Dövlət büdcəsinə yenidən baxılması zərurətdir

 

Əli Məsimli hesab edir ki, neftin qiyməti ilə bağlı ziddiyyətlər var

 

 Yaxın vaxtlarda 2009-cu ilin büdcə layihəsinə Milli Məclisdə yenidən baxılacaq. Qeyd edək ki, 2009-cu ilin büdcə layihəsi qəbul edilərkən bəzi millət vəkilləri dünya bazarında neftin qiymətinin sürətlə aşağı düşməsini əsas gətirərək neftin qiymətinin bir barel üçün 50 dollar götürülməsini təklif etsələr də, hökumət bu təklifi qəbul etməyərək bir barel neft üçün 70 dollar proqnoz qiymət götürüldü.   

Bu ilin birinci yarısında dünya bazarında neftin qiyməti 40-47 dollardan yuxarı qalxmadığından büdcəyə yenidən baxılarkən neftin proqnoz qiymətlərinin də dəyişdirilməsinin gözlənildiyi bildirilsə də, MM-in İqtisadi-siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə büdcəyə baxılarkən neftin qiymətinə dəyişiklik edilməyəcəyini bildirib. Qeyd edək ki, 2009-cu ilin büdcə layihəsi qəbul edilərkən bir sıra investisiya layihələri büdcədən kənarda saxlanılmışdı. Bu baxımdan bu dəfə büdcəyə baxılarkən hansı sahələrdə dəyişiklik ediləcəyi maraq doğurmaya bilməz. Milli Məclisin İqtisadi-siyasət daimi komissiyasının üzvü, millət vəkili Əli Məsimlinin sözlərinə görə, hazırda büdcəyə yenidən baxılması ilə bağlı iki fikir var. Onun sözlərinə görə, birinci fikir ondan ibarətdir ki, əvvəlcədən də bildirildiyi kimi, may ayında büdcəyə yenidən baxılsın və orada müəyyən dəyişikliklər edilsin. Bunu konkret fikir kimi dəyərləndirən millət vəkili ikinci fikrin hökumətin qlobal maliyyə böhranı ilə bağlı dəyərləndirmə aparmasından sonra büdcəyə dəyişikliklər edilməsi ilə bağlıdır ki, Azərbaycanda birinci fikrin özünü doğrultması daha real görünür. Bununla belə millət vəkili büdcə layihəsində neftin qiyməti ilə bağlı ziddiyyətlərin olduğunu deyib. Onun sözlərinə görə, hələ 2009-cu ilin büdcə layihəsi müzakirə edilərkən çıxışlarda büdcədə neftin bir barreli üçün 70 dollar götürüldüyü bildirilsə də, çox maraqlıdır ki, bütün sənədlərdə bu günə qədər neftin bir barrelinin qiyməti 80 dollar seçilib. "Büdcə elə-belə sənəd deyil, qanundu. Orada bütün məsələlər əksini tapmalıdı"- deyən millət vəkili hesab edir ki, büdcəyə yenidən baxılarkən ilk növbədə bu məsələyə aydınlıq gətirilməlidi. Bununla belə millət vəkili büdcə layihəsində neftin qiyməti ilə bağlı proqnoz göstəricinin də dəqiqləşdirilməsini təklif edir. Onun sözlərinə görə, Rusiyada da 2009-cu ilin büdcə layihəsi qəbul edilərkən neftin qiyməti 90 dollardan da yuxarı həddə götürülmüşdü. Lakin sonradan Rusiyada da büdcə layihəsinə dəyişiklik edildi və neftin bir barrelinin qiyməti 41 dollardan götürüldü. Bunun da heç bir elmi əsaslandırılmasının aparılmadığını deyən Əli Məsimliyə görə, hazırda dünya bazarında neftin qiyməti 50 dollar həndəvərində olduğuna görə Azərbaycanda da büdcə layihəsinə baxılarkən qiymətin bu həndəvərdə götürülməsi lazımdı. Millət vəkili büdcə layihəsində digər məsələlərlə bağlı əksini tapan proqnoz göstəricilərin də özünü doğrultmadığını deyib. Onun sözlərinə görə, bu il ümumdaxili məhsul artımının 18,3 faiz olacağı proqnozlaşdırılsa da, bu göstəricinin özünü doğrultması qeyri-mümkündü. "Çünki dünyada maliyyə böhranının getdiyi bir vaxtda ümumdaxili məhsul artımının 18 faiz olması qeyri-mümkündü"- deyən millət vəkili ümumdaxili məhsul artımının 8 faiz götürülməsini daha məntiqli hesab edir. Bununla belə o hesab edir ki, sosial məsələlərlə bağlı xərclərə dəyişiklik edilməməlidi. "Bizdə çox qəribə bir ənənə formalaşıb. Bizdə bir zavod, ya müəssisə bağlanılan kimi, içi mən qarışıq, bütün ekspertlər bunu geniş şəkildə müzakirə edirlər. Ziyanı barədə danışırlar. Ancaq tibbi sığorta haqqında qanun qəbul edilsə də, işləyə bilmir. Elə imkansız insanlar var ki, onların çox ağır xəstəlikləri var. Hansı ki bir əməliyyatın qiyməti 8-10 min manata başa gəlir. Belə çıxır ki, imkansız və belə xəstəliyi olan insanlar pulları olmadığına görə ölməlidirlər. Biz buna yol verməməliyik. Ona görə də hesab edirəm ki, büdcədən ehtiyacı olanların tibbi sığorta xərcləri üçün bir neçə milyon manat vəsait ayrılmalıdır".

  

 

Vüsalə Rafiqqızı

 

Şərq.- 2009.-28 aprel.- S. 5.