53 ilin Novatoru"
Azərbaycan Televiziyası birinciliyini daim saxlayır
53 il əvvəl
soyuq fevral günlərinin birində Azərbaycan insanı həyatında
o vaxta qədər görmədiyi maraqlı bir hadisənin
şahidi oldu. 1956-cı il fevralın 14-də
Bakı Televiziya Studiyası ilk dəfə efirə
çıxdı. İndi evlərimizin bir növ daimi
"sakinləri"nə çevrilən televizorlar o
dövrdə hər mənzildə olmadığından bəzən
bütün qonşular bir yerə toplaşıb bu "sehrli
qutu"da baş verən yeniliyi - efir inqilabını
böyük maraqla seyr edirdilər.
İlk dəfə
Bakı televiziya studiyası kimi tamaşaçıların
görüşünə gələn Azərbaycan
Televiziyası (AzTV) yarandığı gündən təkcə
insanların dünyagörüşündə dəyişiklik
etmədi, həm də onları bir-birinə daha da
yaxınlaşdırdı. Efirə
çıxdığı gündən üzərinə
böyük missiya götürən AzTV bu gün uğurlu
inkişaf yolu keçir. Biz də bu günlərdə
yolumuzu Azərbaycan Televiziya və Radio Verilişləri
Qapalı Səhmdar Cəmiyyətindən saldıq ki, həm
qurumda olan dəyişikliklərlə, həm də orada
çalışan həmkarlarımızın işi ilə
yaxından tanış olaq.
Bu dəfə
AzTV-də tamamilə başqa mənzərə ilə
rastlaşdıq. İllərdən bəri
çoxlarının təsəvvüründə
keçmişin qalığı kimi formalaşan AzTV artıq
yeni, modern bir kanala çevrilib. Son 3 ildə
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar
Cəmiyyətinin sədri Arif Alışanovun həyata
keçirdiyi uğurlu islahatlar nəticəsində telekanal
yeniləşib və inkişaf mərhələsinə qədəm
qoyub. Onun gəlişindən sonra AzTV-nin
strukturu sistemləşdirilmiş şəkildə fəaliyyət
göstərməyə başlayıb. Müəllif
Proqramları və Xüsusi Layihələr Departamenti,
Maarifçilik Studiyası, Dövri Nəşrlər və
Sosioloji Araşdırmalar Mərkəzi, Hüquq Departamenti və
Mətbuat Xidməti kimi strukturlar məhz Arif Alışanov tərəfindən
yaradılıb. "Gənclik, Hərbi-vətənpərvərlik
və Uşaq verilişləri" redaksiyaları birləşdirilib.
Musiqi verilişləri redaksiyası hazırda "Musiqi və
əyləncəli proqramlar" baş redaksiyası, 10 il
"Gənclik" redaksiyasının tərkibinə daxil
olan "İdman proqramları" indi müstəqil redaksiya
kimi fəaliyyət göstərir. AzTV-də olarkən
gördüyümüz və eşitdiklərimizlə sizləri
də yaxından
Makinadan "news-room"a qədər keçən
yol
"Xəbərlər"
İnformasiya Proqramları Studiyasının direktoru Faiq
Hüsiyevin sözlərinə görə, bütün
kanallarda olduğu kimi AzTV-də də cəmiyyətin informasiya
ilə təmin olunması, operativ məlumatların
tamaşaçıya çatdırılmasında əsas
yük "Xəbərlər"in üzərinə
düşür. Gün ərzində "Xəbərlər"
altı dəfə Azərbaycan, bir dəfə rus və
ingilis dilində efirə çıxır. "Xəbərlər"in müxbir postları da
hüdudlarını genişləndirib. Onlar
7 xarici ölkədə də fəaliyyətdədirlər.
F.Hüsiyev "Xəbərlər"in keyfiyyətinin
yüksəlməsinə təsir edən əsas amillərdən
də danışıb. Bildirib ki,
İnformasiya Departamenti tam şəkildə kompyuterləşdirilib.
AzTV-də aparılan quruculuq işləri təkcə
inzibati binanın və otaqların təmir olunmasından ibarət
olmayıb. Son üç ildə telekanalda əməkdaşlara
normal iş şəraitinin yaradılması, onların əməyinin
stimullaşdırılmasından tutmuş, ən müasir
avadanlıqların alınmasına qədər hər bir
işə teleradionun rəhbəri Arif Alışanov
özü şəxsən nəzarət edib. Ən
böyük yeniliklərdən biri isə AzTV-nin "Xəbərlər"
proqramının əməkdaşları üçün
60-a yaxın kompyuterlə təchiz olunmuş "news-room"
yaradılması olub. Bu, elə ilk gündən
həm işçilərin normal işləməsi, həm də
işin keyfiyyətinin yüksəldilməsinə öz
müsbət təsirini göstərib. Çünki
indi montaj, baxış və arxiv otaqları
"news-room"la bir məkanda yerləşir. Odur ki, "Xəbərlər"in əməkdaşları
"news-room"dan çıxmadan montaj otaqlarında xəbərlərini
hazırlamaq, arxiv materiallarına baxmaq imkanı qazanıblar.
Əvvəllər isə "Xəbərlər"də
cəmi bir kompyuter olub. AzTV-nin təcrübəli
əməkdaşları deyirlər ki, Arif Alışanov sədrliyə
gələnə qədər burada hətta keçmiş
sovet dövründən qalan makinalardan da istifadə
edilirmiş. Onların sözlərinə
görə, ölkəmizin ən çətin dövrlərində
AzTV-nin maddi-texniki bazasının qorunub saxlanmasında Arif
Alışanov böyük rol oynayıb. "Əgər
onun qətiliyi olmasaydı, maddi-texniki bazadan əsər-əlamət
qalmazdı. 2006-cı ilin yayından isə
bütün texniki qüsurlar aradan qaldırılıb və
AzTV müasir texnologiya ailəsinə qovuşub". Ölkədə keçirilən irimiqyaslı daxili
və beynəlxalq tədbirlərin, dövlət əhəmiyyətli
görüşlərin yayımında əsas yük AzTV-nin
üzərinə düşdüyündən "Xəbərlər"də
müasir rəqəmsal avadanlıqlarla təmin olunmuş
ayrıca 3 montaj otağı mövcuddur. Ümumiyyətlə
isə Azərbaycan Televiziyasında IMX tipli rəqəmsal
avadanlıqlarla təchiz olunmuş 17 qeyri-xətti montaj
stansiyası qurulub. Ötən ilin
sentyabrında iki yeni səyyar telestansiya (STS) alınıb.
Rəqəmsal texnologiya işləyən bu
STS-lər 8 və 10 kamera vasitəsilə eyni vaxtda aparılan
çəkilişi idarə edir. Bundan
başqa, dövlət başçısının ölkədaxili
və xarici səfərlərinin görüntüləri peyk
rabitəsi ilə AzTV-yə ötürülür. Məhz bu cür yüksək texnoloji imkanlara və
peşəkar yaradıcı heyətə malik olmasına
görə son dövrdə Azərbaycanda baş verən
bütün irimiqyaslı hadisələrin çəkilişi
demək olar ki, yalnız AzTV-yə həvalə və etibar
olunur. AzTV isə bu imkanlarından təkcə
özü yararlanmır, digər telekanalların da bu kadrlardan
yararlanmasına şərait yaradır.
Kiçik heyət -
böyük keyfiyyət
İctimai-siyasi
proqramlar redaksiyasının rəhbəri İbrahim Məmmədovla
söhbət zamanı onun söylədikləri bizdə bu təəssüratı
yaratdı. İbrahim bəyin sözlərinə görə,
hazırda 6 nəfər telejurnalist, 7 nəfər rejissor və
texniki heyətlə efirə 5 proqramla çıxırlar.
İbrahim Məmmədov Azərbaycan
televiziyasına gəlişi zamanı gördüyü vəziyyətlə
hazırkı dövr arasında olan fərqdən də
danışdı. Burada 50-60 nəfər
çalışsa da, keyfiyyətli proqram
anlayışından danışmaq mümkün deyilmiş.
İctimai-siyasi proqramlar redaksiyasının əməkdaşlarının
fərdi iş kompyuteri isə ümumiyyətlə olmayıb.
"XXI əsrdə daxili və xarici siyasəti
işıqlandıran redaksiyada cəmi 1 kompyuter var idi. İnternetdən isə ümumiyyətlə,
söhbət gedə bilməzdi". Məhz Arif
Alışanov rəhbərliyə gələndən sonra
"Xəbərlər" kimi, bu redaksiyanın əməkdaşları
da fərdi iş kompyuteri və fasiləsiz internetlə təmin
olunublar. Hazırda onlar dünyada baş verənləri
CNN, BBC və digər xarici kanallar vasitəsilə də izləmək
imkanına malikdirlər. Son üç ildə
aparılan islahatların işin keyfiyyətinə də
müsbət təsir göstərdiyini söyləyən həmkarımızı
ən çox razı salan isə A.Alışanovun rəhbərliyə
gələn gündən AzTV-də mövcud olan neqativ
halların birmənalı şəkildə ləğvinə
nail olmasıdır. Odur ki, televiziyanın əsas
qurumlarından biri olan ictimai-siyasi proqramlar departamentinin əməkdaşları
hər gün işə nikbin əhval-ruhiyyə ilə
başlayıb, eləcə də başa vururlar. Bu cür əhvalda qalmağa yorğunluq belə mane
olmur, yeni ideya və layihələr barədə
düşünürlər. İbrahim Məmmədov
deyir ki, jurnalist üçün lazım olan şərait
yaradılanda onun gördüyü işin keyfiyyəti də
yüksək olur. Həmkarımız onu
da söylədi ki, AzTV-də yaradıcılıq fəaliyyətinə
heç bir əngəl yoxdur. Onun sözlərinə
görə, burada çalışan insanlar dövlət siyasətini
nəzərə almaqla yaradıcılıq işlərində
hər zaman sərbəstdirlər. "Yaradıcılıq
baxımından özəl kanalların əməkdaşları
ilə bizə verilən sərbəstlik arasında heç
bir fərq yoxdur".
"Səhər"in bitməyən səhərləri
"Səhər"
musiqi-informasiya proqramı Azərbaycan televiziyasının
uzunömürlü proqramları sırasındadır. Düz on
dörd ildir ki, AzTV öz səhərini məhz bu proqramla
açır. Baş redaktor İlham
Alışanov hesab edir ki, nə qədər həyat var,
"Səhər" tipli proqramlar da yaşayacaq. "Səhər" proqramının "Bahar"
studiyasında yeni dizaynla tərtib edilmiş çəkiliş
pavilyonunda da olduq. Müasir tərtibat ilk
baxışdan tamaşaçıda maraq oyadır. "Səhər"in dekorasiyası dəyişib
yeniləşib. Artıq bu dəyişikliklər
yaradıcı və texniki heyətin işində də nəzərə
çarpır.
"Arif Alışanov rəhbər olmasaydı, mən bir də
AzTV-yə qayıtmazdım"
AzTV-də gedən
dəyişikliklərdən biri də efirə yeni
simaların gəlməsidir. Onlarla iş uzun illər
televiziyanın tamaşaçılarını öz səsinin
sehrində saxlayan Rafiq Hüseynova həvalə edilib. Hazırda AzTV-də aparıcıların bədii rəhbəri
vəzifəsində çalışan R.Hüseynovun sözlərinə
görə, aparıcıların düzgün diksiya və
reportyorluq qabiliyyətinə malik olması əsas şərtdir.
Xalq artisti onu da dedi ki, uzun illər AzTV-dən uzaq düşməsinin
səbəblərindən biri də rəhbərlikdə
qeyri-peşəkar insanın olması olub. "Arif
müəllim gələndən sonra görülən işlər
göz qabağındadır. O, burada rəhbər
olmasaydı, mən bir də AzTV-yə qayıtmazdım".
Yeri gəlmişkən, vaxtilə AzTV-dən
çıxıb gedən tanınmış
televiziyaçılar Rafiq Hüseynov, Nadir Axundov, Fuad Vəlixanov,
Eldar Məmmədov və digərləri məhz Arif
Alışanovun sədr təyin olunmasından sonra doğma məkana
qayıdıblar.
"Evləri köndələn yar-2" və
"Muğam müsabiqəsi" gəlir
"
"İdman Azərbaycan" kanalı
53 illik yubileyi ərəfəsində
- 2009-cu il fevralın 1-də AzTV-də
"İdman Azərbaycan" kanalı fəaliyyətə
başladı. "İdman Azərbaycan" Cənubi
Qafqaz regionunda ilk idman telekanalıdır. İdman
proqramları baş redaksiyasının baş redaktoru Elnur Əşrəfoğlu
ilə elə "İdman Azərbaycan"ın yeni
yaradılmış studiyasında görüşdük.
Kanalda hər üç saatdan bir idman xəbərləri
efirə çıxır, İtaliya və İspaniya
çempionatının bütün oyunları canlı
yayımlanır, Azərbaycanın tanınmış idman
mütəxəssislərinin, olimpiya çempionlarının
idman yarışları, beynəlxalq turnirlərlə
bağlı fikirləri səslənir. Baş
redaktor bildirib ki, peşəkar idman şərhçilərinin
əksəriyyəti indi bu kanalda çalışır.
E.Əşrəfoğlu qeyd edib ki, Arif
Alışanovun təşəbbüsü ilə ölkədə
keçirilən beynəlxalq idman yarışları AzTV-nin əməkdaşları
tərəfindən lentə alınaraq xarici ölkələrə
təqdim edilir. Avropa Yayım Birliyi və
beynəlxalq idman qurumları ilə aparılan
danışıqların nəticəsində ölkəmizdə
keçirilən beynəlxalq yarışların yalnız
AzTV-nin peşəkar rejissorları və operatorları tərəfindən
çəkilməsinə razılıq verilib. Hazırda 14 saat efirə çıxan kanal yaxın
perspektivdə 24 saat tamaşaçıların ixtiyarında
olacaq. Arif Alışanovun sədrliyə təyin
edilməsindən sonra atılan müsbət addımlardan biri
də televiziyanın öz proqramlarına tənqidi gözlə
baxmasıdır. Onun təşəbbüsü
ilə AzTV-də Dövri Nəşrlər və Sosioloji
Araşdırmalar Departamenti yaradılıb. Departamentin rəhbəri
Varis Yolçuyevin söylədiyinə görə, onların
üzərinə düşən ilk əsas iş
"Ekran-efir" qəzetini yeni dizayn və görkəmdə
oxucuların görüşünə gətirmək olsa da,
bir qədər sonra Alışanovun təklifi ilə teleməkanımızda
ilk dəfə fəaliyyət göstərən "TV
plyus" jurnalı da yaradılıb. Departament
anket və telefon sorğuları keçirməklə Azərbaycan
Televiziyasının hazırladığı proqramların və
ümumiyyətlə, ölkədə fəaliyyət göstərən
kanalların reytinq cədvəlini hazırlayır. Həmin cədvəl sırf tamaşaçı rəyi
əsasında tərtib olunduğuna görə televiziya rəhbərliyinin
ay ərzində hazırlanan proqramların reytinqindən məlumatı
olur. "AzTV rəhbərliyi hesab edir ki,
inkişaf edən Azərbaycanın yeniləşmiş Azərbaycan
Televiziyasının efirində tamaşaçılar
zövqlü, müasir, keyfiyyətli proqramlara
baxmalıdırlar".
Nə deyirik ki, işiniz irəli!
Vüsalə Rafiqqızı
Şərq.- 2009.- 13 fevral.- S. 5.