Təbrik edirik, USTAD! - Bir ömrün 5+5-inə görə

 

Ömrün dolaylarında düyün qalan məqamları insan zaman-zaman xatırlayır. Bu düyünlər ictimai-siyasi çabalardan gələndə, sinirmək olur - öz yaşam yolunu hər kəs özü seçir. Bu mübarizə yolunda ən uğurlu iriçaplı silah sənin əqidə bütövlüyün, işinə rəhbərinə sədaqətin olur. Məhrumiyyətlər ittihamlar heç bir halda böyüklüyü şaşıracaq qədər güclü olmur.      

Yox, əgər sənə qarşı atılan addımlar dostlardan, cəmiyyətin özünübilməzlərinin gerizəkalılığından gəlirsə, artıq öz xalqının, soydaşlarının miskinliyinin ağrısını çəkməli olursan - vətənpərvərlik millilik vicdan əzabına qatlaşmağını istəyir. Gücün, enerjin həm nəticəsiz işlərə sərf olunmağını istəyir. Fəqət, bu çabaların yaşamda önəmi əldə edilən uğurların kölgəsində şirin bir nəğmənin səslənməsiylə sonuclanmasına heç bir maneçilik törədə bilməməsidir.  

Artıq 55 yaşını haqlamış İsmayıl Ömərovun qoşabeşli ömür şərqisi ötən illərin yaşam mükafatıdır. Hər notunda xeyirxahlıq səslənən, hər tembrində getdikcə yüksələn tezliklərdə əqidə mübarizliyinin gur sədaları bir insan ömrünün, bir həmkar yaşamının təntənəsidir.  

Əslində, İsmayıl Ömərov telejurnalistikada həmişə cavan qalan, zamanın özünə zamanın şərtlərini diktə edəcək DAŞLAŞMIŞ imzadır - təqdimatsız-filansız bu imza hər şeyi deyir. Ən qalmaqallı ittihamlarla üstünə gələnlərin hücumlarına ittihamla yox, işiylə cavab verən İsmayıl müəllimin üstün cəhətlərindən ilki həmişə DÖVLƏTÇİLİK ASPEKTİNDƏN çıxışıdır.  

Bu baxımdan, son illərin bütün ittihamlarını işiylə puça çıxaran İsmayıl müəllimin ad gününə ən gözəl hədiyyə elə özünün şəxsiyyətidir! - iki beşlə müşayiət olunan hədiyyə!  

55 ilin tam sərasər 35 ilini peşəkar jurnalistikada SPESİFİK fəaliyyət sahəsini yaratmaqla heç kimi təkrarlamadan, azından da 35 mövzuya efir həyatı verib heç bir mövzunu özəlləşdirməyə imkan verməyəcək miqyasda özünəməxsus dəst-xətlə sözünü demək məharəti nümayiş etdirən İsmayıl Ömərova, sadəcə, "sağ ol, ustad" demək qalır.  

İstər teleməkanda, istər mətbuatda, istərsə ədəbiyyatda orijinallıq avanqardizm üstündə köklənən mübarizələrdə "fəlsəfə, yoxsa faktoloji traktatlar" dilemması ikincinin qələbəsiylə başa çatıb.  

Teleməkanın daha çox yaşamı ifadə edən ƏLAHƏZRƏT FAKT təqdimatında İsmayıl Ömərovun müstəsna təqdimatları da ömrünə daha bir qoşabeşlik gətirir. Hələ uzun zaman teleməkan tədqiqatçıları UĞURLU JURNALİST İsmayıl Ömərovun həm UĞURLU RƏHBƏR obrazını araşdırmalı, qələbənin təntənəsini çözməli olacaqlar!  

Qısa müddət ərzində İctimai Televiziya Radio Yayımları Şirkətini araya-ərsəyə gətirməsiylə bahəm, göstərilən etimadı da doğrultmaq vəhdəti onun ilk rəhbərinin əvəzolunmaz töhfəsi olaraq qalacaq.  

Teleməkanda milli əxlaqi-etik qaydaları, tabu totemləri deqradasiyaya gətirib çıxaran verilişləriylə tamaşaçı diqqətini cəlb etmək istəyənlərin fiaskoya uğraması fonunda rəqabəti "KİM BU MİLLƏTƏ DAHA ÇOX FAYDA VERMƏK ÜÇÜN ƏLLƏŞİR?" tendensiyası üzərində aparan İsmayıl müəllimin kollektiviylə birgə uğuru ölkə hüdudlarından kənarda da etiraf olunur.  

Məhz peşəkarlıqla aparılan, əqidə mövqe sabitliyilə müşayiət olunan fəaliyyətin yekun nəticəsi... tərəfdarların da, əleyhdarların da gözləmədiyi qədərincə böyükdür: İsmayıl Ömərov zamanı qabaqlayaraq adını efir məkanı tarixinə əbədi həkk etmiş imzaya çevrilib. Bu, onun istəyib-istəməməsindən asılı olmayaraq qazandığı mükafatdır. Sadəcə, 55 illik ömründə O, belə yaşayıb - aydın mövqe, sabit əqidə konkret fəaliyyət kriteriyaları ilə.  

İstənilən rakursdan yanaşanda örnək olası, ibrət götürüləsi bir yaşamdır - yorulmadan işinə sədaqət sərgiləmək, dünəninlə sabahını minalamadan yaşamaq çoxlarının bacarmadığı bir missiyadır ki, İsmayıl Ömərov başdan-ayağa oyun olan dünyanın " ətəyindən yapışdı, felinə uydu" - hərçənd qaş-gözünün işvəsi şeytan aldadan dünyayla söz sahiblərinin çoxu oynadığı zamanda zər cütləməkdən özünü saxlamaq da çox böyük kişilikdir.  

 İsmayıl Ömərovun jurnalist kimi böyüklüyü jurnalistikaya gəldiyi yerə, seçdiyi xəttə sadiqliyidir!     

İsmayıl Ömərovun rəhbər kimi böyüklüyü əxlaqlı kollektiv yaratmasında və onu qoruya bilməsindədir - kimlərinsə hansısa "demokratik maska"larla bura transfer olunmaq cəhdlərinin qarşısı vaxtında alınıb və kəsinliklə əmin olmaq lazımdır ki, belə də davam edəcək!  

İsmayıl Ömərovun insan kimi böyüklüyü ondadır ki, zamanın ona verdiyi şanslardan yararlanaraq savadının və iş bacarığının diapazonuyla adını tarixə yaza bilib.  

55 İsmayıl Ömərovun həyatında təkcə rəqəmlərin cütləşməsi deyil, həm də Onun "əliyyül-əla" məqamını, yəni orta məktəbdə qənirsiz cavab verdiyimiz dərslərdə müəllimlərimizin ürəkdolusu fərəhlə bir dərs üçün "iki dənə beş" söylədiyi kimi etirafı bizlərdən qazanmasıdır.  

Həmişə cavan olan "İsmayıl Ömərov" imzasının sahibi İsmayıl Ömərovu bir fakta görə "ittiham" edə bilərdik: yaşlaşmağına görə! Amma və lakin... ÖTƏN İLLƏRin teleməkan tarixində Onun DAŞLAŞAN, ƏBƏDİLƏŞƏN imzası bundan da bizi "məhrum" edir.  

"Təbrik edirik, USTAD" deyənlərin sayı kifayət qədər olacaq bu gün...  

Qürur duymaq lazımdır - İsmayıl Ömərov həm də bizim tanıdığımız, simpatiya bəslədiyimiz imzadır!

 

 

A. Canıyev.

 

Şərq.- 2009.- 20 fevral.- S. 5.