Məmməd Arazın vəfatından 5 il ötdü

 

Dünən Xalq şairinin Fəxri Xiyabandakı qəbri ziyarət olunub

 

Dünən Azərbaycanın xalq şairi Məmməd Arazın ölümündən 5 il ötdü. Bu münasibətlə yaxınları, doğmaları, ailə üzvləri ziyalılar Məmməd Arazın Fəxri Xiyabandakı qəbrini ziyarət edib, şairin məzarı önünə tər çiçəklər düzüblər.  

Xalq şairinin ruhuna dualar oxunub, xatirələr söylənilib. Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin, millət vəkili Aqil Abbasın, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının da iştirak etdiyi tədbirdə M.Arazın həyat fəaliyyəti haqqında danışılıb qeyd olunub ki, şairin qələmə aldığı poeziya nümunələri onun istedadı, mənəvi aləmi şəxsiyyəti haqqında ətraflı məlumat verir.  

Xatırladaq ki, görkəmli şair, tərcüməçi publisist Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Naxçıvan MR-nin Şahbuz rayonunun Nurs kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb. Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat kurslarının müdavimi olub. "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləyib. 1957-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olub, əməkdar mədəniyyət işçisi (1978), əməkdar incəsənət xadimi (1984), Azərbaycanın xalq şairi (1991) fəxri adlarına, "İstiqlal" ordeninə layiq görülüb. 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. "Sevgi nəğməsi", "Üç oğul atası", "Araz axır", "Mən səni taparam", "Aylarım, illərim", "Dünya sənin, dünya mənim" və digər bu kimi şeirlər kitabının müəllifidir. 1993-cü ildən onun adına "Məmməd Araz" mükafatı təsis olunub. Xalq şairi 2004-cü ilin dekabrında dünyasını dəyişib.

    

 

Anar

 

Şərq.- 2009.- 2 dekabr.- S. 6.