"Bütün ölkə partiyaları, birləşin"

 

Zahid Orucun təklifinə fərqli yanaşmalar var

 

Ölkədəki partiyalar arasında inteqrasiya, birləşmə prosesi getməlidir. Belə bir təkliflə Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc çıxış edib. O bildirib ki, referendumdan sonrakı dönəmdə Azərbaycanda platforması eyni olan təşkilatların bir araya gəlməsi güclü partiyalar sistemi kimi fəaliyyət göstərməsi zəruridir.

Lakin millət vəkilinin bu təklifi Azərbaycanda fəaliyyət göstərən partiyalar tərəfindən birmənalı qarşılanmayıb. Z.Orucun təklifinə münasibətini öyrəndiyimiz bir sıra partiya funksionerlərinin fikirlərini sizə təqdim edirik: 

 

Əli Orucov, Milli İstiqlal Partiyasının mətbuat katibi

 

- Partiyaların inteqrasiyası, birləşməsi kimlərinsə təklifindən asılı olan məsələ deyil. Bu, şəraitdən siyasi proseslərin gedişindən asılı olan məsələdir. Yəni bunun bir zamana ehtiyacı var. Düşünürəm ki, Azərbaycanda siyasi partiyaların mövcudluğu çox olsa da, onların siyasi proseslərə təsir imkanları demək olar ki, yoxdur. Eyni zamanda cəmiyyətə təsir imkanları çox zəifdir. Bunun da səbəbləri var. Ölkədəki siyasi sistem buna imkan vermir. Məhz bu baxımdan da yaxın dövr üçün hər hansı bir təmərküzləşmənin baş tuta biləcəyinə inanmıram. Əksinə, iri partiyalar getdikcə parçalanaraq daha da xırda partiyalara çevrilirlər. Burda səbəblərdən biri odur ki, bu gün siyasi partiyaların fəaliyyətini bəzi hallarda şəxsi maraq dairələrinə yönəldirlər. Partiyalar bir vasitə, bir alət kimi istifadə olunur. Ona görə birləşmə qətiyyən baş tutan deyil. Amma biz istərdik ki, birləşmələr, yaxınlaşmalar ideoloji əsaslar üzərində olsun. Əksinə olanda isə bu kimi qurumların mövcudluğu ya uzunmüddətli olması qeyri-mümkündür. Lakin ideoloji baxışları üst-üstə düşən, məqsədlərində, məramnamələrində yaxın olan siyasi qüvvələrin bir araya gəlməsi mümkündür bu proses daha sürətlə gedə bilər. Amma çox təəssüf ki, bu gün Azərbaycanda ideologiyaları bəlli olan partiyalar azdır.   

 

Nurəddin Məmmədli, Xalq Cəbhəsi Partiyasının sədr müavini

 

- Partiyaların birləşməsi ya ayrılması məsələsi çoxpartiyalı sistemlərin mövcud olduğu cəmiyyətlərdə çox tez-tez rast gəlinən bir proseduradır. Amma Azərbaycanda partiyaları birləşdirmək cəhdləri əksər hallarda deklorativ xarakter daşıyır məsələnin mahiyyətinə varılmır. Çünki birləşmə prinsip etibarilə bir neçə aspektin uzlaşması şəraitində mümkündür. Bunun birincisi ən başlıcası ideoloji prinsiplər üzrə uzlaşmadır. Yəni ideologiyası üst-üstə düşən partiyaların birləşməsi mümkündür. O şərtlə ki, onların maraqları da üst-üstə düşsün. Belə olan halda siyasi inteqrasiya daha böyük güc mərkəzlərinin yaranmasını zəruri edir ki, bu da nəticədə birləşməyə gətirib çıxarır. Mənə belə gəlir ki, Azərbaycanda çoxpartiyalı sistem mövcud olmadığına görə bu gün birləşmə ideyası da o qədər aktual deyil. Çünki birləşməni şərtləndirən ikinci şərt ondan ibarətdir ki, seçkidə məğlub olan təşkilat hər hansı qalib olan təşkilata inteqrasiya etməklə özünün cəmiyyətə təsir imkanlarını digər təşkilat vasitəsi ilə reallaşdırmağa çalışsın. Azərbaycanda keçirilən seçkilər müəyyən qanun pozuntuları ilə keçdiyinə görə, partiyalar real gücünü ortaya qoymaq imkanları olmadığına görə siyasi qurumların birləşmə perspektivi xeyli problemlidir. Mənim qənaətimcə, Azərbaycanda bu gün klassik anlamda ideoloji platforması üst-üstə düşən təşkilatlar var ki, onların birləşmə perspektivi var. Amma indiki məqamda bunu reallıq etmək mümkün deyil. Xüsusilə söhbət güclü partiyalardan gedəndə bu, daha da qeyri-real olaraq görünür.

 

Əli Əliyev, Vətəndaş İnkişaf Partiyasının sədri

 

- Mənə elə gəlir ki, birinci növbədə bu təklifi verən partiya özünü nümunə göstərməlidir. Yaxşı nümunədən sonra başqalarından nəsə gözləmək olar. vaxt hökumətin siyasətini eynilə həyata keçirən siyasi qüvvələr o nöqtədə olacaq, o vaxt da başqalarının birləşməsinin reallaşması baş tuta bilər. Bu, məsələnin bir tərəfi. O ki qaldı prosesin obyektiv qiymətinə, mən deyərdim ki, bütün siyasi gəlişmələr ancaq siyasi proseslər nəticəsində mümkün ola bilər. Yəni siyasi proseslərin özü maraqla izah edilən nəticəsi istənilən ola. Bu baxımdan mənə elə gəlir ki, əgər ölkədə obyektiv siyasi proseslər gedərsə ölkədə siyasi təşkilatların öz imkanlarını siyasi proseslər nəticəsində ortaya gətirməsi, məntiqi sonluğa yetişdirməsi olacaqsa, o vaxtda partiyaların birləşməsi, partiyaların böyüməsi kimi ciddi məsələləri müşahidə edə bilərik. Əks halda, vaxta qədər ki, ölkədə siyasi sistemin inkişafına təkan verilməyəcək, o vaxta qədər ölkədə hansısa obyektiv siyasi proseslərin getməsindən danışmaq sadəcə olaraq ya populizm, ya da hansısa maraqlara xidmətdir.  

 

Əhməd Oruc, Azadlıq Partiyasının sədri   

 

- Zahid Orucun təklifi Azərbaycan reallığıdır. Əgər onların təklifləri varsa, birinci özləri reallaşdırsınlar. Biri var mexaniki birləşmə haqqında fikirlər, biri var ki, ideya ətrafında birləşmə. Təəssüf ki, bu gün Azərbaycanda o məsələlərin, yəni partiyaların ideyalarının dərəcə fərqli olduğunu dərk edən, düşünən şəxslər çox azdır. Hətta politoloqların çoxusu partiyalar arasındakı ideoloji fərqləri belə görmürlər. Ona görə burada bütün partiyaların birləşməsindən söhbət gedə bilməz. Konkret eyni platformada olan partiyaların yaxınlaşmağından, mümkünsə, birləşməyindən söhbət gedə bilər. Hazırda Azərbaycanın arzuolunmayan vəziyyətidir ki, partiyaların ideya fərqlərini onların bir-birindən ilə fərqləndiyini heç kim başa düşmür. Başa düşənlər başa düşməyənlərə qoşulub.   

   

 

Seymur Qasımbəyli

 

Şərq.- 2009.- 28 aprel.- S. 7.