Partiyalar haqqında yeni qanun hazırlanır

 

Bu barədə Siyavuş Novruzov məlumat verib

 

 Siyasi partiyalar haqqında yeni qanun layihəsi hazırlanır. Sənəd Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

 

Yeni Azərbaycan Partiyası (YAP) icraçı katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun bildirdiyinə görə, qüvvədə olan qanunun bir çox müddəaları Konstitusiyaya, Seçki Məcəlləsinə, digər qanunlara və normativ hüquqi aktlara, eləcə də müasir standartlara uyğun gəlmədiyi üçün ictimai-siyasi prosesləri özündə əhatə edən yeni layihə hazırlanır. Yeni qanunda siyasi partiyaların qeydiyyatı, maliyyələşdirilməsi, fəaliyyəti, seçkilərdə iştirakı, rolu, beynəlxalq əməkdaşlığı və digər məsələlər öz əksini tapacaq. S.Novruzovun sözlərinə görə, yeni layihəni hazırlamaqda məqsəd həm də siyasi partiyaların fəaliyyətində və maliyyələşdirilməsində şəffaflığın təmin olunmasıdır. Ölkənin iqtisadi potensialı, artan büdcə xərcləri imkan verir ki, qeyri-hökumət təşkilatları və mətbuatın inkişafına ayrılan dövlət yardımı siyasi partiyalara da göstərilsin. Bu maliyyələşmənin mexanizmi isə yeni qanunla tənzimlənəcək.  

Siyasi partiyaların qeydiyyatına gəldikdə isə, S.Novruzov bu məsələnin də reallıqla uyğunlaşmadığını deyir. İnkişaf etmiş Avropa ölkələrinin təcrübəsinə görə, fəaliyyət göstərməyən, seçkidə iştirak etməyən, qarşısına qoyduğu vəzifəni yerinə yetirməyən siyasi partiyaların fəaliyyətinə xitam verilir. Bu baxımdan layihə hazırlanarkən siyasi qurumların fəaliyyətinin daim gündəlikdə olması məsələsi də nəzərə alınıb.

     

 

Nəsimi

 

Şərq.- 2009.- 16 iyul.- S. 4.