"Bütün iradlar
nəzərə alınıb"
"QHT haqqında" qanuna əlavə və dəyişikliklər
"korrektə" olunub
Milli Məclisin yaz sessiyası bitəndən sonra çağırılmış növbədənkənar sessiya
da dünən başa çatdı. Parlamentdə
2 növbədənkənar iclas
keçirildi. Hər iki iclasda isə Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatı üçün mühüm qanunlar
qəbul olundu. İlk iclasda 15 il üzərində işlənən "Təhsil
haqqında" qanun, sonuncu iclasda isə "QHT-lər haqqında" və Dini etiqad azadlığı
haqqında" qanunlara əlavə və dəyişikliklər edildi.
Amma QHT-lərlə bağlı qanunda xeyli
dəyişikliklər var.
Cari məsələlər
üçün ayrılmış vaxtda isə deputatlar maraqlı təkliflər səsləndirdilər.
Missiyası başa çatmaq üzrə olan ABŞ səfiri Ann Dersi də
Milli Məclisin sonuncu iclasını izləyib.
"Taxıl ortada
qalıb"
Cari
məsələlər üçün ayrılmış vaxtda millət vəkili Pənah
Hüseyn taxıl problemindən danışdı. Onun fikrincə, bu gün fermerlərin
istehsal etdikləri taxılın alıcısı yoxdur. Bunun nəticəsidir
ki, buğdanın qiyməti 8-6 qəpiyə
qədər düşüb: "Dövlət həmin taxılın becərilməsi, gübrə alınması üçün vəsait ayırıb. İndi taxıl
ortada qalıb. Bu taxılı normal,
hətta baha qiymətə dövlət almalıdır. Digər tərəfdən, rayonlarda
kombaynları aqroservislər
imkanlı insanların sahələrini biçməyə
göndərirlər. Belə
ayrı-seçkilik də yolverilməzdir".
Baba Tağıyev
İrana qarşı...
Millət
vəkili Baba Tağıyevin çıxışı İran-Ermənistan münasibətləriylə
bağlı oldu. O nəzərə çatdırdı ki, İran
Livandakı "Hizbullah"
hərəkatına 786 milyon
dollar yardım edib. Bu təşkilatla
isə ermənilərin
sıx əlaqələri
var, birgə tədbirlər keçirirlər.
Sonradan bu vəsait hesabına "Hizbullah"ın əliylə Ermənistana
silah və sursat göndərilir: "İranda 40 milyon soydaşımız yaşayır, onların ödədikləri pullar hesabına dövlət büdcəsi formalaşır. Ancaq həmin 40 milyonun heç təhsil və mədəni haqları yoxdur, öz dillərində oxumağa imkan yaradılmır.
Aydındır ki, bundan sonra deyəcəklər
ki, başqa dövlətlərin daxili işlərinə qarışmaq olmaz. Ancaq insan
haqları heç bir dövlətin daxili işi sayıla
bilməz".
Spiker
deputatları ümumi sözlər danışmamağa çağırdı.
YAP-ın
icraçı katibi Əli Əhmədov Rusiya prezidenti Dmitri Medvedyevin
son bəyanatının Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə
ümid, nikbinlik yaratdığını vurğuladı.
"Məsələnin açıq saxlanması Azərbaycana
təzyiqdir"
Müdafiə
və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc ABŞ
Konqresinin Alt Komitəsində "907-ci düzəliş"in müzakirəyə
çıxarılmasına toxundu. Onun sözlərinə
görə, bununla bağlı hələ qərar verilməməsi,
məsələnin açıq
saxlanması Azərbaycana
təzyiqdir: "1992-ci ildə
bu düzəlişin qəbul edilməsinə bəraət qazandırmaq mümkün olmasa da,
başa düşmək olardı. Yalnız Azərbaycan antiterror əməliyyatlarında iştirak etməyə
başlayandan sonra, 2001-ci ildən həmin düzəlişin hər il qüvvəsi dayandırılmağa başlanılıb: "Deyirlər ki, bu qanunu ləğv
etmək çətindir. Ancaq əslində elə deyil. Digər tərəfdən,
ABŞ hər il Ermənistana, Dağlıq Qarabağdakı separatçı quruma yardım edir.
Məqsəd nədir?
Həmin yardımlar Ermənistanı demokratikləşdiribmi?
Yox! Digər tərəfdən, bu yardımlar hesabına Dağlıq Qarabağdakı separatçı rejimin mövqeləri möhkəmlənib".
Daha
sonra gündəlikdəki məsələlərin müzakirəsinə
keçildi.
"QHT haqqında" qanuna əlavə və
dəyişikliklər "korrektə" olunub
Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynov "QHT haqqında" və "Dini etiqad azadlığı
haqqında" qanunlara əlavə və dəyişikliklər barədə
məlumat verdi. O, keçən müzakirələrdəki
təklif və iradların nəzərə alındığını nəzərə çatdırdı. Əli Hüseynov qeyd etdi
ki, tətbiqi prosedurunun çətinliyi nəzərə alınaraq
QHT-lərin məcburi
qeydiyyatı proseduru ilə bağlı müddəa layihədən çıxarılıb. Qeydiyyatsız
fəaliyyətə görə
məsuliyyət məsələsi
də aradan qaldırılıb. Tanınmış şəxslərin adlarının, o cümlədən Azərbaycan adından QHT-lərin öz adlarında
istifadə etmələrini
qadağan edən müddəa isə saxlanılıb. Xarici QHT-lərin Azərbaycandakı filiallarının rəhbərlərinin
Azərbaycan vətəndaşları
olması tələbi də qalır. Azərbaycanda daimi yaşayan xaricilər və vətəndaşlığı olmayanlar da QHT yarada bilərlər. Müvəqqəti yaşayanların belə hüquqları yoxdur. Fond üçün
məbləğin miqdarı
50 min manatdan 10 min manata endirilib:
"Biz istəyirik ki, xarici QHT-lər saziş bağlayaraq Azərbaycanda fəaliyyət göstərsinlər".
Ə.Hüseynov
dedi ki, QHT-lərin hesabat verərkən audit rəyini də
ora əlavə etmələri barədə müddəa da
çıxarılıb. Bu zaman audit rəyinin hazırlanması ilə bağlı maliyyə
tutumu nəzərə alınıb
Teatr oyunu
söhbəti
Sosial
siyasət komitəsinin sədr müavini Musa Quliyev dövlətçilik məsələsinin
demokratiyadan öncə gəlməsinin vacib olduğu qənaətindədir:
"QHT-lərimizə 20 milyon lazımdırsa, Dəstək Fonduna
büdcəmizdən o qədər ayrılsın. Beləliklə də
QHT-lərimiz xarici donorların əlinə baxmasınlar. Çünki bu qrantlar elə-belə verilmir"
Millət
vəkili Pənah Hüseynin çıxışı yenə "qıcıqlandırıcı"
oldu: "Deputatı dövlət təyin edəndə mollalar da təyin
olunacaqdı". P.Hüseyn təklif edir ki, xarici ölkələrdə
təhsil alan insanların Azərbaycanda dini ayin və
mərasimləri aparmalarına
qoyulan qadağa da layihədən çıxarılmalıdır: "QHT haqqında"
qanuna əlavə və dəyişikliklərə
gəlincə, Əli
Hüseynovun çıxışından məlum olur ki, əsas məhdudiyyətlər,
maddələr çıxarılıb.
Bu nə teatr oyunudur? Bu, kimə lazım
idi?" Millət vəkili hesab edir ki, bu
məhdudlaşdırıcı müddəalar
indi çıxarılsa da, növbəti sessiyaların birində yenidən gündəmə gələcək: "Bunun
arxasında internetlə bağlı məhdudlaşdırıcı xarakterli layihə gələcəkdi".
Spiker
Oqtay Əsədovun cavabı gecikmədi: "Haradan bildin ki, səni
dövlət təyin edib?"
"Pənah Hüseynə əməkdar artist adı verilsin"
Millət
vəkili Zahid Oruc və Fəzail İbrahimli Pənah Hüseynin teatr
oyunu və millət vəkillərinin təyin olunması ilə
bağlı söylədiklərinə etirazlarını bildirdilər. YAP-ın
icraçı katibi Əli Əhmədov əsas məqsədin Azərbaycanda
sabitliyi qorumaq olduğunu vurğuladı: "Din insanların qəlbində
olmalı, başqa məqsədlərə xidmət etməməlidir".
Vitse-spiker
Valeh Ələsgərov Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkilərkən
bir qrup QHT-nin Səngəçal terminalı yaxınlığında iki tısbağa
tapılmasına görə belə kəmərin çəkilməsinə
etiraz etdiklərini xatırlatdı: "Sonra məlum oldu ki, həmin
QHT-lərin sayı tapılan tısbağalardan çoxdur".
Rəşad Baxşəliyev
Şərq.- 2009.- 1 iyul.- S. 4.