Təhsil Nazirliyi reydlərə başlayıb

 

Bəzi məktəblərdə 11-ci sinif şagirdləri dərslərə qatılmırlar

 

 Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyətini yoxlamaq bu sahədəki vəziyyəti öyrənmək üçün paytaxtın orta məktəblərində reydlərə başlayıb. Bu barədə jurnalistlərə açıqlama verən təhsil naziri Misir Mərdanov deyib ki, yoxlamalar, həmçinin vahid məktəbli formasının tətbiqi vəziyyəti, müəllimlərin dərsə hazırlıq səviyyəsi, sinif jurnallarında qeydiyyat məsələləri ilə bağlıdır.    

   Nazirin sözlərinə görə, hazırda 80 məktəbdə yoxlamaların ilkin nəticələri məlumdur: "Həmin məktəblərin bəzilərində bir sıra nöqsanlar qeydə alınıb. On orta məktəbdə 11-ci sinif şagirdlərinin bir qisminin dərslərdə iştirak etmədiyi, bir neçə məktəbdə isə müəllimlərin sinif jurnallarını vaxtlı-vaxtında yazmadığı müəyyənləşib. Hazırda nazirliyin işçiləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları ilə birlikdə reydləri davam etdirir. Yoxlamalar başa çatdıqdan sonra davamiyyəti aşağı olan şagirdlər onların müəllimləri barədə müvafiq tədbirlər görüləcək. Sinif jurnallarını yazmayan müəllimlərə qarşı da inzibati cəza metodları tətbiq olunacaq".  

   M.Mərdanov açıqlamasında onu da qeyd edib ki, yaxın vaxtlarda orta məktəblərin 9-cu siniflərində buraxılış imtahanları rəhbərlik etdiyi qurum tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək: "Eyni zamanda ibtidai təhsildən əsas məktəbə qəbulun da mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılması planlaşdırılır. Bu yeniliklər mütləq tətbiq olunacaq. Yeniliklər əvvəl 9-cu siniflərdə, bir neçə il sonra isə ibtidai təhsildə aparılacaq. Bu işə vaxt başlayacağımız hələ dəqiqləşməyib. Amma ümumtəhsil məktəblərində bir pillədən digər pilləyə keçid mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılmalıdır. Təhsil sistemindəki islahatlar mövcud vəziyyət bunu tələb edir. Düşünürəm ki, buraxılış siniflərdə imtahanların test üsulu ilə mərkəzləşdirilmiş qaydada keçirilməsi təhsilin inkişafına müsbət təsir göstərəcək. Belə olan halda həm şagirdlər onların valideynləri, həm məktəb rəhbərləri məzunların daha çox bilik əldə etməsində maraqlı olacaq. Çünki vahid qaydada keçirilən imtahanlarda uğur qazana bilməyən şagirdlər növbəti pillələrdə təhsili davam etdirmək imkanlarını itirirlər". Orta məktəb müəllimlərinin işə qəbulu üçün yeni qaydaların növbəti dərs ilinin əvvəlinədək hazır olacağını vurğulayan nazir qaydalarda müəllimlərin işə qəbulu zamanı subyektiv amillərin olmayacağını söyləyib: "Müəllimlərin işə qəbul olunması prosesinə heç kəs təsir edə bilməyəcək. Yəni müəllimlərin işə qəbul edilməsi kiminsə vasitəçiliyi, başqa amillərə yox, onun pedaqoji keyfiyyətinə əsaslanacaq. Müəllimlərlə söhbət, sənədləri ilə tanışlıq da elektron vasitələrlə aparılacaq. Vakant yerlərə işə qəbul üçün müəllimlərin hansı məktəbi bitirməsi, müraciət olunan təhsil müəssisəsində vakant yerin olub-olmaması digər məsələlərlə bağlı məlumat toplandıqdan sonra müsabiqə elan ediləcək. Müəllimlərin vakant yerlərə təyininin xüsusi proqram vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur". M.Mərdanov rayon təhsil şöbələrinin ibtidai sinif müəllimlərinin bolluğundan şikayətlənməsinə münasibət bildirib: "Hazırda bu məsələ ciddi problemdir. Müəllimlərin işə qəbuluna dair yeni qaydaların hazırlanmasının bir səbəbi elə bununla bağlıdır. Ali orta ixtisas məktəblərində ibtidai sinif müəllimi ixtisasına tələbə qəbulunun müvəqqəti dondurulması məsələsi diqqətimizdədir. Ola bilsin bu məsələyə elə bu ildən baxılsın. Çünki doğrudan da Azərbaycanda ibtidai sinif müəllimlərinin sayı həddindən artıq çoxdur. Bu hal onların işlə təminatında da ciddi problem yaradır. Onu da demək istəyirəm ki, orta məktəblərdə çalışan ibtidai sinif müəllimlərinə treninqlərin keçirilməsi nəzərdə tutulur. Biz ibtidai sinif müəllimlərinin kütləvi ixtisarının tərəfdarı deyilik. Müəllimlərin işsiz qalmasını istəmirik. Müəllimin işdən azad edilməsi problemin həlli demək deyil. Məsələ problemin köklü həll olunmasından gedir".

 

 

Anar Bayramoğlu

 

Şərq.- 2009.- 12 fevral.- S. 8.