İri şəhərlərdə kompyuterlə təchiz olunmuş mühafizə məntəqələri fəaliyyət göstərir

 

Respublika üzrə 3000-dən artıq obyekt bu sistemin köməyi ilə qorunur

 

 Dünən Bakıda MDB ölkələrinin Daxili İşlər nazirliklərinin Mühafizə xidməti rəhbərlərinin beynəlxalq elmi-praktik konfransı işə başlayıb. Azərbaycan, Rusiya, Ukrayna, Belorus, Moldova, Özbəkistan və Tacikistan nümayəndələrinin iştirak etdikləri ikigünlük konfransda mühafizə xidmətinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunur.

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev iştirakçılara Azərbaycanın daxili işlər orqanlarının fəaliyyəti haqqında geniş məlumat verib. M.Quliyev ölkəmiz müstəqillik əldə etdikdən sonra Daxili İşlər Nazirliyinin tərkibində mühafizə xidmətinin fəaliyyətə başlamasını qeyd edərək bildirib ki, Azərbaycanda əmin-amanlıq hökm sürür. Onun sözlərinə görə, bütün sahələrdə inkişaf özünü göstərməkdədir. Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov mühafizə xidmətinin bu sahədə respublikada yeganə xidmət olduğunu bildirib. Nazir müavini vurğulayıb ki, güclü maddi-texniki bazaya malik Baş Mühafizə İdarəsində etibarlı xidmətin təmin olunması üçün xeyli sayda avtonəqliyyat, radiorabitə və digər texniki vasitələrdən istifadə olunur. Mühafizə olunan obyektlərdə beynəlxalq standartlara cavab verən müasir siqnalizasiya sistemləri quraşdırılır. Eyni zamanda, Bakıda və digər iri sənaye şəhərlərində kompyuterlə təchiz olunmuş mərkəzləşdirilmiş mühafizə məntəqələri fəaliyyət göstərir və ümumilikdə respublika üzrə 3000-dən artıq obyekt bu sistemin köməyi ilə qorunur.  

Konfransda iştirak edən Rusiya Dövlət Mühafizə Departamentinin rəisi Vadim Saviçev deyıb ki, mühafizə xidmətləri müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində obyektlərin mühafizəsi ilə bağlı təcrübə mübadiləsi aparılır. Hər bir dövlətin mühafizə sahəsində müəyyən üstünlüklərinin olduğunu qeyd edən rusiyalı qonaq deyib ki, təcrübə mübadiləsi baxımından belə tədbirlərin keçirilməsi əhəmiyyətlidir. Ukrayna Daxili İşlər Nazirliyinin departament rəisi Vitali Qriçaq isə bildirib ki, belə konfransların keçirilməsi müsbət nəticələrlə yanaşı, dövlətlərarası münasibətlərə də öz töhfəsini verir. 

Tədbirdə vurğulanıb ki, Azərbaycanda mühafizə polisi həvalə olunmuş əsas vəzifələrlə yanaşı, ölkə ərazisində cinayətkarlığa və ictimai qaydaları pozanlara qarşı mübarizə işində də nəticələrə nail olub. Son 3 il ərzində idarənin əməkdaşları tərəfindən vətəndaşlardan qanunsuz saxlanılan 100-ə yaxın odlu silah və 22 min ədədə yaxın müxtəlif növ sursat aşkar edilərək götürülüb. Eyni zamanda, həmin müddətdə mühafizə olunan 163 obyektdə oğurluğun, 400-ə yaxın digər cinayət hadisəsinin qarşısı alınaraq 650 cinayətkar, axtarışda olan 180 və ictimai qaydanı pozan 3000-dən yuxarı şəxs saxlanılaraq ərazi polis orqanlarına təhvil verilib. Hazırda idarənin strukturları tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 8500-ə yaxın obyekt, o cümlədən 1000-ə yaxın vətəndaşın mənzilləri qorunur. Mülkiyyətçilərlə mühafizəyə dair 1500-ə yaxın müqavilə bağlanıb.

  

 

Nəsimi

 

  Şərq.- 2009.- 9 iyul.- S. 7.