Qəbul qaydalarına dəyişiklik
edilib
Bundan sonra abituriyentlərin attestat
qiymətləri də nəzərə alınacaq
2009/2010-cu tədris ili üçün respublikanın ali və orta ixtisas məktəblərinə qəbul qaydalarına bir sıra dəyişikliklər edilib. Bu barədə jurnalistlərə açıqlama verən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib ki, bu dəyişiklik imtahandan sonrakı prosedura aiddir.
Onun bildirdiyinə görə, əvvəlki illərdə müsabiqə zamanı ümumi balı eyni olan abituriyentləri ali məktəblərə yerləşdirmək çətinlik törədib: "Bunun üçün müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyentin hamısını qəbul planı çərçivəsində yerləşdirmək mümkün olmadıqda nəzərə alınan göstəricilər siyahısına "əsas fənlər üzrə attestat qiymətlərinin cəmi" də daxil ediləcək. Çünki qəbul planında yerlərin sayını artırmaq və yaxud da azaltmaq mümkün olmur. Biz çox istəyərdik ki, attestat qiymətləri yerləşdirmə zamanı ali məktəblərə qəbulun nəticələrinə təsir etsin. Uzun illərdir araşdırma aparırıq ki, attestat qiymətləri imtahanda göstərilən bilik səviyyəsinə uyğundur, yoxsa yox. Son illərdə bu sahədə müəyyən müsbət dəyişikliklər müşahidə olunur. İndi "əla"çı məzunların sayı kəskin şəkildə azalır. Bu uşaqlar ali məktəbə qəbul zamanı doğrudan da yaxşı nəticə göstərənlərdir. Bununla yanaşı, hələ də ayrı-ayrı fənlərdən "əla" qiymət alanlar arasında 50 baldan aşağı nəticə göstərən abituriyentlər var. Bu səbəbdən ali məktəbə qəbul imtahanlarında eyni nəticə göstərmiş abituriyentlərin attestat balının nəzərə alınması zəruridir. Birinci mərhələdə əsas fənlərdən nisbi balların cəmi hesablanacaq. Çünki ötən il həm əsas fəndən attestat balı, həm də imtahandan topladığı balları eyni olan 1000 abituriyent vardı. Ona görə də bu il yerləşdirmə zamanı abituriyentin əsas fənlərdən topladığı baldan başqa attestatda həmin fənlərə aid olan qiymətlərin cəmi də müqayisə olunacaq. Bu isə o deməkdir ki, imtahanda 500 bal toplayan və əsas fəndən bərabər nəticə göstərən abituriyentlər attestatdakı ümumi ballara görə üstünlük qazanacaq. Çox istərdik ki, gələcəkdə eyni balları olan abituriyentləri yerləşdirmə zamanı nisbi balları deyil, yalnız attestat balı müqayisə edilsin". TQDK sədri xüsusi qabiliyyət tələb edən pedaqoji, idman və texnoloji dizayn ixtisasları üzrə müsabiqə isə test imtahanlarının nəticələrinə əsasən aparılacaq: "Bu ixtisaslar üzrə qabiliyyət imtahanlarının nəticələri "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir. Digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə isə abituriyentlərin qabiliyyət imtahanlarında topladığı orta bal əsasında aparılacaq. Amma bu zaman abituriyentin müsabiqəyə buraxılması üçün onun qabiliyyət imtahanındakı orta balı və test imtahanında topladığı ümumi bal TQDK-nın müəyyən etdiyi tələblərə uyğun olmalıdır". M.Abbaszadə rəhbərlik etdiyi qurumun xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərə elmi-metodiki kömək məqsədilə vəsaitlər çap etdirdiyini də söyləyib: "Həmin vəsaitlər artıq satışdadır. Vəsaitdəki materialların həcmi geniş olduğundan onların abituriyentlər tərəfindən asan qavranılması, kitabçalar ixtisasların istiqamətinə uyğun olaraq 5 hissəyə ayrılıb. Təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətləri üzrə ayrı-ayrı kitabçalar çap olunub. Burada qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, imtahan proqramları, qiymətləndirmə meyarı və digər məlumatlar verilib. Bildirmək istəyirəm ki, 9 illik əsas təhsil bazasından orta ixtisas məktəblərinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müvafiq materiallar ilk dəfədir ki, nəşr olunur".
Anar Bayramoğlu
Şərq.- 2009.- 11 fevral.- S. 8.