2011-ci ildə iki stansiya istifadəyə veriləcək

 

Tağı Əhmədov: "Bakı Metropoliteninin 1 milyon 100 000 nəfər sərnişindaşıma gücü var"

 

 Dünən Bakı Metropoliten İdarəsinin rəisi Tağı Əhmədov Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib. Metropolitenin 20 illik inkişafı ilə əlaqədar olaraq tədbirlər planı hazırlandığını diqqətə çatdıran T.Əhmədov deyib ki, həmin plana uyğun olaraq tender elan olunub.   

Fransanın "Sistra" firması bu tenderin qalibi olub: "O, işləmək üçün Koreya və Çexiya metropolitenlərindən layihəçilər götürüb. Hazırda bu sahədə işlər gedir. Metropolitenə bu il nəzərdə tutulandan əlavə 31 milyon manat vəsait ayrılıb ki, bununla "Müşfiq", "Cavadxan" və "Avtovağzal" tikintisini bu il başa çatdıra bilək. Metropolitenin kart sistemi ilə fəaliyyət göstərməsi bizim uğurlarımız sırasındadır. Azərbaycan MDB ölkələri arasında jeton sisteminin birdəfəlik ləğv olunduğu yeganə ölkədir". T.Əhmədovun bildirdiyinə görə, Dünya Bankı müəyyən şərtlər daxilində metropolitenə müəyyən dərəcədə vəsait ayırmaq istəyir. Onun sözlərinə görə, hazırda Bakı Metropolitenində "28 May" metrostansiyasından başqa, digər dərin özüllü metrostansiyaların hər birində 1 çıxış var: "Məlum olduğu kimi, bu, təhlükəsizlik nöqteyi-nəzərindən əlverişli deyil. Biz Dünya Bankının nümayəndələrinə göstərdik ki, "Elmlər Akademiyası" stansiyasının çıxışı üçün birbaşa universitetin həyətinə, "Nizami" metrostansiyasının çıxışı üçün Dram Teatrının qarşısına, "Sahil" stansiyasının çıxışı üçün Nəsimi heykəlinin qarşısına, "İçərişəhər" stansiyasının çıxışının birbaşa Bulvara olması üçün yer var. "İçərişəhər" stansiyasının Bulvara çıxışı artıq layihələndirilib. Nəzərdə tutulan stansiyalarda isə işlər gedir və bu yaxınlarda, təxminən, iyulun sonu və avqustun ortalarına bu işi görəcək maşın gətiriləcək. Maşının məhsuldarlığı çox yüksəkdir. O, 1 gündə 25 metr gücə malikdir".

Metropoliten rəisi bildirib ki, 2011-ci ildə ən azı iki stansiya istifadəyə veriləcək: "Azadlıq" stansiyasında tikinti işləri davam etdirilir və yəqin ki, dekabr ayında stansiya istifadəyə veriləcək. "Azadlıq" stansiyası Bakıda olan metrostansiyalar arasında ən gözəlidir. Onun memarı bizim görkəmli və istedadlı memarımız olan Elbəy Qasımzadədir. Stansiyanın tikintisi zamanı Azərbaycanın 22 adda görkəmli memarlıq abidələrinin mozaik şəkildə buraya köçürülməsi nəzərdə tutulub. Müstəqillik dövründə tikilən "Nəsimi" və "Azadlıq" stansiyaları da çox gözəldir. Ümumilikdə Bakı Metropolitenindəki stansiyaların hər biri dünya standartlarına cavab verir".

T.Əhmədov bildirib ki, hazırda Elmlər Akademiyasında metropolitenin 1 idarəsi yerləşir: "Hazırda bizim xidmət idarələrimiz paylanıb. Şəhərdə 2, depoda isə 6 xidmət idarəsi var". Rəis "İçərişəhər" stansiyasında aparılan təmir işlərinə də toxunub. O bildirib ki, bu stansiya artıq təmirdədir: "Eskalatorun biri artıq təmirə dayanıb. Növbəti eskalator ayın 6-da gətiriləcək və biz ayın 10-12-də onu montaj etməyə başlayacağıq. Eskalator təmirə dayansa da, stansiya fəaliyyət göstərir. Eskalatorlar növbə ilə təmir olunacaq. Eskalatorlarda təmir işlərinin sentyabr ayının 10-na kimi yekunlaşacağını gözləyirik".

Onun sözlərinə görə, Bakı Metropolitenində sərnişindaşıma qış vaxtı gün ərzində 750000 nəfərə qalxıb: "Dünya Bankının sədri bildirib ki, Vaşinqtonda daşınan sərnişin Bakıda daşınan sərnişindən az qala 2 dəfə azdır. Halbuki, orda 123 stansiya var. Nyu-Yorkda 420, Moskvada isə 178 stansiya fəaliyyət göstərir. Amma daşınma səviyyəsində dörd stansiyanı nəzərə almasaq, 17 stansiyanı götürməklə Bakı Metropoliteni dünya metropolitenində birinci yerdədir. 151 şəhərdə metro işləyir. Bu ölkələr arasında sərnişindaşınmaya görə Bakı Metropoliteni 42-ci yerdədir".

T. Əhmədovun bildirdiyinə görə, qatarlara 15 vaqon alınması planlaşdırılır: "Artıq bu barədə müqavilə bağlanıb və iyulun 15-də bizim nümayəndələrimiz vaqonları qəbul edəcək. 15 vaqonun 10-u indi, 5-i isə noyabrda gələcək. Hazırda 258 vaqonumuz var. Onların bəziləri dövriyyədən çıxarılacaq və geridə də təzə vaqonlar qalacaq. 2002-ci ildə 25 vaqon, 2003-cü ildə 25 vaqon, 2004-cü ildə 25 vaqon, 2007-ci ildə 36 vaqon, 2008-ci ildə 25 vaqon alınıb".

Metropolitenin ventilyasiya sistemindən bəhs edən qurum rəisi bildirib ki, bəzən ventilyasiya sahəsində qeyri-düzgün yönləndirmələrə rast gəlinsə də, Bakı Metropolitenində ventilyasiya sistemi 100 faiz işləyir. Biz çalışırıq ki, vaqonların özündə ventilyasiya olsun. Hazırda bizim xidmət rəisi Almaniyadadır, bu sahədə danışıqlar gedir, müqavilə bağlanıb və yoxlamadan keçirildikdən sonra ordan ventilyasiya sistemlərinin gətirilməsi planlaşdırılır".

Onun sözlərinə görə, Bakı Metropoliteninin 1 milyon 100 000 nəfər sərnişindaşıma gücü var: "Axşam saat 22-24:00 radələrində metroda sərnişin olmur. Buna görə də metroda iş saatını artırmağa ehtiyac yoxdur. Yalnız bayram günlərində ehtiyat qatar götürür və iş saatını 1-2 saata qədər artırırıq". T. Əhmədov bildirib ki, prezidentin tapşırığına görə, bizdə olan iki xətdən əlavə yeni xətlər yeddi vaqonluq olmaqla tunel altı metrlik olmalıdır. Bizdə tunellər hazırda 5,5 metrdir. 5,5 metrlik tuneli təzədən bərpa etmək çətin olur. Bizdə 6 metrlik tunel "28 May"-"Xətai" tunelidir.

T.Əhmədov gün ərzində metrodan nə qədər sərnişinin istifadə etdiyini də bildirib . Onun sözlərinə görə, hər gün 750 min sərnişin metrodan istifadə edir.

   

  

Nəsimi

 

Şərq.- 2009.- 4 iyul.- S. 6.