Tovuz rayonunda seçicilərlə görüş olub

 

Vəkil və səlahiyyətli nümayəndələr Konstitusiya islahatlarının mahiyyətindən danışıblar

 

 Martın 18-də keçiriləcək referendumla əlaqədar yaradılmış təşviqat qruplarının bölgələrdə seçicilərlə görüşləri davam edir. "Yeni Azərbaycan" və "Vətəndaş cəmiyyəti" referendum üzrə təşviqat qruplarının Azərbaycanın qərb bölgəsində artıq bir neçə uğurlu görüşlər keçirən nümayəndələri dünən Tovuz rayonunun Düz Qırıqlı kənd mədəniyyət evində seçicilərin əhatəsində olublar. 600 nəfərin iştirakı ilə keçirilən görüşdə Düz Qırıqlı, Aşağı Ayıblı, Dönük Qırıqlı, Alakol, Aran kəndlərinin 19 min nəfərdən artıq seçicilərini təmsil edən nümayəndələr iştirak ediblər.   

   Görüşü "Yeni Azərbaycan" təşviqat qrupu Tovuz rayon şöbəsinin sədri Bəhruzər Rüstəmov açıb. O, Konstitusiyaya ediləcək əlavə və dəyişiklikliyin zamanın tələbindən irəli gəldiyini, tarixi zərurət olduğunu bildirib və referendum aktına səs verəcəklərini əminliklə söyləyib. B.Rüstəmov bildirib ki, referendum aktı layihəsində nəzərdə tutulan əlavə və dəyişikliklər mütərəqqi xarakter daşıyır, beynəlxalq hüquq normalarına tamamilə uyğundur. Onun sözlərinə görə, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mühüm bir qismi vətəndaşların bu sahədə hüquq və səlahiyyətlərinin genişləndirilməsinə, hökumətin sosial məsuliyyətinin artırılmasına xidmət edir.   

   Daha sonra çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun vəkili, professor Nizami Cəfərov referendum aktına daxil edilən bir sıra müddəaların mahiyyətini açıqlayıb. Professor bildirib ki, əlavə və dəyişikliklər dövlət-ailə münasibətlərinin, eləcə də insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlib. Konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndinə toxunan N.Cəfərov vurğulayıb ki, göstərilən maddəyə təklif olunan əlavə və dəyişiklik də ümumən respublikamızın hazırkı dinamik inkişaf tempi - sosial-iqtisadi tərəqqi, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə şərtlənir. "Bu maddədə edilən dəyişikliyə görə, bir şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsinə qoyulmuş məhdudiyyət aradan qaldırılır. Xalqın siyasi iradəsi ilə tamamilə uzlaşan bu dəyişiklik mahiyyət etibarilə bir sıra dövlətlərin təcrübəsində özünü doğruldub. Hər bir dövlət bu məsələyə öz inkişaf yoluna, demokratik tərəqqi meyarlarına görə yanaşaraq xalqın iradəsi, istəyi əsasında qərar qəbul edir.  

   Sonra çıxış edən "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun vəkili, xalq şairi Zəlimxan Yaqub ötən illər ərzində Azərbaycanın keçdiyi həyat yoluna nəzər salıb. Şair ölkənin inkişafının onun qanunvericliyində də müvafiq dəyişikliklərin edilməsini vacib etdiyini söyləyib. Seçiciləri öz talelərinə biganə qalmamağa çağıran Z.Yaqub deyib ki, mövcud mexanizm heç kimə Konstitusiya və qanunlar əleyhinə hansısa addım atmağa imkan vermir. Zəlimxan Yaqub Azərbaycanda aparılan quruculuq işlərindən danışaraq, Konstitusiya islahatlarının da yalnız tərəqqiyə xidmət etdiyini vurğulayıb. Z.Yaqub vətəndaşları martın 18-də keçiriləcək referendumda fəal iştirak etməyə səsləyib.   

   "Vətəndaş cəmiyyət" təşviqat qrupunun vəkili, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı referendum aktının mahiyyətini seçicilərə konkret maddələr əsasında izah etməyə çalışıb. Konstitusiyanın 12-ci maddəsində "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir" kimi müddəanın əksini tapdığını xatırladan A.Aşırlı bildirib ki, referendum aktı layihəsində bu maddəyə "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir" formasında mühüm dəyişikliyin edilməsi nəzərdə tutulur. A.Aşırlı qeyd edib ki, 25-ci maddəyə təklif olunan əlavə və dəyişiklik isə hər kəsin qanun qarşısında bərabərliyi prinsipinin daha dolğun, hərtərəfli ifadəsinə etibarlı hüquqi zəmanət yaradır. Konstitusiyanın 32-ci maddəsinə təklif edilən əlavə və dəyişikliklərə toxunan natiq bildirib ki, bu maddə də Azərbaycan vətəndaşlarının şəxsi toxunulmazlıq hüququnun daha etibarlı təminatına, xüsusən də ütləvi informasiya vasitələrinin fəaliyyətində özünü göstərən bəzi neqativ halların aradan qaldırılmasına xidmət edir.   

   A.Aşırlı vurğulayıb ki, 17-ci maddəyə təklif olunan əlavə və dəyişikliklər də uşaq hüquqlarının daha etibarlı qorunmasına, bu sahədə həyata keçirilən dövlət siyasətinin konstitusion əsaslarının yaradılmasına xidmət edir".   

"Vətəndaş cəmiyyət" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı isə Konstitusiyanın 18-ci maddəsinə təklif olunan əlavə ətrafında fikir yürüdüb. O bildirib ki, təklif olunan əlavə və dəyişikliklər vətəndaşların konstitusiya ilə təsbit edilmiş vicdan azadlığının daha dolğun və keyfiyyətli təminatına xidmət edir. "Bu maddədə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərlə yanaşı, dini cərəyanların da yayılması və təbliği qadağan edilir. Təklif olunan dəyişiklik də məhz Azərbaycanda qeyri-ənənəvi dinlərin və dini cərəyanların yayılmasına qarşı etibarlı hüquqi zəmin hazırlamaq məqsədi daşıyır".  

Xatırladaq ki, "Yeni Azərbaycan" və "Vətəndaş cəmiyyəti" təşviqat qrupları bundan əvvəl Qazax, Ağstafa və Tovuz rayonunun kəndlərində və qəsəbələrində kütləvi görüşlər keçiriblər.

 

 

Firdovsi

 

Şərq.- 2009.- 5 mart.- S. 6.