"Siyasi partiyalar haqqında" qanun gündəmə gəlir
Fazil Mustafa: "Bizim hazırladığımız layihə
qəbul olunsa, ciddi ajiotaja ehtiyac olmayacaq, bütün partiyaların marağı
nəzərə alınacaq"
Fəzail Ağamalı: "Mən hesab edirəm
ki, maliyyələşmə o partiyalara şamil edilməlidir ki, onlar
seçkilərdə iştirak edirlər"
"Mövcud
ictimai-siyasi reallıqlar "Siyasi partiyalar haqqında" qanuna əlavə
və dəyişikliklər edilməsini diktə edir. Yeni Azərbaycan
Partiyası tərəfindən bu məsələnin gündəmə
gəlməsi təbii qarşılanmalıdır.
Biz
bəzi qanunlara əlavə və dəyişikliklər edərkən
bunun ətrafında ajiotaj yarandı. Mən bunu normal qəbul edirəm".
Bu fikirləri Milli Məclisin vitse-spikeri Bahar Muradova söyləyib.
O bildirib ki, "Siyasi partiyalar haqqında" qanunun müzakirəsi
daha qızğın keçəcək: "Biz bütün mahiyyəti ilə
anlayırıq ki, bu proses ağrılı keçəcək. Çünki maraqlı tərəflər
çoxdur. Mən bu sahədə səslənən fikirlərə
baxanda qəribə tendensiyanın şahidi oluram. Sanki hər kəs
bu qanunu özünün maraqlarına tabe etdirmək məqsədini güdür, ona
görə də qabaqcadan çoxsaylı ziddiyyətli və müxtəlif
fikirlərin ortaya çıxacağını söyləmək olar". Bəs
"Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklər
müzakirəyə çıxarılan zaman hansı məsələlərə
daha çox diqqət yetirmək lazımdır? Müzakirələr zamanı
ajiotajın yaranmasına səbəb nə olacaq? Bu və digər
suallara cavab tapmaq üçün ölkədə fəaliyyət göstərən
bir sıra partiya rəhbərləri ilə əlaqə saxladıq:
Fazil Mustafa, Böyük Quruluş Partiyasının sədri,
millət vəkili
-
Bununla bağlı biz parlamentə qanun layihəsi təqdim etmişik. Əgər
o layihə qəbul olunsa, ciddi ajiotaja ehtiyac olmayacaq, bütün
partiyaların marağı nəzərdə tutulacaq. Amma Bahar xanım Yeni Azərbaycan
Partiyasının təqdim etdiyi qanun layihəsindən söhbət edir. Açığı,
bu layihə ilə tanış deyiləm. Hər halda mən ümid edirəm
ki, daha demokratik və partiyaların fəaliyyətini genişləndirməsi
istiqamətində bir layihə olacaq. Düşünürəm ki, "Siyasi
partiyalar haqqında" qanun başqa qanunlardan fərqli olaraq daha ciddi
şəkildə müzakirə olunacaq. Çünki siyasi partiyalar daha aktiv
elementlərdir və onların öz hüquqlarının təmin olunması üçün
daha mükəmməl əlavə və dəyişkliklərin edilməsinə
çalışacaqlar.
Mən
hesab edirəm ki, "Siyasi partiyalar haqqında" qanuna əlavə
və dəyişikliklər qəbul olunarkən birinci növbədə
partiyaların maliyyələşmə məsələsinə əsas
diqqət yetirilməlidir. Maliyyənin hansı partiyalara şamil edilməsi
məsələsi ən ciddi elementdir və bu mübahisə
doğuran məsələ olacaq. Düşünürəm ki, maliyyələşmə
məsələsi ölkədə keçirilən parlament və bələdiyyə
seçkilərinin nəticələrinə görə aparılsa, daha
demokratik olar və hər kəs bundan razı qala bilər. Hər
halda parlamentdə təmsilçilik mexanizmi əsas götürülməlidir.
Bura prezident seçkilərini də aid etmək olar. Amma prezident
seçkiləri tək partiya namizədi kimi nəzərdə
tutulmaya bilər, yəni burda fərdlərin mübarizəsi
gedir. Amma parlament və bələdiyyə seçkilərində
daha çox partiyalar mübarizə aparır. Ona görə bu meyarın götürülməsi
məqsədəuyğun olar.
Fəzail Ağamalı, Ana Vətən
Partiyasının sədri, millət vəkili
-
"Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərin
edilməsi vacibdir, əhəmiyyətlidir, zəruridir və
qaçılmazdır. Ola bilsin ki, bu dəyişiklik parlamentin payız sessiyasında və
ya növbəti ildə olsun. Sadəcə olaraq məsələnin
mahiyyətində o durmalıdır ki, qanuna edilən əlavələr
və dəyişikliklər Azərbaycanın siyasi sistemində
partiyaların yerini və rolunu dəqiq müəyyənləşdirsin,
onun fəaliyyət imkanlarına normal şərait yaratsın və
partiyalar müxalifətdə və iqtidarda durmağından asılı olmayaraq
cəmiyyətə özünün müsbət töhfələrini verə
bilsin. Düşünürəm ki, əlavə və dəyişikliklərin
edilməsinin fəlsəfəsi məhz bundan ibarətdir. İndiki
qanun bu baxımdan dediklərimizi həyata keçirmək imkanına malik
deyil. Çünki qanunda boşluqlar kifayət qədərdir. Bu gün Azərbaycan
reallığı odur ki, faktiki olaraq ölkədə 5-6 partiya özünün fəallığı
ilə fərqlənir, cəmiyyətə töhfələrini
verir, seçki proseslərində fəal iştirak edir və hər kəs
də özünün imkanı daxilində müəyyən uğurlar qazanır. Ancaq
bu gün ölkədə 50-dən çox siyasi qurum qeydiyyatdan keçib. Demək
olar ki, bunun 35-dən çoxunun fəaliyyəti görünmür. Belə
olan halda, əlbəttə, qanuna edilən bu və ya digər
dəyişikliklər bu cür partiyaların ola bilsin ki, stəkanda fırtına
yaratmalarına səbəb olsun. Lakin bundan çəkinmək lazım
deyil. Düşünürəm ki, burada ciddi ajiotaj yarana bilməz. Müəyyən
müzakirələr aparıla bilər və aparılmalıdır da. Buna da təbii
yanaşmaq lazımdır və dəyişilmiş əlavələr də bu və
ya digər konkret partiyanın maraqlarını özündə ifadə etməli
deyil. Bu, bütövlükdə siyasi sistemdə partiyaların yerinin və
rolunun müəyyənləşməsində qanunvericilik bazası rolunu
oynamalıdır.
Hesab
edirəm ki, vacib olan dəyişikliklərdən biri də
partiyaların dövlət tərəfindən müəyyənləşməsidir.
Mən hesab edirəm ki, maliyyələşmə o partiyalara şamil
edilməlidir ki, onlar seçkilərdə iştirak edirlər və müəyyən
uğurlar qazanırlar. Seçkilərdə uğur qazanan partiyalar, təbii
ki, digərlərindən fərqlənəcək. Onlar cəmiyyətdə
daha üstün mövqe nümayiş etdirir, deməli, onun sosial bazası var, proseslərə
fəal müdaxilə edə bilir və s. Dünyanın bir çox ölkələrində
də bu yanaşmadan geniş istifadə olunur.
Seymur Qasımbəyli
Şərq.- 2009.- 9 iyul.- S. 6.