"Peşəkarlar mətbuatdan gedirlər"

 

Rizvan Cəbiyev: "Çünki qəzetdə bu gün ailəni saxlamaq üçün, normal pul qazanmaq imkanları məhduddur"

 

-Mənim qənaətimcə, özəl məktəblərin hamısından jurnalistika fakültələri yığışdırılmalıdır...

Azərbaycan mətbuatı 134-cü ilini yaşayır. Bu illər ərzində jurnalistikamızın bir çox problemləri həll olunsa da, onlardan tam azad ola bilməmişik. Milli Mətbuat Günü ərəfəsində Əməkdar jurnalist Rizvan Cəbiyevlə mətbuatımızın qaranlıq qalan səhifələrinə işıq salmağa çalışdıq.   

Jurnalistikamızın hazırkı problemlərinin nədən ibarət olması və onların həlli yollarından danışdıq. R.Cəbiyev bizimlə söhbətinə on il bundan əvvəlki Azərbaycan mətbuatının vəziyyəti ilə bugünkü səviyyəsi arasında olan fərqlərdən söz açmaqla başladı. Hazırda mətbuatımızın inkişafda olduğunu söyləyən Əməkdar jurnalist bu illər ərzində qəzetçilikdə mühüm hadisələrin baş verdiyini söylədi:

- On il bundan əvvəlki jurnalistlərin çoxu qalsa da, yeni nəsil gəlib. Şübhəsiz ki, yeni nəsil də öz sözünü deyir. Fərq elə bundadır. Amma inkişaf olan yerdə həmişə qüsurlar da olur, problemlər də. Mənə elə gəlir ki, bu gün mətbuatın problemi hər halda on il bundan əvvəlki problemlərdən xeyli azdır. Amma bu o demək deyil ki, bu gün mətbuatın problemi yoxdur. Dünən də problem olub, bu gün də var, sabah da olacaq. Ümumiyyətlə, bütün müqayisələr qüsurludur. Və on il bundan qabaqkı mətbuatla bugünkü mətbuatı o mənada müqayisə etmək də qüsurlu olar. Konkret olaraq bildirim ki, mətbuatımız inkişafdadır, düzgün yoldadır və müəyyən fədakar jurnalistlərimizin çiyinlərində irəli getməkdədir.

- Bu gün mətbuatımızın hansı problemləri var?

- Bu gün mətbuatda o qədər problem var ki, onları saymaqla qurtarmaz. Amma onlardan əsasları isə peşəkarlığın az olması, maddi təminatın olmaması, jurnalist təbəqələrinin kasıb yaşaması, informasiyanın çapında müəyyən çatışmazlıqların olması, jurnalistlərimizin avantürist, sensasion məlumatların dalınca qaçaraq cəmiyyəti çaşqın salan xəbərlər yayması və s. kimilərdir. Bunların hamısı ilə, əlbəttə ki, mübarizə aparılmalıdır. Onların hamısı həm cəmiyyətə, həm də mətbuata ziyan vuran problemlərdir. 

- Bəs bu problemlərin həlli yollarını nədə görürsünüz? Bunun üçün hansı addımları atmaq lazımdır?

- Hazırda problemlər o qədər çoxdur ki, bunları bir zərbə ilə, bir tədbirlə aradan qaldırmaq mümkün deyil. Bu, mənim şəxsi fikrimdir. Dövlətimiz imkanı daxilində mətbuatımıza qayğı göstərir. Xüsusən son vaxtlarda Prezident Yanında KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması bu sahədə atılan başlıca addımlardan biridir. Mən güman edirəm ki, bu vaxta qədər informasiya sahəsində dövlət siyasətini həyata keçirən vahid bir mərkəz yox idi. Bu fondun vasitəsilə də dövlət öz siyasətini həyata keçirə bilər. Güman edirəm ki, bu, yaxın vaxtlarda öz müsbət təsirini göstərəcək. Amma eyni zamanda mətbuat da özü-özünü tənzimləməlidir. Mətbuat içərisindəki radikal qüvvələrə qarşı mübarizəni gücləndirməli, müəyyən təsirlərdən istifadə etməlidir. Mətbuat Şurası da bu sahədə öz sözünü deməlidir. Tədbirlər çoxdur. Bunların hamısı bir yerdə yığılanda, əlbəttə ki, yavaş-yavaş öz təsirini verəcək. Mən, ümumiyyətlə, mətbuatımızın sabahına inanan adamam.

- KİV-ə Dövlət Dəstəyi Fondundan danışdınız. Sizcə, fond hansı şəkildə və hansı qəzetlərə yardım etməlidir?

- Bu suala mən peşəkar cavab verə bilmərəm. Əvvəla ona görə ki, mən fondun əsasnaməsi ilə yaxından tanış deyiləm. Amma Qərb təcrübəsi göstərir ki, bu cür yardımlar nisbi xarakter daşıyır. Bilirsiniz, bir vaxt dövlət qeydiyyatı vardı və mətbuatın hüdudları müəyyən mənada daralmışdı. Yəni hər yerindən duran mətbu orqan aça bilməzdi. Bu gün, şükür Allaha ki, o problemdən qurtarmışıq. Amma indi başqa bir problem yaranıb. Günbəgün hər kəs Konstitusiyanın ona verdiyi hüquqlardan istifadə edərək mətbu orqan açır. Və buna onun peşəkarlığı çatırmı, maddi imkanları yetirmi və sair məsələləri fikirləşmir. Ancaq o, Konstitusiya hüququnu həyata keçirmək üçün ərizəni verir və qəzetini açır. Bundan sonra da dövlət üçün bir problem yaranır. Bu gün 3600 qəzet Ədliyyə Nazirliyində qeydə alınıb, amma bu qədər qəzeti çıxartmaq üçün kadr çatmır və şübhəsiz ki, çatmayacaq da. Bu 3600 qəzetin hamısı da yalnız cəmiyyətə xidmət etmək məqsədi daşımır. Çox təəssüf ki, onların arasında cəmiyyətdən nəyisə qoparmaq, bəziləri qabaqcadan qarşısına bundan tramplin kimi istifadə edib maddi vəsait toplamaq, reketçiliklə məşğul olmaq istəyənlər də var. Bu da mətbuatımızın çirklənməsinə gətirib çıxarır. Hər halda insanların qəzet açması onun konstitusiya hüququdur və buna biz heç nə deyə bilmərik. Və kim fikirləşir ki, bu hüququ onların əlindən alaq, yəni təzədən köhnə qaydaya keçək, qəzetləri dövlət qeydiyyatına çağıraq, bunlar yaramaz. Amma mən güman edirəm ki, cəmiyyət özü həmin qəzetləri ələkdən keçirəcək və yavaş-yavaş bu sarıdan olan çatışmazlıqların hamısı yoluna qoyulacaq. Bunun üçün də vaxt lazımdır.

- Bu gün cavanlar arasında mətbuata axın var. Amma bununla yanaşı artıq qəzetçilikdə bişmiş, peşəkar jurnalistlər mətbuatdan gedirlər. Sizcə, bunun səbəbi nədir?

- Bunun səbəblərini sizə açıqlayım. Çünki bu problem məni də düşündürüb. Söhbət burasındadır ki, bir çox hallarda cavanlar fantaziyalarının dalınca qaçırlar. Çünki qəzetçilik hardasa şöhrət üçün bir tribunadır. Qəzetçilik sahəsində cəmiyyətdə tanınmaq olur. Cavanları cəlb edən keyfiyyətlərdən biri budur. İkinci tərəfdən də bir çoxları, hələ ağızları isti yerdə olduğu üçün, belə fikirləşirlər ki, qəzet açmaqla qəzetçiliyə gəlmək olar və burdan yaxşı pul qazanmaq mümkündür. Əlbəttə, bu, bütün cavanlara aid deyil. Demək istəyirəm ki, bu gün mətbuata gələn insanların içərisində belələri də var. Əksər hallarda onlar şöhrət dalınca qəzetçiliyə gəlirlər. 

Peşəkarlar isə gedirlər. Onların getmələrinin də səbəbləri məlumdur. Peşəkar adam, yaxşı qəzetçi görür ki, onun imkanları ilə, savadı ilə, təhsili ilə maddi durumu bir-birinə uyğunlaşmır. Çünki qəzetdə bu gün ailəni saxlamaq üçün, digər peşələrdə olduğu kimi, normal pul qazanmaq imkanları çox məhduddur. Ona görə də peşəkarlar başqa yerdə talelərini, bəxtlərini sınamağa gedirlər və çox təəssüf ki, gedirlər. Əlbəttə, cəmiyyət belə jurnalistləri qəzetçilikdə saxlamağa və onları öz peşələri ilə məşğul olmağa yaxşı mənada məcbur etməlidir. Çünki peşəkarlar həmişə cəmiyyətin tənzimlənməsində, mətbuatın dördüncü hakimiyyət funksiyasını yerinə yetirməsində böyük rol oynayırlar. Gələn cavanlar isə hələ o peşəkarlığa yiyələnəcəklər-yiyələnməyəcəklər, bu, sual altındadır.

- Hazırda bir çox jurnalistlərin peşəkarlığının az olmasından danışılır. Biz nə etməliyik ki, jurnalistikada çalışanların peşəkarlığının səviyyəsi artsın? Bir çox halda Bakı Dövlət Universitetində zəif jurnalistlərin hazırlanması haqqında fikirlər səslənir. Tələbələr arasında hansı işləri aparmaq lazımdır?

- Bu, tək tələbələrlə bağlı olan məsələ deyil. Bakı Dövlət Universiteti ildə cəmi 50 məzun buraxır. Bizim isə 3600 qeydə alınmış qəzet və jurnalımız var. Bu gün mətbuatımızın özəyini təşkil edənlər yenə də BDU-nun məzunlarıdır. Axı bu gün mətbuata axın var, amma bu axın BDU-dan gəlmir. Mən hesab etmirəm ki, qeyri-peşəkarlığın başlıca səbəbi təhsillə əlaqədardır. Amma mənim qənaətimcə, özəl məktəblərin hamısından jurnalistika fakültələri yığışdırılmalıdır. Çünki özəl təşkilatlar müəyyən maraqlarına xidmət edir deyə, şəxsi vəsaiti hesabına oxuyan adamları cəlb edə bilirlər deyə bu fakültəni açırlar. Amma bunun sonrasını fikirləşmirlər. Sonra da məlum olur ki, özəl məktəblərin kifayət qədər kadrları, maddi-texniki bazası, praktik əlaqələri yoxdur və onlar lazım olan təcrübələri keçə bilmirlər. Ona görə də sınıq-salxaq jurnalist hazırlayırlar. Bundan əlavə, BDU-nun jurnalistika fakültəsinə qayğı artırılmalıdır. Orada dillər öyrədilməlidir, tələbələrin verilişlər hazırlaması üçün maddi-texniki bazası yüksəldilməlidir, onların çap məhsulu olmalıdır ki, tələbələr yazının necə hazırlanmasını, mövzuların necə planlaşdırıldığını öyrənsinlər. Orada çalışan müəllimlərin savadına söz ola bilməz. Burada söhbət maddi-texniki bazanın gücləndirilməsindən gedir. Amma peşəkarlığın artırılması üçün problem təkcə bunlardan ibarət deyil. Birinci növbədə qəzetlərin özünün maddi-texniki bazası möhkəmlənməlidir və jurnalist onu təmin edə bilən vəsaiti almalıdır. Bu gün, əgər bir çox peşəkar jurnalistimiz mətbuatda çalışırsa, bu onların vicdanlarının hesabınadır. Çünki onların qəlbində, ürəklərində jurnalist məhəbbətini alovlandıran çıraq yanır. Amma hamı bu cür fikirləşmir və hamı da mətbuatda qalmır. Buna görə də istedadlıların bir çoxu mətbuatdan qaçıb gedir.

- Yeri gəlmişkən, sizcə, bu gün jurnalistika ölkədə dördüncü hakimiyyət funksiyasını yerinə yetirə bilirmi?

- Çox çətin sual verirsiniz (gülür). Qəzetlərimiz dördüncü hakimiyyət funksiyasını müəyyən manada yerinə yetirir, amma müəyyən mənalarda isə yox. Qəzetçiliyin bir neçə təməl prinsipləri var ki, jurnalistika onun üzərində qurulub. Əgər bu mənada götürsək, əlbəttə ki, yox. Yəni təməl prinsiplər həqiqətə xidmət etməkdir. Amerika mətbuat işçilərinin kodeksi bircə prinsip üzərində qurulub - jurnalist həqiqəti yazmalıdır. Həqiqəti yazmaq üçün də onlar 6 bənddən ibarət şərtlər qoyurlar. O şərtlərdən biri budur ki, siyasi təşkilatlarda fəaliyyət göstərənlər jurnalist işləyə bilməz. Amma bu gün baxın, bizim qəzetlərdə siyasiləşmiş insanlar, hətta hansısa partiyanın rəhbər orqanlarında təmsil olunan adamlar da qəzet buraxırlar. Şübhəsiz ki, bu da qəzetlərimizin siyasiləşməsinə, qütbləşməsinə gətirib çıxarır. Mətbuat qütbləşəndə də qəzetlərin təməl prinsipləri pozulur. Yəni qərəzsiz, tərəfsiz, vicdanlı, ədalətli informasiyalar vermək mümkün olmur. Çünki bu zaman qəzetçi məcburiyyət qarşısındadır ki, o maraqlara - şəxsi, iqtisadi, siyasi maraqlara xidmət etsin. Bu mənada, əlbəttə ki, qəzet üzərinə düşən vəzifəni yerinə yetirmir. Amma ümumən bunu hamıya şamil etmək olmaz. Yəni deyək ki, bu gün Azərbaycanda bütün mətbuat qütbləşib, siyasiləşib və biz çirkab içindəyik, bu da doğru olmaz. Çünki bizim mətbuatımızda çox sərin, gözəl küləklər əsir ki, bu da hazırda yaranan isti ab-havanı sərinlədə bilir. Mən həmişə deyirəm ki, mətbuatımız cəsarətli insanların çiynində irəli gedir.

   

 

Seymur Qasımbəyli 

 

Şərq.- 2009.- 18 iyul.- S. 5.