"Moskvada hər hansı sənədin imzalanması gözlənilmir"

 

 Rauf Mirqədirov: "Madrid prinsipləri"nin razılaşdırılması da hələ heç nə demək deyil"

 

 -İlkin olaraq 5 rayonun boşaldılması hansı şərtlər altında reallaşacaq? Bəlkə şərtlərdən biri DQ-in statusunun həlli ilə bağlı olacaq. Bu halda çox ciddi suallar meydana çıxır...

Ermənistan və Azərbaycan prezidentlərinin Moskvada keçiriləcək növbəti görüşü ərəfəsində ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Birləşmiş Ştatların 6 bənddən ibarət olan "Madrid prinsipləri"ni açıqlaması cəmiyyətdə birmənalı qarşılanmadı. Qeyd edək ki, açıqlanan sənəddə əksini tapan məsələlərin əksəriyyəti barədə bu vaxta qədər ekspertlərin müxtəlif səpkili versiyaları olmuşdu. Bununla belə Minsk qrupu həmsədrlərinin kifayət qədər nikbinliklə hazırladıqları prezidentlərin Moskva görüşü ərəfəsində "Madrid prinsipləri"nin açıqlanması tərəflərə təzyiq məqsədi kimi dəyərləndirilir.  

Bu sənədin açıqlanmasından əvvəl Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin yenidən Dağlıq Qarabağa səfər etdiyini xatırladan ekspertlər bütün bunların arxasında ictimaiyyəti sülh sazişinə hazırlamaq məqsədinin dayandığını bildirirlər. "Ayna"-"Zerkalo" qəzetinin siyasi şərhçisi, politoloq Rauf Mirqədirov isə hesab edir ki, "Madrid prinsipləri"ində Azərbaycanın maraqları tam şəkildə əksini tapmasa belə bu təkliflərə pozitiv yanaşmaq lazımdı.

- "Madrid prinsipləri" adlı açıqlanan bu təkliflərdə prinsipcə yeni heç nə yoxdu. Orada əksini tapan məsələlərlə bağlı bir neçə dəfə fikirlər səsləndirilib. Bildiyiniz kimi, bu proses bir dəfə az qala dayandırılmışdı. Xatırlayırsınızsa, buna oxşar müddəalar İlham Əliyevlə Robert Köçəryan arasında nəzərdə tutulan görüş Buxarestdə baş tutmadıqdan sonra həmsədrlər tərəfindən elan edilmişdi. Orada bəyan edilmişdi ki, danışıqların müsbət nəticələnməsinə mane olan əsas səbəb prezidentlərin kifayət qədər siyasi iradə nümayiş etdirməməsidi. İndi həmin prinsiplər təkrar olunan prinsiplərdir. Moskva danışıqlarından əvvəl elan edilib və prinsipcə biz burada da yeni heç nə eşitməmişik. Sözsüz ki, bu təkliflərdə Azərbaycanın maraqlarına bir qədər cavab verən məqamlar da var, verməyənlər də. Eyni zamanda bu prinsiplərin arasında həddən artıq qeyri-müəyyən məqamlar da var ki, bu da tərəflərə manipulyasiya üçün imkan verə bilər, yəni o prinsiplər indi təqdim olunan kimi qəbul edilərsə, bu, tərəflərin həmin prisipləri öz xeyrinə təqdim etmək imkanı yaradır. Orada Azərbaycanın maraqlarına uyğun olan məqamlardan biri birmənalı olaraq Dağlıq Qarabağın ətrafındakı işğal edilmiş ərazilərin boşaldılmasıdı. Digər məqam bütün qaçqın və məcburi köçkünlərin daimi yaşayış yerlərinə birmənalı şəkildə qayıdışının təmin edilməsidir. Bu, Azərbaycanın da, Ermənistanın da maraqlarında olan məsələdir. Düzdü, onun reallaşdırılması kifayət qədər problematikdi. Çünki burada da bilinmir ki, söhbət hansı qaçqınlardan və ya məcburi köçkünlərdən gedir. Burada qeyri-müəyyən məqamlardan biri Laçın dəhlizi ilə bağlıdır. Laçın dəhlizinin statusu necə olacaq? Həmin dəhlizin sərhədləri nə qədər olacaq, hansı əraziləri əhatə edəcək? Bu məlum deyil. Azərbaycan prezidenti bəyan edib ki, o, Ermənistanın Dağlıq Qarabağdakı ermənilərlə əlaqə saxlamaq istəyini başa düşür və bu məsələni müzakirə etməyə hazırdır. Lakin həmin əlaqəni təmin etmək olarmı, burda hansı variant seçilə bilər? Bu aydın deyil. Qeyri-müəyyən prinsiplərdən biri də Dağlıq Qarabağa aralıq statusun verilməsidir, bu əslində normaldı. Əgər Dağlıq Qarabağ sülh sazişinin imzalanmasında iştirak edəcəksə, burda mütləq Dağlıq Qarabağın faktiki hakimiyyəti ilə müəyyən əlaqələrin qurulması lazım gələcək. Yəni DQ-nin iştirakı olmadan bu mümkün deyil. Əgər diqqətli olsaq, bu bəndlərin birində Dağlıq Qarabağın özünüidarə hüququnun verilməsi əksini tapıb. Burda Azərbaycanın maraqlarını qane etməyən nədir? Özünüidarəetmə hüququ müəyyən bir seçkili orqanların formalaşdırılmasını nəzərdə tutur və hakimiyyətin legitimləşdirilməsi səviyyəsini yüksəldir. Bu, ciddi şübhələr doğurur. Ona görə ki, burada söhbətin Dağlıq Qarabağın hansı əhalisindən getdiyi məlum deyil. Dağlıq Qarabağ əhalisinin münaqişəyə qədər təxminən 25 faizi azərbaycanlılardan ibarət olub. Əgər onlar özünüidarəetmə strukturlarının formalaşdırılmasında iştirak etməyəcəklərsə, bu məqbul deyil. Burda söhbət heç də faktiki olaraq Azərbaycan hakimiyyətinə tabe olmaqdan getmir, onun kimliyini tanımaq, bu tamamilə başqa şeydi.

- Dağlıq Qarabağın əhalisi deyəndə burada hər iki tərəfdən olan icmalar nəzərdə tutulur. Bu prosesdə icmaların mövqelərinin eyni səviyyədə qəbul edilməsi realdırmı?

- Burada Dağlıq Qarabağın Azərbaycan icması ilə bağlı qeyri-müəyyənliklər var. Bizdə cənab prezidentin bəyan etdiyi formula əsasən əvvəl 5, sonra 2 rayon işğaldan azad olunur. Sonra hansısa mərhələdə DQ-nin statusu müzakirə oluna bilər. Burada da çox ciddi sual ortaya çıxır ki, Dağlıq Qarabağa qayıdan azərbaycanlıların statusu nədən ibarət olacaq. Onlar yerli hakimiyyəti tanımalıdırlar, ya yox? Burada təbii ki, söhbət ermənilərin qurduğu hakimiyyətdən gedir. Onların mərkəzi hakimiyyətlə, Bakı ilə münasibətləri necə qurulacaq? Ümumiyyətlə, onların qayıdış prosesi necə təşkil olunacaq? Bütün bunlar bu gün hələ ki, açıq qalan məsələlərdi.

- Bu təkliflərdə bir tərəfdən DQ ətrafında işğal edilən bütün rayonların boşaldılması, o biri tərəfdən isə Laçın dəhlizi ilə bağlı məqamlar əksini tapıb. Onda belə çıxmırmı ki, Laçının boşaldılmasının özü də kifayət qədər qeyri-müəyyənlik altındadır?

- Burada Laçın dəhlizindən söhbət gedə bilər, ancaq onun statusu dəqiqləşdirilməlidi. Statusun dəqiqləşdirilməsi isə yoxdu. Burda söhbət nədən gedə bilər? Tutaq ki, yoldu və bunun üzərində kommunikasiyalar var, yol və kommunikasiyalar Azərbaycanın nəzarətində ola bilər. Onun üzərində isə hər hansı problemin ortaya çıxmaması üçün Azərbaycanın və beynəlxalq qurumların birgə nəzarəti ola bilər. Bu beynəlxalq qurumlar həmin kommunikasiyaların daimi və təhlükəsiz fəaliyyətinə nəzarət edir. Əgər burada söhbət, ümumiyyətlə, kommunikasiyaların işləməsindən gedirsə, bu, artıq başqa şeydi. Həmin kommunikasiyalar hansısa əraziləri tutursa, bura nəzarəti Azərbaycandan kənar, ya da Dağlıq Qarabağ erməniləri edə bilər, yoxsa yox? Bu aydınlaşmalıdı. Eyni zamanda, Azərbaycan icması ilə bağlı da qeyri-müəyyənliklər var. Azərbaycan icması hansı mərhələdə qayıda bilər? Əgər DQ-nin statusu müəyyən edilənə qədər qayıdacaqlarsa, onların statusunu nə müəyyənləşdirəcək? Burada təhlükəsizlik məsələsi necə olacaq? Bu, çox ciddi problemlərdir.

- "Madrid prinsipləri"ndə DQ-nin statusunun müəyyən edilməsi ilə bağlı yazılmış ifadə əksər şərhlərdə dolayısı ilə referenduma razılıq kimi şərh edilir...

- Dağlıq Qarabağın statusu ilə bağlı bənd, ümumiyyətlə, çox qeyri-müəyyəndi. Fikrimcə, bu bənd tərəflər arasında problemin həlli ərəfəsində partlaya bilən mina rolunu oynaya bilər. Status hansı formada olacaq, bunu indidən dəqiq demək mümkün olmasa da, bununla bağlı ifadədə əhalinin hüquqi ifadəsi ilə bağlı fikrin əksini tapması referendum olmasa da referendum kimi bir şeydi. Məsələ ondan ibarətdir ki, həm Ermənistan, həm Azərbaycan artıq bu bəndi öz istədikləri və maraqları çərçivəsində şərh etməyə başlayacaqlar. Azərbaycan bəyan edir ki, Dağlıq Qarabağa ən yüksək status verməyə hazırdır. Bu statusu vermək üçün bütün Azərbaycan ərazisində referendum keçirilməlidi. Çünki konstitusiyada Dağlıq Qarabağ adlı muxtar qurum yoxdu. Həmin muxtar qurumu yaratmaq ona Naxçıvan kimi statusu müəyyənləşdirmək üçün əhalinin hüquqi qüvvəyə malik iradəsinin ifadəsi olmalıdı. Yəni referendum olmalıdı. Ermənilər isə iddia edir ki, bu, faktiki olaraq Dağlıq Qarabağın müstəqilliyinə yol açır və təsdiq edir. Ancaq bəndin özündə nə o var, nə də bu var. Ümumiyyətlə, ümumi şəkildə statusu müəyyənləşdirmək üçün əhalinin iradəsindən söhbət gedir. Bu istənilən mərhələdə sülh prosesini pozmağa imkan verir. Ümumiyyətlə mən hesab edirəm ki, sülh prosesinin bu cür həddən artıq əsas amillərindən biri olan məsələnin qeyri-müəyyən şəkildə ifadə edilməsi və sonrakı mərhələyə keçirilməsi sülh prosesinin ciddi maneələrlə qarşılaşması deməkdi. Bu həm də qaçqın və məcburi köçkünlərin qayıdışını da sual altında qoyan məsələdir. Digər tərəfdən isə mən prezidentin çıxışına qayıtmaq istəyirəm. Yəni ilkin olaraq 5 rayonun boşaldılması hansı şərtlər altında reallaşacaq? Bəlkə şərtlərdən biri DQ-nin statusunun həlli ilə bağlı olacaq. Bu halda çox ciddi suallar meydana çıxır. Ümumiyyətlə, mən açıqlanan prinsiplərin olduğu kimi qəbul edilməsini qeyri-məqbul sayıram.

- Moskva görüşü öncəsi təkliflərin açıqlanması tərəflərə təzyiqdi, yoxsa burada təbliğat elementləri daha çoxdu? Çünki bu açıqlamadan əvvəl səfirlərin DQ-yə səfəri olmuşdu. Bütün bunlar ictimaiyyətin hazırlanmasına yönəlmiş addımlar hesab oluna bilərmi?

- Prinsipcə, bir variant kimi təklif olunan prinsiplər qəribə də görünsə, konkret hakimiyyətləri təmin edir. Ona görə ki, münaqişənin həllində müəyyən addımlar atılır və münaqişə dondurulmuş vəziyyətdən çıxarılır. Digər tərəfdən, bu, tərəflərə imkan verir ki, bu məsələdə özünü qalib kimi saymasa da, məğlub kimi çıxmış vəziyyətdə görünməsin. Amma burada Azərbaycan üçün məqbul olmayan məqam DQ-in statusu ilə bağlı bənddi. Çünki referendum DQ-nin müstəqilliyinə yol aça bilər. Gəlin bir anlıq hesab edək ki, mən azərbaycanlı deyiləm və məsələyə də neytral baxmağa çalışırıq. Bütün hallarda məsələnin həlli vacibdir. Məsələnin həlli onun açıq qalmasından daha az problemlər yaradırdı. Yəni indi təqdim edilən variant statusun hər hansı həllindən daha pisdi. Çünki bu, uzunmüddətli problem yarada bilər. İndiki halda kimsə hardasa narazıdırsa, o narazılığın qarşısını almaq olar, ancaq uzunmüddətli minanın fəaliyyətdə olması bir qədər tarixi məsuliyyət yaradır. İstənilən halda bu mina partlaya bilər. Tərəflər indiyə qədər münaqişənin həlli ilə bağlı bu və ya digər formada məşğul olublar. Dəfələrlə danışıqlar nəticəsiz başa çatıb və hər şey təzədən başlayıb. Münaqişənin həllinin açıq qalmasının özündə hansı təhlükə daşıdığını ötənilki avqust hadisələrində hər iki tərəf gördü. Hər iki tərəfdə bu qorxu var. Eyni zamanda bura başqa bir tərəfdən müdaxilələrin olması da istisna deyil. Ona görə də tərəflər bu qorxunun təsiri altında müəyyən razılaşmalara getməyə hazırdılar. Sözsüz ki, burda xarici ölkələrin də maraqları var. Xüsusilə də ABŞ, Avropa Birliyi, Türkiyə bu problemin həllində maraqlıdırlar ki, özlərinin regiondakı maraqlarını reallaşdıra bilsinlər.

- Bu vaxta qədər Azərbaycan tərəfindən münaqişənin həlli ilə bağlı konkret mövqe bəyan edilib. Açıqlanan "Madrid prinsipləri" bu mövqeyə nə qədər uyğundu?

- Birbaşa ziddiyyət yoxdu. Amma bir şeyi nəzərə almaq lazımdı ki, "Madrid prinsipləri"nin razılaşdırılması özü-özündə heç nə demək deyil. Ondan sonra münaqişənin həll planı hazırlanmalıdı. Moskvada onsuz da hər hansı sənədin imzalanması nəzərdə tutulmur. Ancaq sabah bu sənəd razılaşdırılsa belə bu, heç nə demək deyil. Çünki bu sənəd müqavilə deyil. Onun əsasında müqavilə hazırlanmalıdı. Həmin müqavilədə isə prinsiplərin real keçid məqamları müzakirə olunacaq. Həmin prinsiplərin razılaşdırılması isə ən yaxşı halda 6 aydan ilyarıma qədər çəkə bilər.

- Moskvada hər hansı irəliləyişin əldə olunmasını gözləyirsinizmi?

- Moskvada hər halda sənəd imzalanmır. Həmsədrlər də artıq deyiblər ki, orada hər hansı sənəd imzalanması nəzərdə tutulmur. Amma Moskvada müəyyən bəyanat ola bilər.

 

 

 Vüsalə Rafiqqızı

 

      Şərq.- 2009.- 15 iyul.- S. 4.