərin Azərbaycan ictimaiyyətinin haqlı olaraq narahatlığına səbəb olduğunu deyib. Nazim İbrahimov bildirib ki, Azərbaycanda sərhədlərin açılması məsələsi ciddi müzakirə olunur. Millət vəkili, DAK-ın həmsədri Sabir Rüstəmxanlı isə bildirib ki, Ermənistanla sərhədləri açmaqla türk dünyasının birliyini pozmaq yolverilməzdir. Almaniya Bundestaqının üzvü Haqqı Kəskin isə bildirib ki, sərhədlərin açılması məsələsini əngəlləmək üçün Türkiyədəki aparıcı partiyaların rəhbərləri ilə əlaqə qurub. Bu məsələnin ona çox pis təsir etdiyini bildirən Haqqı Kəskin hətta bundan qəfil qan təzyiqinin yüksəldiyini bildirib. "Qarabağ problemi çözülməyincə, Ermənistana qapılar açıla bilməz". Haqqı Kəskinin bu fikrini AAK-ın birinci vitse-prezidenti Başar Kömür də dəstəkləyib. O bildirib ki, işğalçıya qarşı belə bir humanist addımın atılmasının bir adı var. O da xəyanətdir. Başar Kömür bildirib ki, nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, Ermənistanla qapıların açılmasından söhbət belə gedə bilməz. Daha sonra qurultayın qətnaməsi qəbul edilib. Bir sıra ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları AAK-a üzv qəbul ediliblər. Eyni zamanda 27 nəfərdən ibarət İcraiyyə Komitəsinin tərkibi təsdiqlənib. Mayns-Azərbaycan Cəmiyyətinin sədri, DAK-ın Əlaqələndirmə Şurasının İdarə Heyəti sədrinin müavini, AAK-ın əvvəlki heyətdə birinci vitse-prezidenti olan Başar Kömür Avropa Azərbaycanlıları Konqresinin prezidenti seçilib.

      

 

Vüsalə Rafiqqızı

 

Şərq.- 2009.- 16 aprel.- S. 4.