"Bu səfərlər 2 ildən bir yox, 6 aydan bir olmalıdır"

 

Anar Məmmədxanov: "Mənə də təklif olsa, böyük məmnuniyyətlə gedərəm, bu normal haldır"

 

-Bu günə kimi hamı istəyir ki, Qarabağ məsələsindən siyasi dividend qazansın. Mən hesab edirəm ki, bu namərdlikdi...

Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin rəhbərliyi ilə hər iki tərəfdən olan nümayəndə heyətlərinin Dağlıq Qarabağa yenidən səfər etməsi birmənalı qarşılanmadı. Belə səfərlərin əhəmiyyətini önə çəkənlər də oldu, bunu qəbul etməyənlər də.

Bəziləri bunu DQ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesinin hazırkı mərhələsi ilə bağlayaraq tərəflər arasında sülh sazişi imzalanması ehtimalının artması ilə izah etsələr də, bunun prosesdə heç nəyi dəyişməyəcəyini düşünənlər də var. Millət vəkili Anar Məmmədxanov isə belə səfərlərin həyata keçirilməsini dəstəkləyir. Millət vəkili "Şərq"ə açıqlamasında əgər dəvət olarsa, özünün də belə səfərlərə qatılmasının mümkün olduğunu deyib.

- Təbii ki, mən tərəfdaram və hesab edirəm ki, belə səfərlər çox lazımdı. Birinci növbədə ən əsas məsələ odur ki, onlar bilməlidirlər ki, nəyi itiriblər, nəyi qazanıblar. Bu gün Azərbaycan inkişaf edir. Bu gün çox yaxşı olardı ki, Dağlıq Qarabağın erməni icmasının üzvləri Gəncəyə gəlib oradakı inkişafa baxsınlar. Əsas məsələ odur. Onlar görməlidirlər ki, Azərbaycanın regionları necə inkişaf edir. Nəinki Gəncəyə, Qəbələyə gəlsinlər, Masallıya, Lənkərana gəlsinlər. Gəlsinlər və baxsınlar ki, Azərbaycanın regionları necə inkişaf edir. Sonra da gedib Xankəndinə baxsınlar və görsünlər ki, onlar hansı səviyyədədir, biz hansı səviyyədəyik. Ən asan şey odur ki, mən deyim ki, gəlin biz sabah təyyarələri, vertolyotları işə salaq, yəni müharibə edib onları öldürək. Bu, ən asan bir şeydi. Əgər sən hansısa prosesdə iştirak etmək istəyirsənsə, bu, ayrı məsələdi və ona yanaşma da fərqli olmalıdı. Bəziləri hesab edir ki, səhər duraq, Qarabağ bizim olacaq. Bu olmayacaq. Bunun üçün işləmək lazımdı. Hansısa bir addımlar atmaq lazımdı. Bəlkə bir az riskli, bir az cəsarətli addımlar atılmalıdı. Mən yüz faiz bilirəm ki, elə adamlar var ki, onlar səhər durub Qarabağın bizim olacağını düşünür. Bu, heç vaxt belə olmur. Bu ancaq nağılda ola bilər. Mən hesab edirəm ki, Azərbaycan qadirdi ki, hərb yolu ilə də bu məsələni həll etsin. Amma eyni zamanda Azərbaycanın müdrikliyi, Azərbaycan prezidentinin müdrikliyi, Azərbaycan dövlətinin müdrikliyi ona qadirdi ki, biz yavaş-yavaş sülh yolu ilə də Qarabağı qaytaraq.

- Budəfəki səfərdə sizin bəzi həmkarlarınız da iştirak edib. Sizin özünüzə belə səfərlərdə iştirak etmək təklif edilsə, qəbul edərsinizmi?   

- Mənim üçün problem yoxdur. Böyük bir məmnuniyyətlə gedərəm. Bu, normal bir haldı.   

- Amma iki il əvvəl də səfirlərin təşəbbüsü ilə belə bir səfər olmuşdu. Amma heç nə dəyişmədi. Bu baxımdan sizcə, bu səfərlər tərəflərə prosesi irəli aparmaq baxımından nə verə bilər ki? 

- İki il bundan əvvəl bu səfər olanda hamı dedi ki, bizimkilər getdi ermənilərin ayağına. Ümumiyyətlə, elə elədilər, belə elədilər. Nəticə kimi də bu, ortaya qoyuldu ki, biz Qarabağı satdıq. Satdıq Qarabağı, yoxsa yox? Təbii ki, yox. İndi iki il keçib, biz başqa sual veririk ki, onun faydası nədir? Yenə də deyirəm ki, mənim üçün əsas məsələ odur ki, fayda prosesdi. Siyasətdə yoxdur belə bir şey ki, riyaziyyatdakı kimi, mənim özüm riyaziyyatçıyam və mexanika riyaziyyat fakültəsini bitirmişəm. Riyaziyyatda tapşırıq var, sən də bu tapşırığı həll edəndə axırda bir cavab tapırsan. Sən də bu cavaba görə diplom işini müdafiə edirsən. Siyasətdə belə bir şey yoxdu. Bu, bir prosesdi. DQ məsələsində də bu prosesdi. Fayda bəlkə beş ildən sonra olacaq. Bəlkə bir ildən, ya da altı aydan sonra ola bilsin. Amma eyni zamanda biz bu gün bunu elədik. Sabahları bunu gözləməyək, bu doğru deyil. Dünyada tamamilə başqa qayda-qanunlar var. Biləcəridən sonra böyük bir dünya açılır (gülür). Əsas məsələ odur ki, biz sabahları nəsə olacağını gözləməməliyik. Neçə ildən sonra nəsə olursa, deməli o da faydadır.   

- Sizcə, səfərlər bu formatda getsə yaxşıdı, yoxsa hansısa dəyişikliklərə ehtiyac var?   

- Bəli, çox gözəl olar. Mən hesab edirəm ki, bu səfərlər iki ildən bir yox, altı aydan bir olmalıdı. Anar Məmmədxanov erməniləri udub - KVN-. Ona görə mənim üçün ən əsas ola bilərdi? Vətənpərvərlik. Özü dırnaqarası vətənpərvərlik. İndi mən durum deyim ki, bilirsiniz bu nədi? Bu satqınlıqdı. Bu belədi, elədi s. amma eyni zamanda yenə deyirəm ki, mən vətənpərvərəm millətçiyəm o mənada ki, mən hesab edirəm ki, bir işi görmək millətimə xeyir gətirirsə, onu etmək lazımdı. Bunu görüb etmək lazımdı. Bunu qışqırmaqla etmək mümkün deyil. Qışqırmağa qalsaydı, biz Qarabağı çoxdan özümüzə qaytarardıq. 1999-cu ildə biz "Qarabağı unutma" kampaniyasını etdik. Nəyə görə etdik? Bu gün faydasını verdi. On il bundan qabaq mənə deyirdilər ki, təlimatlandırılmışam. Mən belə eləmişəm. Bu düzgün deyil. Ümumiyyətlə, mən satqınam s. mənim üzümə o vaxt qəzetlərdə belə fikirlər dedilər. Mən o vaxt bütün bunları gördüm. Mən axı dəmirdən deyiləm, mənim bir canım var, amma bütün bunlara dözdüm. Fikirləşdim ki, indi buna dözmək lazımdı. Çünki sabahları məni anlayacaqlar. İndi məni anlayırlar. Anlayırlar ki, mən o vaxt düz elədim.

- Ümumiyyətlə, cəmiyyətdə belə fikirlər tez-tez səsləndirilir ki, bu istiqamətdə ictimai təbliğatlandırma ya ümumiyyətlə yoxdu, ya da olduqca zəif formadadı. Bu fikri bölüşürsünüzmü?  

- Bunu şərh etmək mənə çox çətindi. Bu günə kimi hamı istəyir ki, Qarabağ məsələsindən siyasi dividend qazansın. Mən hesab edirəm ki, bu namərdlikdi. Siyasi dividend, kimisə ittiham etmək, kiməsə demək ki o satqındı, onun qeyrəti-namusu yoxdu, belə sözlər demək ümumiyyətlə düzgün deyil. Qabaqlar deyəndə ki Qarabağı, ya da Şuşanı necə verdilər, deyirdilər ki, filan adam bunu satıb. Mən hesab edirəm ki, bu yanaşma düzgün deyil. Bu halda məsələ düzgün qoyulmur. Çünki o satmayıb, qeyri-peşəkarlığına görə Şuşanı veriblər. İnanmıram ki, hansısa damarından azərbaycanlı qanı axan kimsə gedib Şuşanı satsın. Bu ümumiyyətlə ola bilməz. Mən yüz faiz əminəm ki, bu insan qeyri-peşəkar olub, bu mənim fikrimdi. Həmişə deyirəm ki, bəsdirin bir-birimizi qınadıq ki, sən satqınsan, mən satqınam. Sən Azərbaycanı sevmirsən, mən sevmirəm. Çox üzr istəyirəm. Ancaq bunlar çox axmaq ifadələrdi. Mən inanmıram buna. Kimsə qeyri-peşəkarlığına görə belə uğursuzluğa düçar olubsa, ona belə adlar qoymaq olmaz. Mən yüz faiz, bir daha deyirəm yüz faiz əminəm ki, biz Qarabağı qaytaracayıq. Bilmirəm hansı yolla. Bunu bilmirəm. Biz hazır olmalıyıq müharibə yoluna. Həmçinin hazır olmalıyıq onu sülh yolu ilə qaytarmağa. Biz bütün imkanlardan istifadə etməliyik. Əgər Azərbaycanın bir əsgərinin həyatını qoruya bilsək, hər bir insan böyük bir ailəmdi. Mən istəmirəm ki, bizim bu gün şəhidlərimiz olsun. Hansısa qızlarımız bəyiz qalsın. Mən istəmirəm. Heç vaxt da istəmərəm. Bunu ancaq çox pis bir insan istəyə bilər. Əgər bu gün bu problemi həll etmək üçün dialoq yolu varsa, biz bu yoldan istifadə etməliyik. Mən görürəm ki, bu yolda bir fayda var. Çünki ermənilərin ürəyində böyük bir şübhələr yaranır. Mən interneti çox izləyirəm görürəm ki, onlar fikirləşirlər, fikirləşmirlər. Heç olmasa, bu dəfə müdrik, yaxşı mənada bic olaq.  

- Münaqişənin həlli ilə bağlı hazırkı prosesdə bir nikbinlik müşahidə edilir, baxmayaraq ki, ortada nə bir nəticə, nə də buna dair hər hansı açıqlama yoxdu. Həmsədrlər isə çox nikbin görünürlər. Bu prosesi necə görürsünüz?

- Onların nikbinliyinə təbii ki, əsas var. Mən hesab edirəm ki, geopolitik məsələdə Azərbaycan çox güclü, çox düzgün, eyni zamanda çox təmkinli cəsarətli siyasət aparır. Həmçinin Azərbaycan bütün dünyanı inandıra bildi ki, biz bu günləri istəyiriksə, onu özümüz edirik. Bizə heç kim, heç vaxt, o cümlədən bizim dostlarımız qan qardaşlarımız Türkiyə müdaxilə edə bilməz. ABŞ prezidenti Barak Obama Hillari Klinton Türkiyədə olanda, birinci Azərbaycan prezidentinə Abdullah Gül zəng elədi. Sonra Ərdoğan zəng elədi. Sonra Hillari Klinton, daha sonra isə Barak Obama zəng elədi. İlham Əliyevsə ora getmədi. Bu onu göstərir ki, qardaşlıq öz yerində, siyasətdə biz öz siyasətimizi aparırıq. Yəni Azərbaycan özü müstəqil siyasətini apara bilir. Azərbaycan bu gün müstəqil bir ölkədir. Biz heç kimdən asılı deyilik. Ancaq özümüzdən asılı deyilik. Bizim öz milli maraqlarımız var, o milli maraqlarımıza uyğun da siyasət aparırıq. Əsas məsələ budur.   

- Hazırda ABŞ-Rusiya münasibətlərində ciddi problemlər yaşanır. Yaranmış bu geosiyasi şəraitdə Cənubi Qafqazda problemlərin həllini tapması dərəcədə real görünə bilər?  

- Mən hesab edirəm ki, ikiyüz faiz. Geostrateji məsələlərdə biz faktiki olaraq İlham Əliyevlə öyünə bilərik. Ona heç kim rəqib ola bilməz. Onun atdığı addımlar, gedən proseslər, bütövlükdə fəaliyyəti ilə bağlı mən hesab edirəm ki, bu gün regionda heç kim ona çata bilməz. savad baxımından, siyasi hərəkətləri baxımından. Faktiki olaraq İlham Əliyev liderdi. Qaldı Rusiya ABŞ-ın məsələsinə, hesab edirəm ki, hər iki dövlət maraqlıdır ki, burda stabillik olsun. Onların Azərbaycana ehtiyacı var. Onlar istəyirlər ki, Azərbaycan inkişaf etsin onlar Azərbaycanla əməkdaşlıq etsinlər. Bu gün regionda ermənilər kimdi? Ya da Ermənistan nədi? Ermənistan ermənilər heç kimə lazım deyillər. Rusiyanın Ermənistanda hərbi bazası var. Bu kimə qarşı yönəlmişdi? Tutaq ki, Türkiyəyə. Əgər bu gün Rusiya Türkiyə ilə dəyəri milyard dollar olan "Mavi axın" layihəsini həyata keçirirsə, niyə təhdid etməlidi? Artıq belə məsələlər gülməli görünür. Ona görə mən inanıram ki, DQ münaqişəsinin həllində müsbət dəyişikliklər olacaq. Buna inanıram.

 

 

Vüsalə Rafiqqızı

 

Şərq.- 2009.- 7 iyul.- S. 4.