Gəncədə müşavirə
keçirilib
Azərbaycan diplomatik
korpusu nümayəndələri
oradan Naxçıvana gedib
Azərbaycan Xarici İşlər Nazirliyi dünən Azərbaycan diplomatiyasının
90 illiyi ilə bağlı silsilə tədbirlərə start verib. Yubiley tədbirləri ilə əlaqədar artıq Azərbaycanın xarici ölkələrdəki əksər
səfirləri və
konsullar Bakıya gəlib. Dünən nazir Elmar Məmmədyarovun
rəhbərliyi ilə
diplomatlar Gəncəyə
səfər ediblər.
Səfər proqramına Gəncədəki Heydər
Əliyev parkında ümummilli liderin abidəsini ziyarətlə
başlayan Azərbaycan diplomatları daha sonra Şah Abbas
Məscidi, Cavad xanın məqbərəsi ilə tanış olublar.
Azərbaycan
Demokratik Cümhuriyyətinin yerləşdiyi ilk binaya baş çəkən
diplomatlar daha sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini
ziyarət ediblər. XİN-in mətbuat xidmətinin
rəhbəri Elxan Poluxov "Şərq"ə açıqlamasında bildirib ki, nazir
Elmar Məmmədyarov
və Azərbaycan diplomatlarının iştirakı ilə Gəncədə Azərbaycan diplomatiyasının
90 illiyinə həsr olunmuş konfrans da keçirilib. Konfransda
çıxış edən Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Azərbaycan
diplomatiyasının 90 ildə
keçdiyi şərəfli tarixdən, eləcə də diplomatlarımız qarşısında duran vəzifələrdən danışıb.
Nazir çıxışı zamanı DQ münaqişəsi ətrafındakı vəziyyətə
də toxunub. Gəncənin müasir görünüşünün onda xoş hisslər yaratdığını bildirən nazir Elmar Məmmədyarov
Azərbaycan diplomatiyasının
90 illik yubileyinin qeyd edilməsinə Gəncədən başlanılmasının
da təsadüfi olmadığını deyib. Azərbaycan diplomatiyasının bünövrəsinin
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində
məhz 9 iyul 1919-cu ildə qoyulduğunu xatırladan nazir Elmar Məmmədyarov prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli fərmanı
ilə 9 iyulun Azərbaycan diplomatlarının peşə bayramı elan edildiyini vurğulayıb. Ulu öndər Heydər
Əliyevin də Azərbaycan Xalq Cümhuriyyəti dönəminə
xüsusi həssaslıqla yanaşdığını qeyd edən nazir məhz onun fərmanı əsasında həmin dövrə aid olan bütün
sənədlərin nəşr
edildiyini vurğulayıb.
Nazir Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması üzərində xüsusi dayanıb. "Azərbaycan Xalq
Cümhuriyyəti və onun diplomatiyası haqqında danışmazdan əvvəl bir vacib məqamı qeyd etmək istərdim: hələ Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən əvvəl,
Cənubi Qafqazda siyasi vəziyyətin çox mürəkkəb olduğu və tez-tez dəyişdiyi zaman Milli Şuranı təşkil
edən Azərbaycanın
qabaqcıl siyasi xadimləri 1917-18-ci illərdə
Tiflisdə Cənubi Qafqaz Komissarlığı və onun seyminin
tərkibində aktiv diplomatik fəaliyyətə
başlayaraq, eyni zamanda vacib diplomatik
təcrübə əldə
edərək milli istiqlaliyyət uğrunda mübarizə aparıblar"- deyən nazir Elmar Məmmədyarov
Azərbaycan xarici siyasəti ilə bağlı mühüm qərarların
qəbul edilməsində
Gəncə şəhərinin
xüsusi yer tutduğunu qeyd edib. Nazir Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılmasında xüsusi rolu olan Azərbaycan
siyasi xadimlərinin tarixdə çox parlaq və şərəfli səhifə
yazdıqlarını deyib. Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan diplomatiyasının əlaqələrinin əhəmiyyətli
dərəcədə genişləndiyini
bildirən nazir indi Azərbaycanın dünya birliyində özünəməxsus yer tutan və hörmət
edilən ölkəyə
çevrildiyini söyləyib.
Elmar Məmmədyarov
Azərbaycan xarici siyasətinin daha da təkmilləşdirildiyini
də qeyd edib. Ermənistanın işğalçılıq siyasətinə
toxunarkən isə nazir bu istiqamətdə
BMT, ATƏT, Avropa Şurası,
NATO və İslam Konfransı Təşkilatı çərçivəsində ölkəmizin
ərazi bütövlüyünü dəstəkləyən bir
çox qətnamə və qərarların qəbul edildiyini bildirib. Nazir prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan diplomatlarının bu istiqamətdəki səylərini
daha da artırdıqlarını
deyib.
Onu
da qeyd edək ki, dünən Gəncə səfərini başa vuran
Azərbaycan diplomatları Gəncədən Naxçıvan Muxtar
Respublikasına yola düşüblər. XİN-in mətbuat katibi Elxan Poluxov Azərbaycan
diplomatlarının bu gün Naxçıvanda bir sıra tədbirlərdə
iştirak edəcəklərini
bildirib. Qeyd edək ki, Azərbaycan
diplomatiyasının 90 illiyi ilə bağlı iyulun 9-da Bakıda geniş konfrans keçiriləcək.
Vüsalə Rafiqqızı
Şərq.- 2009.-
7 iyul.- S. 3.