İsmayıl Ömərov yenidən İTV- rəhbər seçilib

 

"Hesab edirəm ki, verilən səs bizim kollektivin əməyinə, zəhmətinə verilən qiymətdi"

 

 Ötən gün İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası Milli Televiziya və Radio Şurasının binasında tədbir keçirib. İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli gündəlikdə duran məsələnin İTV-nin baş direktoru vəzifəsinə seçimlə bağlı olduğunu vurğulayıb.   

   O, 4 il əvvəl bu vəzifəyə seçilən İsmayıl Ömərovun səlahiyyət müddətinin 16 aprel tarixində başa çatdığını xatırladıb. "Vəzifə uğrunda mübarizə aparmaq üçün əvvəlcə üç nəfər sənədlərini təqdim etsə də, sonradan Bəhruz Məhərrəmov namizədliyini geri götürüb. Buna görə də seçim iki nəfərin - İ.Ömərov və İTV-nin "Carçı" informasiya buraxılışı departamentinin direktoru Azad Məmmədovun arasında aparıldı. Qeyd edək ki, qanunvericiliyə görə, səlahiyyət müddəti başa çatan şəxsin yenidən bu vəzifəyə seçilmə hüququ var. Seçim Yayım Şurasının 9 üzvü tərəfindən həyata keçirildi". C.Məmmədli üzvlərdən birinin - Ağacan Əbiyevin Türkiyədəki yarışlarda iştirak etməsi səbəbindən yığıncağa gələ bilmədiyini deyib. Onun səsi isə özü tərəfindən yazılmış möhürlü məktubda təqdim olunub və səsin nəzərə alınacağı qeyd olunub. Daha sonra akademiyanın müxbir üzvü Vaqif Abbasovun rəhbərliyi ilə komissiya təşkil olunub. Şura üzvləri öz səslərini verdikdən sonra komissiyanın nəzarəti altında səslər açılıb. Məlum olub ki, şura üzvlərinin doqquzu İsmayıl Ömərovun lehinə səs verib. Üzvlərdən üç nəfər isə Azad Məmmədovun əleyhinə səs verib. Protokol tərtib oldunduqdan sonra İ.Ömərovun növbəti 4 ilə yenidən İTV-nin baş direktoru vəzifəsinə seçildiyi elan olunub. C.Məmmədlinin sözlərinə görə, 4 il bundan əvvəl İ.Ömərovun bu vəzifəyə seçilməsi ilə əlaqədər olaraq onda bir narahtıçılıq da yaranışdı. Bu isə İ.Ömərovun sovet televiziya sistemindən çıxması ilə əlaqdər olub: "Amma qısa zaman kəsiyində o, bu vəzifənin öhdəsindən çox bacarıqla gəldi. Demokratiya və plüralizmin təminində, azərbaycançılığın təbliğində, fəaliyyətin peşəkar şəkildə təşkilində, eləcə də inzibati-quruculuq işlərində onun müstəsna xidməti oldu". MTRŞ sədri Nuşirəvan Məhərrəmli də öz çıxışında şuranın seçminin doğru olduğunu vurğulayıb. İTV-yə hər cür dəstək verməyə hazır olduqlarını bildirən sədr televiziyanın öz rəngarəng verlişləri ilə teleməkanda özünəməxsus yer tutduğunu diqqətə çatdırıb: "Yayım Şurasının (YŞ) seçimi çox doğrudur. Biz artıq 4-ildə İTV-nin öz layiqli yerini tutuduğunun şahidiyik. Müxtəlif maraqlı mövzular baxımından, həm kollektiv baxımından, verlişlərin peşəkarlıla hazırlanması baxımından böyük işlər görülüb. Əminəm ki, bundan sonra da bu işlər görüləcək".  

   İ.Ömərov isə çıxışında fəaliyyəti ilə bağlı fikirlərini ifadə edib: "Dörd il bundan əvvəl 22 namizəd arasında Yayım Şurası məni baş direktor seçib. Onda şura mənim özümə səs vermişdi. Bu gün hesab edirəm ki, verilən səs bizim kollektivin əməyinə zəhmətinə verilən qiymətdi. 100-günə televiziya qurduq, dörd ilə Azərbaycanın TV məkanında 1-ci kanal yaratdıq. Kolektivə inandığıma görə deyirəm ki, biz bölgənin 1-ci korparasiyasını yaradacağıq". 

   Qeyd edək ki, İsmayıl Ömərov 1954-cü il fevralın 20-də Gürcüstanın Borçalı mahalında, Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi) kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan İ.Ömərov 1976-cı ildə ali təhsilini başa vuraraq təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlayıb. O, həmçinin Prezident Yanında Dövlət İdarəçilik akademiyasında ikinci təhsil alaraq politoloq ixtisasına yiyələnib. 2000-2005-ci illərdə ikinci çağırış Milli Məclisin deputatı olub. 2005-ci ildə isə 22 namizəd içərisindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.

  

 

Firdovsi

 

Şərq.- 2009.- 17 aprel.- S. 7.