"İlk əvvəl 5 rayonun qaytarılması nəzərdə tutulur"

 

Novruz Məmmədov: "Ermənistan sözünün üstündən qaçır, ona görə də danışıqlar prosesi belə uzanır"

 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada keçirilən növbəti görüşü də nəticəsiz başa çatdı. Nəticəsizliyin əsas səbəbi isə yenə də rəsmi İrəvanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsi oldu. 

Qeyd edək ki, on beş ildən bəri davam edən danışıqlar prosesində Ermənistan tərəfinin bu cür davranışlar nümayiş etdirməsi dəfələrlə təkrarlandığından bundan sonrakı proseslərdə rəsmi Bakının seçiminin necə olacağı indi əsas sual doğuran məsələlərdəndir. Baxmayaraq ki, artıq bəzi ekspertlər rəsmi Bakının sülh danışıqlarını arxa plana, hərb variantını isə ön plana keçirməsinin vacibliyini bildirirlər, Azərbaycan Prezidentinin Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Şərq"ə eksklüziv açıqlamasında rəsmi Bakının hələlik danışıqlar prosesinin davam etdirilməsi mövqeyi üzərində qaldığını bildirib. Şöbə müdiri Moskva danışıqlarının nəticəsizliyi barədə də danışıb.

- Bununla bağlı bizim mövqeyimiz hər zaman olduğu kimi məlumdu. Biz bu görüşdə də hər zaman olduğu kimi dünya birliyinə, beynəlxalq ictimaiyyətə çatdırmaq istəmişik ki, bu danışıqlarda Azərbaycan iradə nümayiş etdirib problemin sülh yolu ilə həllini tapması üçün konkret addımlar atmaq istəyir. Eyni zamanda baxmayaraq ki, biz hər zaman onların fəaliyyətini tənqid edirik. Həmsədrlər də insafən çalışırlar, təkliflərlə çıxış edirlər. Bu təkliflərlə bağlı hər iki tərəfin mövqeyini öyrənib onların mövqeyini bir-birinə yaxınlaşdırmaq istəyirlər. Amma burada əsas maneə, əngəl kimi mən yenə də Ermənistan Respublikasının rəhbərinin mövqeyini görürəm. Çünki Ermənistan rəhbərliyi sanki bir adət edib ki, vaxtaşırı dünya birliyini, beynəlxalq ictimaiyyəti, hətta yeri gələndə həmsədrləri də pis vəziyyətdə qoysun. Onlarla sanki bir manevr edən kimi hərəkət eləsin. Ümumilikdə Ermənistan prezidentinin mövqeyinə nəzər salanda görünür ki, o doğrudan da münaqişənin beynəlxalq hüquq çərçivəsində, ədalətli həllinə deyəsən maraqlı deyil. Bu bizim üçün bu gün problemə çevrilib. Eyni zamanda bununla bağlı onun konkret addımlarını görmək mümkün deyil. O sanki vaxtı yenidən uzatmağa çalışır. Bu nöqteyi-nəzərdən əlbəttə ki, irəliləyiş əldə etmək çətinləşir. Azərbaycan prezidenti münaqişəni həll etmək üçün əlindən gələni edir. Tək Azərbaycanın maraqları naminə yox, bütövlükdə bu regionun gələcək inkişafı naminə bu münaqişənin həllinə çalışır. Çünki bu zaman regionda situasiya dəyişə bilər. Sadəcə olaraq Ermənistan tərəfində bu qədər qeyri-konstruktivliyi görəndə münaqişə ilə bağlı müxtəlif fikirlər yaranmağa başlayır. Bu zaman Azərbaycan öz hüquqlarını təmin etmək üçün addımlar atmağa məcbur olacaq. Mən də belə bir nəticəyə gəldim ki, baxmayaraq ki, həm həmsədrlər, həm də digər müxtəlif dairələr bir qədər optimist proqnozlar vermişdilər. Amma görüşdən sonra bu proqnozların istənilən səviyyədə olmadığını gördüm. Bir daha deyirəm, Ermənistan tərəfinin mövqeyinin müəyyən olmaması səbəbindən gəlib belə nəticə çıxdı. 

- On beş ildən artıqdı ki, danışıqlar gedir və danışıqların hansısa bir mərhələsində Ermənistan tərəfinin belə bir vəziyyət yaratması da adət halını alıb. Bundan sonra Azərbaycanın seçimi nə olacaq?

- Azərbaycanın bununla bağlı seçimi var. Azərbaycan prezidenti bununla bağlı dəfələrlə Azərbaycanın mövqeyini qətiyyətlə, açıq-aydın nümayiş etdirib. Bu da ondan ibarətdir ki, biz heç bir vaxt torpaqlarımızın Ermənistanın işğalı altında qalmasına yol verməyəcəyik. Münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdı. Azərbaycan prezidentinin məqsədi budur ki, bunu həm dünya dövlətlərinin rəhbərləri, həm beynəlxalq təşkilatlar, ümumiyyətlə dünya ictimaiyyəti bilsin. Çünki ədalətli yol bundan ibarətdir. Biz buna nail olmalıyıq və buna nail olmaq üçün bir müstəqil dövlət kimi bizim beynəlxalq hüququn bizə verdiyi imkanlardan istifadə etməyə ixtiyarımız var. Hər bir dövlətin öz tarixi torpaqlarını, qədim torpaqlarını, özünə aid torpaqlarını müdafiə etməyə, qorumağa, onların suverenliyini və müstəqilliyini təmin etməyə hüququ vardır. Bizim də belə bir hüququmuz var. İstərdik ki, beynəlxalq ictimaiyyət də, dünya birliyi də, hamı bilsin ki, hamı üçün təhlükəli olan müxtəlif yollara əl atılmasın. Yəni Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməlidirlər ki, münaqişə də bu çərçivədə və danışıqlar yolu ilə həll olunsun.  

- Danışıqlardan əvvəl "Madrid prinsipləri" açıqlandı və orada Azərbaycanın xeyrinə olmayan məqamlar da var idi. Bundan sonra sülh danışıqlarının perspektivini necə görürsünüz?  

- İndi kimlərsə "Madrid prinsipləri" haqqında mövqe bildirə bilər. Əgər o prinsiplər varsa, orada Azərbaycanın maraqlarına uyğun olmayan, Azərbaycanın maraqlarını təmin etməyən nə varsa, Azərbaycan onunla razılaşmır və razılaşmayıb. Bu prinsiplər bu gün bir sənəd kimi qəbul edilməyib ki? "Madrid prinsipləri" bu gün hansısa müəyyən təkliflər ola bilər və yəqin ki var. Ola bilsin ki, razılığın əldə edilməməsi də bunun üzündən baş verir. Azərbaycan prezidenti bununla bağlı mövqeyini bildirib. Ümumiyyətlə, mərhələli həll ondan ibarətdir ki, ilk mərhələdə Azərbaycanın 5 rayonunun işğaldan azad edilməsi, ora qaçqın və məcburi köçkünlərin qayıtması və məskunlaşması nəzərdə tutulur. Ondan sonra qeyd olunan kimi bir neçə il ərzində Laçın və Kəlbəcərin azad edilməsi və o zaman da Dağlıq Qarabağla Ermənistan arasında bir dəhlizin təmin olunması, o zaman da bir çox proseslər baş verməlidi və bu da bir neçə il çəkməlidir. Ondan sonra qeyri-müəyyən müddətə Dağlıq Qarabağa keçid statusunun verilməsi ki, uzun illər keçsin ki, məcburi köçkünlərin qayıdışı tam başa çatsın və bundan sonra müəyyən proseslər davam etdirilsin. Məsələ burasındadır ki, Ermənistan tərəfi bir dəfə bir qədər razılıq verib. Sonra öz sözünün üstündən qaçıb. Ona görə də danışıqlar prosesi belə uzanır. 

- Moskva görüşündən sonra belə ehtimallar irəli sürülür ki, bu nəticəsizlik danışıqlarda yenidən fasilə yarada bilər. Perspektivdə nə gözlənilir?  

- Bununla bağlı heç bir şey demək olmaz. Sadəcə olaraq bu prosesin davam etdirilməsinin vacibliyini bütün tərəflər anlayır. Zaman keçdikcə Azərbaycanın bir müstəqil dövlət kimi, bir qonşu dövlət kimi bütün sahələrdə gücü artır. Belə bir şəraitdə Ermənistanın təzyiqlərə davam gətirməsi o qədər də asan deyil. Onlar bunu istəsə də, istəməsə də Ermənistanın üzərinə təzyiqlər artmaqdadır. Bu təzyiqlər gələcəkdə daha da artacaq və ermənilər Azərbaycanın gələcəkdə vəd etdiyi yardım şərtlərindən də məhrum ola bilər. Hələlik proses davam etdirilməlidi. Həmsədrlərin də qeyd etdikləri kimi, onların sentyabrda regiona yenə səfərləri ola bilər. Danışıqların davam etdirilməsi ilə bağlı yeni səyləri ortaya qoyula bilər. Ola bilsin ilin sonuna qədər yeni bir görüş ehtimalı yarana bilər. Hələlik danışıqların dayandırılması ilə bağlı konkret söz deməyə ehtiyac yoxdu.

- İndiyə qədər Azərbaycanın mövqeyində əsas xətt sülh danışıqları və alternativ kimi hərbi variant olub. Bundan sonra bu status qalır, yoxsa yerdəyişmə ola bilər?  

 - Bütün bunlar hamısı elə həmin statusda qalır. Hələ ki heç dəyişməyib.

 

 

Vüsalə Rafiqqızı

 

Şərq.- 2009.- 21 iyul.- S. 3.