"Biz ancaq
öz maraqlarımızı qoruyuruq"
Rasim Musabəyov: "Qərb gəlib,
Azərbaycanın problemlərinin həlli üçün nə edib ki, indi Azərbaycanın
harasa meyəlləndiyi barədə danışsınlar"
ABŞ prezidenti Barak Obamanın Rusiyaya gözlənilən
səfəri ərəfəsində hər iki ölkənin rəsmiləri
ABŞ-Rusiya münasibətlərinə dair bir-birinin ünvanına maraqlı
mesajlar ünvanlamağa başlayıblar.
ABŞ
prezidenti Barak Obamanın Rusiyanın baş naziri Vladimir Putini "bir ayağı
keçmiş zəmanədə qalan şəxs" kimi təqdim etməsinin
üstündən keçməmiş Rusiya prezidenti Dmitri Medvedyev də iki ölkə
arasındakı münasibətlərin soyuq müharibə həddində
olduğunu açıqlamaqla qarşı tərəfə öz mesajını vermiş oldu. Onu
da qeyd edək ki, ABŞ və Rusiya rəhbərlərinin bir-birinə
açıq mesajlar ünvanlamağa başladığı bir vaxtda Birləşmiş Ştatlarda ölkənin
Cənubi Qafqazdakı maraqları ilə bağlı məsələlər
aktuallaşdırılmağa başlayıb. Bir qədər əvvəl amerikalı
ekspertlər və alimlər toplantı keçirərək prezident
Barak Obamaya bununla bağlı öz mesajlarını çatdırsalar da, rəsmi
Vaşinqtonun bölgədə gedən proseslərdə bir qədər
arxada görünməsi politoloq Zbiqnev Bjezinskinin prezident Obamaya müraciət
etməsinə səbəb olub. Politoloq prezidenti Cənubi
Qafqazda gedən proseslərə diqqətlə yanaşmağa çağıraraq
Gürcüstana üzləşdiyi problemlərin həllində kömək etməyin
zəruriliyini vurğulayıb. Amerikalı politoloqun Obamaya mesajı ABŞ-ın bölgədəki
maraqlarının itirilməsi baxımından diqqət çəkən olub:
"Gürcüstan itirilsə, Azərbaycan Rusiyanın tabeliyinə keçməli
olacaq". Onu da qeyd edək ki, hazırda bölgədə gedən
proseslərin fonunda rəsmi Moskvanın mövqeyinin daha çox önə
çıxması müşahidə edilsə də, ekspertlər bu fikri birmənalı
qəbul etmirlər. Bəzi ekspertlər Bjezinskinin çağırışının
arxasında böyük həqiqət olduğunu və Azərbaycan qazının
Rusiyaya satılması haqqında razılaşmanın əldə olunmasının ABŞ üçün
ciddi mesaj olduğunu bildirsələr də, politoloq Rasim Musabəyov
bu fikirlərlə razılaşmır. Politoloqun fikrincə, Azərbaycan
qazının nəqli ilə bağlı başqa bir xəttin işə salınması əslində
Azərbaycanın öz maraqlarına cavab verir. Onun fikrincə, enerji
resurslarının nəqlində bir marşrutun seçilməsi bir çox hallarda
enerji ölkələrinin özü üçün asılılıq yaradır. Azərbaycan qazının
qiyməti ilə bağlı Türkiyə ilə bağlı məsələnin
ortaya çıxmasını buna nümunə göstərən politoloq hesab edir ki, rəsmi
Bakı şaxələndirilmiş enerji xətlərinə üstünlük verməklə
düzgün mövqe tutur. O ki qaldı, ABŞ-Rusiya münasibətlərinin gərginləşməsi
müstəvisində Cənubi Qafqazda Kremlin mövqeyinin güclənməsinə,
politoloq bu fikri də qəbul etmir. ABŞ və Rusiya rəhbərlərinin
səsləndirdiyi qarşılıqlı bəyanatları tərəflər
arasında heç də ittihamların səsləndirilməsi olmadığını deyən
Rasim Musabəyov əksinə olaraq hesab edir ki, Obamanın Moskvaya
gözlənilən səfəri ərəfəsində iki ölkə
arasında olan mühit kifayət qədər konstruktivdi. "Bu, ayrı
məsələdir ki, maraqlarda ziddiyyətlər var. Onlar bunun
üzərində düşünməlidirlər ki, bu ziddiyyətlər
aradan götürülsün"- deyən politoloq Azərbaycanda Rusiyaya meyillərin
artması barədə danışmağın olduqca tez olduğunu deyir. "Qərb
gəlib Azərbaycanın problemlərinin həlli üçün nə edib
ki, indi Azərbaycanın harasa meyilləndiyi barədə
danışsınlar. Konkret maraqlar Azərbaycana cavab verəndə biz bu
addımı atırıq. Azərbaycan çoxşaxəli siyasət aparır. Çünki yalnız
bir tərəfə bağlananda həmin tərəf diktəsini
yeritməyə çalışır. Elə qaz məsələsi olsun. Azərbaycan
qazını yalnız Qərbə satanda onlar başlayırlar qiyməti öldürməyə.
Onların marağı ondadır ki, Azərbaycan qazı Türkiyə bazarlarında rus
qazı ilə rəqabətə girsin. Bununla da qiyməti öldürsünlər
və Qərb bundan qazansın. Azərbaycanın qazandığı nə
olacaq"- deyən politoloq hesab edir ki, Azərbaycan zamanında
enerji sahəsində Qərblə əməkdaşlıq edərək
Rusiyanın tabeçiliyinə düşməmək üçün zəruri addımlar atıb.
"İndi isə Rusiya ilə əməkdaşlıq etməklə
çalışırıq ki, bazarda Azərbaycan qazının qiymətinə adekvat cavab
gəlsin"- deyən Rasim Musabəyov Rusiyanın Cənubi
Qafqazda mövqeyinin gücləndiyi barədə fikirləri də qəbul
etmir: "Hanı o güclənmə, onsuz da Abxaziya və Cənubi
Osetiya Rusiyanın nəzarətində idi. Əgər ümumilikdə
götürsək, Rusiya son on ildə bölgədə zəifləyib, nəinki
güclənib. Azərbaycanın Rusiyaya meyillənməsi deyəndə
nə nəzərdə tutulur. Azərbaycanda Rusiya hərbi
bazası var? Yoxsa Azərbaycan gedib Rusiyanın rəhbərlik etdiyi hərbi
struktura qoşulub? Azərbaycan öz qazını Rusiyaya satırsa, bu, ölkənin
maraqları ilə bağlı olan məsələdir. Əgər Türkiyə
deyirsə ki, qazı 200-250 dollara sat, Rusiya qaza 350 dollar verirsə,
biz niyə Rusiyaya satmayaq? Bu vaxta qədər Azərbaycan
qazının 99 faizi Türkiyəyə verilib. Əlbəttə ki, Azərbaycan
qazın ixracında üstünlüyü Qərb istiqamətinə verir. Ancaq şaxələndirilməmiş
variant olanda itirən Azərbaycan olur". Eyni zamanda politoloq Qərbin
Azərbaycanın üzləşdiyi problemlərin həllinə lazımi dəstək
göstərmədiyini də təsdiqləyir. Onun fikrincə, Qərbdən
Azərbaycana verilən təkliflər hansı dövlətin milli
maraqlarına cavab verirsə, bu təkliflərə cavab da müsbət
olur: "O təkliflər ki, Azərbaycanın maraqlarına cavab
vermir, ona "yox" deyilir. Azərbaycandan fərqli olaraq Ermənistanın
xeyli asılılığı var, həm Rusiyadan, həm də Qərbdən.
Ona görə də Ermənistan öz asılılığı ilə alver edir. Azərbaycanın
heç bir asılılığı yoxdu. Ona görə də daha çox təkliflər
gözləyir. Hələlik o təklif Rusiyadan gəlib və
daha konkret olub. Qərbdən isə konkret təklif yoxdu. Yeganə
Türkiyə idi. Türkiyənin də qazın qiyməti ilə bağlı təklifi
bizim üçün məqbul deyildi. Əgər Türkiyə o təklifi üzərində
qalsa düşünürəm ki, bəlkə onda "Şahdəniz"in
birinci fazasından aldığı qazdan da məhrum ola bilər. Qardaşa 10 faiz
güzəşt edərlər. Yetmiş faiz güzəşt etməzlər".
Politoloq onu da bildirib ki, Azərbaycanın Qərblə Rusiya
arasında seçim etməsi barədə fikirlərin ortaya atılması da
düzgün deyil. Eyni zamanda balans siyasətini də qəbul etməyən
Rasim Musabəyov hesab edir ki, hansı tərəfin hər hansı məsələ
ilə bağlı təklifi Azərbaycanın maraqlarına cavab verirsə, rəsmi
Bakı o sahə üzrə həmin tərəflə əməkdaşlıq
edəcək. Siyasətdə də şaxələnmənin
aparılmasının vacibliyini önə çəkən politoloq hesab edir ki,
bütün ölkələr kimi Azərbaycan da öz milli maraqlarını üstün
tutur və bu istiqamətdə aparılan siyasət də doğrudur.
Şərq.-
2009.- 4 iyul.- S. 5.