Seyran Səxavət:
"Bütün şair və yazıçı dostlarıma
Qarabağdan yazmağı qadağan edirəm"
"Qarabağ dövlətin mövzusudur"
"Hamımız yatmaqla məşğuluq"
Yazıçı Seyran Səxavətlə
görüşməzdən əvvəl öyrəndim ki,
1500-dən çox müsahibə verib. Düşündüm
ki, 1500-dən çox müsahibə verən bir adamdan
müsahibə götürmək o qədər də asan
deyil. Buna baxmayaraq Seyran Səxavətə düşüncəmə
görə daha fərqli suallarla müraciət etməyi qərara
aldım. Müsahibəni " ŞƏRQ"in oxucularına
təqdim edirəm.
- Seyran müəllim, sirrini sirdaşa
verməyən dünyanın çoxmu sirrini bilirsiz?
- Mənim payıma düşən, dünyanın mənə məxsus olan ərazisində deyəsən, bəzi sirləri bilirəm. İnsan Yer üzündə yaşayır, yaradır, dünyadan gedir ... Bu proses əsrlərlə davam etməkdədir və beləcə davam edəcək. Bu böyük müddətlə müqayisədə insan dünya haqqında ümumiyyətlə, heç nə bilmir. "İntibah dövrü", "Sivil bəşəriyyət", ovaxtkı "Tərəqqipərvər bəşəriyyət", bax, bunlar hamısı nə olubsa, onu böyük bir yenilik kimi qələmə veriblər, amma əslində təbiətin, Yer kürəsinin, dünyanın demək olar ki, heç sirrinə yaxın da dura bilməyiblər və heç bu, mümkün də deyil". Bəşəriyyət irəli gedib" və başqa bu kimi deyimlər, mən deyərdim, sadəcə, özünü sakitləşdirmə üsuludur, burada bir təskinlik çaları var.
- Ölümdən qorxursuzmu?
- (Fikrə gedir.) Dünyanı az-çox dərk eləyən adam gərək ölümdən qorxmasın. Ölüm qorxusu başqa şeydi, həyat eşqi başqa şeydi. Hamı yaşamaq istəyir. Mən də ... Tutaq ki, insan ölümdən yox, nədənsə qorxursa, onun da bir mənası olmalıdır ki, niyə qorxur və bu qorxunun bir xeyri varmı, bu, vəziyyəti dəyişə bilərmi? Əslində, ölümdən qorxmaq mənasızdır. Mən bilən, nə vaxtsa kimsə bir səhv eləyib və indi bütün bəşəriyyət də onu təkrar eləyir; " ölüm qorxusu" ... Məncə, hamı başa düşür ki, ölümdən qorxmağın heç bir xeyri yoxdur. Ölüm vaxtı gələndə adamın əlindən tutur və onu söhbət eləyə-eləyə aparır. İnsan ölmək istəmirsə, məncə, buna səbəb ölüm qorxusu deyil, həyat eşqinin güclü olmasıdır. İnsan dünyaya gəlir, ağacları görür, quşları görür, Orxanı görür, qəzetləri görür ... Hər halda maraqlıdır. Sadəcə, bunlarla vidalaşmaq istəmirsən. Mən belə başa düşürəm.
- Hər hansı bir hadisəyə münasibətini bildirib qorxmaq çətindi, yoxsa susub vicdan əzabı çəkmək?
- Əvvəla, sualın ikinci hissəsindən
başlayaq, gələk birinci hissəsinə. Susan adam
heç vaxt vicdan əzabı çəkmək imkanı
olmayan bir adamdır. Bu,
artıq "peşəkar susan
adam"dı. Vicdanı olan adam susmaz. Amma qaldı sualın birinci hissəsinə ki nəyəsə
münasibət bildirirsən, hər hansı bir hadisəyə,
hər hansı bir adama və sonra təzyiqlərə məruz
qalırsansa, bu sənin taleyindi. Əslində
insanı möhkəmləndirən, onu formada saxlayan, ona
hörmət gətirən, onu ictimaiyyətdə bütün
boy-buxunuynan göstərən elə hər şeyə
münasibət bildirməsidir və bundan heç də qorxmaq
lazım deyil. Bu taledi.
- Heç kimin cəsarət edib deyə bilmədiyi
sözü siz deyibsizmi?
- Mən elə böyük bir missiyanı öz üzərimə götürmək istəmərəm. Bu, təvazökarlıqdan uzaq olar. Mən öz fikrimi həmişə bildirmişəm. Gözləməmişəm ki, kimsə bunu deyib, ya deməyib. Bəli, olub ki mən öz sözümü hamıdan qabaq demişəm. Olub ki, məndən qabaq kimlərsə nələrisə deyib. Yəni burada növbə məsələsi bir az sxematik bir şey olardı və quru bir şey olardı. Ona görə də mən heç ona fikir verməmişəm. Məqamında, zamanında tutaq ki, hər hansı bir əsəri də yazmışam, məqamı, zamanı gəlib sənin kimi bir gənc jurnalist müraciət eləyəndə fikrimi bildirmişəm və yaxud demişəm ki, bu, mənim üçün maraqlı deyil, bu, mənim maraq dairəmdən çox aralı bir şeydi.
- Yazıçı cəsarəti nə deməkdir?
- Bilirsən, onu mənim deməyim yaxşı çıxmaz, onu oxucular daha yaxşı deyər. Ümumiyyətlə, yazıçı çox danışmaz, yazıçı yazar, yazılan əsərlərdə cəsarətin dozası hansı səviyyədədi, adamlar, oxucular üçün nə qədər maraqlıdı, bax, bütün bunları oxucuların özləri yaxşı bilər. İndi çox deyirlər: cəsarətli yazıçı, cəsarətli dövlət xadimi, cəsarətli rəssam ... Bilirsən, oğul, bizdə həqiqəti demək o qədər dibsiz bir şəkil alıb ki, bir adam deyəndə ki "qatıq ağdı", elə bilirlər bu cəsarətdi. Əslində bu cəsarət deyil. Cəsarət tamam başqa bir şeydi.
- Siz Seyran müəllim, yazıçı Seyran Səxavətdə hansı qüsurları görürsüz?
- Maraqlı sualdı. Mən demək olar ki, son dərəcə qüsurlu bir adamam. Qüsurlarım çoxdur. Amma sadəcə olaraq mənim qüsurlarımla qeyri-qüsurlarımı, yəni yaxşı cəhətlərimi tərəziyə qoyanda, yaxşı cəhətlər bir az ağır gəlir, üstün gəlir və bu ağır gəlmək hesabına da mən yaşayıram, insanlarla ünsiyyətdə oluram. Bax, belə.
- Allah nə yaratdı, gözəl yaratdı, nə etdi, gözəl etdi. Sizcə də belədirmi?
- Bu fikrə bir az konkret cavab verim. Mən təzə bir roman yazmışam. "Yəhudi əlifbası" adlı roman. İnşallah, yazda çap olunacaq. O romanda sənin
bu sualınla bağlı cavab var. Çox konkret bir
cavabdır. O cavab nədir və nədən ibarətdir? Mən
o fikirlə razıyam ki, Allah nə yaradıbsa, gözəl
yaradıb, dağları da, ağacları da, quşları
da, hər şeyi də... Amma son vaxtlar,
xüsusən iyirmi birinci əsrin əvvəllərində
yazıçı kimi məni düşündürən və
maraqlandıran bir problem var; deyəsən, Allah insanı o qədər
də mükəmməl yaratmayıb, baxmayaraq ki, yaradanda vəcdə
gəlib və yaratdığı ilə öyünüb, fəxr
eləyib. Mənə elə gəlir ki,
indi Allah öz yaratdığından heç özü də
razı deyil. Bu mənada ki, Yer kürəsində
baş verən hadisələri götürsən, bir cəmiyyətdə,
bir şəhərdə, bir kənddə adamların bir-birinə
olan qəliz, soyuq, inadkar, hikkəli münasibətləri
fonunda götürəndə görürsən ki, Allahın
yaratdıqları içərisində, o gözəl
yaratdıqları içərisində ən
nöqsanlısı insandır. Birmənalı
şəkildə belədir.
- "Mən Allahın Seyran Səxavət
adlı ssenarisiyəm" deyir Seyran Səxavət. "Allahın Seyran Səxavət adlı
ssenarisi"ndə bir qüsur varmı? Varsa,
nədir?
- Yox, heç bir qüsur yoxdu. İndi deyəcəm
niyə. Çünki bu, Allahın
yazdığı ssenaridir. Ona görə
də mən burada qüsur görə bilmərəm.
Hiss eləməmişəm. Amma bu, məsələnin ikinci tərəfi,
"Seyran Səxavət adlı ssenari"dəki Seyran Səxavətin
qüsuru var, ya yoxdur, o, artıq başqa şeydi.
- Azərbaycan ədəbi mühiti
dünya ədəbi mühiti yanında uzaqbaşı yataq
otağına bənzəyir, hamımız yatmaqla məşğuluq".
Siz belə demisiz. Dahi Sabir deyib
ki:
Səs salma, yatanlar oyanar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə
oyatsın.
Yatmışların oyanmasını istəməyənlər
varmı?
- Çox gözəl sualdı. Elə təbəqələr,
elə adamlar, elə fərdlər var ki, xalqın
yatmağı onlara həddindən artıq çox sərf eləyir.
Təbii ki, sərf eləyəndən sonra da
onlar heç vaxt istəməz ki, xalq oyansın və
ömrü boyu xalqa "layla" deməyə
hazırdılar. Söhbət təkcə
Azərbaycan xalqından getmir, ümumiyyətlə, Yer
üzündəki bütün xalqlardan gedir. Amma burda bir şey var də, bizim
nağıllarımızda da, dastanlarımızda da, elə
el arasında da, kənddə-kəsəkdə deyirlər ki,
"filankəs çox sərvaxt yatır". Yəni bir şıqqıltıya oyanır. İndi yatırıqsa, heç olmasa, sərvaxt
yataq da ... Bir şıqqıltıya oyanaq heç olmasa.
Yoxsa bir qədim xalq mahnısında deyildiyi kimi:
" Qalada yatmış idim, top
atdılar,
Oyanmadım.
Saz ilə, söhbət ilə oyatdılar,
Oyanmadım."
Yəni yatmaq həm fərdi şeydi, həm
intim şeydi, həm də bunun bir ümumiləşməsi
yoxdu. Amma küll halında, bəli, o mən dediyim
söz ki "Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı
sarayının yataq otağına oxşayır" bu, təkcə
Azərbaycan ədəbiyyatına aid deyil, elə bizim
xalqımıza da aiddi. Yəni xalq
özü-özünü təşkil eləməlidir.
Xalqı Allah yaradır, belə deyək,
yaradır atır Yer üzünə, ondan sonrası xalqın
özündən asılıdır. Bu,
ayrı-ayrı fərdlərə də, adamlara da bir-bir aiddi
və təbii ki, xalq da adamlardan ibarətdi. Adam özü-özünü təşkil eləməlidir.
Milli şüurun qayğısına
qalınmalıdır. Bunun
üçün dünyaya yaxşı mənada qoşulmaq
lazımdır. Hər şeyi kor-koranə
götürə bilmərik. Biz elə şeyləri
götürməliyik ki, o, sonradan heç olmasa, 51 % bizimki ola bilsin. Bu, çox əhatəli
və geniş bir sualdır. Oyanış
prosesi də belədir ki, əgər bu xalqın qulağı
ağır eşidirsə, gözləri o qədər də
yaxşı görmürsə, duyğu üzvləri
bütün qüdrətiynən işləmirsə, artıq
oyanmaq çox çətindir.
- Belə deyirlər ki, "Azadlıq ağacı"
insan qanı ilə suvarılmalıdır. Bu
fikrə münasibətiniz?
- Qanla suvarılan "Azadlıq ağacı"nın kölgəsində rahat dincəlmək
olmaz. Bəlkə də olar, ancaq mən dincələ
bilmərəm.
- Qanla "Azadlıq ağacı"nı
suvarmaq istəyənlərin özləri neçə qram qan
verə bilər?
- Mən bilən o sözü deyən adam
mütləq öz qanından keçər.
- Sizcə, çadır şəhərcikləri olan
bir millətin villalarda yaşayan şair və
yazıçıları xoşbəxtdirmi?
- Bilirsən, xoşbəxtlik mücərrəd bir
şeydi. Onun hər bir fərd üçün
öz dozası, öz anlamı var. Əgər villalarda
yaşayanlar o villalarda yaşamağa başlamamışdan
qabaq bu xalqın halallığını alıblarsa, mən də
onlara halallıq verirəm. Yox, əgər
almayıblarsa, özləri bilsin, Allah bilsin.
- Könlünüz Qarabağdan keçəndə
hansı hissləri keçirirsiz?
- Mən qarabağlıyam. Füzuli
rayonunun Yuxarı Yağlıvənd kəndindən, Koxalı
obasından, Muradxanlı tayfasındanam. Ümumiyyətlə,
Qarabağ və hisslər anlamını mən bu gün qəbul
eləmirəm. Belə bir deyim də var
ki, "yazıçılar, şairlər Qarabağdan az
yazırlar". Mən birmənalı şəkildə
bütün şair və yazıçı dostlarıma
Qarabağ haqqında bir şey yazmağı qadağan edirəm!
Çünki bu, ədəbiyyat mövzusu deyil.
Qarabağ dövlətin mövzusudur, Müdafiə
Nazirliyinin mövzusudur və küll halında bütün
xalqın mövzusudur. Məqamı gələndə.
Könlüm Qarabağdan keçəndə mən
hansı hissləri keçirə bilərəm? Bu hisslər dilə gəlmir. Əslində dilə
gəlməyən şeylərə hiss deyirlər də... Doluram, bir yaxşı muğam eşidəndə
ağlayıram, partlayıram, görürəm ki çox pisəm,
sonra özümü birtəhər ələ alıram (Bu
sözləri deyərkən Seyran müəllim kövrəlir,
lakin söhbətin əvvəlində olduğu kimi, qürur
və təmkinlə söhbətə davam edir). Nə qədər
ki, Qarabağ işğal altındadır, mən
özümü kişi hesab eləmirəm!
Qarabağ Azərbaycanın onurğa
sütunudur. Bunu izah etməyə ehtiyac
yoxdur. Torpaqlarımız nə qədər ki erməni
tapdağı altındadır, mən özümü kişi hesab eləmirəm! Ancaq
Azərbaycan mənimlə qurtarmır. Azərbaycanda
əhalinin sayı səkkiz milyon üç yüz mini
keçib, düzdürmü, oğul? Bu səkkiz milyon
üç yüz min əhalidə nə qədər kişi varsa və onlar bu məsələni necə
fikirləşirlərsə, yenə özləri bilər.
Şərq.- 2009.- 7 fevral.- S. 5.