7 KİV Mətbuat Şurası üzvlüyünə qəbul edilib

 

"Qərb xəbərləri" Şuradan xaric edilib

 

 Ötən gün Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin (İH) iclası keçirilib. Şuradan "Şərq"ə verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov tədbirin gündəliyini elan edəndən sonra İH üzvləri 4 məsələ ilə bağlı müzakirələr aparılması barədə razılığa gəliblər.  

Əvvəlcə Şura sıralarına üzvlüyə qəbul üçün Katiblik tərəfindən təqdim edilən müraciətlər araşdırılıb. Müzakirələrdən sonra "Səs" İnformasiya Agentliyi, "Fineko" Analitik və İnformasiya Agentliyi, "Ölkə", "Futbol dünyası", "Bütöv Azərbaycan", "İsmayıllı xəbərləri" və Qazaxın "Göyəzən" qəzetləri MŞ sıralarına qəbul ediliblər. Bununla yanaşı "Qərb xəbərləri" (Şəmkir) qəzetinin Mətbuat Şurasının Nizamnamə tələblərini pozduğu, qurumun sorğularına cavab vermədiyi əsas götürülərək, MŞ sıralarından xaric olunması barədə də qərar qəbul olunub. İH Şuranın "reket" jurnalistikaya qarşı mübarizə komissiyasına bu nəşrlə bağlı əlavə araşdırmalar aparıb nəticəsini İdarə Heyətinə təqdim edilməsini tapşırıb.  

Sonra Şuranın Şikayətlər üzrə Komissiyasının rəyləri nəzərdən keçirilərək bunların əsasında 8 qərar çıxarılıb. İdarə Heyəti "reket" jurnalistikaya qarşı mübarizə komissiyasının təqdim etdiyi siyahını da nəzərdən keçirərək MŞ-nin yeni "qara siyahı"sını müəyyənləşdirib. Sənəd təsdiqlənib və ictimaiyyətə çatdırılması məqsədilə Şura Katibliyinə müvafiq təlimatlar verilib. Müzakirələrin gedişində vurğulanıb ki, bu çeşidin tərtibində, ümumiyyətlə həmin istiqamətdə aparılan işdə komissiya həqiqətən işinə məsuliyyət yanaşıb. İclasda bunu nəzərə alaraq komissiyanın sədri "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə Mətbuat Şurasının təşəkkürü bildirilib.  

İH Şikayətlər üzrə Komissiyanın 17 aprel 2009-cu il tarixli iclasının rəyinə əsasən daha 19 nəşrin "reket" elan olunması ilə bağlı rəyinin təsdiqlənməsi, həmçinin əvvəlki siyahıda yer alan nəşrlərin də adları əlavə olunmaqla həmin sənədin ictimaiyyətə açıqlanması barədə qərar qəbul olunub.  

Tədbirdə "Mühakimə" və "Təzadlar" qəzetində etik prinsiplərə nə dərəcədə əməl olunması ətrafında da müzakirələr aparılıb. İdarə Heyəti birinci nəşrin fəaliyyətində kifayət qədər peşə prinsiplərinin pozulması hallarının mövcudluğunu əsas götürərək Şikayətlər üzrə Komissiyaya mövcud faktlarla bağlı rəy hazırlamağı tapşırıb.   

"Təzadlar" qəzetinə gəldikdə, MŞ-nin bu nəşrlə bağlı çıxardığı qərarlar, Şuranın monitorinqinin yalnız 2009-cu ilin mart ayı üzrə nəticələri, xüsusən etik prinsiplərin kobud surətdə pozulduğu 6 yazının təhlili və digər amillər onu deməyə əsas verir ki, nəşrin fəaliyyətinin hüquqi müstəvidə qiymətləndirilməsi üçün də kifayət qədər əsaslar var. Bütün bunlar baş redaktor Asif Mərzilinin nəzərinə çatdırılıb. Həmçinin "Təzadlar" qəzetinin məsələlərə yanaşma metodunda dəyişikliklər etməsinin vacibliyi vurğulanıb, nəşrə MŞ adından xəbərdarlıq məktubunun ünvanlanması qərara alınıb.   

İclasda həmçinin MŞ-nin qarşıdakı iki ay ərzində peşə etikasının müxtəlif istiqamətlərinə dair keçirəcəyi tədbirlər planı ətrafında da müzakirələr aparılıb. Müzakirələrdən sonra sənəd təsdiqlənərək icrasının həyata keçirilməsi üçün Şura Katibliyinə müvafiq təlimatlar verilib.

  

 

Firdovsi

 

Şərq.- 2009.- 25 aprel.- S. 3.