"Mən Yerevanda 4 dəfə mətbuat
konfransı keçirmişəm"
Arif Əliyev: "Bakıda keçirdiyim 50 mətbuat
konfransından üstün sayıram ki, gedib fikirlərimizi, arqumentlərimizi
orda səsləndirmişik"
"Mən bir daha papağı qabağa qoyub
düşünməyə dəvət edirəm. Bu proses baş verəndə anadan olan övladlarımız
bu gün artıq əsgər yaşındadır"
Bir qrup Azərbaycan ziyalısının ölkəmizin
Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun rəhbərliyi
ilə Dağlıq Qarabağa və Ermənistana səfər etməsi ətrafındakı
müzakirələr səngimir. Fikirlər kifayət qədər
fərqlidir. Bəziləri ziyalıların səfər etməsini
anlaşıqla qarşılasalar da, etiraz edənlər də kifayət qədərdir.
Hər kəsin də öz arqumentləri var. Məsələn,
etirazçılar sırasında olan və öz mövqeyini Xarici İşlər Nazirliyinin
qarşısında piket keçirməklə ifadə edən Qarabağ Azadlıq Təşkilatının
sədri Akif Nağı hesab edir ki, ziyalıların səfəri "Xalq
diplomatiyası"nın tərkib hissəsidir.
Aparılan müzakirələr, səsləndirilən
fikirlərlə bağlı suallarımızı "Yeni Nəsil" jurnalistlər
Birliyinin sədri Arif Əliyevə ünvanladıq. O hesab edir ki,
fikirlər səsləndirərkən ilk öncə səfərlərin
"Xalq diplomatiyası" ilə bağlılığını aydınlaşdırmaq lazımdır:
- Baş vermiş hadisənin "Xalq
diplomatiyası"na heç bir aidiyyəti yoxdur. Çünki burda adı vətəndaş
cəmiyyətinin səfər etməsi olsa da, səfər edənlərin
hamısı rəsmi şəxslərdir, səfirlər başda olmaqla. "Xalq
diplomatiyası"nı bundan ayırmaq lazımdır. Əgər prosesdə
dövlət strukturları nəinki iştirak edir, hətta buna rəhbərlik
edirlərsə, bu, artıq "Xalq diplomatiyası" deyil, sadəcə
olaraq hökumət tərəfindən yürüdülən hər hansı bir
siyasətdə ziyalılardan istifadə etməkdir. Ümumiyyətlə,
mən hamımıza məsləhət görərdim ki, bir addım atanda
düşünmək lazımdır ki, nə baş verir, kim bunda iştirak edir və
bunun adını nə qoyaq, ondan sonra necə münasibət bildirməyi
müəyyənləşdirək. Açığı, mənim məsələyə
münasibətim nə mənfi, nə də müsbətdir. Çünki
faktın özünü məqbul sayıram. Siyasətdə bu cür alətlərdən
istifadəni məqbul sayıram, amma hələ ki heç bir nəticə
görmürəm ki, nəyi edib, nəyi etməməklə bağlı
konkret bir şey deyə bilmirəm. Amma söhbət gedirsə ki, məsələn,
jurnalistlərin səfər, görüş faktının özünün pislənməsini
bir qədər yalançı qəhrəmanlıq hesab edirəm. Həmişə
çox ehtiyatla yanaşmışam. Məndə o adamlar şübhə doğurub ki,
onlar çayın bu tərəfindən durub o biri tərəfinə
bilə-bilə ki çatmayacaq, "qəhrəmancasına" daş
atırlar. Amma nəyisə dəyişməyə cəhd göstərən
insanlara daha böyük hörmətlə yanaşmışam, hətta onlar bu zaman səhvə
yol versələr belə. Bakıda durub bəyanat verməyə nə
var? Qəzetlərdə bəyanat verib demək ki, "partizan
müharibəsi başlayırıq", sonra da ortaya çıxanda bəlli olur ki, nə
partizan müharibəsi var, nə bir şey. Deyirlər, mitinq keçiririk,
ortaya bir şey çıxmır. Bunları Bakıda etməyə nə var ki... Hər
halda bunları nəzərə almaq lazımdır.
- Səfərdə iştirak edən şəxslər
qayıtdıqdan sonra Dağlıq Qarabağa və Ermənistana getməyin
vacibliyini əsaslandırmağa çalışdılar. Gətirilən arqumentləri
nə dərəcədə əsaslı saydınız? Məsələn,
Polad Bülbüloğlu bildirdi ki, nə biz, nə də ermənilər
kosmosa uçası deyil...
- Əlbəttə, bu belədir.
Biz başa düşürük ki, nə erməninin istədiyi kimi azərbaycanlıları
Xəzərə tökmək mümkün olacaq, nə də biz başa
düşürük ki, bu problemi erməniləri Qafqazdan çıxarmaqla həll edəsi
deyilik. Buna nə real situasiya imkan verir, nə beynəlxalq şərait,
nə də bəşəri prinsiplər. Amma mən yenə də
bir şeyə diqqəti cəlb etmək istəyirəm ki, hər
yerdə söhbət "Xalq diplomatiyası"nın uğurundan və ya
uğursuzluğundan gedir, amma bəyanatı verən hökumətin rəsmi
səfiridir. Bu fakta necə diqqət yetirməmək olar?
İkincisi, bir daha diqqəti ona cəlb edək ki, bəyanatı verən
birbaşa diplomatdır. Və təbii ki, diplomatiya həmişə hər
bir sözü həqiqətən də önə çıxartmır. Söylənilən
arqumentlərdən kənar arqumentlər də var, səbəblər
də. Bunları başa düşməmiz lazımdır.
- Ötən səfərlə müqayisədə
bu səfər siyasi partiyalar, xüsusilə də müxalifət
partiyaları kifayət qədər sakit yanaşdılar. Bunu necə izah
etmək olar, yoxsa müxalifət partiyaları da problemin həllində
başqa çıxış yolu görmürlər?
- Görünür, bunun bir neçə səbəbi
var ki, onlardan da biri ondan ibarətdir ki, bu müddət ərzində
partiyalara əlavə güc gəlməyib. Onlar hər hansı kəsərli
bəyanat verməkdən çəkinirlər. Söhbət təkcə
Qarabağla bağlı məsələdən deyil, digər məsələlərlə
bağlı da baxsaq görərik ki, son illər ümumiyyətlə yumşalma
və daxili sakitlik hökm sürür. İkincisi, yəqin ki, o faktdır da
birinci dəfə daha qorxulu görsənirdi ki, "vay, getdilər,
dostluq, qardaşlıq başladı, Qarabağ yaddan çıxdı", amma gördülər ki,
birinci səfər heç nəyi dəyişmədi. İndi də yəqin
ki, bunu anlayıblar ki, faktiki olaraq öz-özlüyündə bu alət hələ
nə satmaq deməkdir, nə də qələbə. Bu sadəcə
olaraq siyasi texnologiyalarda təqdir olunmalı alətdir. Öz özlüyündə
bu Alət düzgün istifadə edilməsə və həqiqi məzmunu
verilməsə əhəmiyyətsizdir. Yəqin ki, bu anlam da
cəmiyyətin bir sıra strukturlarında olduğu kimi siyasi
strukturlarımıza da gəlib və ona görə də dözümlü və
daha samballı münasibət görürük.
- Sizcə, belə ziyalı səfərləri
gələcəkdə də davam etdirilməlidirmi?
- Fikrimcə, davam etdirilsə, daha
yaxşı olar. Elementar bir izahını deyim, mən özüm də Qarabağda
olmuşam, ermənilərlə çox görüşmüşəm. Fikir verirəm ki,
Ermənistanda böyük bir təbəqədə, xüsusilə gənc
nəsildə belə bir fikir yaradılır ki, azərbaycanlılarla ermənilərin
bir yerdə olması, ümumiyyətlə, qeyri-mümkündür, azərbaycanlılar
çox qəddar, başkəsən və s. onlar ancaq yatıb-dururlar ki,
bu torpaqları necə ələ keçirək, bunları torpaqlardan çıxaraq
və s. Mən dəfələrlə şahidi olmuşam ki, elementar
ünsiyyət nə dərəcədə fikirlərin dəyişməsinə
təsir göstərir. İkincisi, mən onun tərəfdarıyam ki,
Bakıda oturub bir-birimizin arasında təbliğat aparmaq, nəyəsə
inandırmaq boş şeydir. Mən özüm bu illər ərzində Yerevanda
4 dəfə mətbuat konfransı keçirmişəm. Bakıda keçirdiyim 50 mətbuat
konfransından üstün sayıram ki, gedib fikirlərimizi, arqumentlərimizi
orda səsləndirməyin xeyirdən başqa heç bir mənfi cəhətini
görməmişəm. Amma yenə də deyirəm ki, bunlar öz-özlüyündə
faktiki olaraq heç nəyi dəyişməyəcək. Bu, bir
proqramın tərkib hissəsi olmalıdır. İstər "Xalq
diplomatiyası", istər ziyalıların səfəri, dövlətin öz
siyasətində ziyalılardan istifadə etməsi, bunlar
konsepsiyanın tərkib hissəsi olmalıdır. Ayrı-ayrılıqda götürülmüş bu
faktor heç vaxt müsbət rol oynaya bilməz. Əlbəttə, müəyyən
insanların dünyagörüşünə təsir göstərər, dözümlülük
atmosferi yaratmağa kömək edər və s. Amma bütünlükdə
problemin həlli üçün yalnız yardımçı vasitədir. Əsas vasitə
başqa yerdədir. O adamlar ki, transparantlarını qaldırıb dərhal
piketlərə çıxırlar, onlar fikirləşməlidirlər ki, kök
hardadır. Bu vəsait müsbət rol da oynaya bilər, mənfi də.
Hamısı ondan asılıdır ki, bu addım proqramın tərkib hissəsidir, ya
yox. Yatdım-durdum, bunu edim, bunun müsbət sonluğunu görmürəm.
Xüsusilə də ona görə ki, hansısa bir yenilik ilk vaxtlar ümidlə
qarşılanır. İnsanlarda narazılıqlar oyansa da, bütünlükdə ümidlə
qarşılanır ki, bəlkə bir nəticəsi oldu. Amma bir dəfə
edirsən, iki dəfə edirsən, təsiri olmursa, əksinə,
qıcıq yaradır, mənfi reaksiya oyadır. Məsələn, jurnalistlərin
səfərləri ilə bağlı biz belə bir sonluğa gəlib
çıxdıq. İlk vaxtlar çox böyük ümidlə yanaşılırdı, maraqlı nəticələr
verirdi. Amma bunlar başqa hərəkətlərlə dəstək
tapmadığı üçün yavaş-yavaş bezdiricilik yaratdı. İnsanlar dedilər ki,
bunlar başlayanda deyirdik ki, media başa salar, insanların dözümlülüyünə
kömək edər, amma sonunda görəndə ki, heç bir nəticə
yoxdur, dedilər bu da lazım deyil. Belə mənfi effektlər ola
bilər.
- Yəqin ki, siz fikirlərinizi
Qarabağa səfər edənlərə qarşı aksiyalar təşkil edən
insanlara da şamil edirsiniz...
- Mən jurnalistlərin sonu o qədər
də yaxşı olmayan səfərlərinin nəticələrini
indi səfər edənlərə misal çəkirəm ki, bu təhlükəni
nəzərə alsınlar ki, bu alət yaxşı alətdir, amma o
boş-boşuna havada işlədiləndə öz cəlbediciliyini itirir və
korşalır. Belə bir təhlükə ilə üzləşə bilərik.
Amma buna etiraz edənlərə isə başqa bir tezis daha uyğun
olardı ki, hər nə olsun, addımı atandan əvvəl fikirləşmək
lazımdır ki, bu prosesin adı, xeyiri, məqsədi nədir. Yoxsa erməni
görəndə əlinə transparant götürməklə, gedib
tamamilə başqa bir ölkənin səfirliyinin qarşısında dayanmaqla
heç bir problem həll olunmur. Mən istisna etmirəm və demirəm
ki, məsələnin hərbi həll yolu yoxdur və ya
olmamalıdır. Hər şey baş verə bilər, həyat hər cür
çıxış yolu qoya bilər. Amma axı heç nə baş vermir, sadəcə
vaxt gedir. Mən bir daha papağı qabağa qoyub düşünməyə dəvət
edirəm. Bu proses baş verəndə anadan olan övladlarımız bu gün
artıq əsgər yaşındadır. İllər keçir, proseslər gedir, hansı
nəsil böyüyür, böyüyən nəsil o hadisələr, o torpaqlar
haqqında hansı təsəvvürlərə malikdir, qonşu millət
haqqında nə düşünür, bütün bunların hamısı əlaqəlidir. Bir yerdə
düyməni basmaqla bütün otaqlarda işığı yandırmaq olmaz. Gərək hər
yerdə bütün düymələri eyni zamanda basasan ki, proses bütünlükdə
getsin. 3 nəfər ziyalını dartıb ora aparmaqla və ya xəlvəti
gecə 3 ermənini bura gətirməklə heç nə dəyişmir.
Sadəcə olaraq hansısa təşkilatlar yenə özləri üçün qəhrəmanlıq
tarixi yazırlar, kimlərsə ad çıxardır, yalançı daxili proseslər
gedir və s. Sonra da bu proseslər sönür, xalq hər şeydən
bezir. Onsuz da bizim cəmiyyətdə depressiya güclüdür.
Nəsimi Cəfərli
Şərq.- 2009.- 11 iyul.- S. 7.