"Qarabağa səfər ehtimal olunan sülhə dəstəkdir"
"Münaqişənin sülh yolu ilə
həll olunmasına şanslar var".
Asim Mollazadə: "Missiyamız ehtimal olunan müsbət nəticələrdən
sonra əhəmiyyəti proseslərə hazırlamaqdır”
Dünən keçirdiyi mətbuat
konfransında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun rəhbərlik
etdiyi nümayəndə heyətinin tərkibində Dağlıq Qarabağa
səfər edən Azərbaycan İslahatlar Partiyasının (AİP) sədri
Asim Mollazadə belə deyib.
O, Azərbaycan - Ermənistan arasında münaqişənin həlli və bu istiqamətdə
cərəyan edən
proseslərin inkişafına
diqqət çəkərək,
müsbət nəticələrin
olacağı barədə ehtimalların yarandığını deyib. A.Mollazadə ATƏT-in Minsk
qrupunun münaqişənin nizamlanması yönündə mütəmadi görüşlər keçirməsini və Moskva doktrinasından sonra Rusiyanın münaqişənin həllində
maraqlı görünməsini bu baxımdan əhəmiyyətli
sayıb. AİP sədri həmçinin Qarabağa səfərlə bağlı birmənalı olmayan fikirlərə də öz münasibətini
bildirib. "Bu missiya mövcud olan danışıqlar prosesini əvəz edə bilməz. Bu, "xalq diplomatiyası"
da deyil. Missiyamız ehtimal olunan müsbət nəticələrdən
sonra cəmiyyəti proseslərə hazırlamaqdır".
A.Mollazadə hesab edir ki, ilin sonuna
qədər müvafiq çərçivə sazişi imzalana bilər. Məhz həmin sənədin imzalanmasından sonra sülh proseslərini inkişaf etdirmək olar. Onun fikrincə, Dağlıq
Qarabağa edilən səfər də ehtimal olunan sülhə dəstək verməkdir. Millət vəkili
deyib ki, Rusiyanın Cənubi Qafqazdakı münaqişə durumunun dəyişilməsində
daha fəal iştirak etmək istəyi sülh prosesinin davam etdirilməsi üçün yaxşı imkanlar açır. "Biz Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll
edə bilsək, bu, bütün region üçün müsbət faktor olacaq. Biz əminik ki,
Cənubi Qafqaz xalqları sülh şəraitində
yaşaya bilərlər və biz regionda sülhün irəlilədilməsi
imkanlarından yararlanmalıyıq.
Əlimizdə olan sülh imkanlarından yararlanmaq üçün emosional deyil, rasional şəkildə hərəkət
etməliyik". A.Mollazadənin sözlərinə görə, erməni lobbisi və Ermənistan ermənilərinin mövqeləri
fərqlənir. "Ermənistanda mən, prezident Sarkisyanın bizimlə söhbətində
dediyi kimi sülh imzalamaq istəyini gördüm".
İlkin Həsənov
Şərq.- 2009.- 11 iyul.- S. 3.