"Çingiz Hüseynova məsləhət görürəm ki, mənim yazdıqlarımı oxusun"

 

Nizami Cəfərov: "Mən onu hətta bu yaşında belə özümə tələbə götürmərəm, nəinki gəncliyində"

 

Millət vəkili, professor, ədəbiyyatşünas alim Nizami Cəfərov daha bir rusdilli ziyalı tərəfindən hədəfə götürülüb. "Bizim Yol" qəzetinə müsahibə verən yazıçı Çingiz Hüseynov N.Cəfərovun rusdilli ədəbiyyatımızla bağlı fikirlərini tənqid edib.   

"Dərs dediyim MQU-da oxusaydı, ona "iki" yazardım. Çünki ədəbiyyat tarixindən və nəzəriyyəsindən xəbərsizdir" deyən yazıçı ona adını dəyişməyi məsləhət görüb: "Farsdilli Nizaminin bizim ədəbiyyatımıza nə dəxli var?" "Şərq"in əməkdaşı ilə söhbətində Çingiz Hüseynovun sözlərinə münasibət açıqlayan Nizami Cəfərov isə bunları dedi:

- Çingiz Hüseynov, ümumiyyətlə, ciddi bir ədəbiyyatşünas kimi tanınmır. Ciddi bir ədəbiyyat nəzəriyyəçisi də deyil. Çingiz Hüseynov həqiqətən yaxşı müəllim olsaydı, indiyə qədər Azərbaycan üçün iki-üç nəfər yaxşı ədəbiyyatşünas yetişdirərdi. Ona görə də mən Çingiz Hüseynovun özünə məsləhət görürəm ki, mənim yazdıqlarımı oxusun. Mənim yazdıqlarımı oxusa, bilər ki, mən nə yazıram və mənim səviyyəm nədir. Mən Çingiz Hüseynovu hətta bu yaşında belə özümə tələbə götürmərəm, nəinki gəncliyində. Biz onu daha çox yazıçı kimi tanıyırıq. Yazdığı əsərlər də məlumdur. "Məhəmməd, Məmməd, Məmiş"dən başlamış ta "Fətəli fəthi"nə qədər. Elə bu əsərlərin adına Azərbaycan oxucusu fikir versə, görər ki, bu hansı ədəbiyyatdır, hansı cərəyandır, hansı yaradıcılıq texnologiyasıdır. Odur ki, Çingiz Hüseynov fikir söyləyəndə əvvəla, bir balaca qarşısındakını tanısa, ona bələd olsa, səviyyəsini bilsə yaxşıdır.   

- Sizə qarşı olan rusdillilər sizin başqa dildə yazan ədiblərin Azərbaycan ədəbiyyatına aid olmadığını demənizi iddia edirlər. Elə Çingiz Hüseynov da bu məqama toxunaraq sizin məntiqinizdən Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatına aid olmamasının ortaya çıxdığını bildirib...  

- Mən heç yerdə deməmişəm ki, bu və ya digər xarici dildə yazmış Azərbaycan yazıçısı Azərbaycana məxsus deyil. O getsin, mənim "Qədim türk ədəbiyyatı və Nizami Gəncəvi" adlı məqaləm var, balaca bir məqalədir, onu oxusun, o bilər ki, mən Nizami Gəncəvi haqqında nə demişəm və onun epik təfəkkürünün hansı mənbələrdən, hansı genezislərdən gəldiyini ortaya qoymuşam. Çingiz Hüseynov özünü doğrudan da ədəbiyyat nəzəriyyəçisi hesab edirsə, o bilməlidir ki, Nizami Gəncəvinin əsərləri eposdur. Qədim türk eposundan gələn ideyalar, ifadə texnologiyaları, təfərrüatlar və detallar burda bir sistem şəklindədir. Nizami Gəncəvi fars şairi olsaydı, Makedoniyalı İsgəndəri özünün ideal qəhrəmanı seçməzdi. Çünki heç bir fars, İran şairi Makedoniyalı İsgəndərə ideal kimi baxa bilməzdi. İran-fars ədəbi-ictimai düşüncəsi üçün müvafiq bir şey deyil. Çünki Makedoniyalı İsgəndərin İran tarixində oynadığı rol aydındır. Amma qədim türklərdə Makedoniyalı İsgəndərin haqqında dastanlar, miflər var ki, onlar bir sistem olaraq Nizami Gəncəviyə gəlir. Mən Nizami Gəncəvi haqqında heç vaxt "Azərbaycan şairi deyil" deməmişəm. Amma bugünkü rusdilli Azərbaycan yazıçıları belədir ki, onlarda milli təfəkkür və milli ədəbiyyatdan gələn yaradıcılıq texnologiyaları ya yoxdur, ya da çox zəifdir. Çingiz Hüseynov gedib bunları öyrənsin, ondan sonra hələ mənə imtahan verməyə layiq olacaq. İmtahandan neçə alacaq, onu dəqiq deyə bilmirəm. 

- Ümumiyyətlə, rusdilli ziyalıların nə üçün sizi hədəf seçməsi sizə məlumdurmu?

- Deyək ki, ən çox qıcıqlanan Çingiz Abdullayevdir. Çingiz Abdullayev haqqında indi yox, hələ neçə illər qabaq Əkrəm Əylisli demişdi. Mən ola bilər, ədəbiyyatşünas kimi baxıram, Əkrəm Əylisli yazıçıdı, özü də Çingiz Hüseynovun sözü olmasın, Moskva məktəbi keçib. Çingiz Abdullayev haqqında Əkrəm Əylisli yazır ki, "Mən Çingizin səviyyəsini bilirəm. Bütün bunları ona keçirəm. Onun yazdıqları yazıçılığa heç bir dəxli olmayan ədəbi-bədii heyvərəlikdən ibarətdir. Azərbaycan mədəniyyətinə və ədəbiyyatına nə dəxli var axı onun? Çingiz Abdullayevin uydurmalarını istəyirsən Çilidə, ya da ki Mozambikdə uydur. Heç bir fərqi yoxdur". Bu da bizim böyük yazıçımızın Çingiz Abdullayev haqqında olan fikridir. O ki qaldı rusdilli yazıçılıq məsələsinə, rusdilli gürcü, erməni yazıçıları var. Bu yazıçıların yaradıcılığına fikir verin, onların mətninə, onların tekstinə bir baxın ki, nə dərəcədə ermənilik, gürcülük var. Çingiz Aytmatov rusca yazdı, Oljas Süleymenov rusca yazdı. İndi onların mətninə fikir verin ki, onların yazdıqları elədir ki, bunu bir neçə dəfə demişəm, indi də deyirəm, Oljas Süleymenovdan soruşublar ki, axı sən, ümumiyyətlə, rusların əleyhinəsən, özün də rusca yazırsan. Yəni ruslara qarşı türkçülük edirsən, özün də rusca yazırsan. O deyib ki, hələ bilmək olmaz, mənim yazdığım dil sizin dilinizdi, yoxsa türklərin dilidi. Bir var dil, bir var dil təfəkkürü. Yazıçı yazanda öz millətinin dilinin təfəkkürü ilə yazmalıdır. Yaxşı olar ki, ana dilində yazsın, ancaq ana dilində yazmasa da, gərək Nizami Gəncəvi kimi elə yazsın ki, ideyadan da, mövzudan da, intonasiyadan da sənin kim olduğun bilinə. Dünyanın ən böyük iranşünasları deyirlər ki, Nizami Gəncəvidən türk iyi gəlir. Bunu ən böyük İran ədəbiyyatşünasları deyir. Yaxşı, indi bu Çingiz Abdullayevdən, Çingiz Hüseynovdan, bizim rusca yazan başqa yazıçılarımızdan nə iyi gəlir? Özləri onsuz da başa düşən deyillər, bizim ədəbiyyatşünaslığımız başa düşür axı bunu. Məsələnin mürəkkəbliyi budur. Formal olaraq hansı dildə yazmaqdan söhbət getmir. Sən millətinin düşüncə tərzini ki gətirirsən, lap ingilis dilində də yazmış olsan, o görünəcək. Çingiz Abdullayev özünü İsmayıl Bəy Qutqaşınlı ilə müqayisə edir ki, "Rəşid bəy və Səadət xanım"ı fransız dilində yazıb. Yaxşı, İsmayıl bəy Qutqaşınlı "Rəşid bəy və Səadət xanım"ı fransızca yazıb, amma Azərbaycan dilinə çevirən kimi dərhal hiss olunur ki, bu, bir Azərbaycan yazıçısının, Azərbaycan təfəkkürünün hadisəsidir. Ona Şərq hekayəsi deyirlər. Avropada fransız dilində oxuyalar da bilirlər ki, bu nədir. Amma indikiləri oxuyanda Çingiz Hüseynovun və ya Çingiz Abdullayevin adından başqa nə hiss edirlər? Nə var orda, söhbət ondan gedir. Mən bu mənada rusdilliliyin əleyhinəyəm. Mən Çingiz Hüseynova müraciət etmək istəyirəm ki, o, rusca yazılarındakı türk poetikasını mənə açsın, göstərsin. Əgər doğrudan ədəbiyyatşünasdırsa, mənə "iki" vermək istəyirsə, göstərsin, ondan sonra baxaq görək kim kimə "iki" verir.   

- Rusdillilərlə aranızdakı "soyuq müharibə"nin nə vaxta qədər davam edəcəyini düşünürsünüz?

- Onlar öz yerlərini başa düşənə qədər. Nə vaxta qədər ki, öz yerlərini başa düşməyiblər, ədəbiyyatın tarixində, belə deyək, ədəbiyyat təsərrüfatında onlar hansı mövqedədilər, hansı yerdədirlər, onu başa düşənə qədər belə gedəcək.

 

 

Nəsimi Cəfərli

 

Şərq.- 2009.- 21 aprel.- S. 6.