Brüsseldə Azərbaycan-NATO
müzakirələri keçirilib
Görüşdə ölkəmizi
xarici işlər naziri Elmar Məmmədyarovun
rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib
Dünən Brüsseldə Azərbaycan-NATO
müzakirələri keçirilib.
27+1 formatında keçirilən
görüşdə ölkəmizi xarici işlər naziri Elmar Məmmədyarovun
rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycanın NATO yanındakı nümayəndəliyindən "Şərq"ə verilən məlumata görə, səfər çərçivəsində
nazir Elmar Məmmədyarov NATO rəhbərliyi
ilə ikitərəfli
görüş keçirib.
Aparılmış məsləhətləşmələr
zamanı Azərbaycan-NATO
münasibətləri, Azərbaycanın
NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP)
yerinə yetirilməsi,
həmçinin regionda təhlükəsizlik, enerji təhlükəsizliyi məsələləri
müzakirə edilib. Bununla yanaşı,
Azərbaycanın enerji resurslarının Avropa bazarlarına nəqlinə dəstək ifadə edilib. NATO tərəfi
Azərbaycanın FTƏP-in
vasitəsi ilə təhlükəsizlik sektorunun
islahatı, qüvvələrin
bu beynəlxalq qurum ilə qarşılıqlı operativ uzlaşması, Azərbaycanın Əfqanıstanda Beynəlxalq
Təhlükəsizliyə Yardım
Qüvvələri (İSAF) əməliyyatlarına
töhfəsi sahəsində
əldə etdiyi uğurları yüksək qiymətləndirib.
Bundan əlavə NATO
tərəfi elm, təhsil, ətraf mühit və ictimaiyyətin
məlumatlandırılması sahəsində
ölkəmizlə əməkdaşlıqdan
məmnunluğunu bəyan
edib. Qeyd edək ki, müzakirələrdə
Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər qurumların nümayəndələri də
iştirak ediblər. Onu da xatırladaq
ki, hazırda NATO ilə Azərbaycan arasında Fərdi Təhlükəsizlik üzrə
Əməliyyat Planının
ikinci fazasının həyata keçirilməsi davam edir. Bu
mərhələ 2008-2010-cu illəri əhatə edir.
Vüsalə
Şərq.- 2009.- 16 iyul.- S. 2.