"Prioritetlər dəyişməyib, genişlənib
və dərinləşib"
Vaqif Sadıqov: "Dağlıq Qarabağ münaqişəsinin
həlli Azərbaycan Xarici İşlər Nazirliyinin bir saylı vəzifəsidir"
Azərbaycan xarici işlər nazirinin müavini
Vaqif Sadıqovun APA-ya müsahibəsi
-
Diplomatiya Günü kimi niyə məhz 9 iyul 1919-cu il tarixi götürülüb? Azərbaycan
Xalq Cümhuriyyətinin bundan əvvəl xarici siyasət sahəsində
gördüyü işlər nəzərə alınmırmı?
-
1918-ci ildə xarici işlər naziri təyin olunub, amma indiki mənada
bir aparatın təsis edilməsi barədə rəsmi sənəd
yalnız 1919-cu ildə imzalanıb. Bu məsələ ilə bağlı
dövlət arxivində araşdırmalar aparılıb və müəyyən
edilib ki, məhz 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti
Xarici İşlər Nazirliyi katibliyinin əsasnaməsi təsdiq
olunub. Bundan əvvəl XİN-in işini tənzimləyən hər
hansı qurum rəsmi şəkildə təsis edilməmişdi. Ona görə
də Azərbaycanın diplomatik xidmətinin tarixi həmin gündən
başlayır.
-
Sovet dövründə simvolik də olsa Xarici İşlər Nazirliyi fəaliyyət
göstərib. Bu dövr Azərbaycanın diplomatiya tarixində hansı yeri
tutur?
-
Azərbaycanın diplomatiyası həm Xalq Cümhuriyyəti, həm SSRİ,
həm də 1991-ci ildə SSRİ dağılarkən və Azərbaycan
müstəqilliyini bərpa edərkən fəaliyyət göstərib.
Sovet dövründə Azərbaycan diplomatiyası müxtəlif mərhələlərdən
keçib. Birinci mərhələ İkinci Dünya müharibəsindən öncə,
ikinci dövr müharibə zamanı, üçüncü dövr isə müharibədən
sonrakı dövrü əhatə edib. Müharibə zamanı Azərbaycan
diplomatları vacib strateji bölgələrdə iş aparıblar. 1941-1948-ci
illərdə Sovet İttifaqı, İngiltərə və ABŞ İran ərazisinə
qoşun yeritdikdən sonra İrandakı sovet missiyasının tərkibində hərbi
nümayəndələrlə yanaşı, diplomatlar da olub. Onların
sırasında kifayət qədər azərbaycanlı ictimai xadimlər
və diplomatlar fəaliyyət göstərib. Həmin dövr bizim
diplomatiya tarixində özünəməxsus iz qoyub.
-
Hazırkı XİN-in formalaşdırılmasında hansısa ölkənin modelindən
istifadə olunubmu? Nazirliyin strukturu necədir?
-
SSRİ dövrü ilə müqayisədə kifayət qədər dəyişiklik
baş verib. Birincisi, biz ovaxt ittifaq respublikası kimi başqa bir dövlətin
tərkibində olmuşuq. Azərbaycan Sovet Sosialist Respublikasının
Xarici İşlər Nazirliyinin qarşısında duran vəzifələr
indikindən köklü şəkildə fərqlənirdi. Struktura gəldikdə
isə, o vaxtkı XİN 15-20 nəfərdən ibarət olan qurum
idi. Xarici siyasət mərkəzi hökumətin səlahiyyəti
çərçivəsində olduğundan respublikaların XİN-ləri müstəqil
şəkildə heç bir addım ata bilməzdilər, onlar daha çox
protokol, məlumatın yayılması kimi funksiyalarla məşğul olurdular. 1991-ci
ildə SSRİ dağıldı və biz öz xarici siyasət orqanımızı sıfırdan
qurmağa başladıq. Təbii ki, vəzifələrimiz və
funksiyalarımız tamamilə dəyişdi və buna paralel olaraq
nazirliyin strukturu da dəyişməyə başladı. 1992-ci ildə ölkədə
vəziyyət acınacaqlı idi, bizim maliyyə imkanlarımız da indikindən
qat-qat zəif idi, hansısa ölkənin modelini özümüzdə tətbiq
etmək üçün nə maddi, nə də texniki imkanımız yox idi. Struktura
gəldikdə isə, bunu qarşımıza qoyulan vəzifələr müəyyənləşdirib.
İlk
növbədə bizim üçün beynəlxalq təşkilatlar prioritet təşkil
edirdi. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi beynəlxalq
qurumlarda, ilk növbədə ATƏT və BMT çərçivəsində
aparıldığı üçün biz bu beynəlxalq təşkilatlarla sıx işləməyə
məcbur idik. Avropa ölkələri bizim üçün prioritet təşkil
edirdi, çünki bunlar ATƏT-ə üzv ölkələrdir. Həmsərhəd
ölkələrlə əlaqələr də həmişə
prioritet olub. Ölkəmiz dünya ölkələri sırasında öz yerini
tutduqdan sonra təbii ki, biz digər coğrafi bölgələri, beynəlxalq
təşkilatları da kəşf etməyə başladıq və bu da
nazirlikdə yeni şöbələrin, idarələrin qurulmasına səbəb
oldu. Yeni kəşf etdiyimiz ölkə və beynəlxalq təşkilatlarda
nümayəndəliklərimiz açılıb.
-
Xarici siyasətdə prioritetlər dəyişibmi?
-
Prioritetlər əsas etibarilə eyni qalıb, amma siyahısı daha da
genişlənib. Hər dövlətin diplomatik xidmətinin əsas məqsədi
öz ölkəsinin mənafelərini xaricdə özünəməxsus
yollarla təmin etməkdir. Diplomatik xidmət o zaman güclü olur
ki, təmsil etdiyi dövlət də güclü olsun. Dövlətin imkanları
artdıqca, diplomatik xidmətin imkanları və qarşısında duran vəzifələr
də artır. Prioritetlər dəyişməyib, genişlənib və
dərinləşib.
-
Xaricdəki diplomatik nümayəndəliklərin və
diplomatların sayı barədə məlumat verməyinizi xahiş edirik.
-
Hazırda XİN-də və Naxçıvan üzrə idarədə 350 nəfərə
yaxın əməkdaş çalışır. XİN əməkdaşları 2 hissəyə
bölünür: bilavasitə diplomatik xidmət əməkdaşları,
diplomatik rütbəsi olanlar və inzibati-texniki heyət. Xaricdə
64 diplomatik nümayəndəliyimiz - səfirliklər, beynəlxalq
təşkilatlar yanında daimi nümayəndəliklər və baş
konsulluqlar fəaliyyət göstərir. Hazırda 51 səfirlik, 6 baş
konsulluq və 7 nümayəndəliyimiz var. Xaricdə çalışan
diplomatlarımızın sayı 600-ə yaxındır. Bu, digər dövlət
qurumları ilə müqayisədə o qədər də çox deyil. Səfirliklərin
və nazirliyin mərkəzi aparatında çalışan əməkdaşların
səyi nəticəsində qarşımıza qoyulan vəzifələri
lazımi səviyyədə yerinə yetirməyə çalışırıq.
-
Bu günlərdə Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın
Baş Konsulluğu açılıb. Daha hansı diplomatik nümayəndəliklərin
açılması planlaşdırılır?
-
Yekaterinburqda Baş Konsulluğun təsis edilməsi haqqında prezidentin fərmanı
2 ildən çoxdur qüvvədədir. Bir neçə gün öncə Azərbaycan
prezidenti İlham Əliyev Sultan Qasımovu Yekaterinburqa baş konsul vəzifəsinə
təyin edib. Artıq o, nazirlikdə konsulluğun praktik fəaliyyətə
başlaması ilə bağlı müxtəlif görüşlər keçirir. Avqust-sentyabr
ayında konsulluq fəaliyyətə başlayacaq. Bir neçə ölkədə
Azərbaycanın səfirliklərinin təsis edilməsi haqqında fərmanların
da icrasına hazırlıq gedir. Bunlar Argentina, Tailand, Vyetnam və
Xorvatiyadır. Konstitusiyamıza əsasən diplomatik nümayəndəliklər
və konsulluqların rəhbərlərini prezident təyin edir,
onlar praktik işə başladıqda səfirliklər fəaliyyətə
başlamış sayılır.
-
Batumidə Baş Konsulluq açılacaqmı?
-
Bu barədə düşünürük. Gürcüstan, xüsusən də Batumi Azərbaycan
üçün çox vacib olan bir nöqtədir. Bizim neft və qaz kəmərlərimiz
Gürcüstandan keçir, dəniz limanları, neftayırma zavodları var, bunlar
hamısı Azərbaycandan göndərilən məhsulların ixracı üçün çox
vacibdir. Bu istiqamətdə iş gedir.
-
Nazirlikdə işə qəbul sistemi özünü doğruldurmu? Diplomatik
Akademiya kadr hazırlığı işinə töhfə verməyə başlayıbmı?
-
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının qanunu
2001-ci ildə qəbul olunub. Dövlət qurumlarına işə qəbulun
test yolu ilə aparılması anlayışı o qanunda öz əksini tapıb. Diplomatik
xidmət öz işini "Diplomatik xidmət haqqında" qanuna əsasən
qurur, amma işə qəbul məsələsi "Dövlət
qulluğu haqqında" qanunla tənzimlənir. 2005-ci ildən
başlayaraq biz test üsulu ilə işə qəbula başlamışıq. Artıq 4 dəfə
işə qəbulu imtahan yolu işə aparmışıq. Nazirliyin rəhbərliyinin
fikri budur ki, bu sistem özünü doğruldub. Əlbəttə, hər
sistem gərək inkişaf etsin, hər dəfə çalışırıq ki, bu
sistemi təkmilləşdirək, amma prinsip etibarilə diplomatik
xidmətə gənc əməkdaşların imtahan yolu ilə qəbulu
özünü tam doğruldub. Dörd ildə təxminən 80-ə qədər
gənc diplomatı işə qəbul etmişik, onların böyük əksəriyyəti
xaricdəki nümayəndəliklərdə çalışır. Gənc
diplomatlar Azərbaycanın gələcəyidir, 1-2, bəziləri
isə 3 xarici dil bilən, yaxşı təhsil almış insanlardır. Nazirliyin
özündə də bir sıra məsələlərin həlli tələb
olunur, ilk növbədə lazımi şərait yaratmaq, onları istiqamətləndirmək
lazımdır ki, bu da nazirliyin vəzifəsidir. Nazir Elmar Məmmədyarov
şəxsən bu məsələyə böyük diqqət yetirir, gənc
diplomatların işə qəbulu və yerləşdirilməsi ilə
daim maraqlanır.
XİN
Diplomatik Akademiyasının yaranması bizim üçün çox böyük nailiyyətdir,
diplomatik xidmətin inkişafı üçün böyük töhfədir. Hazırda testdən
müvəffəqiyyətlə keçən şəxslər 6 ay müddətində
akademiyada mühazirə kursu, seminarlar, praktik dərslər keçirlər
və 6 ay sonra biz onları XİN-ə daimi işə qəbul edirik. 3-4
həftə əvvəl 26 gənc nazirin əmri ilə işə
qəbul olunub. Diplomatik Akademiyanın işi qısamüddətli kurslarla
başlamışdı, indi artıq orta müddətli kurslar təşkil olunub. Hazırda 2
kurs davam edir, nazirlik əməkdaşlarının ixtisasartırma kursları təşkil
olunur, bu il ilk dəfə olaraq magistraturaya qəbul həyata
keçirilib. Təxminən 20-25 nəfər magistratura dərslərinə
başlayıb. Akademiya tam həcmli ali təhsil verən bir ali təhsil
ocağıdır, artıq onun infrastrukturu, binasının tikintisi məsələləri
həll olunur. Ümidvarıq ki, bina istifadəyə verildikdən
sonra Diplomatik Akademiya magistratura ilə yanaşı, 4 illik universitet
proqramı şəklində tələbə qəbulunu da həyata
keçirəcək. Onda bizə lazım olan kadrları Diplomatik Akademiyadan
əldə edəcəyik.
-
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri xaricdə
yaymaq üçün bütün diplomatik imkanlardan istifadə olunurmu?
-
Uzun illərdir Ermənistanla Azərbaycan arasında davam edən
Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri ölkəmiz
üçün ən ağrılı, diplomatik xidmətin qarşısında duran ən önəmli
məsələdir. Münaqişənin həlli bizim nazirliyin
qarşısında bir saylı vəzifə kimi durur. Münaqişə ilə bağlı
həqiqətləri dünyaya çatdırmaq, Azərbaycanın mövqeyini
müdafiə etmək diplomatik nümayəndəliklərimizin
borcudur. Bu işlər nazirlikdən səfirliklərə göndərilən
təlimatlar vasitəsilə və ilk növbədə orada
çalışan əməkdaşların zəhməti və səyləri nəticəsində
həyata keçirilir. Bəzi ölkələrdə münaqişə ilə
bağlı həqiqətləri çatdırmaq daha asandır, bəzi ölkələrdə
və beynəlxalq təşkilatlarda bu ya digər səbəblərə
görə müəyyən müqavimət var. Bəzi təşkilatlarda bu
işi görmək daha rahatdır, bəzilərində çətindir. Biz
deyə bilmərik ki, hər yerdə qapılar üzümüzə açılır və
biz asanlıqla bu işi yerinə yetiririk. Əgər asan olsaydı, bir
çox məsələləri asanlıqla yerinə yetirərdik.
-
Diplomatiyanın 90 illiyi ilə bağlı hansı tədbirlər keçiriləcək?
-
Diplomatik xidmətin 90 illiyi bizim nazirlik üçün önəmli məsələdir.
Azərbaycanın xarici siyasətinə dair sənədlər
toplusu çap etməyə başlamışıq. 2004-2008-ci illəri əhatə
edən sənədləri 10 cildlik silsilədə çap edirik və
artıq iki cild hazırdır. Bu, Azərbaycanın ədəbiyyat tarixində
ilk belə nəşrdir. İndi isə 2004-dən üzü aşağı gedəcəyik.
Xalq Cümhuriyyəti dövrünə aid sənədlərin toplusunu çap
etməyə başlamışıq. Sənədlərin orijinalı və
fotosurəti o kitaba salınıb. Bununla bağlı səfirliklərə
tapşırıq vermişik və bir çox yerdən - Rusiyadan, Belçikadan, İsveçrədən,
İtaliyadan, İngiltərədən və digər ölkələrin
dövlət arxivlərindən əldə edilmiş sənədlərin
surətlərini səfirlərimiz bizə göndəriblər. Elə
sənədlər var ki, ilk dəfə işıq üzü görəcək.
İngilis dilində "Azərbaycanın xarici siyasətinin
formalaşdırılması" adlı kitab hazırlamışıq. Kitab həm Azərbaycan,
həm də xarici müəlliflərin yazdıqları məqalələrdən
ibarət olacaq. Məqalələr Azərbaycanın xarici siyasətinin
müxtəlif aspektlərinə həsr olunub: Azərbaycanın
Avropa, Asiya, Şimali Amerika ölkələri ilə münasibətləri,
Ermənistanla münaqişə, enerji məsələləri, beynəlxalq
təşkilatlarda Azərbaycanın fəaliyyəti və s. İyulun 8-də
kitabın təqdimatı olacaq və konfrans keçiriləcək. Diplomatik
Akademiya ingilis dilində məqalələr toplusu nəşr edib.
Ən vacib kitab isə "Azərbaycan diplomatiyasının
tarixi" adlı kitabdır. 3 cilddən ibarət olan kitabın birinci
cildi Xalq Cümhuriyyətinin xarici siyasətinə həsr olunub və
iyulun 9-da həmin cildin təqdimatı keçiriləcək. Birinci
cildin müəllifi millət vəkili, professor Cəmil Həsənlidir.
İkinci cild sovet dövrünə həsr olunacaq, üçüncü cild isə 1991-ci
ildən bu yana olan dövrü əhatə edəcək. İkinci cildin
müəllifi professor Musa Qasımlıdır. Üçüncü cild də ümidvarıq ki, ilin
sonuna kimi çıxacaq. "Azərbaycan diplomatiyasının tarixi" adlı sənədli
film də sifariş vermişik. Film hazırdır və gələn həftə
nümayiş olunacaq. Ssenari müəllifi məşhur kinodramaturq Ziya
Şıxlinskidir və onun ssenarisi əsasında Azərbaycanda,
Gürcüstanda və başqa ölkələrdə çəkilişlər
aparılıb, materiallar toplanıb. Film həm Azərbaycan, həm də
xarici dillərdə səslənəcək. Xaricdəki səfirliklərimizdə
də yubileylə bağlı müxtəlif mövzularda konfranslar keçirilir. On
gündür mini futbol üzrə turnir gedir, orada nazirliyin futbol komandası və
Bakıda yerləşən xarici səfirliklərin komandaları iştirak
edir. İyulun 8-də turnirin finalı olacaq. İyulun 6-da Gəncədə,
ayın 7-də isə Naxçıvanda tədbir keçirəcəyik. Gəncənin
Azərbaycan Respublikasının müstəqillik tarixində özünəməxsus
yeri var. Biz Gəncədə bu tədbiri keçirməklə istəyirik
ki, Azərbaycan diplomatiyasını təbliğ edək və səfirlərimizə
də imkan verək ki, ölkəmizin qərb bölgəsinin inkişafı
ilə tanış olsunlar. İyulun 7-də Naxçıvana gedirik. Naxçıvan siyasi və
strateji cəhətdən çox vacib bölgədir. İstərdik ki, səfirlərimiz
oranın da inkişafını öz gözləri ilə görsünlər.
-
Diplomatik xidmətə
görə hansısa mükafatlar təsis olunubmu?
-
Nazir Elmar Məmmədyarovun əmri ilə "Beynəlxalq əməkdaşlığa
töhfəyə görə" adlı döş nişanı təsis edilib. Bu nişan Azərbaycan Respublikasının xarici siyasətinin təbliğ olunmasına və Azərbaycan haqqında xaricdə məlumatların yayılması işinə böyük töhfələr vermiş Azərbaycan və xarici ölkələrin vətəndaşlarına
verilə bilər.
Şərq.- 2009.- 4 iyul.- S. 3.