Qadın jurnalistlərin forumu keçirilib
Dünən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı
ilə jurnalist qadınların birinci Ümumrespublika forumu keçirilib. Forum öz işinə başlamazdan əvvəl isə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının üzvləri Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər. Qeyd edək ki, forum öz işinə dövlət
himninin səsləndirilməsi
ilə başlayıb.
Forumda qadın
jurnalistlərlə yanaşı,
dövlət qurumlarının, beynəlxalq təşkilatların
və səfirliklərin
nümayəndələri, millət
vəkilləri də
iştirak ediblər. Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova Azərbaycan mətbuatının yaranması, keçdiyi tarixi inkişaf mərhələsi və qadın jurnalistlərin
mətbuatın inkişafındakı
xidmətləri barədə
danışıb. Mətbuatın inkişafında dövlətin dəstəyinə toxunarkən
isə təşkilat rəhbəri ulu öndər Heydər Əliyevin bu sahədə gördüyü işləri xatırladıb. O bildirib ki, məhz
Heydər Əliyevin diqqət və qayğısı sayəsində ilk dəfə mətbuata dövlət tərəfindən
dəstək göstərilib.
Ulu öndərin mətbuata qayğı və diqqətinin jurnalistlər tərəfindən
də yüksək qiymətləndirildiyini deyən
Sevil Yusifova ona "Jurnalistlərin dostu" mükafatının verilməsini də bunun bariz nümunəsi
kimi qiymətləndirib.
S.Yusifova mətbuata dövlət dəstəyinin bu gün də
prezident İlham Əliyev tərəfindən
davam etdirildiyini və buna ən
yaxşı nümunənin elə bu yaxınlarda
KİV-ə Dövlət Dəstəyi
Şurasının yaradılmasını göstərib. Rəhbərlik
etdiyi təşkilatın yaranmasının bu il həm də
on ili tamam olduğunu bildirən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti bu müddət
ərzində əsas
fəaliyyətlərinin qadın
jurnalistlərin problemləri
ilə bağlı olduğunu bildirib. O, eyni zamanda qadın
jurnalistlərin birinci
forumunun keçirilməsinin
məqsədlərini də
açıqlayıb. Bildirib ki, qadın jurnalistlərin
bir araya gəlməsi bir tərəfdən jurnalist
qadınların problemlərini
çözmək, digər tərəfdən isə onların təşkilatlanması baxımından vacibdir. Bu baxımdan da təşkilat
sədri qadın jurnalistlərin birinci forumunda iştirak edən jurnalist qadınları aktivliyə çağırıb.
Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə qadın jurnalistlərin birinci forumunun keçirilməsini artıq qadınların ölkənin ictimai həyatında iştirakının real təsdiqi kimi qiymətləndirib. Çıxışı zamanı dövlətin
KİV-ə dəstəyi barədə
danışan komitə sədri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan
bu siyasətin bu gün də
prezident İlham Əliyev tərəfindən
davam etdirildiyini bildirib. Buna nümunə kimi KİV-ə Dəstək Şurasının yaradılmasını göstərən Hicran Hüseynova qadın jurnalistlərin öz peşəkarlıqlarını daha da artırmağa çağırıb.
O, rəhbərlik etdiyi
komitənin media sahəsi
ilə sıx əməkdaşlıq etdiyini vurğulayaraq qadın jurnalistlərlə əlaqələrin
bundan sonra daha da genişləndirilməsini
təklif edib. Hicran Hüseynova rəhbərlik etdiyi komitənin də qadın jurnalistləri dəstəklədiyini və
bu yöndə onlara hər cür kömək verməyə hazır olduğunu bildirib.
Prezident Aparatı
ictimai-siyasi şöbənin
sektor müdiri Vüqar Əliyevin də çıxışı əsasən dövlət - mətbuat münasibətləri
üzərində qurulub.
Dövlət tərəfindən
mətbuatın inkişafı istiqamətində həyata
keçirilən davamlı siyasət barədə danışan PA rəsmisi çıxışı zamanı qadın
jurnalistlərin birinci
forumunun keçirilməsinə
də toxunub. O bildirib ki, bu
forum Azərbaycan mediasında
qadın jurnalistlərin rolunun artırılmasına öz töhfəsini verə bilər. Azərbaycan mətbuatında gedən yeniləşmə proseslərindən danışarkən
Vüqar Əliyev bildirib ki, 2003-cü ildə Mətbuat Şurasının, eləcə də çoxsaylı jurnalist qurumlarının yaranması da bu
yeniləşmənin nəticələrindən
sayıla bilər. PA rəsmisi çıxışı zamanı qadın jurnalistlərin
fəaliyyətinə də
münasibətini açıqlayıb.
Vüqar Əliyev deyib ki, Azərbaycan
qadın jurnalistlərin fəaliyyəti məsuliyyət
və peşəkarlıq baxımından örnək hesab edilə bilər.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Buruno
Ponezatin isə çıxışında qadın jurnalistləri sosial sahələrdə olan problemləri qabartmağa çağırıb. Son illər Azərbaycan cəmiyyətində
gender bərabərliyi ilə
bağlı müzakirələrin
getdiyini qeyd edən BMT-nin rezident əlaqələndiricisi
hesab edir ki, qadın jurnalistlər
sosial sahələrdəki
problemlərə daha çox diqqət yetirməklə həm də həmin problemlərin ortadan qaldırılmasına öz töhfələrini vermiş olarlar. O, Azərbaycan qadın jurnalistlərinin birinci Ümumrespublika forumunun keçirilməsini də təqdirəlayiq hal kimi qiymətləndirib.
Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşov isə çıxışında hazırda KİV-də çalışan qadınların sayının təxminən kişilərə bərabər
olduğunu bildirib. Müxtəlif vaxtlarda bu göstəricilərin dəyişdiyini bildirən Şura sədri çıxışı zamanı zarafatyana
üçüncü minilliyin qadınların hakimiyyəti altında olacağına dair mülahizələr irəli sürüldüyünü xatırladıb. Qadın jurnalistlərin cəmiyyətdə
olan problemlərin qabardılmasında daha obyektiv və humanist olduqlarını bildirən Şura sədri Azərbaycan mətbuatının inkişafında qadın jurnalistlərin özünəməxsus
yer tutduqlarını bildirib.
Millət vəkili
Qənirə Paşayeva isə qadın jurnalistlərlə qürur duyduğunu bildirib. Çıxışı zamanı MŞ-nin sədrinin hazırda mətbuatda çalışan qadın və
kişi jurnalistlərin sayının təxminən eyni səviyyədə olması fikrinə toxunan millət vəkili "yaxşı olar ki, bu
gender bərabərliyi qadın
jurnalistlərin çalışdıqları
KİV-in idarə olunmasında
da təmin olunaydı. Elə Mətbuat Şurasının özündə də"- deyib. Qeyd edək
ki, forumun açılış mərasimindən sonra müzakirələr iki sessiya çərçivəsində
davam etdirilib. Müzakirələrdən sonra
isə Jurnalist Qadınların birinci Ümumrespublika forumunun yekunu olaraq dövlət
başçısına müraciət qəbul edilib. Sənəddə dövlət
tərəfindən qadın
jurnalistlərin problemlərinin
həlli, eləcə
də media qurumları ilə təhsil müəssisələri arasında
əlaqələrin yaradılması,
region KİV-də multimedia işinin
yaxşılaşdırılması istiqamətində
dövlətin jurnalistlərə
dəstəyini bir az da artırması
xahiş edilib. Qeyd edək ki, forumun təşkilat
komitəsi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyevanın "Qızıl nailiyyət" medalı ilə təltif edilməsi haqqında da qərar qəbul
edib. Mükafatın təqdimatı ilə bağlı ayrı bir
tədbirin keçirilməsi
nəzərdə tutulur.
Bu gün isə Jurnalist Qadınlar Assosiasiyası "Monte Kristo"
restoranında Milli Mətbuat Günü və təşkilatın yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirəcək. Tədbirdə bir sıra qadın jurnalistlərin
mükafatlandırılacağı gözlənilir.
Vüsalə Rafiqqızı
Şərq.- 2009.- 16 iyul. -S. 6.