Mətbuat Şuralarının illik toplantısı keçirilib

 

Toplantıda Əflatun Amaşov da iştirak edib

 

 İstanbulda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təmsil edib. Toplantını Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının prezidenti, Türkiyə Mətbuat Şurasının sədri Oqtay Eqşi açaraq qurumun ötən il ərzində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.   

Dünya miqyasında mətbuatda müşahidə olunan tendensiyalardan söz açan O.Eqşi hazırkı dövrdə internet medianın geniş vüsət almasının yazılı medianın satış faizinə əsaslı təsir göstərdiyini vurğulayıb. O, dünya iqtisadi böhranının mətbuata təsiri ilə bağlı da faktlar açıqlayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında rəhbərlik etdiyi qurumun iş prinsipləri barədə məlumat verib. Onun sözlərinə görə, Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda formalaşdırılan Mətbuat Şurasının təcrübəsindən bir sıra postsovet ölkələrində oxşar qurumların formalaşdırılması məqsədilə istifadə olunub. Ə.Amaşov Şuranın media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirdiyi işlərlə bağlı konkret faktlar da açıqlayıb.

Şura sədri həmçinin ölkədə media sahəsində həyata keçirilən dövlət siyasəti barədə də məlumat verib. Tədbir iştirakçıları çıxışda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə bağlı səslənən fikirlərə diqqətlə yanaşıb, təşkilatın iş prinsipləri ilə ətraflı maraqlanıblar

Toplantıda müzakirə edilən başlıca məsələlərdən biri dünyada söz və mətbuat azadlığının durumu olub. Çıxış edənlər bu sahədəki vəziyyətin tənzimlənməsində fərqli fəaliyyət istiqamətlərinə malik Mətbuat Şuralarının ümumi strategiyasının hazırlanmasını irəli sürüblər.

Sonda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının yeni prezidenti seçilib. Bu, Hindistan Mətbuat Şurasının sədri J.N.Ray olub.

 

  

Nəsimi

 

Şərq.- 2009.- 14 iyul.- S. 3.